Məhkəmə qərarları › İş №2-1(112)-20079/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-20079/2025

19.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-20079/2025 19.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi üzrə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,10 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək əsl olmayan cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi (bundan sonra – cavabdeh) ilə əvəz edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Nazirlər Sovetinin 24 oktyabr 1990-cı il tarixli, 489 nömrəli qərarı ilə Abşeron rayon 3 nömrəli Zeytun sovxozunda işləyən fəhlə və mütəxəssislərə fərdi yaşayış evlərinin tikintisi üçün hər bir ailəyə 0,10 hektar hesabı ilə torpaq sahəsi ayrılmışdır. Abşeron rayon Zeytun sovxozunun direktorunun 05 mart 1991-ci il tarixli, 17 nömrəli qərarı əsasında Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən fərdi yaşayış evinin tikintisi üçün 0,10 ha torpaq sahəsi iddiaçıya ayrılmışdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdehin imtina məktubunda qeyd olunanlarla əlaqədar olaraq bildirir ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən fərdi yaşayış evinin tikintisi üçün 0.10 ha torpaq sahəsi ona ayrılan zaman yerdə və naturada torpaq sahəsinin sxemi tərtib edilərək təhvil verilmişdir. Torpaq sahəsinin perimetrik ölçülərində heç bir dəyişiklik olunmamışdır. Hal-hazırda torpaq sahəsi onun istifadə və sahibliyindədir. Cavabdehin imtinası əsassızdır. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən təqdim olunmuş yerləşmə cizgisində sənədlər toplusuna əlavə edilmiş yerləşmə cizgisində dəqiq istinad, məsafələr və mərkəz koordinatı qeyd edilmədiyindən ətraflı araşdırma aparılması mümkün olmamışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmunu ilə oxşar izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin xx.xx.2026-cı il tarixli məktubu ilə təqdim etdiyi 05 mart 1991-ci il tarixli, 17 nömrəli Abşeron rayon 3 №-li Zeytun sovxoz üzrə əmrindən çıxarışa əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 1990-cı il tarixli, 259 nömrəli qərarı ilə və Azərbaycan SSR Nazirlər Sovetinin 24 oktyabr 1990-cı il, 489 nömrəli qərarı ilə sovxoz fəhlə və qulluqçularına 0,10 ha hesabı ilə 6 ha və 8,4 ha fərdi ev tikdirmək üçün torpaq sahəsi ayrılmışdır. 3 №-li Zeytun sovxozu həmkarlar ittifaqı və ƏKŞ-nin 18 may 1990-cı il 3 №-li protokoluna əsasən və 28 dekabr 1990-cü 43 №-li protokoluna əsasən sovxoz rəhbərliyindən adlan protokolda qeyd olunan işçilərə 0,10 hektar hesabı üə torpaq sahəsi aynlması xahiş olunmuşdur. Qeyd olunanları nəzərə alaraq İddiaçı 0,10 ha hesabı ilə torpaq sahəsi ayrılması üçün əmr verilmişdir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2026-cı il tarixli cavab məktubunda göstərilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə keçmiş 3 X1 sovxozunun ərazisindən Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Torpaq sahəsinə dair cizgidə dəqiq istinad, istinad məsafələri qeyd olunmamışdır. Sözügedən sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Həmin məktubla daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı və koordinatlar məhkəməyə təqdim edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı sözügedən torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə və faktiki olaraq 1000 kv.m təşkil edir. Cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubu etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.8.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.8.). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.4-cü bəndində rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar, 2.5-ci bəndində isə yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış öz əksini tapmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşin müəyyən edilmiş hallarından görünür ki, Abşeron rayon 3 №-li Zeytun sovxoz üzrə 05 mart 1991-ci il tarixli, 17 nömrəli əmr ilə iddiaçıya 0,10 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin əmrə əsaslanaraq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasının əsası isə ondan ibarət olmuşdur ki, yerləşmə cizgisində dəqiq istinad, məsafələr və mərkəz koordinatı qeyd edilmədiyindən ətraflı araşdırma aparılması mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, məhkəmə sorğusu əsasında Abşeron rayon Dövlət Arxivi tərəfindən məhkəməyə göndərilmiş Abşeron rayon 3 №-li Zeytun sovxozu üzrə əmrdən çıxarışdan görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1990-cı il tarixli 259 nömrəli qərarı ilə və Azərbaycan SSR Nazirlər Sovetinin 24 oktyabr 1990-cı il tarixli 489 nömrəli qərarı ilə sovxoz fəhlə və qulluqçularına 0.10 ha hesabı ilə 6 ha və 8.4 ha fərdi ev tikdirmək üçün torpaq sahəsi ayrılmışdır. 3 №-li Zeytun sovxozu həmkarlar ittifaqı və ƏKŞnin 18 may 1990-cı il 3 №-li protokoluna əsasən və 28 dekabr 1990-cü 43 №-li protokoluna əsasən sovxoz rəhbərliyindən adları protokolda qeyd olunan işçilərə 0,10 hektar hesabı ilə torpaq sahəsi ayrılması xahiş olunmuşdur. Abşeron rayon 3 №-li Zeytun sovxozunun 05 mart 1991-ci il tarixli, 17 nömrəli əmri ilə iddiaçıya 0,10 ha hesabı ilə torpaq sahəsi ayrılması üçün əmr verilmişdir. Göründüyü kimi iddia olunan torpaq sahəsi iddiaçıya qanuni əsaslarla, həmin dövrdə səlahiyyətli olan sovxozun əmri ilə ayrılmışdır. Əmr hal-hazırda qüvvədədir və ləğv edilməmişdir. Məhkəmə cavabdehin etirazının dəlilinə münasibətdə bildirir ki, yerləşmə cizgisində dəqiq istinad, məsafələr və mərkəz koordinatı qeyd edilməməsi müvafiq inzibati orqanın səlahiyyətinə aid məsələlərdir və bunda iddiaçının təqsiri olmadığı üçün həmin hallar onun ziyanına şərh edilməməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı uzun illərdir sovxoz əmrinə etimad edərək torpaq sahəsini istifadə edir və ona ayrılan 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını tələb edir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abşeron rayon 3 №-li Zeytun sovxoz üzrə 05 mart 1991-ci il tarixli, 17 nömrəli əmr ilə İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqularının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Abşeron rayon 3 №-li Zeytun sovxoz üzrə 05 mart 1991-ci il tarixli, 17 nömrəli əmr ilə İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,10 hektar torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququunun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar