Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-201/2024 25.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh Azərbaycan Respublikası X5 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının nümayəndələri Nümayəndə2 və X1 iştirakları ilə, iddiaçının cavabdehə qarşı “iş illəri staja daxil edilməklə pensiyanın yenidən hesablanması” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası X5 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 21 sentyabr 2015-ci il tarixdə əmək pensiya hüququ yarandığı vaxtdan 18 (on səkkiz) il 08 (səkkiz) ay əmək stajının sosial sığorta stajına daxil edilməklə yenidən hesablanması və ödənilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya 21 sentyabr 2015-ci il tarixdə əmək pensiyası təyin edilərkən 18 il 08 ay əmək stajı sığorta stajına daxil etməmişdir. İddiaçı bu barədə cavabdehə müraciət etsə də imtina verərək bildirilmişdir ki, 21 mart 1992-ci il tarixdən 30 aprel 2003-cü il tarixədək işlədiyi “Beton-Tır” Assosasiyasının sənədləri Naxçıvan Muxtar Respublikasının Arxivinə təhvil verilmədiyindən, 01 may 2003-cü il tarixindən 01 yanvar 2006-cı il tarixədək işlədiyi "xxxx" MMC-nin faktiki və arxiv sənədlərinin isə saxlanıldığı ünvan məlum olmadığından həmin dövrləri sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından imkan xaricində olmuşdur. İddiaçı qeyd etmişdir ki, “Beton-Tır” Assosasiyasındakı, "xxxx" MMC-dəki və 5 illik ali təhsil müddəti, ümumilikdə 18 (on səkkiz) il 08 (səkkiz) ay əmək stajı onun əmək kitabçası ilə təsdiq olunur. Bundan əlavə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 14 aprel 1992-ci il tarixli, 97 nömrəli qərarı ilə «Beton-Tir» İstehsal Kommersiya və Xarici İqtisadi əlaqələr assosiyasının 21 mart 1992-ci il tarixli təsis yığıncağında təsdiq olunmuş və Naxçıvan MR Dövlət Plan Komissiyasının, Maliyyə Nazirliyi və Ədliyyə Nazrliyi ilə razılaşdırılmış Nizamnaməsi qeydiyyatdan keçirilmişdir. Həmçinin, A-l № 011605 saylı diplomun surətindən görünür ki, iddiaçı həqiqətən 1969-cu il tarixdən 1974-cü ilin iyun ayınadək əyani 05 (beş) il ali təhsil almışdır. Qeyd olunanlara əsasən iddiaçı məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı sonradan məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Beton-Tır” Asossasiyasında xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi 11 il 01 ay və "xxxx" MMC-də xx.xx.2003-cü ildən xx.xx.2006-cı il tarixədək işlədiyi 2 il 07 ay əmək stajının xx.xx.2015-ci il tarixdən sosial sığorta stajına daxil edilməklə yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia ərizəsi icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.2015-ci il tarixdən 144,95 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilərək ödənilmişdir. İddiaçı cavabdeh Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, yaşa görə əmək pensiyasının yenidən hesablanmasını tələb etmişdir. İddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu dövr, eyni zamanda əmək kitabçasının surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 16 il 11 ay sığorta stajına və xx.xx.2006-cı il tarixindən xx.xx.2021-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 14637,83 manat pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanaraq əmək pensiyasının məbləğinin xx.xx.2021-ci il tarixindən 433,36 manat müəyyən edildiyi bildirilmişdir. Lakin İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi iddia etdiyi “Beton-Tir” Asossasiyasının sənədləri X2 təhvil verilməmiş, habelə xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" MMC-dəki əmək fəaliyyətinin araşdırılması zamanı məlum olmuşdur ki, müəssisənin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum deyildir. Bu səbəbdən yaşa görə əmək pensiyasının yenidən hesablanmasından əsaslı olaraq imtina edilmişdir. Cavabdeh "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7, 37-ci maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianın dəqiqləşdirilməsinə dair ərizəni müdafiə edərək tələbin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri etirazda göstərilən əsasları müdafiə edərək tələbin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Sabunçu RPİ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE seriyalı 0*******№li şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1952-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -Pensiya işinə əlavə edilmiş AR DSMF-in Sabunçu rayon şöbəsinin xx.xx.2015-ci il tarixli qərarının surətindən görünür ki, iddiaçıya xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. -Azərbaycan Respublikası X5 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə etiraza uyğun məzmunda cavab verilərək tələbinin təmin edilməsindən imtina edilmişdir. -xx.xx.1977-ci il tarixdən doldurulmağa başlamış ИТ-İ ******* №li əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “Beton-tir” Assosasiyasının prezidenti, xx.xx.2003-cü il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" MMC-də baş mühəndis işləmişdir. -Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 14 aprel 1992-ci il tarixli 97 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, “Beton-Tir” İstehsalat Kommersiya və xarici-iqtisadi əlaqələr asosasiyasının 21 mart 1992-ci il tarixli təsis yığıncağında təsdiq olunmuş və Naxçıvan MR dövlət Plan Komissiyası, Maliyyə Nazirliyi və Ədliyyə Nazirliyi ilə razılaşdırılmış nizamnaməsi qeydiyyatdan keçirilmişdir. Məhkəmənin müvafiq sorğusu əsasında AR Naxçıvan MR Nazirlər Kabinetinin qeyd olunan xx.xx.1992-ci il tarixli, 97 nömrəli qərarının və Assosiasiyanın nizamnaməsinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. -Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 14 mart 1997-ci il tarixli qərarının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “Beton-Tir” İstehsalat Kommersiya və xarici-iqtisadi əlaqələr asossasiyasının Nizamnaməsi yenidən dövlət qeydiyyatdan keçirilərək, asossasiyanın rəsmi fəaliyyətinə icazə verilmiş, asossasiyanın qeydiyyatı haqqında 929 nömrəli 15602101 №li identifikasiya kodlu şəhadətnamənin verilməsi müəyyən edilmişdir. -AB 101841 nömrəli, xx.xx.1997-ci il tarixli şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Naxçıvan şəhərində fəaliyyət göstərən “Beton-tir” Asossiasiyası vergi ödəyicisi kimi uçota alınmışdır. -Uçot vahidlərinin Dövlət Reyestrinə daxil edilməsi haqqında Şəhadətnamədən görünür ki, ünvan 1 ünvanda yerləşən xx.xx.1992-ci il tarixdə 97 № ilə qeydiyyata götürülən “Beton-tir” asossasiyası 20 mart 1997-ci il tarixdə Statistika Komitəsi tərəfindən Dövlət Reyestrinə daxil edilmişdir. -AR Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, “Beton-Tır” Assosiyasının və "xxxx" MMC-nin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına mühafizə üçün təhvil verilməmişdir. -Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, “Beton-Tır” Assosiyasının sənədləri dövlət arxivində mövcud olmadığından İddiaçı işləməsi haqqında məlumat yoxdur. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2002-ci il tarixdə 0102-A1-569 nömrə ilə dövlət qeydiyyatına alınmış, xx.xx.2008-ci il tarixdə ləğv edilərək kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. Hüquqi varisliyinin olması barədə məlumat aşkar edilməmiş və fəaliyyətinin dayandırılması ilə bağlı müraciəti daxil olmamışdır. Məktubda həmçinin bildiririlmişdir ki, qeyd olunan dövrlər avtomatlaşdırılmış vergi informasiya sisteminin (AVİS-in) tətbiqindən əvvəl olduğundan Cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş bəyannamələrə baxış mümkün olmadıından işçilər barədə məlumatların təqdim edilməsi mümkün olmamışdır. -Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2018-ci il tarixli məktubda aşağıdakılar qeyd olunmuşdur: “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi tərəfindən Sizin xx.xx.2018-ci il tarixdə X5 Sosial Müdafiəsi Nazirliyinə ünvanladığınız ərizənizə baxılmışdır. Sizin təqdim etdiyiniz sənədlərinizə əsasən Sizə pensiya hüququnuz yarandığı xx.xx.2015-ci il tarixdən 136,69 manat ( B/H 100 + S/ll 36,69 ) məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2006-cı ilədək ümumi staj - 16 il 08 ay 37 gün, xx.xx.2007-ci il tarixdən xx.xx.2014-cü il tarixədək 02 il 03 ay sığorta stajı və fərdi hesabınızın sığorta hissəsində toplanmış pensiya kapitalı 1191,58 manat təşkil edir. Məlumat üçün bildiririk ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 21.1 -ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasının, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Bu səbəbdən ərizənizdə qeyd etdiyiniz əyani təhsil aldığınız 1969-1974-cü illər sığorta stajına daxil edilməmişdir. Sizə pensiya təyin edilərkən şöbəyə təqdim etdiyiniz əmək kitabçanızda qeyd olunan xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrlərin yoxlanılması zərurəti yaranmışdır. Yoxlanılması üçün müvafiq qaydada sorğu edilmişdir. Sorğuya cavab gəldikdən sonra müəyyən edilmişdir ki, müəssisə rəhpərliyi tərəfindən müəssisəsinin arxiv sənədləri dövlət arxivinə təhvil verilmədiyindən, qeyd olunan illərin yoxlanılması mümkün olmamışdır. Bu səbəbdən də həmin illərin sosial sığorta stajına daxil edilməsi qanuna ziddir. Eyni zamanda bildiririk ki, Sizin “ÜLVİ" MMC-də işlədiyiniz dövrün sosial sıığorta stajınza daxil edilməsi üçün Baki şəhəri üzrə X4 İdarəsinə müvafiq sorğu edilmiş və şöbəmizə daxil olan 88/07/18F-8124 tarixli məktuba əsasən müəyyən olunmuşdur ki, "xxxx" MMC tərəfindən hesabat təqdim olunmamışdır. Eyni zamanda həmin məktubda qeyd olunan “YENİ HƏYAT-BBB” Kompleksinin 2009-2012-cı illər üzrə hesabatı təqdim olunmamış və “AZURA PARK" MMC-nin əmək kitabçanızda qeyd olunan dövrdə fəaliyyəti olmamışdır. -Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 31 yanvar 2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixədək təhsil illərinin nəzərə alınmaqla ona 21 il 9 ay sığorta stajına uyğun olaraq 448.09 manat pensiyanın təyin edildiyi, keçmiş dövr üzrə yaranmış fərq məbləğinin onun cari pensiyasına əlavə edilərək ödəniləcəyi bildirilmişdir. -Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 30 mart 2023-cü il tarixli məktubdan görünür ki, pensiyanın təyin olunduğu gündən sonra 6 il işlədiyi üçün pensiyanın yenidən hesablanaraq xx.xx.2023-cü il tarixdən 569.62 manat müəyyən edildiyi, keçmiş dövr üzrə yaranmış fərq məbləğinin onun cari pensiyasına əlavə edilərək ödəniləcəyi bildirilmişdir. -Əmək pensiyasının yenidən hesablanması haqqında sonuncu xx.xx.2023-cü il tarixli, 3-17-1/1-R-234234/2023 saylı qərardan görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-cı maddəsinə istinad edilərək cavabdeh tərəfindən İddiaçı xx.xx.2015-ci il tarixdən yaşa görə təyin edilmiş əmək pensiyası yenidən hesablanma nəticəsində 626.81 manat müəyyən edilmişdir. -Cavabdeh tərəfindən Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanan sorğuya cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2015-ci il ildə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddaçı İddiaçı təqdim etdiyi təhsil haqqında sənədin surətinə əsasən xx.xx.1969-cu il tarixindən xx.xx.1974-cü il tarixinədək təhsil illəri, hərbi biletin surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1976cı il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək, xx.xx.1983-cü il tarixindən xx.xx.1991-ci il tarixinədək, xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək əmək fəaliyyəti dövrü daxil olmaqla mübahisələndirilməyən sığorta stajı 21 il 9 ay 8 gün təşkil etdiyi bildirilmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli 3-17-1/2-R- 230896/2023 saylı məktubda aşağıdakılar qeyd edilmişdir: “Azərbaycan Respublikası X5 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı DOST Mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2015-ci il tarixində qüvvədə olan tələblərinə əsasən sizə həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Fəqdim etdiyiniz sənədlərə əsasən əmək fəaliyyəti dövrünüz, o cümlədən xx.xx.1069-cu il tarixindən xx.xx.1974-cü il tarixinədək əyani təhsil aldığınız illər, xx.xx.1974-cü il tarixindən xx.xx.1978-cı il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 21 il 9 ay 8 gün sığorta stajınız və xx.xx.2006-cı il tarixindən xx.xx.2014-cü il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 1,599,84 manat pensiya kapitalı əsasında əmək pensiyanızın məbləği yenidən hesablanaraq xx.xx.2018-ci il tarixindən 186,32 manat müəyyən edilmişdir. Müraciətinizlə əlaqədar bildiririk ki, Qanunun 10.4-cü maddəsinə əsasən yaşa gora əmək pensiyasının məbləği sığorta hissəsi və yığım hissəsindən ibarətdir: P=SH+YH. Sizin fərdi hesabınızın yığım hissəsində pensiya kapitalı qeydə alınmadığından pensiyanız sığorta hissəsindən ibarət olmaqla Qanunun 10.2-ci maddəsinə uyğun olaraq SH - PSK/T düsturu ilə müəyyən edilir. Burada: SH yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK- sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır. T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (144 ay). Məlumat üçün bildiririk ki, pensiyanızın hesablanma qaydası hamin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq baza hissə, pensiya təyin olunan günədək qazanılmış sığorta hissə və pensiya təyin olunduqdan sonra toplanmış sığorta kapitalının gözlənilən pensiya ödənişi müddəti aylarının sayına (pensiyaçının işlədiyi ayların sayı qədər azaldılmaqla) nisbətinə olan məbləğin cəmi şəklində hesablanır; SH=116,27 (BH) + 11,11 (SH) + 58,94 (SH)= 186.32 manat (2018-cı il tarixini indeksləşdirilmiş). Burada, 58,94 manat - xx.xx.2006-cı il tarixinədək sığorta stajınız əsasında hesablanmış əmək pensiyanızın sığorta hissəsi (21 il 9 ay 8 gün sığorta stajınıza uyğun olaraq 11,11 manat xx.xx.2006-cı it tarixindən pensiya təyin olunan tarixədək (xx.xx.2014-cü il tarixinədək hesablanmış sığorta hissəsi (SH=PSK/T, SH=1.599,84/144=13,43 manat) Həmin Qanuna xx.xx.2023-cü ii tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanızın məbləği xx.xx.2023-cü il tarixindən 536,16 manat (519,50+16,66) müəyyən edilib, Qanunun 29.1-ci maddəsinə əsasən 614,07 manata (536,16+(536,16 14,7%)) çatdırılmışdır. Qanunun 37.3.1 -ci maddəsinə əsasən xx.xx.2023-cü ii tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyiniz üçün xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü 4 iarixinədək fəıdi hesabınızın sığorta hissəsində qeydə alınan 352.02 manat pensiya kapitan əsasında əmək pensiyanız yenidən hesablanaraq xx.xx.2023-cü ıl tarixindən 626,81 manat müəyyən edilmişdir. SH- PSK/T: SH=852,02/(144-72)=11,83; P=614,97+11.83=626.81. Əlavə olaraq bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Pensiya altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı tam qeydə alınmadığı üçün xx.xx.1992-ci tarixindən xx.xx.2007-ci il tarixinədək “Ülvi’’ MMC-də olan dövrün ''sığorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Əlavə olaraq bildiririk ki, ötən dövr üzrə (xx.xx.2022-ci il tarixindən) hesablanmış fərq məbləği pensiyanızın üzərinə əlavə edilməklə sizə ödəniləcəkdir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilsə də, onun əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “Beton-Tir” Asossiasiyasında və xx.xx.2003-cü ildən xx.xx.2006-cı il tarixədək "xxxx" MMC-də işlədiyi müddət əmək stajına daxil edilməmişdir. İddiaçı bununla bağlı əmək kitabçasındakı qeydlərə əsaslanaraq cavabdeh inzibati orqana müxtəlif vaxtlarda müraciət etmiş, lakin müraciətləri təmin edilməmişdir. Cavabdeh hesab etmişdir ki, göstərilən müəssisələrin müvafiq dövr üzrə sənədləri dövlət arxivinə təhvil verilmədiyindən, faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından həmin dövr iddiaçının sosial sığorta stajına daxil edilə bilməz. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə cavabdehin imtina dəlillərinə münasibətdə qeyd edir ki, mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69.1-ci maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən də işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. Azərbaycan Respublikası X5 Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 4.1.3cü bəndinə əsasən Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: -Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Normaların tələblərindən göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir. Məhkəmə bildirir ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “Beton-Tir” Asossiasiyasında və xx.xx.2003-cü ildən xx.xx.2006-cı il tarixədək "xxxx" MMC-dəki mübahisəli əmək fəaliyyəti dövrü ilə bağlı onun əmək kitabçasında müvafiq qeydlər aparıldığından, müəssisələrin iddiaçının əmək kitabçasındakı qeydlər aparıldığı dövrdə mövcudluğu təsdiqləndiyindən həmin dövrlər iddiaçının əmək pensiyası hüququ verən ümumi iş stajına daxil edilməlidir. Ona görə də müəssisələrin arxiv sənədlərinin təhvil verilməməsi və iddiaçının əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı olmadığından, bu, onun pensiya hüququnu məhdudlaşdıran nəticələr doğurmamalı və iddiaçının qazandığı iş stajına dair əmək kitabçasındakı qeydlərin mötəbərliyinə təsir etməməlidir. Eyni zamanda cavabdeh tərəfindən də əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına ala biləcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Əgər məsələ sosial sığorta ödənişlərinin həyata keçirilməməsi ilə əlaqələndirilirsə iddiaçının mübahisələndirilən xx.xx.1992-xx.xx.2006-cı illərdəki əmək fəaliyyətinin bir hissəsi 1 yanvar 2002-ci il tarixədək dövrə aid olduğundan, həmin müddətin bu hissəsinin sığorta stajı kimi hesablanması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti qoyula bilməz. İş fəaliyyətinin 1 yanvar 2002-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək olan hissəsinə gəldikdə, nəzərə alınmalıdır ki, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının 1042-VQ nömrəli 6 mart 2018-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, cavabdeh tərəfindən də iddiaçıya xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “Beton-Tir” Asossasiyasında, xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" MMC-də işlədiyi dövrdə əmək haqqı ödənilməməsi ilə bağlı hər hansı sübut təqdim edilmədiyindən, müəssisələrin arxiv sənədlərinin aşkar edilməməsi iddiaçının məsuliyyəti ilə bağlı olmadığından onun ziyanına şərh edilməməlidir. Belə ki, oxşar mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş çoxsaylı qərarlarda da qeyd edilmişdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından, bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. «İnzibati icraat haqqında» Qanununun: -15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. -17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunazidd sayılmalı, iddia əsaslı olduğundan təmin edilməli və İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “Beton-Tir” Asossasiyasında, xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" MMC-də işlədiyi əmək stajı 21 sentyabr 2015-ci il tarixdən sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası X5 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “Beton-Tir” Asossasiyasında, xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" MMC-də işlədiyi dövr əmək stajına daxil edilməklə yaşa görə əmək pensiyasının 21 sentyabr 2015ci il tarixdən yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası X5 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-201/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-201/2024
25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver