Məhkəmə qərarları › İş №2-1(112)-2009/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2009/2022

29.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2009/2022 29.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndələri (oğulları) X3 və X4, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq təkrar texniki pasportun verilməsi öhdəliyinin qoyulması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək həyat yoldaşı X5 miras qalmış, Bakı şəhəri X14 küçəsi, ev 30 ünvanda yerləşən, ümumi sahəsi 120,4 kv.m, yaşayış sahəsi 38 kv.m, köməkçi sahə 80,4 kv.m təşkil edən 2 saylı mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və təkrar texniki pasport verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ********** saylı 21 may 2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək mərhum həyat yoldaşı X6 adına qeydiyyata alınmış və ondan miras qalmış, ünvan 2 ünvanda yerləşən yaşayış evi və Bakı şəhəri İnqilab (hazırda X14) küçəsi, ev 30 ünvanda yerləşən 2 saylı mənzil üzərində hüquqlarının qeydiyyata alınmasını və təkrar texniki pasport verilməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanunun 10-cu maddəsinə uyğun olaraq həmin ərizəyə notariusun şəhadətnaməsini və köhnə texniki pasportu əlavə etmişdir. Lakin cavabdeh həmin ərizəni tam təmin etməyib, mülkiyyət hüququnu qeydiyyata alarkən ünvan 4 ünvanda yerləşən 2 saylı mənzilin sahəsini cəmi 38 kv.m. göstərib, texniki pasport isə verməyib. 1 saylı Bakı Ərazi idarəsi mənzilin sahəsini az göstərməsini və texniki pasport verməməsini onunla izah edib ki, yaşayış otaqlarından həyətə 2 ədəd qapı oyuğu açılıb, otaqlar arasındakı arakəsmələr götürülərək mənzil qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Mənzildən həyətə qapı açılması və mənzilin qeyri yaşayış sahəsi kimi istifadə olunması ona həyat yoldaşından miras qalan mənzilin sahəsinin az göstərilməsinə və texniki pasport verməkdən imtinaya əsas ola bilməz. Köhnə texniki pasportda mənzilin ümumi sahəsi 120,4 kv.m., o cümlədən yaşayış sahəsi 38 kv.m., köməkçi sahə isə 80,4 kv.m. göstərilib. Köməkçi sahəyə 6 kv.m, mətbəx, 35,6 kv.m və 21 kv.m ön giriş, 4 kv.m vanna, 16,9 kv.m anbar daxildir. Mənzilin faktik sahəsi də hazırda 120,4 kv.m təşkil edir. Cavabdehin məntiqindən belə çıxır ki, mənzil yalnız 2 otaqdan ibarətdir, köməkçi sahə (mətbəx, ayaqolu, giriş, anbar) isə mövcud deyil. Mənzil ayaqyolusuz və mətbəxsizdir. İddiaçı həyat yoldaşından miras qalan 120,4 kv.m. ikiotaqlı mənzili qanuni vərəsə olaraq qəbul etmişdir. Buna görə də 06 İyul 2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək həyat yoldaşı X5 miras qalmış, Bakı şəhəri, Ak.Həsən Əliyev küçəsi, ev 30 ünvanda yerləşən, ümumi sahəsi 120,4 kv.m, yaşayış sahəsi 38 kv.m, köməkçi sahə 80,4 kv.m təşkil edən 2 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və təkrar texniki pasport verilməsini xahiş etmişdir. Cavabdeh 09 iyul 2021-ci il tarixdə həmin ərizəmi alsa da ərizəyə heç bir cavab verməyib.

3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, mənzilin sənəd üzrə ölçüləri ilə faktiki ölçüləri arasında uyğunsuzluq mövcuddur. Belə ki, mənzilə texniki baxış keçirilən zaman yaşayış otaqlarından həyətə 2 ədəd qapı oyuğunun açıldığı və mənzilin daxilində arakəsmələr götürülərək qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu aşkar olunmuşdur. Bu səbəbdən texniki pasportun tərtib edilməsi tərəfimizdən mümkün olmamışdır. Həmçinin təqdim edilmiş texniki pasport idarənin arxivində aşkar edilməmişdir. Bu barədə vətəndaşa **********80 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.24. bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılması həyata keçirilməli, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsi təmin edilməlidir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

4. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən ünvan 5 ünvanına dair arxiv qovluğunda saxlanılan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının 78/56 nömrəli xx.xx.1994-cü il tarixli sərəncamına əasən Bakı şəhəri, İnqilab küçəsi, 30 nömrəli yaşayış evinin 2-ci mənzilini əvəzsiz olaraq şəxsi mülkiyyət kimi vətəndaş X7 verilmişdir.

5. Cavabdeh tərəfindən əlavə olaraq xx.xx.1994-cü il tarixli bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, İnqilab küçəsi, 30 nömrəli yaşayış evinin 2-ci mənzili vətəndaş X7 verilmişdir.

6. İş materiallarında olan: - Bakı şəhər İcra Hakimiyyəti Başçısının X2 və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən X6 adına ünvan 4, 2 nömrəli mənzilə dair texniki pasport verilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının X2 və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən X6 adına ünvan 4, 2 nömrəli mənzilə dair xx.xx.1994-cü il tarixli Qeydiyyat vəsiqəsi verilmişdir. - Ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2018-ci il tarixdə ölmüşdür. -Qanun üzrə vərəsəlik hüququ haqqında 21 may 2021-ci il tarixli şəhadətnamədən görünür ki, İddiaçı X6 vərəsəsidir və ünvan 5 ünvanında qeydiyyatda olan İddiaçı miras əmlakdan tam hissədə pay almalıdır.

7. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim olunan 215377 nömrəli xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Ak.Həsən Əliyev küçəsi, ev 30, 2 saylı mənzilə dair mülkiyyət hüquqları İddiaçı məxsusdur.

8. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbini “ünvan 7 ünvanında yerləşən 2 saylı mənzil üzərində mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı dövlət reyestrində müvafiq dəyişiklik edilməsi, mənzilin ümumi sahəsinin 121,5 kv.m, yaşayış sahəsinin 38 kv.m, köməkçi sahəsinin 80,4 kv.m göstərilməsi və dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirməsi qəbul edilmişdir.

9. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə iş üzrə məhkəmə texniki ekspertizası təyin edilmiş, ekspertlər qarşısında aşağıdakı sual qoyulmuşdur: - ünvan 8 ünvanında yerləşən 2 saylı mənzilin iş materiallarında olan texniki pasportu ilə faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddurmu? Uyğunsuzluq mövcud olduğu təqdirdə faktiki vəziyyətinə uyğun cizgisi tərtib olunsun (ümumi sahə, yaşayış sahəsi və köməkçi sahə ayrılıqda göstərilməklə). - ünvan 8 ünvanında yerləşən 2 saylı mənzilə dair texniki pasportda göstərilmiş 121,5 kv.m.-dən başqa, ünvanda hər hansı əlavə tikili mövcuddurmu? Əlavə tikili(lər) mövcud olduğu təqdirdə sahəsi və təyinatı göstərilsin. - ünvan 8 ünvanında yerləşən 2 saylı mənzildən təyinatına uyğun (mənzil kimi) istifadə olunurmu? Ekspertizanın aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyul 2022-ci il tarixli ekspert rəyinə əsasən ekspertlər qarşısında qoyulan suallara aşağıdakı kimi cavab verilmişdir. Qərardadın birinci sualı üzrə: - ünvan 8 ünvanında yerləşən 2 saylı mənzilin iş materiallarında olan texniki pasportu ilə faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Belə ki, 3 və 4 saylı tikililər ilə 2 və 5 saylı tikililər arasında olan arakəsmələr faktiki vəziyyətdə yerində yoxdur. Bundan əlavə texniki pasportda göstərilən 6 ə 7 saylı arasındakı arakəsmə divarlar yerində mövcud deyil. Qərardadın ikinci sualı üzrə: - ünvan 8 ünvanında yerləşən 2 saylı mənzilə dair texniki pasportda göstərilmiş 121.5 kv.metr-dən başqa, ünvanda hər hansı əlavə tikili yoxdur. Qərardadın ücüncü sualı üzrə: - ünvan 8 ünvanında yerləşən 2 saylı mənzil hal-hazırda qeyri-yaşayış sahəsi kimi istifadə olunur.

11. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndələri (oğulları) iddia tələbini müdafiə etdi.

12. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

14. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

15. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

16. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

17. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

19. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.

20. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

21. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

22. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

23. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

24. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

25. X12 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

26. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

27. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

28. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, ünvan 8 ünvanında yerləşən 2 saylı mənzilə dair texniki pasportda göstərilmiş 121,5 kv.metrdən başqa, ünvanda hər hansı əlavə tikili yoxdur və ünvan 8 ünvanında yerləşən 2 saylı mənzil hal-hazırda qeyriyaşayış sahəsi kimi istifadə olunur. Odur ki, qeyd edilən daşınmaz əmlakın yaşayış və köməkçi sahələri hazırda mövcud olmadığından mənzil kimi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılmasına dair iddiaçının qanuni gözləntisi yoxdur.

29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunundan: 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi;

30. Mənzil Məcəlləsindəndən: 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir.

31. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirilmədən (buna dair müvafiq qərar yoxdur) hazırda qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu halda iddiaçının qeyd edilən əmlaka yaşayış və köməkçi sahələri göstərilməklə (həmin sahələr mövcud olmadığından) mənzil kimi mülkiyyət hüququn tanınması tələbi təmin edilməməlidir.

32. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

33. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

34. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar