Məhkəmə qərarları › İş №2-1(112)-2012/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2012/2021

27.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2012/2021 27.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvanı: Bakı şəhəri, Qədirli küçəsi ev 127; ixtisası: rejissor), cavabdehin nümayəndəsi X1 (Ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, 22-ci Dağlıq küçəsi, ev 3, mənzil 59; ixtisası: ali təhsil; iş yeri və vəzifəsi: Yasamal Rayon Qeydiyyat Şöbəsi, baş məsləhətçi) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Yasamal Rayon Qeydiyyat Şöbəsinə qarşı “soyadın dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Yasamal Rayon Qeydiyyat Şöbəsinə qarşı Bakı şəhər Yasamal rayon Qeydiyyat şöbəsinin imtinasını əsassız hesab edərək, doğum haqqında akt qeydləri kitabında “Vəlizadə” soyadını “Kalman” soyadına dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı xx xxxxxx 1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş və doğum haqqında akt qeydləri kitabında onun soyadı “Vəlizadə”, atasının adı isə “Kamal” kimi qeyd olunmuşdur. O, cavabdeh təşkilata müraciət edərək “Vəlizadə” soyadını “Kalman” soyadına dəyişdirilməsini xahiş etmiş, lakin cavabdeh ona ünvanladığı xx.xx.2020-ci il tarixli məktubu ilə bu xahişini təmin etməkdən imtina etmişdir. Hesab edir ki, bu imtina əsassızdır, buna görə də cavabdehin hərəkətləri qanunsuz hesab olunmaqla doğum aktlarının qeydiyyatı kitabında “Vəlizadə” soyadını “Kalman“ soyadına dəyişdirilməsi cavabdehin üzərinə vəzifə kimi qoyulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZ-İV seriyalı 338432 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Atası qrafasında – X2, milliyyəti qrafasında -azərbaycanlı, anası qrafasında – X3, milliyyəti qrafasında -azərbaycanlı göstərilmişdir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının adı “İddiaçı” kimi göstərilmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Yasamal Rayon Qeydiyyat Şöbəsi iddiaçının müraciətinin təmin edilməsinə dair xx.xx.2020-ci il tarixli imtina məktubunda göstərmişdir: “Sizin soyadınızın “Vəlizadə”dən “Kalman”a dəyişdirilməsi barədə müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Həmçinin bildiririk ki, xx.xx.2002-ci il tarixli “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Soyadınızın “Kalman”a dəyişdirilməsi məsələsinə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyası ilə əlaqə saxlanılmış və adı çəkilən qurumda verilən məlumatda həmin soyadın onomastik adlar sistemində olmadığı bildirilmişdir. Göstərilənlərə əsasən, bildiririk ki, soyadınızın "Vəlizadə”dən "Kalman"a dəyişdirilməsi imkanımız xaricindədir.” Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslıdır və iddiaçının hüquqlarını pozmur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və bunları dəyişmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verilməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumat olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, soyadını, atasının adını dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən аdın, аtа аdının və sоyаdın dəyişdirilməsi vətəndаşlаrın dаimi yаşаyış yеrində qеydə аlınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Azərbaycan Respublikası vətəndaşlarının adları və soyadlarının dəyişdirilməsi müvafiq qanunvericiliklə tənzimlənir. Həmin qanunun 13.1-ci maddəsinə əsasən dövlət dilinin normaları özündə Azərbaycan ədəbi dilinin orfoqrafiya və orfoepiya normalarını ehtiva edir. Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Hüquqi, fiziki və vəzifəli şəxslər bu normalara əməl etməlidirlər. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan imtina məktubundan da göründüyü kimi, iddiaçının soyadının “Kalman”a dəyişdirilməsi məsələsinə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyası ilə əlaqə saxlanılmış və adı çəkilən qurumda verilən məlumatda həmin soyadın onomastik adlar sistemində olmadığı bildirilmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, vətəndaşlar 18 yaşına çatdıqdan sonra soyadını dəyişdirilməsində sərbəst olsalar da, bu sərbəstlik mütləq xarakter daşımır, bu zaman vətəndaşın mənafeyi də nəzərə alınmalıdır. Belə ki, azərbaycan dilində olmayan adların qoyulması məqsədəmüvafiq hesab edilmir. Hazırkı halda da iddiaçının dəyişdirmək istədiyi “Kalman” soyadı Azərbaycan dilinin ədəbi dil normalarına uyğun qəbul edilməmiş, həmin adın onomastik adlar sistemində olmadığı müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının dəyişdirmək istədiyi “Kalman” soyadı Azərbaycan dilinin ədəbi dil normalarına uyğun qəbul edilməməsi, həmin soyadın onomastik adlar sistemində olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmçinin iddiaçının mənafeyi (“Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilməməsi) nəzərə alınaraq hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Yasamal Rayon Qeydiyyat Şöbəsinə qarşı Bakı şəhər Yasamal rayon Qeydiyyat şöbəsinin imtinasını əsassız hesab edərək, doğum haqqında akt qeydləri kitabında “Vəlizadə” soyadını “Kalman” soyadına dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 33-cü, 52-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilmir. Qərardan, tam formada təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar