Məhkəmə qərarları › İş №2-1(112)-2016/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2016/2021

24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2016/2021 24.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X4 (hüquq məsləhətçisi, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs X5) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, texniki pasportun və çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin faktiki vəziyyətə uyğun olaraq onun, yəni İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin yaşayış sahəsinə dair texniki pasportun və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2016/2021 saylı, 18 iyun 2021-ci il tarixli qərardadına əsasən X5 3-cü şəxs qismində işə cəlb edilmişdir. İddia tələbi əsasən onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında iddiaçı atababalarında ona qalan sahədə yaşayır. Sovet İttifaqı zamanı bu sahə öncə iribuynuzlu heyvanların saxlama yeri kimi fəaliyyət göstərmiş, daha sonralar Kərbəlayi Ağaəli adı ilə tanınan babası orada birmərtəbəli yaşayışı evi tikmiş və sonra evin 2-ci mərtəbəsi atası X7 tərəfindən ucaldılmışdır. Sovet İttifaqı zamanı evlərin sənədləşməsi qanunauyğun olmadığından heç bir sənəd və qeydiyyat olmamışdır. 1990-cı ildən etibarən atası rəhmətə getdikdən sonra uzun illər qeydiyyat üçün çəkişmələr apardıqdan sonra o, atababalarından qalan mülkdə xx.xx.2019-cu il tarixində qeydiyyata alınmışdır. Ona məxsus əmlakın çıxarışının alınmasına dair xx.xx.2020-ci il tarixində cavabdehə müraciət etmiş, lakin təqdim etdiyi sənədlər yetərli olmadığı göstərilərək, xx.xx.2020-ci il tarixdə ona imtina cavabı verilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, məsələ ilə bağlı iddiaçı tərəfindən İdarəyə müraciət olunmuş, lakin fərdi yaşayış evinə və torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdi. Bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. Etirazın əsası olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1, 8.0.9, 8.0.9.1.1, 8.0.9.1.2, 8.0.10, 8.0.10.2 və 11.1-ci maddələrinə istinad olunmuşdur. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs X5 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında 3-cü şəxs X1 iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, İddiaçı 30 dekabr 2019-cu il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan İ-ДВ № 481185 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 11 dekabr 1990-cı il tarixdə vəfat etmişdir. İşdə olan 41 saylı MKİS tərəfindən təsdiq edilmuş Ə.Topçubaşov küçəsi, ev 110 ünvanında yaşayan X2 istifadəsində olan sahənin sxemindən görünür ki, yaşayış evi 2 mərtəbəli olmaqla, ümumi sahəsi 94,30 kv.metr, yaşayış sahəsi 30,5 kv.metr təşkil edir. İşdə olan ünvan 5 ünvanında qeydiyyatda olan X8 tərəfindən 18 may 2021-ci il tarixdə verilmiş notarial qaydada ərizənin təsdiq edilmiş kserosurətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 110 saylı fərdi yaşayış evi qonşusu İddiaçı məxsusdur və o, həmin evdə uzun müddətdir ki, yaşayır. İşdə olan ünvan 5 ünvanında qeydiyyatda olan X6 tərəfindən 18 may 2021-ci il tarixdə verilmiş notarial qaydada ərizənin təsdiq edilmiş kserosurətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 110 saylı fərdi yaşayış evi qonşusu İddiaçı məxsusdur və o, həmin evdə uzun müddətdir ki, yaşayır. İşdə olan ünvan 7 ünvanında qeydiyyatda olan X3 tərəfindən 18 may 2021-ci il tarixdə verilmiş notarial qaydada ərizənin təsdiq edilmiş kserosurətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 110 saylı fərdi yaşayış evi qonşusu İddiaçı məxsusdur və o, həmin evdə uzun müddətdir ki, yaşayır. İşdə olan Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 41 saylı MKİS tərəfindən verilmiş 72 saylı, 18 may 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Ə.Topçubaşov küçəsi, 110a saylı ünvanda qeydiyyatdadır. Ailə tərkibi 1 nəfər – özündən ibarətdir. Qonşuların aktına əsasən ev ona məxsusdur. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********05 saylı imtina məktubundan görünür ki, iddiaçının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizəsinə baxılmış və müraciətlə əlaqədar bildirilmişdir ki, qeyd edilən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər toplusu təqdim edilməmişdir. Həmçinin yaşayış evinə idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Beləliklə işin araşdırılan hallarından aydın olur ki, iddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dövlət reyestrindən çıxarışın verilməsini tələb edir. Bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli, **********05 saylı məktubla müraciətin təmin edilməsindən daşınmaz əmlakla bağlı hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyi əsası ilə imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının qeyd edilən daşınmaz əmlaka hüquqmüəyyənedici sənədlərinin mövcud olması müəyyən edilməmişdir. İddiaçı daşınmaz əmlakın uzun müddətdir onun istifadəsində olmasına, həmin ünvana pasport qeydiyyatına alımasına əsaslanaraq, bunu təsdiq edən sənədləri məhkəməyə təqdim etsə də, göstərilən sənədlər qeyd edilən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınması üçün əsas deyildir. İddiaçının həmin evdə qeydiyyatda olmasına gəldikdə isə qeyd olunmalıdır ki, yaşayış yeri üzrə qeydiyyat təbiətinə görə texniki xarakter daşımaqla öz-özlüyündə qediyyatda olan şəxsə qeydiyyatda olduğu evə dair hər hansı əmlak hüququ vermir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar adlanmaqla, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan sübutların dairəsini müəyyənləşdirir. Həmin normada əks olunan əsaslardan isə hər hansı biri iddiaçı tərəfindən nə cavabdehə, nə də məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ona məxsus olduğunu iddia etdiyi fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etsə də, fərdi yaşayış evinin onun adına qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənədləri mövcud deyildir. Buna görə də cavabdeh tərəfindən həmin daşınmaz əmlakın iddiaçının adına qeydiyyata alınmasından imtina edilməsi əsaslı olmuşdur və iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar