Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2003/2024 28.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Masih Shahidin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masih Shahid (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 21 iyul 2023-cü il tarixli, ******* L nömrəli qərarının ləğv edilməsi, Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin ona və ailəsinə münasibətdə uzadılması məsələsinə baxılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Pakistan İslam Respublikasının vətəndaşı, X5 Chuni ailəsi ilə (arvadı 1976-cı il təvəllüdlü Mary Shamshad, oğulları: 2003cü il təvəllüdlü X2 Shahid, 2007-ci il təvəllüdlü X3 Shahid və 2019-cu il təvəllüdlü X6 Shahid) Azərbaycan Respublikasında müvəqqəti olmaq hüququnu əldə etmişlər. Belə ki, “Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında” 27 dekabr 2021-ci il tarixli, ******* №-li, MOM seriyalı Qərarla onlara 25 fevral 2022-ci il tarixə kimi Azərbaycan Respublikasında müvəqqəti olma hüququ verilmişdir. İddiaçı həmin müddətin uzadılması üçün cavabdehə müraciət etmiş, cavabdeh ona ünvanladığı 8244124-L saylı, 21 iyul 2023-cü il tarixli qərarda “Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında” 27 dekabr 2021-ci il tarixli, ******* saylı qərarın ləğv edildiyi bildirmişdir. İddiaçı həmin qərarın ona aid olmadığını bildirərək surətinin ona verilməsini xahiş etsə də, həmin qərar ona təqdim edilməmiş, səbəbi isə göstərilməmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması barədə xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsin müvəqqəti olma müddətinin uzadılması barədə xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərar qəbul edilmişdir. Sonradan aparılmış icraat nəticəsində şəxsin müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın ləğv edilməsi üçün hüquqi əsasın yarandığı müəyyən edilmiş və yuxarıda sözügedən qərar xx.xx.2023-cü il tarixli, 8244124-L nömrəli qərarla ləğv edilmişdir. Cavabdeh sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı müvəqqəti yaşamaq üçün icazə müddətinin uzadılması üçün xx.xx.2022-ci il tarixdə cavabdehəmüraciət etmiş və onun müraciəti təmin edilərək xx.xx.2023-cü il tarixədək iddiaçının Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazəsinin müddəti uzadılmışdır. İddiaçının bundan sonra müvəqqəti yaşamaq üçün icazə müddətinin uzadılması ilə bağlı Xidmətə hər hansı müraciəti daxil olmamışdır. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş olunmuşdur. İddiaçıya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, həmçinin bildirdi ki, şəxsin ölkədə müvəqqəti olma və müvəqqəti yaşama müddəti ayrı-ayrı anlayışlardır. Müvəqqəti olma müddəti 30 günədək müəyyən edilir və zərurət olduqda 60 günədək artırılır. İddiaçı 2021-ci ildə, yəni pandemiya dövründə ölkəyə gəlib və həmin vaxt sərhədlər bağlı olduğu üçün gedə bilməyib. Bu səbəbdən onun ölkədə müvəqqəti olma müddəti 60 günədək, xx.xx.2022-ci ilədək uzadılıb. Sonradan iddiaçı həmin statusda olduğu vaxt ölkədə müvəqqəti yaşamaq icazəsi almaq istəyib. Əgər o, müəvqqəti yaşamaq üçün müraciət etməsəydi, onun müvəqqəti olma müddəti yenidən uzadılacaqdı. Ona ölkədə müvəqqəti yaşamaq üçün icazə verilib və bununla da onun ölkədə olma statusu dəyişilib. Bu səbəbdən onun ölkədə müvəqqəti olma müddəti ləğv edilib. Müvəqqəti yaşama isə şəxsin pasportunun müddətinin bitməsinə 3 ay qalmışa qədər verilə bilər. İddiaçının ölkədə müvəqqəti yaşamaq müddəti bitdiyi üçün o, ölkədə müvəqqəti olma müddətini bərpa etdirmək istəyir. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Pakistan İslam Respublikası vətəndaşının pasportundan görünür ki, iddiaçı xx.xx.1976-cı ildə anadan olmuşdur. O, həmin ölkənin vətəndaşıdır. İddiaçının pasportunun etibarlılıq müddəti xx.xx.2018-ci il tarixdən 11 aprel 2023-cü il tarixədək təyin edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli ərizə-anketdən görünür ki, iddiaçı Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması üçün cavabdehə müraciət etmişdir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə MOM seriyalı, ******* nömrəli, 27 dekabr 2021-ci il tarixli qərarına əsasən iddiaçının Azərbaycan Respublikasında müvəqqəti olma müddəti 25 fevral 2022-ci il tarixədək uzadılmışdır. Cavabdeh tərəfindən qəbul edilmiş ******* saylı, xx.xx.2022-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin uzadılması haqqında” Qərarla iddiaçının xx.xx.2022-ci il tarixli müraciəti təmin edilmiş, onun Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazəsinin etibarlılıq müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. İşdə olan MYİ seriyalı, 0****** nömrəli vəsiqənin surətindən görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Cavabdehin 21 iyul 2023-cü il tarixli, 8244124-L nömrəli Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın ləğv edilməsi barədə qərarına əsasən iddiaçı barəsində qəbul olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərar ləğv edilmiş, Masih Shahid müvəqqəti yaşama icazəsinin verilməsi üçün müraciət etmədiyi təqdirdə, 10 gün ərzində ölkə ərazisini tərk etməsi və bu bəndin icrasına nəzarət edilməsi məqsədilə Miqrasiya nəzarəti baş idarəsinə məlumat verilməsi qərara alınmışdır. İş materiallarına iddiaçının müsahibə məlumatları əlavə edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə hazırkı iddianın mübahisələndirmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən (bundan sonra – Miqrasiya Məcəlləsi) Azərbaycan Respublikasında müvəqqəti olan – Azərbaycan Respublikasında yaşamaq üçün icazəsi olmayan, turizm, şəxsi iş, xidməti ezamiyyət və sair bu kimi müvəqqəti xarakter daşıyan hallarla əlaqədar Azərbaycan Respublikasına qanuni əsaslarla gəlmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir (3.0.6. ). Azərbaycan Respublikasında müvəqqəti yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir (3.0.7.). Viza əsasında Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən qalma müddətindən, viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə ölkədə müvəqqəti olma müddəti, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 90 gündən artıq ola bilməz (20.1.). Bu müddət bitənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti uzadılmamışdırsa, onlara müvəqqəti yaşamaq üçün icazə verilməmişdirsə, habelə onlardan müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün ərizə qəbul edilməmişdirsə, onlar Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər (20.2.). Bu Məcəllənin 40-cı maddəsində müəyyən olunmuş hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən uzadıla bilər və bu barədə müvafiq qərar qəbul edilir (39.1.). Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərar əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti olma hüququ verən rəsmi sənəddir (39.2.). Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər pasportlarını və ya digər sərhədkeçmə sənədlərini və müvəqqəti olma müddətinin uzadılması haqqında qərarı təqdim edərək, dövlət sərhədinin buraxılış məntəqələrindən keçməklə, ölkəni tərk edə bilərlər (39.3.). İşdən göründüyü kimi iddiaçı cavabdehə müraciət edərək onun Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən qəbul edilmişç xx.xx.2021-ci il tarixli qərarla iddiaçının ölkə ərazisində olma müddəti xx.xx.2022-ci ilədək uzadılmışdır. Miqrasiya Məcəlləsində həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar (44.1.).Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir (44.2.). Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir (44.3.). Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış bu barədə icazə alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər (47.1.). Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda; Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya bu Məcəllənin 46-cı maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə (bu Məcəllənin 46.8-ci maddəsi nəzərə alınmaqla); pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddətinin bitməsinə 3 aydan az vaxt qaldıqda; müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla); əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmaqla, həmin şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulduqda; Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş hal aradan qalxdıqda və müvəqqəti yaşamağa icazə alınması ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olmadıqda; bu Məcəllənin 46.1.10-cu maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə; 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda; xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə; Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə; barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərar qəbul edildikdə; bbAzərbaycan Respublikasının ərazisində müvəqqəti yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda; əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində tətbiq edilmiş inzibati cəriməni ödəmədikdə (50.1.). Qanunun qeyd edilən müddəalarından görünür ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində müvəqqəti olması və müvəqqəti yaşaması fərqli anlayışlardır. İşdən göründüyü kimi iddiaçı sonradan cavabdehə müracət edərək onun Azərbaycan Respublikasın ərazisində müvəqqəti yaşamasına icazə verilməsini xahiş etmiş və buna icazə verilmişdir. Həmçinin cavabdehin xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının ölkə ərazisində yaşama müddəti xx.xx.2023-cü ilədək, yəni qanunun yuxarıda göstərilən müddəalarına əsasən pasportunun etibarlılıq müddətinin bitməsinə 03 ay qalanadək uzadılmışdır. Lakin, iddiaçının pasportunun müddəti bitənədək ölkədə müvəqqəti yaşama müddətinin uzadılması ilə bağlı müraciət etməmişdir. Bu səbəbdən cavabdeh tərəfindən iddiaçının ölkə ərazisində olma müddətinin uzadılması barədə qərar da ləğv edilmişdir. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın 21 iyul 2023-cü il tarixli, 8244124-L nömrəli Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın ləğv edilməsi barədə qərarı qanuni və əsaslı olmuşdur. Odur ki, iddiaçı Masih Shahidin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı cavabdehin 21 iyul 2023-cü il tarixli, ******* L nömrəli qərarının ləğv edilməsi, Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin ona və ailəsinə münasibətdə uzadılması məsələsinə baxılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Masih Shahidin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və ona ailəsi ilə birlikdə Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-2003/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2003/2024
28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver