Məhkəmə qərarları › İş №2-1(112)-2012/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2012/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2012/2025 22.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1988-ci il tarixli, 1/25 nömrəli qərarına əsasən və “Damba” bağçılıq yoldaşlıq birliyinin xx.xx.1999-cu il tarixli 01 saylı protokolu ilə 1000 kv.m, 7-ci Cənub küçəsi, 401-403 saylı torpaq sahəsinə dair hüquqların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti baçısının xx.xx.1988-ci il tarixli 1/25 nömrəli qərarına uyğun olaraq və “Damba” bağçılıq yoldaşlıq birliyinin xx.xx.1999-cu il tarixi 01 saylı protokolu ilə 1000 kv.m, 7-ci Cənub küçəsi, 401-403 saylı bağ sahəsi İddiaçı ayrılmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən İddiaçı həqiqətən xx.xx.1993-cü il tarixindən etibarən “Damba” Bağçılıq kollekttivinin fəal üzvü olması və “Damba” bağçılıq sahəsinin 401-403 saylı, 1000 kv.m torpaq sahəsinin ona aid olması barədə arayış təqdim edilmişdir. Belə ki, qeyd olunmalıdır ki, ayrılmış bağ sahəsi hal-hazırda da, istifadədədir və tam şəkildə təyinatına uyğun istifadə edilir. Bununla yanaşı qeyd olunmalıdır ki, bağ sahəsi ilə bağlı bütün vergi və digər ödənişlər vaxtıvaxtında ödənilmişdir. Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 401-403 sayı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi xahiş edilmişdir. Lakin, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydyyatına alınmasından imtina edilməsi barədə bildiriş təqdim edilmişdir və imtinanın əsası olaraq torpaq sahəsinin bir hissəsinin elektrik xəttinin mühafizə zonasında yerləşməsinə istinad edilmişdir. Bu səbəbdən, tərəflərindən "xxxx" ASC-yə müraciət edilmiş və bu barədə onlara xx.xx.2019-cu il tarixi arayış təqdim edilmişdir. Həmin arayışda Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 401-403 saylı torpaq sashəsinin 6 kV-luq elektrik şəbəkəsinin mühafizəsi zonasında yerləşməsi və torpaq sashəsinin elektrik xəttinin istismarına heç bir maneçilik törətmədiyini qeyd edərək qeydiyyatın həyata keçirilməsinə heç bir etiraz olmadığını bildirmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı ünvan 2 ünvanında yerləşən 401-403 saylı bağ sahəsinə dair texniki pasportu tərtib edilməsi, ünvan və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağl ********** nömrəli, xx.xx.2019-cu il tarixli ərizə ilə müraciət etmiş **********43 saylı, xx.xx.2019-cu il tarixli cavab məktubu ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Bundan başqa, sözügedən bağ sahəsinin bir hissəsi yaxınlıqdan keçən 6.0 kV-luq elektrik xəttinin mühafizə zolağında yerləşir.

5. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab emtişdir.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Cavabdeh tərəfindən iddiaçının müraciətlərindən xx.xx.2019-cu il tarixli, **********43 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-H0631-8/2024 **********24 nömrəli məktublarla imtina edilmişdir.

8. “Damba” bağçılıq yoldaşlıq üzvlərinin ümumi yığıncağının 01 nömrəli, xx.xx.1999-cu il tarixli protokolundan çıxarışa əsasən İddiaçı bağçılıq yoldaşlığına üzv qəbul edilmiş və 401 və 403 nömrəli bağ sahələri daimi istifadəsinə verilmişdir. Əvvəllər 401 və 403 nömrəli bağ sahələrini almış və uzun müddət həmin sahələrdə heç bir iş görməyən X2 üzvlükdən çıxarılmış və ona verilmiş sənədlərin öz hüquqi qüvvəsini itirmiş hesab edilməsi qərara alınmışdır.

9. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A nömrəli, 528723 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən Pirallahı (Xəzər) rayonu Dübəndi bağ massivində yerləşən, Bakı şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 1/25 saylı qərarı və “Damba” bağçılıq yoldaşlığın xx.xx.1999-cu il tarixli 01 saylı protokolu ilə İddiaçı ayrılmış 1000 kv.m torpaq sahəsinə dair plan-ölçü sənədi tərtib edilmişdir. X4 kitabında xx.xx.2014-cü il tarixdə, 40836 nömrə ilə uçota alınmışdır.

10. Bakı şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 1/25 saylı qərarı iş materiallarına əlavə edilmişdir.

11. Bağ sahəsinə dair İddiaçı adına verilmiş üzvlük kitabçasının surəti iş materiallarına əlavə edilmişdir.

12. “Damba” bağçılıq yoldaşlığın sxematik xəritəsi (iddiaçının iddia etdiyi bağ sahəsləri həmin xəritədə öz əksini tapmışdır) iş materiallarına əlavə edilmişdir.

13. "xxxx" ASC tərəfindən verilmiş 1420 nömrəli, xx.xx.2019-cu il tarixli arayışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağlar ərazisində İddiaçı məxsus 7-ci Cənub küçəsi, 401-403 saylı torpaq sahəsinin ərazisindən "xxxx" ASC-nin 6/0,4 kV-luq heç bir elektrik veriliş xətti keçmir.

14. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3-21-3- 30/2-42593/2024 **********93 nömrəli məktubla “Damba” bağçılıq yoldaşlığın üzvlərinin siyahısının, adıçəkilən bağçılıq yoldaşlığın arxiv qovluğunda mövcud olan bütün sənədlərin, eləcə də, iddiaçının iddia etdiyi bağ sahələrinin qonşuluğunda yerləşən bağ sahələrinə dair hüquqmüəyyən edici sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

16. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

19. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

21. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə (Hüquqi dövlətin ümumi prinsipləri) əsasən: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə əsasən (Qanunçuluq prinsipi). 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən (Mötəbərlik prezumpsiyası). 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

24. İşin hallarından göründüyü kimi, iddiaçının iddia etdiyi bağ sahəsi “Damba” bağçılıq yoldaşlıq üzvlərinin ümumi yığıncağının 01 nömrəli, xx.xx.1999-cu il tarixli protokolundan çıxarışa əsasən ona ayrılmış və həmin bağ sahəsinə dair iddiaçının adına üzvlük kitabçası verilmişdir. Bundan əlavə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsinə dair iddiaçının adına A nömrəli, 528723 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmiş və həmin torpaq sahəsi X4 kitabında İddiaçı adına qeydiyyata alınmışdır. Torpaq sahəsi ilə bağlı hər hansı bir mübahisə yoxdur. İddiaçı həmin bağ sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə ərizə ilə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən iddaçının adının “Damba” bağçılıq yoldaşlıq üzvlərinin siyahısında olmaması əsası ilə imtina edilmişdir. Məhkəmə cavabdehin həmin dəlili ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “Damba” bağçılıq yoldaşlığın arxiv qovluğunda olan sənədlərə əsasən müəyyən edilmişdir ki, bağçılıq yoldaşlığın üzvlərinin İdarənin arxivində olan siyahıları xx.xx.1985-ci il tarixli və xx.xx.1985-ci il tarixlidir, lakin, iddiaçıya bağ sahəsi xx.xx.1999-cu il tarixdə ayrılmış və həmin tarixlərdən sonra bağçılıq yoldaşlığı tərəfindən bağçılıq üzvlərinin dəqiqləşmiş siyahısı tərtib edilməmişdir. Belə olan təqdirdə, bağçılıq yoldaşlığı birliyinin arxivə təqdim olunmuş siyahısında iddiaçının adının aşkar olunmaması iddiaçının məsuliyyət dairəsi ilə əhatə oluna bilməz və bu hal bağ sahəsinə dair hüquqların qeydiyyata alınmamasına əsas vermir.

25. Məhkəmə eləcə də, cavabdehin torpaq sahəsinin elektrik xəttinin mühafizə zonasında yerləşməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, həmin torpaq sahəsinin elektrik xəttinin mühafizə zonasında yerləşməsi iddiaçının mübahisəli bağ sahəsi üzərində hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz.

26. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasən, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır.

28. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonasına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər.

29. Həmçinin iş materiallarına əlavə olunmu "xxxx" ASC tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, Xəzər rayonu, Dübəndi bağlar ərazisində İddiaçı məxsus 7-ci Cənub küçəsi, 401-403 saylı torpaq sahəsinin ərazisindən "xxxx" ASC-nin 6/0,4 kV-luq heç bir elektrik veriliş xətti keçmir.

29. Göründüyü kimi, cavabdehin dəlilləri əsassız olmaqla iddiaçıya məxsus hüququn qeydə alınmasından imtina üçün əsas ola bilməz.

30. Qeyd edilənlərdən əlavə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi bağ sahəsinin qonşuluğunda yerləşən 402- 404 saylı bağ sahəsinə dair qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən hüquq sahibini adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir və həmin bağ sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı işin faktiki və hüquqi əsasları eyni hallara söykənir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, hazırki mübahisədə, həm də, bərabərlik prinsipi nəzərə alınmalıdır.

31. Göründüyü kimi, cavabdehin dəlilləri əsassız olmaqla iddiaçının hüquqlarını əsassız yerə məhdudlaşdırmışdır.

32. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

36. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. ünvan 2ndə yerləşən 401-403 saylı, ölçüsü 1000 kv.m təşkil edən bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar