Məhkəmə qərarları › İş №2-1(112)-2003/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2003/2021

31.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2003/2021 31.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil Heydər qızının iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinə və üçüncü şəxs X3 qarşı «doğum haqqında şəhadətnamədə dəyişiklik edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə və üçüncü şəxs X3 qarşı iddiaçının 21 avqust 2016-cı il tarixdə doğulmuş övladı X1 doğum haqqında şəhadətnaməsində soyadının “Əliyev” kimi qeyd edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı ilə X6 2015-ci ildə el-adəti üzrə nişan-toy mərasimi keçirib nikah münasibətlərinə daxil olmuşlar. Lakin müəyyən səbəblərdən onların nikahının rəsmiləşdirilməsi mümkün olmamışdır. Bu nikah münasibətlərindən 21 avqust 2016-cı il tarixdə onların “Cəlal” adlı oğlu doğulmuşdur. İsmixan Əliyevin anası və bacıları ilə iddiaçının münasibətləri yaxşı olmadığından, o, yaşadıqları evi tərk etmək məcburiyyətində qalmışdır. Uşaq doğulandan sonra İsmixan Əliyevin valideyinləri uşağı qəbul edib atasının soyadının verilməsinə imkan vermədilər. Bu səbəbdən uşağ iddiaçının öz soyadı ilə qeydə alınmışdır. İsmixan Əliyevin müvafiq qəza hadisəsindən sonra sinirlərində problemlər yaranmış və bu vəziyyətdən sonra anası onun sərbəst qərar verməsinə imkan yaratmamışdır. İddiaçı uşağı tək saxlamağı çətin olduğundan, məhkəməyə müracət edib "atalığın müəyyən edilməsi və aliment tələbinə dair” iddia qaldırmışdır. İddia üzrə ekspertiza keçirilmiş və 21 avqust 2016-cı il tarixli doğulmuş övladı “Cəlal”ın atası X6 müəyyən edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 fevral 2019-cu il tarixli qətanaməsi ilə qət edilmişdir ki, X4 İddiaçı 21 avqust 2016-cı il tarixdə Bakı şəhərində doğulmuş Cəlal adlı oğlan uşağının atası olması müəyyən edilsin. İddiaçı məhkəmə qətnaməsini Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinə təqdim edərək, uşağın doğum şəhadətnaməsində soyadının “Əliyev”qeyd edilməsini xahiş etmişdir. Qeydiyyat şöbəsi tələbi rədd edərək bildirmişdir ki, soyadının dəyişdirilməsi RİH “qəyummluq və himayəçilik komissiyasının” qərarı əsasında aparılır. Bu səbəbdən Bakı şəhəri Xətai RİH müracət edib oğlunun "Xaspoladov” soyadının ”Əliyev” soyadına dəyişdirilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai RİH xahişi rədd edib bildirmişdir ki, uşağın atası bu haqda notarial təsdiq edilmiş yazılı razılıq verməlidir (yazılı razılıq verdiyi halda, bu qədər vaxt itirib orqan və idarələrə müracət ünvanlanmazdı?!). İddiaçı hesab edir ki, Bakı şəhəri Xətai rayonu qeydiyyat və qəyyumluq orqanları onun qanuni tələbinə əsassız (araşdırmadan) cavab verib qanun normalarını pozmuşlar. Bununla əlaqədər iddiaçı iddia ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müracət etmişdir. Məhkəmə iddianı sentyabr 2020-ci il tarixədək baxılmamış saxlamış və bu yaxınlarda onun tələbi əsasında ərizə özünə qaytarılmışdır. Karantin pejimi ilə əlaqədər Bakı şəhəri Xətai RİH-ə qarşı iddia vermək müddəti ondan asılı olmayan səbəblərdən ötürülmüşdür. Aşağdakılara əsasən Bakı şəhəri Xətai RİH Qəyyumluq və Himayəçilik şöbəsi, həmçinin Qeydydiyyat şöbəsi tərəfindən onun tələbi ilə əlaqədər qanun pozuntusuna yol verilmişdir. Belə ki, AR Ailə Məcəlləsinin 46.2 və 46.3-cı maddəsinə əsasən valideyinlər aralarında nikah və razılıq olmadıqda uşağın atası haqqında qeyd məhkəmə qərarı əsasında aparılır. Göstərilən qanunvericilik normasına baxmayaraq Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi məhkəmə qətnaməsi əsasında iddiaçının oğlunun soyadını atasının soyadına dəyişdirilməsindən qanunsuz olaraq imtina etmişdir. Bakı şəhəri Xətai RİH-nin Qəyyumliq və Himayə orqanı qanuna zidd olaraq onun oğlunun soyadının atasının soyadına dəyişdirilməsi üçün X2 bu haqda olan və notarial təsdiq edilmiş razılıq ərizəsinin təqdim olunmasını tələb etmişdir. Belə ki, AR Ailə Məcəlləsinin 54.3-cü maddəsinə əsasən uşaq öz aralarında nikahda olmayan və atalıq qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmayıbsa (yəni, müəyyən olunubsa qətnamə əsasında aparılır) müvafıq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı) uşağın maraqlarını əsas tutmaqla soyadın dəyişdirilməsinə icazə vermək hüququna malikdir. Yuxarıda göründüyü kimi, qanun uşağın soyadının məhkəmə qətnaməsi əsasında qeyd və dəyişdirilməsini nəzərdə tutmuşdur, amma cavabdeh qanun normasına zidd hərəkət edərək onun tələbinin təmin edilməsindən əsassız imtina etmişdir. Yuxarıdakılara əsaslanaraq məhkəmədən iddia mümkün hesab edilsin və iddiaçının 21 avqust 2016-cı il tarixdə doğulmuş övladı X1 doğum şəhadətnaməsində məhkəmə qətnaməsinə əsasən soyadının “Əliyev” kimi qeyd edilməsi öhdəliyinin Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinə həvalə olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 13, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və iddiaçının ərizəsinə əsasən iş üzrə cavabdeh Bakı şəhəri Xətai RİH Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi ilə əvəz edilmişdir. Cavabdeh Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinin İPM-in 47-ci maddəsinə müvafiq olaraq, iddia ilə bağlı məhkəməyə ünvanlanmış 6 may 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi İddiaçı iddiasında cavabdeh kimi göstərilməsinə etiraz edir. Belə ki, AR Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar»a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin da yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Belə ki, kifayət qədər əsaslar olmaması səbəbindən X1 doğum haqqında akt qeydində “Xaspoladov” soyadının “Əliyev”ə dəyişdirilməsi qeydiyyat şöbəsi tərəfindən mümkün deyil. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və onun nümayəndəsi (vəkili) gəlmişlər, cavabdeh tərəf və üçüncü şəxs gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil Heydər qızı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını və onun nümayəndəsini (vəkilini) dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə gprə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Həmin Məcəllənin 189-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.8.3-cü bəndinə görə uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında aktın qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Həmin Qaydanın 6.13-cü bəndinə görəatalığın müəyyən olunmasını qeyd edərkən uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir, valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı uşağın yaşadığı yerin yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 4-cü bəndinə görə uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. Valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. Qaydaların 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, hazırkı işin hallarına görə İddiaçı ilə X6 arasında nikah bağlanmamış, lakin sonuncu iddiaçının 21 avqust 2016-cı il tarixdə doğulmuş uşağı X1 atası olması müvafiq məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, atalıq məhkəmə qaydasında müəyyən olunsa da, valideynlər arasında razılıq olmadığından, habelə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanının müvafiq rəyi olmadığından, uşağa atasının soyadını verilə bilməz. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinin imtinası qanuna zidd qiymətləndirilməməli və iddiaçının övladının mənafeyinin pozulmasına səbəb olan hal sayılmamalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinə və üçüncü şəxs X3 qarşı «doğum haqqında şəhadətnamədə dəyişiklik edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 14, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinə və üçüncü şəxs X3 qarşı «doğum haqqında şəhadətnamədə dəyişiklik edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar