Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2008/2024 15.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı ooğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X11) "bağ sahəsinə mülkiyyət hüququnun dövlət reyestində qeydə alınması və çıxarışın verilməsi" tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin imtinasının qanunsuz və əsassız hesab edilərək Bakı Şəhər İcra Hakimiyyəti başçısının 233 saylı, xx.xx.1997-ci il tarixli sərəncamına və həmin sərəncamla təsdiq edilmiş Əsasnaməyə əsasən “Vətəndaşlara bağ sahələrinin ayrılması barədə” X5 və İstismarı Birliyinin 100 saylı, xx.xx.2005-ci il tarixli Protokolu və həmin protokolun təsdiq edilməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 187 saylı, xx.xx.2005-ci il tarixli sərəncamı ilə Qarabağ müharibəsi əlili kimi ona ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən ümumi sahəsi 0,12 ha olan 1134 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində istifadəsinə ayrılmış 1134 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə dair ərizə ilə cavabdehə müraciət edilmişdir və cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunun imtina sayılmadığı göstərilmişdir, lakin Ləhiş bağ massivində istifadəsinə ayrılmış 1134 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından cavabdeh tərəfindən faktiki olaraq imtina edilmişdir. Cavabdeh tərəfindən imtina əsası kimi təqdim edilmiş sərəncamın arxiv çıxarışında ayrılmış bağ sahəsinin ölçüsünün qeyd edilmədiyi göstərilmişdir. Cavabdehin imtinanın əsası kimi təqdim edilmiş sərəncamın arxiv çıxarışında ayrılmış bağ sahəsinin ölçüsünün qeyd edilmədiyi barədə göstərdikləri, eyni zamanda cavabdeh tərəfindən imtinanın digər əsası kimi hüququ təsdiq edən sənədlərin qanunla müəyyən edilmiş tələblərə uyğun olmaması barədə göstərdikləri ilə bağlı olaraq bildirir ki, cavabdehə təqdim edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 22 iyul 2022-ci il tarixli arxiv arayışından müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 233 saylı,xx.xx.1997-ci il tarixli sərəncamına və həmin sərəncamla təsdiq edilmiş Əsasnaməyə əsasən “Vətəndaşlara bağ sahələrinin ayrılması barədə” X5 və İstismarı Birliyinin 100 saylı, 13.07. 2005-ci il tarixli Protokolu və həmin protokolun təsdiq edilməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 187 saylı, xx.xx.2005-ci il tarixli sərəncamı ilə Qarabağ müharibəsi əlili kimi ona Ləhiş bağlarında sahəsi 0,12 ha olan 1134 saylı bağ sahəsi ayrılmışdır və həmin sənədlər qanunla müəyyən edilmiş tələblərə uyğundur. Cavabdeh iddia tələbinə etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə uyğun təqdim edilmiş sərəncamın arxiv arayışında bağ sahəsinin nömrəsi qeyd olunsa da, ölçüsü qeyd olunmamışdır. Bundan əlavə təqdim edilmiş sərəncamın arxiv arayışında bağ sahəsinin ölçüsü qeyd olunmamışdır. Həmçinin idarənin arxiv məlumatlarına əsasən 98 nömrəli BTK tərəfindən verilmiş order əsasında Ləhiş bağ massivində 1184 nömrəli bağ sahəsi digər şəxsin adına qeydiyyata alınmış və daha sonra özgəninkiləşdirilmişdir. Hal-hazırda X9 mülkiyyətindədir. (fin: 1295GLX) Eyni zamanda, idarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı torpaq sahəsində mərzçəkmə və hasarlanma işlərinin aparılmadığı məlum olmuşdur. Məhkəmə tərəflərlə iddianın mümkünlüyü ilə bağlı məsələni müzakirə etməyi zəruri hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddianın mümkünlüyü ilə bağlı izah edilənlərin ona aydın olduğunu bildirdi. Əlavə olaraq verdiyi izahatında bildirdi ki, üçüncü şəxsin adına qeydiyyatdan keçən torpaq sahəsi ilə onun iddia etdiyi torpaq sahəsi eyni torpaq sahəsidir. Cavabdehin nümayəndəsi iddianın mümkünsüz hesab edilməsinə dair qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və bu barədə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırkı işin hallarına görə, iddiaçının hüquqi marağı, Ləhiş bağlarında ümumi sahəsi 0,12 ha olan 1134 saylı bağ sahəsi mülkiyyət hüququnun qeydə alınması ilə bağlıdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının 233 saylı, xx.xx.1997-ci il tarixli sərəncamına və həmin sərəncamla təsdiq edilmiş Əsasnaməyə əsasən “Vətəndaşlara bağ sahələrinin ayrılması barədə" X5 və İstismarı Birliyinin 100 saylı, xx.xx.2005-ci il tarixli Protokolu və həmin protokolun təsdiq edilməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 18 saylı, xx.xx.2005-ci il tarixli sərəncamı ilə Qarabağ müharibəsi əlili kimi iddiaçıya Ləhiş bağlarında 1134 saylı bağ sahəsi ayrılmışdır. Cavabdeh tərəfindən elektron kabinet vasitəsilə verilmiş etirazda qeyd edilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən 98 nömrəli BTK tərəfindən verilmiş order əsasında Ləhiş bağ massivində 1184 nömrəli bağ sahəsi digər şəxsin adına qeydiyyata alınmış və daha sonra özgəninkiləşdirilmişdir. Hal-hazırda X9 mülkiyyətindədir. (fin: 1295GLX). Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, etirazda mübahisəli bağ sahəsinin nömrəsi texniki səhv olaraq 1134 əvəzinə 1184 qeyd edilmişdir. 1134 nömrəli bağ sahəsi X9 mülkiyyətindədir. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, Ləhiş Bağları 92 №-li BTK nəzdində X4 Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 8/447 №-li qərrına əsasən 0,12 ha, 1134 №-li bağ sahəsi ayrılmışdır. Həmin bağ sahəsinə dair X3 adına xx.xx.2010-cü il tarixdə, X16 kitabında 20156 nömrə ilə qeydə alınmış “torpaq sahəsinin plan və ölçüsü” tərtib edilmişdir. Torpaq sahəsinə dair X3 adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2010-cü il qeydiyyat tarixli çıxarış verilmişdir. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X7 həmin torpaq sahəsinin 0,069308 ha hissəsini X2. 0,0693 ha torpaq sahəsinə dair X9 adına cavabdeh idarə tərəfindən xx.xx.2021-ci il tarixdə plan və ölçü sənədi tərtib edilmiş, eyni zamanda dövlət reyestindən mülkiyyət hüququna dair ********** qeydiyyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarış verilmişdir. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X7 həmin torpaq sahəsinin 0,05 ha hissəsini X1. Təqdim edilən sənədlərdən göründüyü kimi, iddiaçının mülkiyyət hüququnu qeydə alınmasını istədiyi Ləhiş bağ massivində yerləşən 1134 №-li bağ sahəsinə dair reyestr qeydi aparılmışdır. Məhkəmə qeyd edir ki, mülkiyyət hüquqlarının qeydiyyata alınması tələb olunan torpaq sahəsinə dair digər şəxsin mülkiyyət hüquqları daşınmaz əmlakın reyestrində qeydiyyata alındığından və həmin qeydiyyat hazırda qüvvədə olduğundan və eyni daşınmaz əmlak üzərində hüquqlar haqqında qeydiyyat qüvvədə olduğu halda yenidən digər şəxsin hüquqlarının qeydiyyatının aparılması yolverilməz olduğundan iddia ərizəsi mümkün sayıla bilməz. Məhkəmə iddiaçıya hüquqi yardım edərək bildirir ki, iddiaçı torpaq sahəsinə dair qeydin əsassız olduğunu iddia edirsə, iddiaçı hüquqi marağına çatmaq üçün ilk növbədə iddia etdiyi torpaq sahəsinə dair üçüncü şəxsin adına aparılmış qeydi mübahisələndirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. İstinad edilən Plenum qərarlarındakı hüquqi mövqelərdən görünür ki, reyestrdə aparılmış qeyd və onun əsasında verilmiş çıxarış inzibati akt sayılmır və qeydin aparılması əsas inzibati aktdırsa, həmin inzibati akt, inzibati məhkəmə icraatı qaydasında, qeydin aparılmasına əsas mülki hüquqi əqddirsə, həmin əqdin əsaslılığı mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-2008/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2008/2024
15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver