Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2011/2023 19.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məlumat vərəqinin göndərilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət edərək, DİO-da keçirdiyi xidmət müddətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr 631 nömrəli Qərarına uyğun olaraq imtiyazlı hesablama ilə nəzərə alıb, ona xüsusi rütbəli şəxs kimi pensiya təyin olunması üçün köməklik edilməsivə rəsmi cavab verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirmişdir ki, arxiv şəxsi işinə əsasən o, 30 iyun 1996-cı il tarixdən 16 iyul 2008-ci il tarixədək daxili işlər orqanlarında xidmət etmişdir (12 il, 00 ay, 18 gün). Xidmətdən xaric edilərkən xidmət illərinə hərbi xidməti 02 il, 01 ay, 07 gün, təhsil müəssisəsində təhsil aldığı müddətin yarısı 01 il, 10 ay, 29 gün və müharibə şəraiti ilə əlaqədar 00 il, 10 ay, 01 gün hesablanmışdır. Xidmət müddəti təqvimi hesablama ilə 16 il, 00 ay, 24 gün, imtiyazlı hesablama ilə 16 il, 10 ay, 25 gün təşkil edir. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 144-cü maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. Daxili işlər orqanlarında xidmətə görə pensiya hüququ yaranmadığından Daxili İşlər Nazirliyinin xətti ilə ona pensiya təyin olunması mümkün deyildir. Bunan sonra İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hərəkətsizliklərinin qanunsuz hesab edilməsi, onun daxili işlər orqanlarında xidmət müddətinin təqvimi hesablama ilə 20 il, 07 ay, 15 gün; imtiyazlı hesablama ilə 21 il, 05 ay, 15 gün təşkil etməsi və ona pensiya təyin edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hərəkətsizliklərinin qanunsuz hesab edilməsi, onun daxili işlər orqanlarında xidmət müddətinin imtiyazlı hesablama ilə 23 il, 06 ay, 29 gün təşkil etdiyi barədə məlumat vərəqinin Daxili İşlər Nazirliyi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi, ona pensiya təyin edilməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmənin 19 may 2023-cü il tarixli, 2-1(112)-2011/2023 saylı qərardadı ilə iddia tələbi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” hissəsində mümkün sayılmamışdır. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışdır. 1996-cı ildə İV kursu bitirdikdən sonra, daxili işlər orqanlarında xidmətə qəbul olunmuşdur. Bakı şəhəri Baş Polis İdarəsinin X1 polis nəfəri kimi xidmətə başlamışdır. 1997-ci ildə V kursu bitirdikdən sonra xidmətini davam etdirmişdir. xx.xx.1999-cu il tarixdə DİN-nin əmri ilə ona polis leytenantı xüsusi rütbəsi verilmiş, Kürdəmir RPŞ-nə polis sahə inspektoru vəzifəsinə təyin olunmuşdur. Kürdəmir Rayon Mərkəzindən uzaqda, ucqar kəndlərdə xidmət aparmışdır. 2000-ci ildə ona polis baş leytenantı xüsusi rütbəsi verilmiş, 2001-ci ildə Kürdəmir Rayon Polis şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı vəzifəsinə təyin olunmuşdur. Bir ildən sonra isə DİN-nin xx.xx.2002-ci il tarixli əmri ilə Kürdəmir RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi vəzifəsinə təyin olunmuşdur. DİN-nin xx.xx.2003-cü il tarixli əmri ilə ona polis kapitanı xüsusi rütbəsi verilmişdir. Bakı şəhərində X1 xidmət etdiyi müddətdə iş saatı səhər saat 09.00-da başlamış, axşam saat 21.00-da başa çatmışdır. 1996-1998-ci illərdə çox saylı mitinqlər, ixtişaşlar baş verdiyi dövrdə xidmətdə olmuşdur. Xüsusi əhəmiyyətli dövlət tədbirləri və düzülmə komandaları ilə əlaqədar iş saatları səhər saat 05.00-dək davam etmişdir. Daxili İşlər Nazirliyi ona əlavə iş saatlarına görə ödəniş etməsə də, hər gün 24 saat gücləndirilmiş iş rejimində xidmətdə olduğundan xidmət müddətinə əlavə edilməlidir. Lakin onun iş saatları saat 09.00-dan 18.00-dək hesablanmışdır. Bundan başqa, Kürdəmir RPŞ-də işlədiyi müddətdə 5 il məzuniyyətə çıxmamışdır. Məzuniyyət müddətini xidmətdə keçirmişdir. Ona görə də DİN Baş Kadrlar İdarəsi 5 ildə, 5 ay təşkil edən məzuniyyət müddətini də xidmət illərinə əlavə etməlidir. Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 1-ci bəndinə əsasən DİN-nin xx.xx.2008-ci il tarixli, 1481 Ş/h nömrəli əmri ilə, xx.xx.2008-ci il tarixdən o, öz arzusu ilə xidmətdən xaric edilmişdir. Ona imtiyazlı hesablama ilə 19 il, 10 ay, 23 gün xidmət müddəti hesablanmışdır. Bu barədə əmək kitabçasında qeydlər aparılaraq DİN tərəfindən möhürlə təsdiqlənmişdir. DİN-nin əmrindən və əmək kitabçasında edilən qeydlərdən məlum olur ki, ona pensiya təyin edilməsi üçün qanuna görə tələb edilən 20 il müddətdən 37 gün çatmır. Həmin dövrdə xidmət illərini az hesablamalarına baxmayaraq, o, 14 il əvvəl xidməti vəsiqəsini təhvil verərək uzaqlaşmışdır. Hazırda isə, DİN Baş Kadrlar İdarəsi 14 il əvvəl verilmiş əmri tanımaq istəmir. O, DİN Baş Kadrlar İdarəsinin xidmət müddətini imtiyazlı hesablama ilə 16 il, 10 ay, 25 gün hesablaması barədə gəldiyi nəticəni əsassız və qanunsuz hesab edir. Çünki, onun xidmət müddəti hazırkı qaydalarla deyil, 2008-ci ildə DİO-dan öz arzusu ilə xaric edilərkən qüvvədə olan qanunlar və normativhüquqi aktlar əsasında hesablanmalıdır. Bundan başqa DİO-da xidmətdən çıxarkən, onun xidmət müddətini bilərəkdən az hesablamışlar ki, pensiya ala bilməsin. Düzgün hesablansa, xidmət müddəti 20 ildən çoxdur. Belə ki, polis zabitləri 24 saat gücləndirilmiş iş rejimində çalışırlar, şənbə-bazar və bayram günlərində də xidmətdə olurlar. Ona görə də hesab edir ki, DİN onun xidmət müddətini hesablayarkən, 24 saatlıq gücləndirilmiş iş rejimini, istirahət və bayram günlərində də xidmətdə olduğu müddətləri xidmət müddətinə əlavə etməlidir. İl ərzində 11 gün iş günü sayılmayan bayram günləridir. Həmin 11 günü 12 ilə vurduqda 132 gün, yəni 4 ay 12 gün təşkil edir. Bundan başqa, DİN-də hərbi xidmət müddətini də az hesablamışlar. 1987-ci ilin 12 noyabr tarixində hərbi xidmətə getmiş, 1989-cu il 29 dekabr tarixində hərbi xidmətdən buraxılmışdır. Bu barədə hərbi biletində qeydlər var. Ona görə də hərbi xidmət müddəti 2 il, 1 ay, 7 gün deyil, 2 il, 1 ay, 17 gün təşkil edir və xidmət müddətinə əlavə edilməlidir. Həmçinin, 5 il məzuniyyətdə olmadığına görə xidmətdə keçirdiyi 5 ay məzuniyyət müddəti də xidmət illərinə əlavə edilməlidir. Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi məhkəməyə təqdim etdiyi 0xx/xx-8807-1222 nömrəli, xx.xx.2022-ci il tarixli iddiaya dair yazılı münasibətində göstərmişdir ki, İddiaçı arxiv şəxsi işinə əsasən o, xx.xx.1996-cı il tarixdən xx.xx.2008-ci il tarixədək daxili işlər orqanlarında xidmət etmişdir. (12 il, 00 ay, 18 gün). Xidmətdən xaric edilərkən İddiaçı xidmət illərinə hərbi xidməti (xx.xx.1987-xx.xx.1989) 02 il, 01 ay, 07 gün, təhsil müəssisəsində təhsil aldığı müddətin (xx.xx.1992-xx.xx.1996) yarısı 01 il, 11 ay və müharibə şəraiti ilə bağlı güzəştli xidməti (xx.xx.1996-xx.xx.1997) 10 ay, 01 gün hesablanmışdır. İddiaçı xidmət müddəti təqvimi hesablama ilə 16 il, 00 ay, 25 gün, imtiyazlı hesablama ilə 16 il, 10 ay, 26 gün təşkil edir. Azərbaycan Respublikasının 07 fevral 2006cı il tarixli “Əmək pensiyaları haqqında” Qanununun 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: (9.5.1.) hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; (9.5.2.) hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; (9.5.3.) hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunaraq Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. İddiaçı daxili işlər orqanlarının xüsusi rütbəli əməkdaşı kimi xidmət illərinə görə pensiya hüququnun yaranması üçün zəruri xidmət illərinin olmadığı nəzərə alınaraq, Daxili İşlər Nazirliyi tərəfindən barəsində “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında məlumat vərəqi” tərtib olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi iddia tələbinə etiraz etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1969-cu ildə anadan olmuşdur. İş materiallarında olan AB-İ seriyalı, 073516 nömrəli, 04 noyabr 1997-ci il tarixli Diplomun surətindən görünür ki, İddiaçı 1992-ci ildə M.A.Rəsulzadə adına Bakı Dövlət Universitetinə daxil olmuş və dövlət imtahan komissiyasının 19 iyul 1997-ci il tarixli qərarı ilə ona hüquqşünas ixtisası verilmişdir. Н3 № ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci ildə həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.1989-cu il tarixdə hərbi xidmətdən ehtiyata buraxılaraq hərbi uçota götürülmüşdür. İddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1987-xx.xx.1989-cu il tarixlərdə Sovet ordusu sıralarında xidmət etmiş, xx.xx.1990-xx.xx.1994-cü il tarixlərdə X4 İdarəsində üçüncü dərəcəli Su durulducu qurğuya ehtiyat operatorçu, xx.xx.1995-xx.xx.1996-cı il tarixlərdə “Azdövyerqurlayihə” İnstitutunun yataqxanasında ikinci dərəcəli gözətçi vəzifəsində işləmişdir. İddiaçı xx.xx.1996-xx.xx.2008-ci il tarixlərdə Azərbaycan Respublikası Daxili işlər orqanlarında xidmət etmişdir. Əmək kitabçasıda “Daxili işlər orqanlarında xidmət müddəti təqvimi hesablama ilə 12 il, 00 ay, 18 gün (on iki il, sıfır ay, on səkkiz gün), imtiyazlı hesablama ilə - 19 il, 10 ay, 23 gün (on doqquz il, on ay, iyirmi üç gün) təşkil edir” qeydi aparılmışdır. İşdə olan İddiaçı Xidmət siyahısı məlumatlarından görünür ki, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək X2 7-ci rotasında polis nəfəri, xx.xx.1998-xx.xx.1999-cu il tarixlərdə X2 1-ci rotasında polis nəfəri, xx.xx.1999xx.xx.1999-cu il tarixlərdə X2 7-ci rotasında polis nəfəri, xx.xx.1999-xx.xx.2001-ci il tarixlərində Kürdəmir RPŞ-də polis sahə inspektoru, xx.xx.2001-xx.xx.2002-ci illərdə Kürdəmir RPŞ-nin təhqiqat qrupunda təhqiqatçı, xx.xx.2002-xx.xx.2008-ci illərdə Kürdəmir RPŞ-nin İB-nin müstəntiqi, xx.xx.2008-xx.xx.2008-ci il tarixlərində Zərdab RPŞ-nin polis sahə inspektoru vəzifələrində xidmət etmişdir. AR DİN 1481 ş/h nömrəli, xx.xx.2008-ci il tarixli əmri ilə “AR DİO-da xidmətkeçmə haqqında Əsasnamə” yə müvafiq olaraq xidmətdən xaric edilmişdir. 135-ci maddənin 1-ci bəndi ilə (öz arzusu ilə) “istefada olan polis kapitanı” sayılmaqla 15 iyul 2008-ci il tarixə xidmət müddəti təqvimi – 14 il, 01 ay, 22 gün; imtiyazlı – 19 il, 10 ay, 23 gün təşkil etdiyi qeyd olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin 0xx/xx-11736-1222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı arxiv şəxsi işinə əsasən xidmət illəri yenidən hesablanarkən onun daxili işlər orqanlarında iş stajının təqvimi hesablama ilə 16 il, 00 ay, 25 gün, imtiyazlı hesablama ilə 16 il, 10 ay, 26 gün təşkil etdiyi müəyyən edilmişdir. Daxili İşlər Nazirliyinin xx.xx.2004-cü il tarixli 270 nömrəli əmri ilə X3 xüsusi təyinatlı polis hissəsinə aid edilmişdir. İddiaçı isə X1 xx.xx.1999cu il tarixədək xidmət etdiyindən onun həmin alaydakı xidmət müddəti güzəştli şərtlərlə hesablanmamışdır. Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin 313-21/2-3891/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunda isə əlavə olaraq qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1996-xx.xx.1999-cu illərdə X1 xidmət keçdiyi dövrə Daxili İşlər Nazirliyinin xx.xx.2004-cü il tarixli 270 nömrəli əmri tətbiq edildikdə onun imtiyazlı xidmət müddətinə 01 il, 11 ay, 18 gün (xx.xx.1997-xx.xx.1999) əlavə olunur və cəmi 18 il, 10 ay, 14 gün təşkil edir. İddiaçı xx.xx.1996-cı ildən xx.xx.1997-ci il tarixədək (10 ay, 01 gün) xidməti müharibə şəraiti ilə əlaqədar 1 günü 2 gün hesabı ilə güzəştli şərtlərlə hesablandığından həmin dövrə X1 xidmətə görə əlavə güzəşt tətbiq edilmir. İddiaçı hazırda onun xidmət müddətinin imtiyazlı hesablama ilə 20 ildən çox olmasına isinad edərək ona, daxil işlər orqanlarının əməkdaşı kimi pensiya təyin edilməsi üçün xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fonduna göndərilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əsasnamənin 144-cü maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər (iddiaçının xidmətdən xaric edildiyi xx.xx.2008-ci il taridə də eyni redaksiya qüvvədə olmuşdur). Həmin Əsanamənin 145-ci maddəsinə əsasən Daxili işlər orqanları əməkdaşlarının pensiya təminatı, pensiya təyin edilərkən xidmət müddətinin hesablanması qaydaları Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. Həmçinin xx.xx.2006-cı ildən qüvvəyə minmiş “Əmək pensiyaları haaqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra – ƏPQ) əsasən: - maddə 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; - maddə 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; - maddə 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. - maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - maddə 3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. - maddə 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;. - maddə 22.4. Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 499 nömrəli 22 dekabr 2006-cı il tarixli Fərmanının 2.3-cü bəndinə əsasən həmin Qanunun 1.0.3-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Prokurorluğu, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti nəzərdə tutulur. Həmin Fərmanın 2.4-cü bəndinə əsasən həmin Qanunun 1.0.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. Azərbaycan Respublikası Nazilər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na əsasən: - 1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - ... Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində... və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - ... Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, ... xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. - 2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. - 3. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. Göründüyü kimi, həm əmək pensiyası qanunvericiliyinə, həm də “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnaməyə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş daxili işlər orqanlarının əməkdaşları malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin xidmət müddətinin (qulluq illərinin) hesablanması onların xidmət (qulluq) etdiyi orqanlara aid hissədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 1992-ci il 23 noyabr tarixli 631 nömrəli, “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydasının təsdiq edilməsi barədə” 2004-cü il 22 iyul tarixli 98 nömrəli, “Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2005-ci il 1 iyul tarixli 124 nömrəli, “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2006-cı il 9 yanvar tarixli 4 nömrəli, “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli qərarlarına uyğun olaraq həyata keçirilir. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 1992ci il 23 noyabr tarixli 631 nömrəli qəraraına əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında həqiqi hərbi xidmət; daxili işlər, ədliyyə, fövqəladə hallar orqanlarında sıravi, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələrində xidmət vəzifəyə təyin olunma günündən; Zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin kiçik, baş və ali rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, o cümlədən ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. İşin yuxarıda qeyd olunan hallarından və məhkəmə iclasında tədqiq edilən sübutlardan məlum olur ki, iddiaçının daxili işlər orqanlarından xidmətdən xaric edildiyi xx.xx.2008-ci il tarixə xidmət illəri (12 il 0 ay 19 gün), təhsil (1 il 11 ay) və hərbi xidmət dövrü (2 il 1 ay 18 gün) nəzərə alınmaqla, təqvim hesabı ilə cəmi 16 il 1 ay 7 gün xidmət müddəti olmuşdur. Belə olan halda aydındır ki, onun xidmət müddəti qanunla tələb olunan 20 təqvim ilindən azdır və buna görə də ona daxili işlər orqanlarının əməkdaşı kimi güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi Dövlət Sosial Müdafiə Fonduna göndərilə bilməz. İddia ərizəsindən görünür ki, iddiaçı xidmət müddətini 20 ildən artıq hesablayarkən 5 aylıq istifadə etmədiyi məzuniyyət günlərini, işlədiyi bayram və qeyri-iş günlərini də əlavə olaraq iş günü kimi xidmət müddətinə əlavə etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, birincisi, xidmət müddətinin bu qaydada hesablanması hər hansı bir normativ hüquqi aktda nəzərdə tutulmamışdır. İkincisi, hərbi qulluqçuya pensiya təyin edilərkən ən azı 20 təqvim ili tələb olunur, hansı ki, təqvim ilinə il ərzindəki bütün günlər (məzuniyyət, bayram, qeyri-iş günləri və sair) daxil edilir. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırkı halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuna zidd olmamaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Buna görə də iddia tələbi təmin edilməməlidir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin olunmasın. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-2011/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2011/2023
19.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver