Məhkəmə qərarları › İş №2-1(112)-2003/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2003/2020

20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2003/2020 20.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi, eyni zamanda vəkili X1 (Ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr, MİK 82; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: fərdi qaydada fəaliyyət göstərən vəkil) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3 üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə qarşı iddiaçıya 85 % miqdarında pensiya təyin olunması tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi”nin əsl cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 İdarəsi” ilə əvəz edilmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında cavabdehin adının “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3 üzrə Mərkəzi Filialı” kimi oxunması qərara alınmışdır. Daha sonra işin şifahi məhkəmə baxışı ilə bağlı iclası xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçıya xx.xx.2017-ci ildə güzəştli şərtlərlə yaşa görə (52 yaşdan) əmək pensiyası təyin olunmuşdur, sonrakı illərdə pensiyanın sığorta hissəsi indeksləşdirilərək 339.29 manata çatdırılmışdır. Lakin ona pensiya təyin edilərkən qanunverciliyin tələbləri pozulmuş onun 2006-cı ilə qədər dəniz sahəsində işlədiyi və 2006-cı ildən onun sığorta ödəyicisi olması nəzərə alınmamış və ona maaşının 85% miqdarında pensiya təyin olunmamışdır. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək dəniz sahəsində olduğuna görə xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçıya görə, ona pensiya təyin edilərkən qanunun (yəqin ki, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü və 17-ci maddələrini nəzərdə tutur) tələbləri pozulmuşdur. Belə ki, iddiaçıya pensiya təyin edilərkən 2006-cı ildən ona pensiya təyin edilən tarixə (xx.xx.2017) qədərki sığorta stajı diqqətə alınmamışdır. Nəticə etibarı ilə, iddiaçıya pensiya orta aylıq əmək haqqı miqdarının 85 faizi miqdarında müəyyən edilməlidir. İnzibati orqan, iddiaçının müraciətinə verdiyi cavab məktubunda açıq şəkildə göstərmişdir ki, iddiaçının xx xxxxxx 2006-cı il tarixinədək olan sığorta stajı və həmin tarixdən pensiya hüququnun yarandığı tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsinə yığılan 21.328,6 manat sığorta kapitalı nəzərə alınmış və iddiaçıya xx.xx.2017-ci ildən 311.65 manat məbləğində pensiya təyin edilmişdir. Sonrakı illərdə pensiyanın sığorta hissəsi indeksləşdirilmiş və 339,29 manata çatdırılmışdır. İşin mübahisəsiz halıdır ki, iddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür; iddiaçıya xx.xx.2017-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçıya pensiya təyin edərkən, başqa sözlə, iddiaçının pensiya hüququ yaranarkən “Vətəndaşların pensiya təminatı haqqında" qanunun deyil, “Əmək pensiyaları haqqında” qanun (bundan sonra - ƏPQ) qüvvədə olmuşdur. ƏPQ-nin 9.8-ci maddəsi (“9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.") iddiaçıya pensiya təyin edilərkən “Vətəndaşların pensiya təminatı haqqında” qanunun tətbiq edilməli olmasını nəzərdə tutmur. Həmin maddə yalnız 2 şərtə /sığorta hadisəsinə münasibətdə tələblərin “Vətəndaşların pensiya təminatı haqqında" qanunu əsasında müəyyənləşdirilə biləcəyini ehtiva edir. Bunlar yaş və staj şərtləridir/ sığorta hadisələridir. İddiaçıya pensiya təyin edilərkən həmin sığorta hadisələrinə aid tələblərin (57 yaş və 25 il ümumi, 12.5 il güzəştli staj) diqqətə alındığı mübahisəsizdir. İddiaçı isə, qüvvədən düşmüş qanunvericiliyə istinad edərək xx.xx.2017-ci ildə pensiya təyin edərkən onun orta aylıq əmək haqqının əsas alınmalı olduğunu iddia edir. Halbuki ƏPQ- nin 9.8-ci maddəsi heç də bütün məsələlərdə, o cümlədən iddia edilən məsələdə əvvəlki qanunun tətbiq edilməli olması kimi bir müddəanı ehtiva etmir. Əks halda, ƏPQ-nin qəbuluna böyük ölçüdə ehtiyac olmazdı. Diqqət edilsin ki, ƏPQ-də pensiyaların, orta aylıq əmək haqqı əsas götürülməklə hesablanması barədə norma x xxxxxx 2010-cu ilədək qüvvədə olmuşdur. Lakin ƏPQ-yə edilmiş müvafiq dəyişikliklə həmin norma çıxarılmışdır. İddiaçının pensiya hüququ xx.xx.2017-ci ildə, yəni müvafiq normanın ƏPQ-dən çıxarılmasından sonra yaranmışdır. Ona görə də, pensiya təyin edilərkən orta aylıq əmək haqqı əsas götürülməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, eyni zamanda vəkili göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir: “xx.xx.2019-cu il tarixdə şöbəyə təqdim etdiyiniz ərizənizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, Sizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə təqdim etdiyiniz əmək stajınız (sığorta stajı) barədə sənədlərə əsasən xx.xx.2006-cı il tarixədək olan 20 il 11 ay sığorta stajınıza (hərbi xidmət dövrü nəzərə alınmaqla) və pensiya hüququnuz yaranan tarixədək fərdi hesabınızın sığorta hissəsinə yığılan 21328.60 manat pensiya sığorta kapitalınıza əsasən xx.xx.2017-ci il tarixdən 311.65 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Sonraki illərdə pensiyanızın sığorta hissəsi indeksləşdirilərək 339.29 manata çatdırılmışdır. Hal-hazırda aylıq pensiyanızın məbləği 339.29 manat təşkil edir.” İş materiallarından görünür ki, cavabdeh orqan məhkəmənin sorğusuna cavab olaraq iddiaçının pensiya işinin surətini məhkəməyə təqdim etmişdir. İş materiallarından görünür ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən yaşa görə pensiya təyin edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının pensiya hüququ yaranarkən “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanunu deyil, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. İPM-in 1.2-ci bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, 2010-cu il yanvarın 1-dən qüvvəyə minmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən 27-ci maddə aşağıdakı redaksiyada verilsin: “Maddə 27. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. ” Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edildiyindən və əmək haqqına görə pensiya hesablanması xx.xx.2010-cu ildən ləğv olunduğundan, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 üzrə Mərkəzi Filialına qarşı iddiaçıya 85 % miqdarında pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilmir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar