Məhkəmə qərarları › İş №2-1(112)-2011/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2011/2024

01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2011/2024 01.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ( üçüncü şəxs X7) qarşı “bölgü sxemin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bölgü sxemin verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qara Çuxur qəsəbəsi Tərlan Şirinov küçəsində 0,01088 ha torpaq sahəsində yerləşən 5 otaqlı mənzilin 3 otağı iddiaçı, 2 otağı X4 paylı mülkiyyətində olmaqla qeydiyyata alınmışdır. Həmin 3 otağa dair bölgü sxemin tərtibatına zərurəti yaranmışdır. Bununla bağlı cavabdehə müraciət edilmiş, lakin müraciətinin təmindən digər şəxsə məxsus hissəsnin sökülərək yenidən inşanın həyata keçirilməsi səbəbindən imtina edilmişdir. İddiaçı hesab edir ki, həmin imtina qanunsuz və əsassızdır. Etiraz onunla əsaslandırılmışdır ki, paylı mülkiyyətdə olan mənzilin digər payçıya məxsus hissəsi sökülmüş, yerində yeni tikili inşa edilmişdir. Bu səbəbdən müraciətin təmini mümkün olmamışdır. Məhkəmənin qərardadı ilə X7 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: İmtina məktubunda qeyd edilmişdir ki, paylı mülkiyyətdə olan mənzilin digər payçıya məxsus hissəsi sökülmüş, yerində yeni tikili inşa edilmişdir. Çıxarışdan görünür ki, Qara Çuxur qəsəbəsi Tərlan Şirinov küçəsində yerləşən 5 otaqlı 4 nömrəli mənzilin 3 otağı iddiaçının digər 2 otağı isə X4 paylı mülkiyyətindədir. Həmin əmlaka dair cavabdehin arxiv qovluğunda olan sənədlərdən görünür ki, üçüncü şəxsə məxsus mənzildə sahə X2 mülkiyyətində olmuşdur, həmin sahə ona X5 tərəfindən satılmışdır, həmin sahə X7 tərəfindən ona alqı-satqı yolu ilə verilmişdir. İddiaçıya məxsus olan hissə ona X1 vəfatı ilə əlaqədar vərəsəlik hüququ haqqında şəhadətnamə ilə keçmişdir. İşin qeyd olunan faktiki hallarına maddi hüquq normalarının tələbləri baxımından qiymətləndirilməsi zərurəti ilə bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. -152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Təkzib olunmaz haldır ki, iddiaçının mənzilə münasibətdə (3 otağına) mülkiyyət hüquqları qeydiyyata alınmış və müvafiq çıxarış ilə rəsmiləşdirilmişdir. Hazırkı mərhələdə isə qiymət verilməli olan məsələ həmin mənzilə münasibətdə 3 otağa bölgü sxemin verilməsinin, sonradan həmin hissəyə ayrıca mülkiyyət hüququna dair çıxarışın verilməsi baxımından mümkünlüyü ilə əlaqədardır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin müddəalarına nəzər yetirdikdə məlum olur ki, Məcəllənin: 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Yuxarıda qeyd olunan müddəaların işin hazırkı faktiki hallarına münasibətdə qiymətləndirilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin faktiki hallarından da göründüyü kimi iddiaçı tələbinin məzmunu mənzilin paylı mülkiyyətçisi kimi ona məxsus 3 otağa bölgü sxemin tərtib edilməsi və son nəticədə ayrıca çıxarış verilməsidir. İşin faktiki hallarından isə görünür ki, iddiaçı və yeni mülkiyyətçi X6 arasında naturada payın ayrılması ilə bağlı razılaşma, eləcə də həmin razılaşmanın olmadığı təqdirdə mülki icraat qaydasında işə baxan məhkəmə qətnaməsi də mövcud olmamışdır. İddiaçı isə nəzərə almamışdır ki, paylı mülkiyyətçilərin iradə ifadəsi mövcud olmadan və ya məhkəmə qətnaməsi mövcud olmadan əmlaka paylı mülkiyyətçilərin payının müəyyən edilməsi və bununla bağlı çıxarış və aidiyyəti texniki sənədlərin tərtib edilməsi onun səlahiyyətlərindən kənar hərəkətdir. Belə ki, ümumi ölçüsünü müəyyən etmək mümkün olsa da, 5 otaqdan məhz hansı 3 otağının iddiaçının, digər otaqların isə digər paylı mülkiyyətçinin mülkiyyətində olmasının, naturada olan bölgünün hansı qaydada aparılmalı olmasının cavabdehin özü tərəfindən müəyyən edilməsi qanunvericiliklə onun səlahiyyətlərinə aid edilməmişdir. Həmin mübahisənin həlli tərəflər arasında razılaşma əsasında, razılaşma mövcud olmadığı təqdirdə Mülki Məcəllənin yuxarıda sadalanan normalarının tələbləri baxımından müəyyən edilməlidir ki, normaların tələbindən də aydın olduğu kimi paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər və naturada bölgünün hansı qaydada aparılması barədə məhkəmə qərarı paylı mülkiyyətçilər, eləcə də cavabdeh əmlak orqanı üçün də müvafiq öhdəliklər yaradır ki, məhkəmə iddiaçının diqqətinə xüsusi ilə çatdırmağı zəruri hesab edir ki, naturada bölgünün mümkün olması barədə mülki qanunvericilikdə nəzərdə tutulan məhkəmə qərarı inzibati məhkəmə icraatı qaydasında qəbul edilən yekun məhkəmə aktı yox, mülki icraat qaydasında naturada bölünmə barədə tələbə baxan rayon məhkəməsinin yekun məhkəmə aktı başa düşülür. Belə ki, inzibati məhkəmə inzibati orqanların hərəkət və hərəkətsizliyinə baxan və qanunsuz və əsassız hərəkət və ya hərəkətsiz müəyyən edildiyi təqdirdə buna uyğun olaraq iddiaçının xeyrinə qərar qəbul etmək səlahiyyəti olan məhkəmə qismində çıxış edir. Hazırkı vəziyyətdə isə iddiaçı bölgü sxem olmadan mənzilin naturada ayrılmalı olmasını inzibati orqandan istəyir, halbuki inzibati orqanın belə bir səlahiyyəti mövcud deyil, belə bir səlahiyyəti yoxdursa deməli imtina tam qanuni və əsaslıdır. Məhkəmə də bu səbəbdəndir ki, inzibati orqanın ziyanına qərar qəbul etməli deyil. Çünki hüquqmüəyyənedici sənəd mövcud olmuş olsa belə şəxslərin paylı mülkiyyət mülkiyyət hüququnun olması, özüözlüyündə həmin mənzilin hansı ölçü, hansı qayda üzrə paylı mülkiyyətçilərə məxsus olmasını cavabdeh müəyyən edə bilməz. Digər tərəfdən nəzərə alınmalıdır ki, inzibati məhkəmə tikinti-texniki ekspertizası və ya yerində baxış kimi prosessual hərəkətlər keçirərək real olan halı müəyyən etsə belə bu cavabdeh inzibati orqanın səlahiyyətlərini icra etməməsi anlamına gəlmir və həmin formada araşdırma, mahiyyət etibarı ilə mülki məhkəmənin səlahiyyətlərini mənimsəmə qismində çıxış edəcəkdir. Təbii haldır ki, istər məhkəmə, istər inzibati orqan onda olan mövcud resurslar əsasında paylı mülkiyyətçilrəin faktiki istifadəsində olan əmlakın ölçü və digər göstəriciləri müəyyən edə bilər. Lakin həmin məlumatların mövcud olması, həmin məlumatlar əsasında işin mahiyyətini həll etmək anlamına gəlmir Məhkəmə diqqətə çatdırır ki, cavabdehin imtinasının əsasında duran hal (payçıların notarial qaydada təsdiqlənmiş razılıq ərizələrinin olmaması) hazırki mübahisənin mahiyyəti üzrə həllində mühüm əsaslardan biri olduğundan hazırki mərhələdə iş üzrə digər imtina əsasları ilə bağlı əlavə araşdırmanın aparılmasına zərurət yaranmamışdır. Nəzərə alınmalıdır ki, iddiaçı arxiv qovluğunda olan məlumatlara əsasən bölgü sxemin tərtibatı ilə bağlı digər paylı mülkiyyətçi X3 müraciət etmək, bölgü sxemin tərtibatına razılıq mövcud olmadıqda mülki qaydada rayon məhkəməsinə naturada payın ayrılması barədə müraciət etmək, razılıq mövcud olduqda isə həmin razılıq əsasında bölgü sxemin tərtib edilərək ayrıca çıxarışın verilməsini tələb etmək, müraciətin təminindən imtina olunduqda inzibati məhkəməyə müraciət etmək hüququna malikdir ki, həmin prosedurlardan kənar hazırkı qaydada verilmiş iddianın təminindən imtina qanuni və əsaslıdır. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar