Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2013/2024 22.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının mənzilə dair hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzilin qeyri-yaşayış sahəsinə keçirilməklə üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi» tələblərini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsində bildirilir ki, ünvan 2 evin 33 saylı mənzili üzərində İddiaçı mülkiyyət hüququ 21 sentyabr 2022-ci il tarixdə (********** qeydiyyat nömrəsi ilə) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və bu barədə reyestrdən çıxarış verilmişdir. Mənzil beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Bakı şəhəri Nərimanov RİH başçısının 118 saylı 11 aprel 2014-cü il tarixli sərəncamı ilə həmin mənzilin ümumi sahəsi 103,5 kv.m, yaşayış sahəsinin 55,88 kv.m, köməkçi sahəsi 47,62 kv.m olmaqla 2 otaqlı hesab edilməsi və sənədləşdirilməsi qərara alınmışdır. RİH-in nəzdində fəaliyyət göstərən Mənzil-məişət məsələləri üzrə İdarələrarası Komissiyanın 4 iyun 2021-ci il tarixli qəbul aktı ilə mənzilin həmin ölçülər (ümumi sahəsi 103,5 kv.m olmaqla) daxilində sənədləşdirilməsi məqsədəuyğun hesab edilmiş, həmçinin 4 iyun 2021-ci il tarixli texniki rəy verilmiş və iddiaçıya bildiriş ünvanlanmışdır. İddiaçı uzun müddətdir ki, əmlakı qeyri-yaşayış sahəsi kimi istifadə edir, vergi ödəyicisidir və kommunal ödənişləri qeyri-yaşayış sahəsinə uyğun olaraq ödəyir. Həmçinin müvafiq əmlaka dair cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 20 sentybar 2022-ci il tarixli texniki pasportda əmlakın ümumi sahəsi 100,9 kv.m qeyd edilmişdir. İddiaçı mənzilin həmin ölçülər daxilində qeyri-yaşayış sahəsi kimi üzərində mülkiyyət hüququna dair reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda qeyd olunmuşdur ki, yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınmasına dair Mənzil Məcəlləsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Təqdim edilmiş sənədlər mənzildə aparılmış əlavə tikililərin sənədləşməsi ilə əlaqədardır. Həmçinin, İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı təqdim edilmiş layihədə əksini tapmayan yüngül inşaat konstruksiyalarından istifadə olunaraq mənzilin sahəsinin artırıldığı aşkar olunmuşdur. Lakin imtina məktubunda göstərilən normativ aktlarda və Mənzil Məcəlləsinin 20 və 21-ci maddəsində müvafiq ölçülər daxilində qeydiyyata alınmasında imtina edilməsi üçün hər hansı əsas mövcud deyildir. Həmçinin mənzilə baxış keçirilmiş müvafiq texniki rəy və qəbul aktı tərtib edilmiş, həmin qəbul aktında təqdim edilmiş sənədlərin Mənzil Məcəlləsinə tam uyğun olması göstərilmişdir. Göstərilənlərə əsaslanaraq, ünvan 2 evin 33 saylı, ümumi sahəsi 103,5 kv.m olan mənzilin Bakı şəhəri Nərimanov RİH başçısının 118 saylı 11 aprel 2014-cü il tarixli sərəncamında qeyd olunan ölçülər daxilində qeyri-yaşayış sahəsinə keçirilməklə İddiaçı mülkiyyət hüququnın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətli şəxsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etirazında bildirilir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və müvafiq məktubla cavab verilmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan mənzil daşınmaz əmlakın dövlət reyestrində ümumi sahəsi 33.72 kv.m olmaqla qeydiyyatdan keçmişdir. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman mənzilin sahəsinin artırılaraq 104.5 kv.m olduğu məlum olmuşdur. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24.5 və 26.1-ci maddələrində qeyd olunan sənədlər, həmçinin binanın konturundan kənarda yerləşən hissəsinin altında yerləşən torpaq sahəsinə dair sənədlər təqdim edilməmişdir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası qanununun 8, 9, 11.1-ci maddələrinə, İPM-in 35.1 və 48.2-ci maddələrini rəhbər tutaraq iddianın rədd edilməsi məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «ünvan 2 evin 33 saylı (yeni qaydalarla: Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 15, M1, m3) ümumi sahəsi 103,5 kv.m olan mənzil üzərində Bakı şəhəri Nərimanov RİH başçısının 118 saylı 11 aprel 2014-cü il tarixli sərəncamında qeyd olunan ölçülər daxilində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın əsassız olduğunu bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir İş materiallarından görünür ki, İddiaçı ünvan 2 ev, 33 saylı ünvanda (Yeni qaydalarla: ünvan 3həsi olan mənzil üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 21 sentyabr 2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov RİH başçısının 11 aprel 2014-cü il tarixli Sərəncamı ilə Ə.Rəcəbli küçəsindəki, 3a saylı evin, 33 saylı mənzili ümumi sahəsi 103,5 kv.m, yaşayış sahəsi 55,88 kv.m, köməkçi sahəsi isə 47,62 kv.m olmaqla 2 otaqlı hesab edilməsi və sənədləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov RİH-in nəznində fəaliyyət göstərən Mənzil-məişət məsələləri üzrə İdarələrarası Komissiyasının 4 iyun 2021-ci il tarixli qəbul aktından görünür ki, təqdim edilmiş sənədlərə və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin maddələrinə əsasən vətəndaş İddiaçı məxsus Ə.Rəcəbli küçəsi 3a №-li evin 33 №-li mənzilinin ümumi sahəsi 103,5 kv.m olçülər daxilində sənədləşdirilməsi məqsədəuyğun hesab edilir. İş materiallarından görünür ki, İddiaçı ünvan 4 ünvanda (yeni qaydalarla: ünvan 5 daşınmaz əmlakın dövlət reyesrində qeydiyyata alınması ilə bağlı müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən baxılmış və 25 iyul 2023-cü il tarixli məktubla təqdim edilmiş sənədlərin mənzildə aparılmış əlavə tikililərin sənədləşdirilməsi ilə əlaqədar olduğunu, həmçinin, idarənin mütəxəssisləri tərəfindən ünvanda keçirilən texniki baxış zamanı təqdim edilmiş layihədə əksini tapmayan yüngül inşaat konstruksiyalarından istifadə olunaraq mənzil sahəsinin artırıldığı bildirilmişdir. «İnzibati icraat haqqında» Qanunun Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nərimanov rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.1.2-ci maddəsində isə təsbit edilmişdir ki, dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin vəzifəsidir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPM-in 8.1.1-cü maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Nərimanov rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Hazırkı inzibati məhkəmə icraatında sübut və dəlillər çərçivəsində işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı ünvan 4 ünvanda (yeni qaydalarla: ünvan 3həsi olan mənzil üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 21 sentyabr 2022-ci il tarixdə qeydiyyata alınmışdır. Nəzərə alınmalıdır ki, iddiaçı mənzilin faktiki sahəsinə münasibətdə mülkiyyət hüquqlarının qeydiyyatını həyata keçirmək niyyətindədir. Lakin cavabdeh onun bu müraciətinin təmin etməkdən imtina edir və mənzilin sahəsi ilə bağlı artırma olduğunu iddia edir. İşin hallarından da göründüyü kimi hazırda iddia olunan mənzilin faktiki ölçüsü 103,5 kv.m təşkil edir. Mənzilin faktiki ölçüsünün artırımı ilə bağlı qeyd olunur ki, mənzil ilə bağlı rekonstruksiya işləri aparılmışdır ki, bunun nəticəsində Bakı şəhəri Nərimanov RİH başçısının sərəncamı, o cümlədən Bakı şəhəri Nərimanov RİH-in nəznində fəaliyyət göstərən Mənzil-məişət məsələləri üzrə İdarələrarası Komissiyasının 4 iyun 2021-ci il tarixli qəbul aktı ilə mənzilin faktiki ölçüsünə dair sənədləşdirilməsinin aparılması məqbul hesab edilmişdir. Hətta, mənzilə dair tətib olunmuş texniki pasportda belə mənzilin texniki göstəriciləri əks olunmuş və mənzilin faktiki ölçüsünün 103,5 kv.m olduğu göstərilmişdir. Mövcud olan bütün sənədlərdə iddia olunan mənzilin faktiki ölçüsünün 103,5 kv.m olması və ən əsası mənzilin həmin ölçüdə sənədləşdirilməsinə dair hər hansı maneənin olmadığını nəzərə alaraq, iddiaçının mənzilin 103,5 kv.m hissəsinə mülkiyyət hüquqlarının qeydiyyatı həyata keçirilməlidir. Məhkəmə belə olan halda hesab edir ki, iş üzrə müəyyən edilən həmin hallar iddiaçıya məxsus əmlaka mülkiyyət hüquqlarının qeydiyyatının aparılması üçün əsas yaradır. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Bakı şəhəri Nərimanov RİH başçısının 118 saylı 11 aprel 2014-cü il tarixli sərəncamında qeyd olunan ölçülər daxilində ünvan 4 ünvanda (yeni qaydalarla: ünvan 6 sahəsi 103,5 kv.m olan mənzilin üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2.2, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri Nərimanov RİH başçısının 118 saylı 11 aprel 2014-cü il tarixli sərəncamında qeyd olunan ölçülər daxilində ünvan 4 ünvanda (yeni qaydalarla: ünvan 6 sahəsi 103,5 kv.m olan mənzilin üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2013/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2013/2024
22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver