Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2015/2024 26.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Ş.Tağıyevə və ona bağ-icarə müqaviləsi əsasında torpaq sahəsi ayrılmışdır ki, həmin torpaq sahəsi onun istifadəsindədir. Ş.Tağıyev 2007-ci il tarixdə vəfat etmiş, o vaxdan torpaq sahəsi onun istifadəsindədir. Bununla bağlı cavabdehə müraciət edərək hüquqların dövlət qeydiyyatına alınması xahiş edilmiş, lakin müraciətin təminindən imtina edilmişdir. İddia ərizəsinə etiraz: Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, icarə müqaviləsi Ş.Tağıyevin adına olmuşdur. Beləliklə də iddiaçı öz adına hər hansı hüquqmüəyyənedici sənəd təqdim edə bilməmişdir. Torpaq sahəsi ümumi hasar daxilində yerləşməklə, bir hissə cizgiyə əsasən qonşu bağın ərazisinə, digər hissə isə bağlararası yola düşür. Faktiki ölçü də 0,1920 ha təşkil edir. Tərəflər izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia, məhkəmə hesab edir ki, subyektiv hüquq baxımından da mümkündür. Belə ki, mövcud məhkəmə praktikasında hər hansı hüquqmüəyyənedici sənəd olmadan faktiki torpaq sahələrinin istifadəsində olan şəxslərin çıxarışın verilməsinə dair iddiaları mahiyyəti üzrə hüquqmüəyyənedici sənədin mövcud olub-olmaması baxımından qiymətləndirirsə, məhkəmə hesab edir ki, müqavilə başqa şəxsin adına olsa da, icarə müqaviləsində ailə üzvü hissəsində adıçəkilən şəxsin bağ sahəsinə dair iddiası da imtinanın dəlillərinin düzgün olub-olmamasına münasibətdə mahiyyəti üzrə qiymətləndirmə tələb edir. Torpaq sahəsinin faktiki iddiaçının istifadəsində olması da məhkəmə hesab edir ki, subyektiv hüquqla bağlı mümkünlük şərtinin ödənilməsi anlamına gəlir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X1 və İstismarı Birliyinin müqaviləsindən və inventarlaşdırma vərəqəsindən görünür ki, icarədar Ş.Tağıyevlə icarə müqaviləsi bağlanılmış, torpaq sahəsi ona təhvil verilmişdir. Müqavilədə icarədarın ailə üzvü hissəsində iddiaçının adı qeyd edilmişdir. Müqavilənin tərtibatına əsas olan sənədlərdən görünür ki, 1922-ci il təvəllüdlü Ş.Tağıyev ilə ilkin icarə müqaviləsi 11 dekabr 1963-cü il tarixdə bağlanılmış, sonradan Bakı Bağlar İdarəsinə ərizələr ilə müraciət edərək bağın müqavilə müddətinin uzadılması haqqında sərəncam verilməsini xahiş etmiş, sonuncu müqavilə də 20 noyabr 2001-ci il tarixdə bağlanılmışdır. Ölüm haqqında arayışdan görünür ki, icarədar 2007-ci il tarixdə vəfat etmişdir. Ədliyyə Nazirliyi və Dövlət Notariat Arxivinin məktublarından görünür ki, icarədarın vəfatı ilə əlaqədar vərəsəlik işinin açıldığı müəyyən edilməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qeyd olunmalıdır ki, hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Doğrudur ki, bağ sahələrinə dair verilən icarə müqavilələri hüquqmüəyyənedici sənəd qismində çıxış etməklə hüququn qeydiyyata alınması üçün əsas qismində çıxış etsə də, hazırkı iş üzrə istinad olunan icarə müqaviləsindən görünür ki, icarə müqaviləsi iddiaçının adına olmamaqla digər bir şəxsin adına olmuşdur. Belə ki, bağ sahəsinə dair bağlanılmış icarə müqavilələrindən də göründüyü kimi bağ sahəsinin icarədarı Ş.Tağıyev adlı şəxs olmuş, icarə müqaviləsində iddiaçı bağın icarədarı olmamış, icarə müqaviləsində iddiaçının adı ailə üzvü hissəsində göstərilsə də, məhkəmə araşdırması zamanı ailə qanunvericiliyin xüsusiyyətləri baxımından ailə üzvü olması da aşkar edilməmişdir. 1922-ci il təvəllüdlü Ş.Tağıyevlə müqavilə müddəti bitdikdən sonra mütəmadi olaraq bağlanılan icarə müqavilələrinin sonuncusu 2001-ci il tarixdə bağlanılmış, həmin müqavilənin müddəti 19 fevral 2011-ci il tarixdə bitmişdir. Müqavilədən görünür ki, müqavilənin bütün müddəalarının icarədar və onun ailə üzvləri tərəfindən yerinə yetirildikdə müqavilə yeni müddətə bağlanılma üçün hüquq verir. Bağın icarədarı vəfat etdikdə bağın icarə müqaviləsi onun müəyyən edilmiş müddəti bitənədək icarədarın özü ilə birgə yaşayan ailə üzvlərindən, yaxud ondan ayrı yaşayan yaxın qohumlarından biri ilə yenidən bağlanılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Ailə Məcəlləsinin 2.1-ci maddəsinə əsasən ailə üzvləri dedikdə ər-arvad, valideynlər və uşaqlar başa düşülür. Mülki Məcəllənin 695.1-ci maddəsinə əsasən kirayəçinin öldüyü halda kirayə müqaviləsi üzrə hüquq münasibətləri, əgər başqa kirayəçilər varsa, onlarla davam etdirilir. Başqa kirayəçilər olmadıqda kirayə müqaviləsi üzrə hüquq münasibətləri vərəsələrlə davam etdirilir. Növbəti kirayəçinin və ya vərəsənin qanunla müəyyənləşdirilmiş xəbərdarlıq müddətlərini gözləməklə kirayə müqaviləsi üzrə hüquq münasibətlərinin ləğvinə dair bildiriş vermək hüququ vardır. Məhkəmə araşdırması zamanı isə iddiaçının bağın icarədarının ailə üzvü olması, icarədarın adına vərəsəlik işinin açılması aşkar edilməmiş, müqavilə 19 fevral 2011-ci il tarixədək qüvvədə olmuş, iddiaçının kirayəçi qismində tanınması və ya kirayəçinin vərəsəsi qismində olması barədə hər hansı sübut təqdim edilməmişdir. Göründüyü kimi iddiaçı icarə müqavilələrin tərəfi qismində heç bir zaman tanınmamışdır ki, faktiki torpaq sahəsi istifadəsində olsa belə həmin torpaq sahəsinə aid hüquqmüəyyənedisi sənəd olsa belə, həmin hüquqmüəyyənedici sənəd iddiaçının hüququnu müəyyən edən sənəd olmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-2015/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2015/2024
26.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver