Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2015/2021 23.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvanı: Bakı şəhəri, Yasmal rayonu , A.M.Şərifzadə küçəsi 2 , korpus 2, mənzil 6) və onun vəkili X2 (Ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi ev 5, mənzil 17a; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Sumqayıt regioanl vəkil bürosunun vəkili) cavabdehin nümayəndəsi X1 (Ünvanı: Balakən rayonu, Tülü kəndi; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Məhkəmə mübahisələri üzrə iş şöbəsinin böyük mütəxəssisi) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdeh tərəfindən iddiaçının güzətli şərtlərlə yaşa görə pensiyaya çıxmasına və ona ödənilməmiş 3 illik pensiya məbləğinin hesablanaraq yeni alacağı pensiya məblıəğinə əlavə edilməklə ödənilməsinə dair cavabdehin üzərinə vəzifə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) 03.05.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 23.11.2021-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddia tələbinin “01.03.2020-ci il tarixindən 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi” kimi oxunması qərara alınmışdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim edərək, cavabdehin hazırkı məsələdə inzibati akt qəbul etməməsi, həmçinin hərəkətsizlik göstərməməsi səbəbindən iddianın mümkün sayılmamasını xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə əvvəlcə cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh inzibati orqan 11.08.2020-ci il tarixli məktubla iddiaçıya pensiyanın təyin edilməsi məsələsinə sənədlərin əsllərinin tam şəkildə təqdim edilməsindən sonra baxılacağını bildirmişdir. İş materiallarından görünür ki, iddiaçı 07.05.2021-ci il tarixli ərizə ilə təkrar cavabdeh inzibati orqana müraciət etmiş lakin cavabdeh inzibati orqan 16.07.2021-ci il tarixli məktubla eyni məzmunlu (sənədlərin tam şəkildə təqdim edilməsi) cavab vermişdir. İş materiallarından görünür ki, məhkəmə İPM-in 67.2-ci maddəsini rəhbər tutaraq 16.09.2021-ci il tarixdə İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi ilə bağlı müraciətinə 20 (iyirmi) gün müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilməsinə dair qərardad qəbul etmişdir. Lakin, iş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunması üçün heç bir tədbir görülmədiyindən, mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilmiş və işə mahiyyəti üzrə baxılmışdır. Məhkəmə prosessual qənaət prinsipi baxımından hazırkı iddianı mümkün hesab etmişdir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı uzun illər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən siyahı üzrə məhkəməyə təqdim etdiyi hüquqmüəyyənedici sənədlər əsasında müxtəlif idarələrdə qaynaqçı və ocaqçı vəzifələrində çalışmışdır. Əmək kitabşası üzrə ona şamil olunan güzəştli şərtlər əsasında yaşımın 60, ümumi stajının 25, ağır iş stajının isə 12 il 6 ay olduğunu nəzərə alaraq sənədlərini toplayaraq cavabdeh təşkilata müraciət etmişdir. Sovet dönəmində fəaliyyət göstərdiyi idarə və təşkilatlardan müvafiq arayışları da yığaraq cavabdehə təqdim etdikdə bütün məlumatların əmək kitabçasında qeyd edildiyini, lakin bir sıra idarələrin sənədləri arxivə təhvil vermədikləri üçün ondan asılı olmayan səbəblərədən həmin arayışları təqdim edə bilmədiyinə görə cavabdeh ona imtina verərək arayışların toplanmasının iddiaçının vəzifəsinin olduğunu, əmək kitabçasında yazılanların onlar üçün əsas olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən iddiaçı əlavə olaraq öz izahatında bildirmişdir ki, onun müxtəlif dövrlərdə “elektrik qaynaqçısı” peşəsi işləyərkən o, “əl ilə qaynaq aparan elektrik qaynaqçısı”kimi işləmişdir. Cavabdeh orqan isə bunun əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddianı müdafiə edərək, təmin olunmasını xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Cəbrayıl rayonunda anadan olmuşdur. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş və tərcümə edilmiş Əmək kitabçasına əsasən İddiaçı 24.08.1978-ci il tarixdə əmək fəaliyyətinə başlamış və müxtəlif müəssisə və peşələrdə işləmişdir. Hal-hazırda işləyir. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş ******* nömrəli Hərbi Biletə əsasən İddiaçı 19.04.1979-cu il tarixdən 22.04.1981-ci il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən göründüyü kimi 01 yanvar 2006-cı ilədək iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla, 25 ildən artıq (26 il 03 ay 23 gün) ümumi iş stajı mövcud olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Məhkəmə hesab edir ki, pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, hərbi xidmət müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına hərbi (alternativ) xidmət müddəti də daxil edilir. Məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı qeyd edir ki, iddiaçının işlədiyi elektrik montyoru, montajçı, elektrik qaynaqçısı, elektrik, çilingər peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda (həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda) nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. İddiaçının işlədiyi peşələr qeyd edilən Siyahının “X. Kimya istehsalatı” bölməsində 2110A030-17531 və 2110A030 kodla, “XXXİİİ. Ümumi peşələr” bölməsində 23200000- 19906 kodla, 23200000—13162 kodla nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının 01.01.2006-cı il tarixə kimi 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə iş stajının mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.3-cü bəndinə əsasən Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Həmin Qaydaların 4.1.9-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydaların 4.1.10-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. Beləliklə, məhkəmənin qənaətinə görə İddiaçı 01.01.2006-cı il tarixə kimi 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 01.03.2020-ci il tarixindən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. İddiaçı 01.03.2020-ci il tarixindən 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-2015/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2015/2021
23.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver