Məhkəmə qərarları › İş №2-1(112)-2010/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2010/2024

22.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2010/2024 22.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “medalla təltif olunma” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: I. İşin halları İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – Cavabdeh) müraciət edərək, medal ilə təltif olunmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirmişdir ki, Müdafiə Nazirliyinin Təltif komissiyasında Silahlı Qüvvələrdə xidmət keçmiş hərbi qulluqçuların və digər şəxslərin təltif edilməsi məsələsinə “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında” Təlimatın tələblərinə müvafiq olaraq, onların xidmət etdikləri hərbi hissə komandirləri tərəfindən yuxarı komandanlıq qarşısında vəsatət qaldırdıqları və yuxarı qərargahlarda müsbət qərar qəbul edilmiş təltif sənədləri əsasında baxılır. İddiaçı xidmət etdiyi N nömrəli hərbi hissə tərəfindən daxil olmuş təltif sənədlərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikasının medalı ilə təltif olunmuşdur. Vətən müharibəsindəki xidmətinizin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün əvvəlki müraciətiniz N nömrəli hərbi hissəyə göndərilmiş, hərbi hissənin cavab məktubuna əsasən Vətən müharibəsi iştirakçılarının yenidən təltif olunması zamanı, iddiaçının təltif olunmağı məsələsinə hərbi hissənin təltif komissiyasında baxılacağı bildirilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Suqovuşanın və Laçının azad olunmasına görə” medalları ilə təltif edilməsi üçün müvafiq təqdimatın səlahiyyətli orqana göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Xətai rayon Hərbi Komissarlığının çağırışı əsasında Azərbaycan Respublikasının işğal edilməsi uğrunda 44 günlük Qarabağ müharibəsində xx.xx.2020-ci ildən iştirak etməyə başlamış, xx.xx.2020-ci ildə ordudan tərxis olunmuşdur. Həmin müharibədə Laçın rayonunun və Suqovuşanın erməni işğalçılarından azad edilməsi üçün aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Bu barədə hərbi biletinin 6-cı və 7-ci səhifələrində qeyd edilmişdir. Habelə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Onunla eyni döyüşlərdə iştirak etmiş döyüş yoldaşları Laçın rayonunun və Suqovuşanın azad edilməsinə görə medallarla təltif edilməsinə və onun da onlarla eyni döyüşlərdə iştirak edərək əlində silaha vuruşmağına baxmayaraq onun adı həmin medallarla təltif edilməyi üçün siyahılara daxil edilməmişdir. Bununla bağlı cavabdehə dəfələrlə müraciət etməyinə baxmayaraq ona verilmiş cavablarda onun təltif olunmağı məsələsinə hərbi hissənin təltif komissiyasında baxılacağı bildirilmiş, lakin ilk müraciətindən bir il keçməsinə baxmayaraq həmin müraciətə bu günə qədər baxılmamışdır. O, dövlətə lazım olanda döyüşə çağırıldı, vətəndaş kimi o vətən qarşısında borcunu yerinə yetirmişdir, lakin cavabdeh inzibati orqan qanunvericiliklə onun üzərinə qoyulmuş vəzifələrini icra etmək istəmir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, qanunvericilik normalarının tələbindən görünür ki, “Laçının azad olunmasına görə” və Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VİQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. Həmin Qanuna əsasən “Laçının azad olunmasına görə” və Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında əsasnaməyə əsasən “Laçının azad olunmasına görə” və Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Laçın rayonunun və Suqovuşanın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş və şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Həmçinin, hərbi qulluqçular vəzifə borcunun icrası zamanı mərdlik və şücaət göstərilməsinə, hərbi xidmət vəzifələrinin nümunəvi yerinə yetirilməsinə görə Azərbaycan Respublikasının dövlət mükafatları ilə təltifə təqdim oluna bilərlər, müvafiq medalla təltif edilmə isə məhz Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinə aiddir. hərbi qulluqçuların müvafiq medalla təltif edilməsi ilə bağlı sənədlərin hazırlanması qaydaları və proseduru, təltif edilmə ilə bağlı təqdimatın verilməsi və təltif edilmə ilə bağlı qaydalar müvafiq Təlimatda öz əksini tapmışdır. Belə ki, ilk öncə müvafiq təltif sənədlərin hazırlanması və tərtibi həyata keçirilir ki, bununla bağlı ümumi rəhbərliyi müvafiq cavabdeh inzibati orqanın kadrlar idarəsi tərəfindən həyata keçirilir. Daha sonra həmin sənədlərə müvafiq komissiyada baxıldıqdan sonra müsbət qərar qəbul olunduğu halda, həmin təltif sənədləri Azərbaycan Respublikası Müdafiə nazirinə təqdim olunur, haqqında müsbət qərar qəbul edilmiş təqdimatlar əsasında medal ilə təltif olunma barədə Azərbaycan respublikası Prezidentinə Müdafiə nazirinin təqdimatı layihəsi hazırlanır. Azərbaycan Respublikasının orden və medalları Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilir. Təltiflə bağlı Müdafiə Nazirliyinin təqdimatı tövsiyə xarakteri daşıyır. Hərbi qulluqçuların müvafiq medalla təltif edilməsi məhz Azərbaycan respublikasının Prezidentinin səlahiyyətinə aid olmuş, yalnız həmin təltif sənədlərinin hazırlanması və bununla bağlı təqdimat verilməsi cavabdeh inzibati orqanın səlahiyyətinə aid olmuşdur. İndiki halda isə iddia tələbinin predmeti məhz müvafiq medalın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasından ibarət olduğundan, həmin tələbin predmeti mahiyyət etibarilə cavabdeh inzibati orqanın səlahiyyətinə aid olmadığından, nəticə etibarilə cavabdeh inzibati orqan məhz həmin tələbə cavab verməli şəxs qismində çıxış etməmişdir. Müvafiq Sərəncamla hərbi qulluqçuların təltif edilməsinə əsas Laçın rayonu və Suqovuşanın uğrunda gedən döyüşlərdə iştirak etməsi halı ilə yanaşı, həmçinin, onların göstərdiyi igidlik, şücaət göstərilməsi halları olmuşdur. Eyni zamanda hərbi qulluqçuların medalla təltif edilməsi ilə bağlı qaydalarda da şəxsin medalla təltif olunması onun xidməti vəzifələrinin icrası zamanı göstərdiyi rəşadət, fədakarlıq və digər xidmətlərinin olması kimi hallarla əlaqələndirilmişdir. Bu halda, hərbi qulluqçuların həmin medalla təltif edilməsi əsası kimi çıxış edən hərbi qulluqçunun şücaət və igidlik göstərməsi halı məhz cavabdeh inibati orqanın qiymətləndirilməsi əsasında müəyyən edilməklə, onun xüsusi diskression səlahiyyət forması kimi qiymətləndirmə azadlığı ilə ehtiva olunur. Belə ki, N nömrəli hərbi hissənin 11,04.2023-cü il tarixli 1041 nömrəli məktubunda iddiaçının təltif olunması məqsədəuyğun hesab edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati-İqtisadi Kollegiyasının iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 2-1(102)- 2848/2019 №-li xx.xx.2019-cu il tarixli qərarında göstərilir ki, “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülməsinə dair təqdimatın yuxarı icra orqanına verilməsi bilavasitə cavabdeh orqanın mülahizəsindən asılı olmaqla sonuncunun diskresion səlahiyyətinə aiddir. İddiaçının arzuladığı tələbə uyğun inzibati orqanın üzərinə vəzifə qoyulması isə cavabdeh inzibati orqanın birbaşa diskresion səlahiyyətinə müdaxilə təşkil etmiş olar. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi) İİİ Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan N nömrəli Hərbi Hissənin Komandirinin 279 nömrəli, xx.xx.2020-ci il tarixli əmrindən çıxarışdan görünür ki, Səfərbərlik hazırlığı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarələrindən (şöbə, bölmə) çağırılmış və N nömrəli hərbi hissədən gəlmiş aşağıda adları çəkilən hərbi vəzifəllilər xx.xx.2020-ci il tarixdən şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilsinlər və vəzifələrə təyin olunsunlar:

151. əsgər İddiaçı, 5-ci taborun 15-ci bölüyün 1-ci taqımın 1-ci manqanın tuşlayıcı. - N nömrəli Hərbi Hissənin Komandirinin xx.xx.2020-ci il tarixli, 310 nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər İddiaçı, 5-ci taborun 15-ci bölüyünün 1-ci taqımının 1-ci manqasının tuşlayıcısı vəzifəsindən - 4-cü taborun 11-ci bölüyünün 3-cü taqımının 1-ci manqasının tuşlayıcısı vəzifəsinə təyin edilmişdir. - N nömrəli Hərbi Hissənin Komandirinin xx.xx.2020-ci il tarixli, 368 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikasında elan edilmiş qismən səfərbərlik üzrə hərbi xidmətə çağrılmış aşağıda adları çəkilən hərbi qulluqçuları səfərbərlikdən tərxis edildiklərinə görə 31 dekabr 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatından çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qurumlarına göndərilmişlər:

369. əsgər İddiaçı - 4-cü taborun 11-ci bölüyünün 3-cü taqımının 1-ci manqasının tuşlayıcısı-Xətai rayon İdarəsinə. - N nömrəli hərbi hissə tərəfindən iddiaçı barəsində tərtib edilmiş arayışməlumatından görünür ki, iddiaçı xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində N nömrəli hərbi hissədə əsgər rütbəsi ilə, tuşlayıcı vəzifəsində xidmət etmiş, xx.xx.2020-ci il tarixli, 310 nömrəli əmr əsasında Talış, Suqovuşan ərazilərində döyüş əməliyyatlarında biləvasitə iştirak etmişdir. - N nömrəli Hərbi hissənin xx.xx.2024-cü il tarixli, 188/2 nömrəli arayışından görünür ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu ehtiyatda olan əsgər İddiaçı, 05 noyabr 2020-ci il tarixindən 11 noyabr 2020-ci il tarixinədək döyüş əməliyyatları zamanı bilavasitə iştirak etmiş və məzuniyyətdə, ezamiyyətdə, hospitalda və hərbi hissəni özbaşına tərk edənlərin siyahısında olmadığından, həmin döyüş əməliyyatları zamanı xidməti vəzifələrinin icrası ilə bağlı ona verilmiş tapşırıqları icra etməsi istisna olunmur. İşdən görünür ki, iddiaçı hazırda Laçın və Suqovuşan rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə medalla təltif olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının aşağıdakı medalları təsis edilmişdir: “Suqovuşanın azad olunmasına görə” medalı;... “Laçının azad olunmasına görə” medalı; Qanunun 3-cü hissəsinə əsasən orden və medal - vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifidir. Bu Qanundan başqa digər normativ hüquqi aktlarda orden və medallar (o cümlədən orden və ya medal ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis oluna bilməz. Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VİQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən “Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VİQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə”nin 1-ci maddəsinə görə “Laçının azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Hər iki Əsasnamənin 2-ci maddəsinə görə həmin Əsasnamələrin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. Beləliklə, istinad olunan normalardan görünür ki, medal vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifidir. “Suqovuşanın və Laçının azad olunmasına görə” medallar həmin ərazilərin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş xüsusi xidməti olan hərbi qulluqçulara Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli 223 saylı əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında” Təlimata əsasən: -maddə 3. Silahlı Qüvvələrin hərbi qulluqçularının Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunması Azərbaycan Respublikasının ordenlərinin statusuna və medalları haqqında əsasnamələrə uyğun olaraq (əlavə № 1) hərbi borcu yerinə yetirərkən göstərilən fədakarlıq və rəşadətə, döyüş hazırlığında əla göstəricilərə, yeni hərbi texnikanı əla mənimsəməyə, qoşunlara (hissələrə, bölmələrə) nümunəvi rəhbərliyə, Silahlı Qüvvələr və dövlət qarşısında digər mühüm xidmətlərə görə həyata keçirilir. - maddə 7. Silahlı Qüvvələrin hərbi qulluqçularının, fəhlə və qulluqçularının müvafiq orden və medallarla təltif olunması barədə təqdimatlar Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən Azərbaycan Respublikası Prezidentinin icra aparatına (Administrasiya) göndərilir. - maddə 11. Azərbaycan Respublikası Silahlı X1 21-ci maddəsinə əsasən öz tabeliyində olan hərbi qulluqçuları bu Əsasnamənin 3-cü maddəsində göstərilmiş xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmağa təqdim etmək hüququ alay (briqada) komandirlərinə, onlara bərabər və böyük komandirlərə, əlahiddə tabor (İİİ dərəcəli gəmilər divizionu) komandirlərinə, həmçinin tabor (İİİ dərəcəli gəmi) komandirlərinin intizam səlahiyyatlərinə malik olan əlahiddə hissə komandirlərinə (rəislərinə) verilir. - maddə 19. Əgər Azərbaycan Respublikasının ordenlərinin statutunda və medalları haqqında əsasnamələrdə təltifə təqdim edilmənin digər qaydaları nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının orden və medalları ilə təltifə təqdim edilmiş şəxslərə Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli Qanunu ilə təsdiq olunmuş (Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1998-ci il tarixli əmri ilə elan olunub) «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 5 №-li əlavəsinə uyğun formada təqdimat hazırlanır. Təqdimatın əsaslandırılmasının İİ bölməsində nəticədən əvvəl son abzasda təltifə təqdim edilmiş şəxsin ünvanı, yaxud onun ailəsinin, yaxın qohumunun qohumluq dərəcəsi, soyadı, adı və atasının adı göstərilməklə ünvanı göstərilir. maddə 22. Təqdimatlar üç nüsxədə tərtib olunur. Hərbi hissə, birlik, birləşmə, idarə, müəssisə və təşkilatların hərbi qulluqçuları, fəhlə və qulluqçuları üçün tərtib olunmuş təqdimatların birinci və ikinci nüsxələri birbaşa rəislərin rəyi Azərbaycan Respublikası Silahlı Qüvvələri və qoşun növləri komandanlarının (rəislərinin)- Müdafiə Nazirliyinin, idarə, müstəqil şöbə və xidmətlərinin rəislərinin rəyi üçün onlara göndərilir. Təqdimatların birinci və ikinci nüsxələri bilavasitə rəislərin rəylərindən sonra Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsinə təqdim edilir. Təqdimatın üçüncü nüsxəsi onun tərtib olunduğu hərbi hissədə saxlanılır. Təqdimatların surətləri saxlanılmayan kadr orqanları Azərbaycan Respublikasının orden və medalları ilə təltifə təqdim olunmuş şəxslərin fərdi uçotunu aparır. Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsinə daxil olmuş təltif sənədləri Müdafiə nazirinin əmri ilə yaradılmış təltif komissiyasına təqdim edilir. Təltif komissiyasında baxılaraq haqqında müsbət qərar qəbul edilmiş təltif sənədləri qərar qəbul olunması üçün Azərbaycan Respublikası Müdafiə nazirinə məruzə olunur. Göründüyü kimi, hərbi qulluqçunun medal ilə təltif edilməsi üçün ilk növbədə onun alay komandiri şəxsi təltif olunmağa təqdim etməli, həmin təqdimata təltif komissiyasında baxılmalı, müsbət qərar qəbul edildikdə təltif sənədləri Azərbaycan Respublikası Müdafiə nazirinə göndərməli və yalnız onun qərarına əsasən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərilməlidir. İşdən görünür ki, iddiaçı Vətən Müharibəsi zamanı xx.xx.2020-xx.xx.2020-ci illərdə Talış və Suqovuşan rayonunun ərazisində gedən döyüş əməliyyatlarında iştirak etsə də, onun müvafiq medallarla təltif edilməsi üçün komandir tərəfindən təqdimat təltif komissiyasına göndərilməmiş, buna görə də komissiyada onunla bağlı hər hansı bir qərar qəbul olunmamışdır. Belə ki, işdə olan N nömrəli Hərbi Hissənin xx.xx.2023-cü il tarixli, 1041 nömrəli məktubundan görünür ki, müraciət etmiş vətəndaşların və ya onların övladlarının (yaxın qohumlarının) Vətən müharibəsində iştirak etmələri xidmət etdikləri hərbi hissələrdə yenidən araşdırılacaq, adları müvafiq qaydada siyahıya alınacaq və hərbi hissələrdə yaradılmış komissiyalar tərəfindən onların həqiqətən təltif edilməyə layiq olduqları halda təltifdən kənarda qalmaları təsdiq olunarsa barələrində toplanmış əlavə məlumatlar tələb olunduğu zaman baxılması üçün N nömrəli hərbi hissənin Şəxsi Heyət İdarəsinə (Q1) göndəriləcəkdir. Vətən müharibəsi zamanı xidmət etdikləri hərbi hissələrin komandirləri tərəfindən keçdikləri döyüş yoluna uyğun olaraq təltif olunmağa layiq görülüb bir və ya bir neçə medalla təltif olunmuş, lakin digər təltiflərdən (orden və medalların verilməsindən) kənarda qaldıqlarını iddia edən ərizəçilərin yenidən təltifə təqdim olunması məqsədəuyğun hesab edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, 14/4544 nömrəli məktubundan görünür ki, İddiaçı xidmət etdiyi N nömrəli hərbi hissə tərəfindən daxil olmuş təltif sənədlərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikasının medalı ilə təltif olunmuşdur. İddiaçı əlavə olaraq “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunması barədə Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə rəsmi qaydada heç bir sənəd daxil olmamışdır. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan normalardan məlum olur ki, Silahlı Qüvvələrin hərbi qulluqçularının Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunması hərbi borcu yerinə yetirərkən göstərilən fədakarlıq və rəşadətə, döyüş hazırlığında əla göstəricilərə, yeni hərbi texnikanı əla mənimsəməyə, qoşunlara (hissələrə, bölmələrə) nümunəvi rəhbərliyə, Silahlı Qüvvələr və dövlət qarşısında digər mühüm xidmətlərə görə həyata keçirilir. İddiaçı onun müvafiq medallarla təltif olunmasına təqdim edilməsini xahiş etsə də, hərbi xidmət keçdiyi dövrdə yuxarıda qeyd olunan əlamətlərlə fərqlənməsini, xüsusi xidmət göstərməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, o da qeyd edilməlidir ki, hərbi qulluçunun medalla təltif edilməsi inzibati orqanın diskresion səlahiyyəti kimi müəyyən edilmişdir. Diskresion səlahiyyət isə, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlər, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə isə qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Göründüyü kimi, İPM-in 74-cü maddəsi məhkəmə tərəfindən inzibati aktların qanuniliyinin yoxlanılmasını inzibati orqanın öz diskresion səlahiyyətini düzgün, xüsusilə mütənasiblik prinsipinə müvafiq olaraq yerinə yetirib-yetirmədiyinin yoxlanılması ilə məhdudlaşdırmışdır. İş materiallarından görünür ki, iddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissə xx.xx.2024-cü il tarixli arayışında sabiq hərbi qulluqçusu ehtiyatda olan əsgər İddiaçı, 05 noyabr 2020-ci il tarixindən 11 noyabr 2020-ci il tarixinədək döyüş əməliyyatlarında iştirak edərkən xidmətdə xüsusilə fərqlənməsi, xüsusi rəşadət, fədakarlıq göstərməsi ilə bağlı hər hansı bir məlumatı qeyd etməmiş, məzuniyyətdə, ezamiyyətdə, hospitalda və hərbi hissəni özbaşına tərk edənlərin siyahısında olmadığından döyüş əməliyyatları zamanı xidməti vəzifələrinin icrası ilə bağlı ona verilmiş tapşırıqları icra etməsinin istisna olunmadığını bildirməklə kifayətlənmişdir. Buna görə də məhkəmə İddiaçının medala layiq bilinməsinin inzibati orqanın qiymətləndirilməsindən asılı olduğunu və işin halları ilə bu diskresion səlahiyyətdən qanunsuz istifadə edilməsi, diskresion səlahiyyətin aşılması, diskresion səlahiyyətdən suiistifadə, səlahiyyətin məqsədlərinə açıq-aşkar zidd hərəkət edilməsinin müəyyən olunmadığını nəzərə alaraq hesab edir ki, iş üzrə iddiaçının tələbinin təmini üçün əsas yoxdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar