Məhkəmə qərarları › İş №2-1(112)-201/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-201/2021

25.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-201/2021 25.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi X2 Cəfərova qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı Azərbaycab Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi” iddia tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində istifadədə olan 0,11312 ha torpaq sahəsində yerləşən 134 nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində olan 66,6 kv/m ümumi sahəsi olan, 3 otaq 57 nömrəli İddiaçı məxsus olan yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi barədə sərəncam vermək vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 134 saylı evin birinci mərtəbəsində yerləşən 57 saylı 3 (üç) otaqlı ümumi sahəsi 66,6 kv/ m sahəsi olan mənzil DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsinin MH-0170701 saylı 24.09.2008-ci il tarixli “Çıxarış”-na əsasən onun mülkiyyətindədir. Cavabdehə 16.04.2018ci il tarixdə müraciət etmiş və yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsinə icazə istəmiş, bu zaman qanunla müəyyən edilmiş sənədləri ərizəsinə əlavə etmişdir. Məqsədinin gələcəkdə məişət obyekti kimi mülkiyyəti olan daşınmaz əmlakdan istifadə etmək olduğunu, daşınmaz əmlakda heç bir yenidən qurma və ya planlaşdırma işinin aparılmayacağı barəsində məlumat vermiş, qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakdan istifadə edilərsə hər hansı bir formada digər mülkiyyətçilərin marağına zidd olmamasına və sair faktları məlum etmişdir. Buna baxmayaraq, 2 aya yaxın bir müddət kəçsə də cavabdeh müraciətini cavabsız qoymuşdur. Bu isə artıq İnzibati orqanın hərəkətsizliyidir və belə olan halda onun hüquqları pozulmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair etiraz təqdim edərək göstərmişdir ki, Cavabdeh Başçısının 662 saylı 22.10.2003-cü il tarixli Sərəncamının İ bəndində qeyd olunan həyət tərəfdə olan mövcud balkonun 10,8 kv.m ölçüdə tikilmiş hissəsi iddiaçı tərəfindən qanunsuz olaraq zəbt edildiyindən həmin ərazi dövlət mülkiyyətindədir. İddiaçının bu iddiası əsassızdır və təmin olunmamalıdır. Bakı İnzibati Məhkəməsinin 19 iyun 2020-ci il tarixli 2-1(112)139/2020 saylı qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilmiş 3-cü şəxslər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, bu barədə də heç bir rəsmi məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək, iddiaçı tərəfindən əlavə sahənin zəbt edilərək istifadə edildiyindən, yenidən qurma işlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilmədiyi iddia tələbinin rədd edilməsi barədə qərar qəbil edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan sənədlər : - MH seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 24.09.2008-ci il qeydiyyat tarixli, **********93 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində istifadədə olan 0,11312 ha torpaq sahəsində yerləşən 134 nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində olan 66,6 kv/m ümumi sahəsi olan, 3 otaq 57 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 4099 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası, Bakı şəhəri, Cavabdeh Başçısının 662 nömrəli sərəncamı ilə Şərifzadə küçəsi 134 saylı evin 57—ci mənzilində mövcud pəncərənin giriş qapısı və həyət tərəfdə olan mövcud balkonun 18,8 kv.m.ölçüdə genişləndirilməsi faktı təsdiq edilmişdir. - Bakı şəhəri, Cavabdeh Başçısının aparatından İddiaçı ünvanlanmış müraciətə cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər tam şəkildə təqdim edilmədiyindən mənzilin qeyriyaşayış sahəsinə keçirilməsi mümkün olmamışdır. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.09.2019-cu il tarixli 2-1(81)- 2902/2019-cu il tarixli qərardadı ilə ekspertiza təyin edilmiş, 05 fevral 2020-ci il tarixli 25401 nömrəli Məhkəmə ekspertizası rəyində göstərilmişdir ki, Bakı şəhəri,Yasamal rayonu, A.M.Şərifzadə küçəsində istifadədə olan 0,11312.ha torpaq sahəsində yerləşən 134 nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində olan 57 nömrəli İddiaçı məxsus yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verdiyi müəyyən edilir. Bakı şəhəri,Yasamal rayonu, A.M.Şərifzadə küçəsində istifadədə olan 0,11312.ha torpaq sahəsində yerləşən 134 nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində olan 57 nömrəli İddiaçı məxsus tikililərə giriş-çıxış yolu küçədən olduğunu (blokdan olan giriş çıxış yolunun bağlandığı) nəzərə alaraq həmin sahənin üzərində yerləşən digər mərtəbələrə gediş-gəliş yoluna maneə yaratmadığı müəyyən olunur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazin İdarəsi tərəfindən İddiaçı ərizəsinə cavab olaraq 08.01.2019-cu il tarixdə bildirilmişdir ki, qeyri yaşayış sahəsi kimi istifadə olunan mənzil dövlət reyestrindən ümumi sahəsi 66.6m2 kimi qeydiyyatdan keçsə də, faktiki ümumi sahəsi 82.0 m2 istifadə olunmaqdadır, faktiki istifadə olunan sahələrin dəqiqləşdirilməsi haqqında hüquqmüəyyənedici sənədlər təqdim edilməyib. Bundan başqa mənzilin daxilində rekonstruksiya işləri aparılıb, küçə istiqamətində 2 ədəd qapı açılmışdır. Bu səbəblərdən texniki pasportu tərtib etmək mümkün olmamışdır. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 16.05.2021-ci il tarixdə daxil olmuş sorğuya cavab məktubunda bildirilmişdir ki, Mənzil Məcəlləsinin 20-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə həmin məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gedişgəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla) yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Həmçinin sözügedən mənzilə yerində baxış keçirilərkən mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu müəyyən edilmişdir. Bundan başqa həmin mənzilin qeyri-yaşayış sahəsi kimi istifadəsi yaşayış binasının fasad elementlərinin birgə ahənginə, ümumi görünüşünə, kompozisiyasına və dizaynına xələl gətirdiyi qeyd edilmişdir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:..2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 10.0-ci maddəsinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aşağıdakılar aiddir:. 10.0.18. müəyyən edilmiş qaydada yaşayış sahələrinin qeyri-yaşayış və qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsi barədə qərar qəbul etmək; Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Həmin Məcəllənin 20.3-cü maddəsinə əsasən çoxmənzilli binalarda mənzillərin qeyriyaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. Həmin Məcəllənin 20.4-cü maddəsinə əsasən qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir:21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir);21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti);21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu);21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. Həmin Məcəllənin 21.4-cü maddəsinə əsasən sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcələnin 21.8-ci maddəsinə əsasən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. Həmin Məcəllənin 21.9-cu maddəsinə əsasən bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. Həmin Məcəllənin 27.2 2-ci maddəsinə əsasən yerli icra hakimiyyəti orqanı bu məcəllənin 25.1.3-25.1,6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasın, aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. Həmin Məcəllənin 23.1-cı maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında aparılır. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə; 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. Beləliklə, işin araşdırılmış hallarından görünür ki, iddiaçının yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsini tələb etdiyi mənzil ümumi sahəsi 66,6 kv.m olmaqla onun mülkiyyətindədir. Lakin iş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, faktiki olaraq istifadədə olan sahə 82 kv.m təşkil edir, istifadə olunan digər sahələrə münasibətdə hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Həmçinin, mənzilin daxilində yenidənqurma və (və ya) yenidən planlaşdırma işləri qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə uyğun icra edilməmişdir. Bundan əlavə, keçirilən sahənin texniki təsviri göstərilməklə planının (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportun), keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı təqdim edilməmişdir. İş üzrə verilmiş ekspert rəyinə münasibətdə Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəlləsinin 29-1ci maddəsinə əsasən İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Mülki Prosessual Məcəlləsinin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Göründüyü kimi, ekspert rəyində iş üzrə mübahisələndirilməyən məsələlərə toxunulmuşdur. Belə ki, sözügedən mənzilin birinci mərtəbədə olması, altında yaşayış sahəsinin olmaması, giriş-çıxış yolunun küçədən olması mübahisələndirilməyən haldır. Cavabdeh inzibati orqanın etirazı ondan ibarətdir ki, iddiaçı mülkiyyətdə olan sahədən əlavə sahə zəbt edərək, qanunvericiliklə müəyyən edilməmiş qaydada mənzil daxilində yenidənqurma işləri görərək, mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə edir. Belə olan halda Məhkəmə hesab edir ki, ekspert rəyi hazırki halda iddianın təmininə əsas olan sübut kimi nəzərə alına bilməz. Həmçinin, şəhərsalma, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məhkəmənin sorğusuna əsasən mənzilin qeyriyaşayış sahəsi kimi istifadəsinin yaşayış binasının fasad elementlərinin birgə ahənginə, ümumi görünüşünə, kompozisiyasına və dizaynına xələl gətirdiyinə dair müvafiq rəy təqdim etmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 134 saylı evin birinci mərtəbəsində yerləşən 57 saylı yaşayış sahəsi olan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam vermək vəzifəsinin Cavabdehnə qoyulması barədə iddiasının hüquqi əsasları mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdehnə qarşı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 134 saylı evin birinci mərtəbəsində yerləşən 57 saylı yaşayış sahəsi olan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam vermək vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. İşdə olan ekspertiza xərclərinə dair Məhkəmə Ekspertiza Mərkəzinin 05 fevral 2020ci il tarixli 25401 nömrəli bildirişlərindən görünür ki, hazırki iş üzrə ekspertiza 100 manat təşkil edir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33-cü, 68-ci, 69-cu, 85-ci,116-ci maddəsinə əsasən, Məhkəmə, QƏRARA ALDİ : İddia təmin edilməsin. Məhkəmə tikinti-texniki ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi vəzifəsi iddiaçı İddiaçı üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar