Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2013/2022 24.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı soyadın dəyişdirilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 avqust 1972-ci ildə anadan olmuş İddiaçı “Atazadə” soyadından, “Mansurov” soyadına dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər Nərimanov Rayon Qeydiyat Şöbəsinin 23.04.2015-ci il tarixli, 11 saylı adın, ata adın və soyadın dəyişdirilməsi haqqında akt qeydinə əsasən iddiaçının soyadı “Mansurov” dan “Atazadə” soyadına dəyişdirilmişdir. İddiaçının ona aid əvvəliki bütün sənədlərdə soyadı “Mansurov”dur və ixtisası üzrə işləmək istəyir. Bir-çox yerlərdən işlə bağlı təkliflər almasına baxmayaraq, ona məxsus AB-İ 061666 saylı diplomda soyadı “Mansurov” olaraq qaldığından işə qəbul edilmir. Yenidən əvvəlki “Mansurov” soyadına qayıtmaq üçün Bakı Şəhər Nərimanov Rayon Qeydiyat Şöbəsinə müaraciət etmiş, lakin imtina cavabı almışdır. İmtina məktubunda bildirmişlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “ Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi haqqında" 12.05.2011-ci il tarixli, 79 saylı qərarın 6.3-cü bəndinə əsasən, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadının qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması hallları istisna olmaqla) yol verilmir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Əvvəlki məhkəmə hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərə şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Cavabdeh tərəfindən məhkəməyə məktub ünvanlanaraq işə onların nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə məhkəmə hazırlıq icraatı icılasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı iclasında tədqiq edilmiş: - 05 may 2015-ci il tarixdə Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 507531 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 13 avqust 1972-ci ildə Göyçay rayonunda anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 22 sentyabr 1972-ci il tarixdə 468 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında X7, ana qrafasında X1 adı yazılmışdır. - AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 13 avqust 1972-ci il tarixdə Göyçay şəhərində anadan olmuşdur. -12.08.2021-ci il tarixdə verilmiş AZE seriyalı P4636606 saylı pasportun surətindən görünür ki, İddiaçı 13 avqust 1972-ci il tarixdə Göyçay şəhərində anadan olmuşdur. -H3 №6027438 №li hərbi biletin surətindən görünür ki, iddiaçının hərbi biletdə soyadı Mansurov qeyd olunmuşdur. -Dövlət İmtahan Komissiyasının sədri tərəfindən təsdiq olunan 05 yanvar 2000-ci il tarixli AB-İ№061666 №li Diplomun surətindən görünür ki, X5 1990-cı il tarixdə N.A.Voznesensk adına X3 İnstitutunun Bakı filalına daxil olmuş, 1997-ci ildə “Maliyyə” ifakültəsi üzrə tam kursu bitirmiş, iqtisadçı ixtisası əldə etmişdir. -Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin 35 nömrəli 27 avqust 2021-ci il tarixli məktubuna əsasən X2 25 avqust 1978-ci il tarixində 320 saylı əmrlə Bakı Neft Texnikumunun əyani şöbəsinə qəbul edilmişdir. 14 may 1981-ci il tarixində “Alətlər istehsalı” ixtisası üzrə tam kursu bitirdiyinə görə ona “texnik-texnoloq” ixtisas dərəcəsi və BT№041598 saylı diplom verilmişdir. -Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 11 avqust 2021-ci il tarixli, 173 saylı məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi haqqında” 12 may 2011-ci il tarixli 79 saylı qərarına əsasən adın, at adının və soyadının növbəti dəfə dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.3-cü maddəsinə əsasən “Atazadə” soyadının “Mansurov” soyadına dəyişdirilməsinin mümkün olmadığı qeyd edilərək imtina edilmişdir. Beləliklə işin hallarından görünür ki, iddiaçının əvvəlki soyadı “Mansurov” soyadı olmuş, daha sonra soyadını “Atazadə” soyadına dəyişdirmişdir. Hazırki iddia tələbi üzrə iddiaçı ona məxsus sənədlərdə, o cümlədən diplomunda soyadının “Mansurov” qeyd olunduğuna, lakin şəxsiyyət vəsiqəsində “Atazadə” soyadının qeyd olunduğuna və bu halın ona çətinlik yaratdığına, işsizliliklə nəticələndiyinə istinad edərək, məhkəmədən “Atazadə” soyadının əvvəlki soyadı olan “Mansurov” soyadına dəyişdirmək barədə tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması dövründə sorğu əsasında xx.xx.1972-ci il təvəllüdlü Atazadə (Mansurov) Natiq Niman oğlunun məhkumluğunun olub-olmaması barədə məlumatın məhkəməyə təqdim edilməsi Nərimanov Rayon Polis İdarəsindən tələb olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən 25 dekabr 2020-ci il tarixdə verilmiş məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Atazadə (Mansurov) Natiq Niman oğlunun məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat aşkarlanmamışdır. Məhkəmə araşdırması dövründə həmçinin İddiaçı Azərbaycan Respublikasının sərhədlərinin giriş-çıxış barədə, həmçinin giriş-çıxışına hər hansı məhdudiyyətin qoyulubqoyulmaması barədə məlumatın məhkəməyə təqdim edilməsi Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən sorğu əsasında tələb edilmişdir. Məkhəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş 08 dekabr 2021-ci il tarixli, 33/4255 saylı məktubdan görünür ki, Atazadə (Mansurov) Natiq Niman oğlunun Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyətin tətbiq olunmadığı bildirilmişdir. İmtinada qeyd olunan halların araşdırılması məqsədilə məhkəmə tərəfindən Göyçay rayon Qeydiyyat Şöbəsinə 13 avqust 1972-ci il tarixdə Göyçay şəhərində doğulmuş İddiaçı doğum haqqında akt qeydindən çıxarışın surətin məhkəməyə təqdim olunması barədə sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən iddiaçının doğum və nikah haqqında akt qeydlərinin surəti və doğum haqqında akt qeydindən çıxarış məhkəməyə təqdim edilmişdir. Təqdim olunan 468№li 22 sentyabr 1972-ci il tarixli doğum haqqında akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, iddiaçının soyadı kiril əlifbası ilə Mansurov soyadı qeyd olunmuş, sonradan 05 may 2015-ci il tarixdə akt qeydinə AZ-İİİ №507531 №li dəyişiklik edilərək Mansurov soyadının üzərindən xətt çəkilərək Atazadə soyadı qeydi aparılmışdır. Eyni qayda ilə nikahın bağlanması haqqında 19 mart 2000-ci il tarixli akt qeydində də 05 may 2015-ci il tarixli düzəliş edilərək, Mansurov soyadının üstündən xətt çəkilərək Atazadə qeydi aparılmışdır. Beləliklə işin hallarından görünür ki, 13 avqust 1972-ci il təvəllüdlü İddiaçı ona məxsus bütün sənədlərdə soyadının “Mansurov” olaraq qeyd olunduğuna istinad edərək, həmin səbəbdən “Atazadə” soyadından “Mansurov” soyadına dəyişdirilməsi barədə Nərimanov rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinaya əsas olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarının 6.3-cü bəndinə istinad olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İİ hissəsinə əsasən qanunla nəzərdə tutulmuş hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Mülki Məcəllənin 26.1 və 26.4-cü maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydası”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Lakin məhkəmə iddiaçının tələbinin sözügedən Qaydaların 6.3-cü bəndinin tələbinin təsiri altına düşmədiyi qənaətindədir. Belə ki, məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hazırki halda soyadının “Atazadə” soyadından “Mansurov” soyadına dəyişdirilməsini tələb edərkən ikinci dəfə, yəni yenidən dəyişdirilməsini deyil, məhz əvvəlki soyadına dəyişdirilməsini istəyir. Belə olan halda məhkəmə iddiaçıya məxsus sənədlərdə, o cümlədən diplomunda soyadının “Mansurov” qeyd olunduğuna və bu halın ona işlə təmin edilməsində aşılmaz əngəl olduğuna, nəticədə işsiz olması ilə nəticələndiyinə və beləliklə konstitusion hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxardığını nəzərə alaraq və nəhayətdə başqa soyadla deyil, əvvəlki soyadına qayıtmaq niyətində olduğunu nəzərə alaraq, sosial ədalət prinsipi baxımından iddiaçının tələbində haqlı olduğu ilə razılaşır. Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən isə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarına görə: 1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir; 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər; 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir; 6.18. Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Buna görə sözügedən məsələdə qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istina olmaqla adın, ata adının və soyadın dəyişdirilməsi hüququna malikdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Məhkəmə həmçinin qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən sözügedən məsələyə şəxsi həyata və ailə həyatına hörmət hüququnu tənzimləyən 8-ci maddənin kontekstindən yanaşılır. Avropa Məhkəməsinin yerləşmiş presedent hüququna görə bir şəxsi adını (soyadını) dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM, dövlət öz təşkilati sisteminin normal fəaliyyətini təmin etməyə yönəlmiş legitim marağa sahib olduğundan çıxış edərək əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı (soyadı) daşıyanların müəyyən bir ailə bağılılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad (soyadı) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir. Bununla belə, AİHM-in dəfələrlə ifadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasında dövlət orqanlarının istədiyi kimi müdaxilə etməsinə qarşı şəxsi qorumaqdır. Bu zaman dövlətlər əlavə olaraq həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər də daşıyırlar. Bununla yanaşı, bu sahədə razılığa gələn Dövlətlər hər nə qədər geniş mülahizə səlahiyyətinə sahib olsalar da, AİHM şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyinin” inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli hakimiyyət orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutmaqdadır. Beləliklə, AİHM adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı şəxslərin müraciətlərinin təmin edilməsindən dövlət orqanları tərəfindən imtina edilməsi məsələsinə yanaşmada onların şəxsi həyata hörmət göstərilməsi hüquqlarını istifadə etmələrinə müdaxilə təşkil etdiyi prinsipindən hərəkət edir. Müvafiq olaraq AİHM-in yerləşmiş presedent hüququna görə bu cür bir müdaxilə bir məqsəd ya da məqsədlərə çatmaq üçün “qanunla nəzərdə tutulduğu”, 8-ci maddənin 2-ci bəndi baxımından bir və ya birdən çox qanuni (legitim) məqsədə yönəlmiş olduğu və bu məqsədlərə çatmaq üçün “demokratik bir cəmiyyətdə zəruri olduğu” halda Konvensiyaya zidd hesab edilmir. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, soyadın dəyişdirilməsi ilə bağlı məsələ şəxsi həyata və ailə həyatına hörmət hüququ çərçivəsindən qiymətləndirilməli olan konstitusion hüquqdur. Ona görə də həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 13 avqust 1972-ci ildə anadan olmuş İddiaçı soyadının “Atazadə” soyadından, “Mansurov” soyadına dəyişdirilməsi vəzifəsi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə həvalə edilməlidir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 13 avqust 1972-ci ildə anadan olmuş İddiaçı soyadının “Atazadə” soyadından “Mansurov” soyadına dəyişdirilməsi vəzifəsi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-2013/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2013/2022
24.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver