Məhkəmə qərarları › İş №2-1(112)-2009/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2009/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2009/2024 14.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı Mövsumova Nərgiz Firuddinovnanın iştirakı ilə, İddiaçı Mövsumova Nərgiz Firuddinovnanın cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Mövsumova Nərgiz Firuddinovna cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A ünvanında inşa edilmiş yüksəkmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 75,46 kv.m olan, 2 otaqlı, 23 nömrəli mənzil üzərində hüquqlarının qabaqcadan qeydiyyatı haqqında müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanda inşa edilmiş yüksəkmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 75,46 kv.m olan, 2 otaqlı, 23 nömrəli mənzili "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dəyərini tam ödəməklə almışdır. Aldığı mənzilin dəyərini tam ödəməsini xx.xx.2023-cü il tarixli, A- 073/2023 nömrəli maliyyə arayışı təsdiq edir. Qeyd olunan mənzilin üzərində onun hüquqlarının qabaqcadan qeydiyyatı haqqında müvafiq arayışın verilməsi məqsədilə toplanmış sənədlər ilə cavabdeh qurum olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir. Lakin cavabdeh qurum tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-140868-8/023 **********29 nömrəli cavab məktubunda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 147ci maddəsinə xx.xx.2017-ci il tarixində edilmiş dəyişikliyə əsasən daşınmaz əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestirində qabaqcadan qeydiyyata alınması ilə bağlı normalar təminat qeydi ilə əvəz edilmişdir” göstərilməklə, mənzil üzərində hüquqlarının qabaqcadan qeydiyyatı haqqında müvafiq arayışın verilməsində imtina edilmişdir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 147-ci maddəsinə xx.xx.2017-ci il tarixində edilmiş dəyişikliyə əsasən daşınmaz əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydiyyata alınması ilə bağlı normalar təminat qeydi ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən torpaq sahəsi (üzərindəki tikilmiş və ya tikintisi başa çatmayan tikinti obyektləri də daxil olmaqla) ilə bağlı hər hansı hüququn əldə edilməsinə yönəlmiş tələbləri təmin etmək məqsədilə daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsi barədə təminat qeydi aparıla bilər. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylarla əlaqədar təminat qeydinin aparılmasının xüsusiyyətləri bu maddənin tələbləri nəzərə alınmaqla, bu Məcəllənin 144-1ci maddəsində müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1.4-cü maddəsinə əsasən bölünmə planına əsasən mülkiyyətindəki torpaq sahəsində yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməli və tərkib hissələri əldə edən şəxslərin xeyrinə bu Məcəllənin 147-ci maddəsinə uyğun olaraq təminat qeydi aparılmalıdır. İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman məlum olmuşdur ki, mənzil 15 mərtəbəli binanın 5-ci mərtəbəsinin bir hissəsində yerləşməklə faktiki sahəsi 66.1 kv.m təşkil edir. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə 2935A ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasında yerləşən 23 saylı mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması dair iddia tələbi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10091/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbi müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdeh nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir və bu zaman şəxsin həmin hüquq və azadlıqlarının qorunması başqa vasitə ilə mümkün deyildir. Məhkəməyə əlçatanlıq da məhz müdafiəyə ehtiyacı olan şəxs üçün ədalət mühakiməsinin təmin edilməsinin zəruriliyini nəzərdə tutur. Göstərilənlər nəzərə alınmaqla iddianın mümkünlüyünü qiymətləndirən məhkəmə hesab edir ki, aşağıdakı səbəblərə görə iddia mümkünsüz iddiadır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli A-073/2023 saylı müqavilənin surətindən görünür ki, "İcraçı" "Texnik Proqress” MMC, Gəncə pr. 2935A ünvanında inşa etdiyi mövcud olan 16 mərtəbəli ofis və yaşayış binasının 0.000 səviyyəsindən 1-ci blok, 5ci mərtəbəsindən 2 otaqlı, 23 nömrəli mənzili iddiaçıya satmağı, iddiaçı isə 2 otaqlı 75,46 kv.m. olan mənzilin dəyəri olan 98000 manat məbləği tam ödəməyi öhdəsinə götürmüşdür. "Texnik Proqress” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli A-073/2023 saylı maliyyə arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A məhəllədə inşa olunmuş yüksəkmərtəbəli, çoxmənzilli yaşayış və ofis binasının 1-ci blok, 0.0000 səviyyəsindən başlayan 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 75,46 kv.m. olan 2 otaqlı, 23 nömrəli mənzilin müqavilə dəyəri 98000 manatı tam ödəmişdir. xx.xx.2023-cü il tarixli müayinə aktından görünür ki, iddiaçının hüququnun qeydə alınmasını xahiş etdiyi mənzil 15 mərtəbəli binanın 5-ci mərtəbəsinin bir hissəsində yerləşir, 2 otaqlı olmaqla hüquqmüəyyənedici sənəd üzrə sahəsi 75,46 kv.metr, faktiki sahəsi isə 66.1 kv.metrdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-747/2024 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 23 saylı mənzilinə mülkiyyət hüququnun onun adına qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10091/2023 nömrəli, xx.xx.2023-cü il tarixli tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərarı ilə ddiaçının apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10091/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul edilmiş və iddia tələbi təmin edilməklə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 23 saylı mənzilinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Göründüyü kimi, iddiaçı hazırkı iddia vasitəsilə xx.xx.2023-cü il tarixdə "Texnik Proqress” MMC ilə arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A ünvanında inşa edilmiş yüksəkmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 75,46 kv.m olan, 2 otaqlı, 23 nömrəli mənzil üzərində hüquqlarının qabaqcadan qeydiyyatı haqqında müvafiq arayış verilməsini xahiş etsə də, həmin mənzilə dair mülkiyyət hüququnun qeydə alınması ilə bağlı daha əvvəl məhkəməyə müraciət etmiş və məhkəmə qərarı ilə iddiası təmin edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 17.1-ci maddəsinə görə tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində, həmçinin mülki qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda mülkiyyət və digər əşya hüquqları dövlət reyestrində tikintiyə icazə sənədləri və plan-cizgi əsasında qabaqcadan qeydiyyata alına bilər. Həmin Qanunun 17.2-ci maddəsinə əsasən tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər. İstinad olunan normalardan görünür ki, qabaqcadan qeydiyyat tikintisi başa çatdırılmamış daşınmaz əmlak barəsində aparılır. İşdən görünür ki, iddiaçının müqavilə əsasında əldə etdiyi mənzil tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olmamış, artıq həmin mənzilə iddiaçının mülkiyyət hüququnun qeydə alınması ilə bağlı məhkəmə qərarı qəbul olunmuşdur. Yəni iddiaçı cavabdehə müraciət edərkən mövcud olan hüquqi marağına uyğun iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin müraciəti təmin edilərək iş üzrə üzrə müvafiq məhkəmə qərarı qəbul edilmişdir. Belə olan halda aydındır ki, iddiaçının hazırkı iddiası onun hüquqi marağına uyğun olmamaqla yanaşı, bu iddia vasitəsilə məhkəmə müdafəsinə zərurət də mövcud deyildir. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə, yəni iddianın mümkünlüyü üçün zəruri olan tələbə cavab vermir, buna görə də mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə görə isə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar