Məhkəmə qərarları › İş №2-1(112)-20135/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-20135/2025

18.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-20135/2025 18.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixə kimi keçmiş “Bakı Alüminium-Yayma” zavodunda, yəni indiki “Şüvəlan ASC”-də təmirçi çilingər vəzifəsində, daha sonra isə xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixə kimi əlvan metal əyiricisi, xx.xx.1994-cü il tarixdən xx.xx.2004-cü il tarixə kimi yenidən təmirçi vəzifəsində işləməsini nəzərə alaraq ona 57 yaşdan, hüququnun yarandığı tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hesab edir ki, onun əmək stajı, fəaliyyəti və yaşı yuxarıda göstərilən qanuna əsasən güzəştli şərtlərlə pensiya təminatına imkan verməkdədir. Belə ki, o, xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinə kimi keçmiş “Bakı Alüminyum-Yayma” zavodunda, yəni indiki “Şüvəlan ASC”-də təmirçi çilingər vəzifəsində çalışmışdır. Daha sonra isə xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinə kimi əlvan metal əyiricisi, xx.xx.1994-cü il tarixindən xx.xx.2004-cü il tarixinə kimi yenidən təmirçi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 sayılı Qərarı ilə həmin işdə çalışan işçilərə Güzəştli Təqaüdə çıxmağa imkan verir. Keçmiş “Bakı Alüminyum-Yayma” zavodunda, yəni indiki “Şüvəlan ASC”-də xx.xx.2013-cü il tarixində yanğın baş verdiyindən, zavodun arxiv sənədləri saxlanılan otaqda bütün sənədlər yanmışdır. İşçilərin əmək haqları, əmrləri və T 12 kartoçkaları da yanmışdır. Bu səbəbdən də, zavod ona əlavə sənədlər təqdim edə bilmir. Bakı İnzibati Məhkəməsinə daha əvvəlki müraciəti, fərqli predmetli mahiyyəti ehtiva edirdi. Belə ki, əvvəlki iddia ərizəsində hansı yaşdan hüququnun yarandığı tarixdən əmək pensiyasının təyin edilməsini bildirməmişdir. Hal-hazırkı iddia ərizəsində isə konkret olaraq, 57 yaşdan hüququnun yarandığı tarixdən əmək pensiyasının təyin edilməsini xahiş edir. Cavabdeh tərəfindən iddiaya dair yazılı münasibətdə göstərilmişdir ki, iddiaçı əvvəlki üç iddia ərizəsi ilə (2-1(112)-6296/2021, 2-1(112)40959/2024, 2-1(112)45833/2025 nömrəli iş) Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, onun iddia tələbləri hazırki tələbdə olan əmək fəaliyyəti dövrlərinin stajına daxil edilməsi ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi olmuşdur. Qeyd olunanlardan görünür ki, iddiaçının hazırki iddia tələbi ilə əvvəlki iddia tələbləri eyni məzmun və formaya malik olmaqla, hüquqi marağı yenə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Göründüyü kimi hazırki iddia ərizəsində qeyd olunan iddiaçının əmək fəaliyyəti dövrlərinin onun iş stajına daxil edilməsi ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məhkəmə araşdırmasının nəticəsi olaraq qanuni qüvvəyə minmiş qərarlar mövcuddur. İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən iddia tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan inzibati məhkəmə icraatı çərçivəsində həmin qərar ilə müəyyən edilmiş hallara yenidən baxıla bilməz. Odur ki, iddianın mümkünsüz hesab edilməsi xahiş edilir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmunu ilə oxşar izahat verərək iddianın mümkün hesab edilməməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ona 57 yaşdan güçəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6296/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1488/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2021ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Həmin qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1569/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 15.5-ci və 15.6-cı bəndlərində göstərilmişdir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir və qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin imperativ xarakter daşıyan tələbinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Göründüyü kimi iddiaçının hazırkı tələbinə dair artıq işə baxılaraq yekun məhkəmə aktı qəbul edilmiş və həmin qərar qanuni qüvvəsini almışdır. Buna baxmayaraq iddiaçı yenidən eyni cavabdehə qarşı eyni tələblə və eyni əsaslarla məhkəməyə müraciət etmişdir. Hazırda işə baxılması üçün yeni əsaslar müəyyən edilməmişdir. Odur ki, yuxarıda qeyd edilən məsələlər işə mahiyyəti üzrə baxılmasını qeyrimümkün edir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 23 iyul 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqeyinə görə “hazırkı iş üzrə qəbul edilmiş Konstitusiya Məhkəməsi Plenumunun 14 fevral 2020-ci il tarixli Qərarında məhkəmə aktlarının preyudisiallığı ilə bağlı mövcud prosessual qanunvericiliyə və əvvəlki qərarlarda formalaşdırılmış hüquqi mövqeyə istinad edilərək vurğulanmışdır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Qərarda qeyd edilmişdir ki, hüquq nəzəriyyəsində məhkəmə aktlarının preyudisial əhəmiyyəti ilə bağlı iki yanaşma – forma və məzmun yanaşması mövcuddur. “Forma”, yəni qəbul edilmiş məhkəmə aktının prosessual forması yanaşması baxımından yalnız işi mahiyyəti üzrə həll edən qətnamələrin preyudisial əhəmiyyəti tanınır. “Məzmun” yanaşması baxımından isə prosessual formasından asılı olmayaraq məhkəmə aktı ilə maddi-hüquqi faktlar müəyyən edildikdə, həmin məhkəmə aktı preyudisial əhəmiyyət kəsb edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar