Məhkəmə qərarları › İş №2-1(112)-2009/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2009/2023

26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2009/2023 26.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X7, X9, X10 və X6 cəlb olunmaqla) «qeydiyyatdan çıxarılma» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi RPİ-yə qarşı «qeydiyyatdan çıxarılma» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşayır. Həmin evi uzun müddət əvvəl faktiki alqı-satqı qaydasında, əvəzini ödəməklə əldə etmişdir və ev fasiləsiz, etirazsız onun istifadəsindədir. Fərdi yaşayış evində qeydiyyatda olan şəxslər – X7, X9, X10 və X6 uzun müddətdir ki, daimi yaşamaq üçün başqa ünvana köçüb getmişlər və davamlı olaraq başqa ünvanda yaşayırlar. İddiaçının evində onlara məxsus hər hansı bir əşya qalmamış və onlarla əlaqələri yoxdur. Onlar iddiaçının ailə üzvləri deyillər, formal olaraq evdə qeydiyyatda qalmaqdadırlar. Nəticədə iddiaçının hüquqları pozulur. Həmçinin iddiaçı onların formal qeydiyyatlarına görə əlavə kommunal ödənişlər etmək məcburiyyətində qalır. İddiaçı daimi olaraq yaşadığı evdə formal qeydiyyatda qalmış həmin şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmalarını yazılı ərizə ilə cavabdeh Bakı şəhəri Binəqədi RPİ-dən xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan onun xahişini nəzərə almadan hüquqlarının pozulması ilə nəticələnən 2 avqust 2022-ci il tarixli imtina məktubu vermişdir. İddiaçı hesab edir ki, yaşadığı evdə formal qeydiyyatda qalmış həmin şəxslərin onun yaşadığı evdən qeydiyyatdan çıxarılmasını tələb etmək kimi hüququ vardır və onların qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Binəqədi RPİ-nə həvalə edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «AR MM-nin 228.5 və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə AR MM-nin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə AR Mənzil Məcəlləsinin 30.4 maddəsinin müddəaları tətbiq edilməlidir. Avropa Məhkəməsinin mövqeyinə görə də iddiaçının yaşadığı ev onun mülkiyyəti hesab edilir. Yaşadığı evdə formal qeydiyyatda qalanlar onun ailə üzvlərim deyil. İndiki halda istər 1 oktyabr 2009-cu il tarixədək, istərsə də ondan sonrakı tarixdə tətbiq edilən hüquq normalarına əsasən həmin şəxslər iddiaçının yaşadığı evdən qeydiyyatdan çıxarılmalıdırlar. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 71ci maddələrinə, Azərbaycan Respublikası MPM-nin 217.2 maddəsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1, 30.1-ci maddələrinə, «İnzibai icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasına, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1, 9-cu maddələrinə, Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun tətbiqi haqqında Əsasnamənin 14cü bəndinə, İPM-in 2.2.3, 8.1.4, 14, 34.1, 38.2, 45, 46-cı maddələrinə əsaslanaraq, məhkəmədən cavabdehin imtinası qanunsuz hesab edilərək, X4, X2, X5, X8, X3 və X1 ünvan 2 ünvandan qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi RPİ-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsio xahiş olunur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə X7, X9, X10 və X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf və üçüncü şəxslər (nümayəndələri) gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iclasın cavabdehin və üçüncü şəxslərin iiştirakı olmadan keçiriulməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Hazırkı məhkəmə icraatında İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair hər hansı hüquq müəyyənedici sənəd, o cümlədən order, müqavilə, reyestrdən çıxarış, habelə evin yerləşdiyi torpaq sahəsinə dair qərar, akt və s. təqdim etməmişdir. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarsinin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 29 dekabr 2022-ci il tarixli məktubunda qeyd olunur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Belə olan halda, ünvan 1 ünvanında olan tikiliyə iddiaçının hüququ müəyyən edilmir. Bu isə belə nəticə yaradır ki, iddiaçı sözügedən ünvandan digər şəxsin həmin şəxsin ora hər hansı hüququnun olub-olmamasından asılı olmayaraq qeydiyyatdan çıxarılması tələbini irəli sürmək üzrə subyektiv hüquqa malik deyil. Odur ki, məhkəmənin qənaətinə görə iddia tələbində qaldırılan məsələ ilə bağlı cavabdeh inzibati orqan Bakı şəhəri Binəqədi RPİ tərəfindən hazırkı iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar