Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2005/2024 04.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində tələb onunla əsaslandırılır ki, İddiaçı xüsusi zərərli işə görə əmək pensiyası almaq üçün cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də, cavabdeh tərəfindən hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdeh ona əmək pensiyası təyin edilməsi ilə bağlı inzibati aktda onun əmək stajını tamlıqla və dəqiqliklə nəzərə almamışdır. Belə ki, iddiaçı 8 sentyabr 1992-ci il tarixdən hal-hazıradək "xxxx" QSC-də 24% xüsusi zərərli işdə gecə növbəsində yeraltı qurğularda fəhlə işləyir. Ümumi iş stajı 8 avqust 2023-cü il tarixədək 30 il təşkil edir. Lakin cavabdeh iddiaçının 8 senytabr 1992-ci il tarixindən həmin işdə işlədiyi müddəti ümumi iş stajına daxil etməmişdir. İddiaçı cavabdehə müraciət edərək işlədiyi 30 il 11 ay müddətin ümumi iş stajına daxil edilməsini xahiş etmişdir. 19 iyul 2023-cü il tarixdə cavabdeh onun ərizəsinə cavab olaraq imtina məktubu vermişdir. Cavabdeh imtina məktubunu onunla əsaslandırıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən tələb etdiyi məsələ onların səlahiyyətindən kənardır. İddiaçı hesab edir ki, bu iddia inzibati mühakimənin predmeti olduğundan mümkün sayılmalı və ərazi aidiyyəti baxımında Bakı İnzibati Məhkəməsində baxılmalı və cavabdehin imtina məktubu qərarı mahiyyət üzrə onun hüquqlarını pozduğuna görə iddia əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış cavablarından görünür ki, qurum İddiaçı dövlət qulluqçusu kimi sığorta stajını 7 il, 6 ay, 24 gün hesablamışdır. Lakin bu ərizədə təqdim etdiyi sənədlərdən görünür ki, iddiaçı dövlət qulluqçusu kimi iş stajı 20 il və daha sonra sonra Rusiya Federasiyasında doktorantura təhsili aldığı müddət daxildir. Çünki, iddiaçı daxili işlər orqanlarında dövlət qulluqçusu kimi işləmiş və daha sonra həmin dövlətin göndərişi əsasında təhsil almışdır. Lakin bu müddətdə dövlət mənafeləri üçün işləməyinə və buna görə də dövlət qulluqçusu olmağına baxmayaraq bu müddəti cavabdeh onun pensiya stajına daxil edərək əmək pensiyasını buna uyğun olaraq yenidən hesablamaqdan imtina etmişdir. İddiaçı hesab edir ki, bu qanunsuzdur və onun pensiyanın yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, onun müvafiq əmək stajı qanuni sənədlər əsasında təsdiq edilir və həmin sənədlərin mötəbərliyi mübahisəsizdir. Cavabdeh əmək pensiyasının təyin edilməsi üzrə səlahiyyətli dövlət orqanıdır və «Əmək pensiyaları haqqında» Qanuna uyğun olaraq pensiyanı təyin etməli və yenidən hesablamalıdır. Yaşa görə əmək pensiyasının hesablanması zamanı bütün əmək stajı və ona uyğun olaraq bütün sosial sığorta stajı nəzərə alınmalıdır. Cavabdeh onun qanuni tələbini icra etməkdən imtina etmiş və onun mənafeyinə uyğun olaraq əlverişli inzibati akt qəbul etməmişdir. Bununla da cavabdeh onun sosial təminat və mülkiyyət hüququnu pozmuşdur. Göstərilənlərə və «İnzibati İcraat haqqında» Qanunun 2.0.10-cu maddəsinə, «Əmək pensiyaları haqqında» Qanunun 1, 3.1, 4.1.1, 7-ci maddələrinə, İPMin müddəalarına əsaslanaraq, İddiaçı 30 il 11 ay işlədiyi müddətin ümumi iş stajına daxil etməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlanmış 27 noyabr 2023-cü il tarixli etirazında bildirilir ki, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanlanmış 19 iyul 2023-cü il tarixli məktubu ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının kifayət qədər ümumi iş stajına malik olmadığı qeyd edilmişdir. Cavabdeh hesab edir ki, imtina qanunidir və iddiaçının iddiası təmin edilməməlidir. İddiaçının DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (19 il 9 ay 23 gün (9 noyabr 1984-cü il tarixdən 1 dekabr 1986-cı il tarixədək, 27 aprel 1987-ci il tarixdən 5 iyun 1989-cu il tarixədək, 25 iyuı 1989-cu il tarixdən 5 fevral 1991-ci il tarixədək, 7 fevral 1991-ci il tarixdən 7 noyabr 1991-ci il tarixədək, 11 dekabr 1991-ci il tarixdən 1 yanvar 1992-ci il tarixədək, 8 sentyabr 1992ci il tarixdən 31 dekabr 2005-ci il tarixədək olan dövrlər)) təşkil edir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, iddiaçının tələbi təmin edilməməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi, iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» Qanunun 1, 7, 9.1, 9.8, 21.1-ci maddələrinə, İPM-in 47.2-ci maddəsinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə bildirdi ki, iddiaçının işlədiyi vəzifə güzəştli şərtlərlə pensiya hüququ verən işlərə aiddir, lakin onun 1 yanvar 2006-cı il tarixədək 19 il 9 ay 23 gün sığorta stajı var, Buna görə də iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, İddiaçı xx xxxxx 1966-cı il tarixdə doğulmuşdur və hazırda ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, 9 noyabr 1984-cü il tarixdən əmək fəaliyyətinə başlamış və hal-hazırda "xxxx" QSC-də işləyir (9 noyabr 1984-cü il tarixdən 1 dekabr 1986-cı il tarixədək, 27 aprel 1987-ci il tarixdən 5 iyun 1989-cu il tarixədək, 25 iyul 1989-cu il tarixdən 5 fevral 1991-ci il tarixədək, 7 fevral 1991-ci il tarixdən 7 noyabr 1991-ci il tarixədək, 11 dekabr 1991-ci il tarixdən 1 yanvar 1992-ci il tarixədək, 8 sentyabr 1992-ci il tarixdən h/h). İş materiallarında olan "xxxx" QSC tərəfindən verilmiş A/247 saylı, 20 iyun 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Bakı Metropoliteninin Yol xidmətində 8 sentyabr 1992ci il tarixdən 18 iyul 2014-cü il tarixədək yol montyoru (yalnız gecə işi (iş saatı 23:30-dan 05:30-dək) 24% xüsusi zərərli əmək şəraiti) peşəsində çalışmışdır. 18 iyul 2014-cü il tarixdən "xxxx" QSC-nin Yol xidmətində yol montyoru peşəsində (yalnız gecə işi (iş saatı 23:30-dan 05:30-dək), 24% xüsusi zərər iş şəraiti) işləyir. İş materiallarında olan НЗ seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı 09 noyabr 1984-cü il tarixindən 01 dekabr 1986-cı il tarixinə qədər SSRİ Silahlı Qüvvələrinin tərkibində hərbi xidmətdə olmuşdur. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı xx xxxxx 1966-cı tarixdə doğulmuşdur. Əmək kitabçasına əsasən o, 9 noyabr 1984-cü il tarixdən əmək fəaliyyətinə başlamışdır və hazırda da işləyir. İddiaçı «Əmək pensiyaları haqqqında» Qanunun 9-cu maddələrinə istinad edərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün hazırkı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir (müvafiq sənədləri təqdim etməklə). Lakin cavabdeh orqan məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədfək 25 il ümumi iş stajı toplanmamışdır. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Sabunçu rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçının müvafiq müraciəti üzrə qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, hazırkı iddia “məcburetmə haqqında” iddiaya aid olduğundan və cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən mübahisəyə İPM-in 8.1.2-ci maddəsinin (maddənin ikinci cümləsinin) tələblərinə uyğun olaraq iddiaçının yaşayış yeri kimi Bakı şəhərinin Sabunçu rayonu üzrə müvafiq məhkəmə qismində Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2022-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Sözügedən Qərarla təsdiqlənmiş 2 nömrəli Siyahının XXVİİİ. Nəqliyyat bölməsində “Metropolitenlərdə yalnız gecə vaxtlarında tunrllərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr – 2300200a kodu ilə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının “21. Nəqliyyat” bölməsinin “21.5 Metropolitenlər” bəndində 21.5.1-ci yarımbəndində yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr nəzərdə tutulmuşdur. «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Məhkəmə ilk növbədə növbədə qeyd edir ki, iddiaçının 12 il 6 ay güzəştli əmək pensiyası hququ verən işlərdə sığorta stajı toplaması hazırkı işin mübahisələndirilməyən hallarına aiddir. Lakin nəzərə alınmalıdır ki, həm «Əmək pensiyaları haqqında» Qanunun (1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyada), həm də «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun müddəaları kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini azı 12 il 6 aydan artıq güzəştli pensiya hüququ verən işlərdə iş stajı ilə yanaşı, azı 25 il ümumi iş stajının olması ilə şərtləndirmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixərək qüvvədə olan tələblərinə əsasən kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 57 yaşının 1 iyul 2017-ci il tarixədək tamam olması mütləqdir. Eləcə də «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinin və «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 1 yanvar 2006-cı il tarixədək 25 il ümumi, o cümlədən 12 il 6 ay güzəştli iş stajının toplanması zəruridir. Beləliklə, hazırkı işin materiallarında olan sənədlərdən müəyyən olunur ki, İddiaçı münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı üzrə güzəştli şərtlərlə pensiya hüququ verən xüsusi iş stajı ilə bağlı şərti ödənilsə də, onun ümumi iş stajı toplanmamışdır. Bundan başqa qeyd olunmalıdır ki, İddiaçı 1966-cı il təvəllüdlü olduğundan, onun hazırda 57 yaşı var, yəni 60 yaşı tamam olmamışdır. İddiaçının 2017-ci ilin 1 iyul tarixindən sonra tələb olunan ümumi və güzəştli iş stajları toplansa da, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün 60 yaşının tamam olması tələb olunur. Belə olan halda, məhkəmənin qənaətinə görə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Odur ki, iddiaçının tələbi dair əsaslı deyil və cavabdeh inzibati orqanın üzərinə ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı üzrə öhdəlik qoyula bilməz. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2005/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2005/2024
04.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver