Məhkəmə qərarları › İş №2-1(112)-2017/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2017/2024

15.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2017/2024 15.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X3 kаtibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “iddiaçının Polis İdarəsinin İnzibati binasına qeydiyyata düşməyi barədə qətnamə çıxarılması” barədə iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “iddiaçının Polis İdarəsinin inzibati binasına qeydiyyata düşməyi barədə qətnamə çıxarılması” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı yaşayış yeri olmadığı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qrupundan olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində müvəqqəti yaşayır. Qeydiyyat ünvanı polis idarəsinin inzibati binası olmuşdur. Yaşadığı sığıncağın müddəti 180 gün olduğundan, eyni zamanda mülkiyyət üzrə çıxarışı olmadığından müəssisəyə qeydiyyata düşməyi mümkün olmamışdır. Səhhəti ilə bağlı ciddi problemləri var, lakin şəxsiyyət vəsiqəsi deaktiv olduğundan tibb xidmətlərindən istifadə edə bilmir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya dair münasibətini təqdim edərək bildirmişdir ki, vətəndaşların yaşayış yeri üzrə qeydiyyata alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan sənədlərdən biri - yaşayış yerinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 55s saylı Sərəncamının tələbinə əsasən yalnız yaşayış yeri olmayan şəxslər ərazi polis orqanının inzibati binası üzrə qeydiyyata alınmaqla şəxsiyyət vəsiqəsi ilə təmin edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsi ilə şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri müəyyən edilmişdir. Bu səbəbdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial (xüsusi) müəssisəsində faktiki yaşayan İddiaçı yaşayış yeri olmayan şəxs kimi sənədləşdirilməsi mümkün hesab edilməmiş və həmin müəssisənin vəsatəti olduğu təqdirdə onun sosial xidmət aldığı müəssisənin ünvanı üzrə qeydiyyata alınması təmin ediləcəkdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin X7 Olan Şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin Daxili Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə ünvanladığı 02 mart 2023-cü il tarixli, 3-17-3/2-8104/2023 nömrəli məktubuna əsasən bildirilmişdir ki, X7 X14 Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi müəyyən yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslərin yaşayışını təmin edir və onların sosial reabilitasiyasım təşkil edir. Bununla əlaqədar olaraq müvəqqəti olaraq yerləşdirilmiş xx.xx.1962-ci il təvəllüdlü X8, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı, xx.xx.1969-cu il təvəllüdlü X2, xx.xx.1960-cı il təvəllüdlü X6, xx.xx.1964-cü il təvəllüdlü X10, xx.xx.1978-ci il təvəllüdlü X9, xx.xx.1960-cı il təvəllüdlü X1 şəxsiyyət vəsiqələri deaktiv edilmişdir. Həmin benefisiarların şəxsiyyət vəsiqələrinin yenilənməsi istiqamətində sosial-hüquqi işlər həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli № 55s saylı Sərəncamına əsasən yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşları Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən orqanın ünvanı üzrə qeydiyyatdan keçməlidir. Bunları nəzərə alaraq X8, İddiaçı, X2, X6, X13, X9, X1 şəxsiyyətini təsdiq edəın sənədlərin yenilənməsinə köməklik göstərəsiniz. İş materiallarına əlavə edilmiş, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində çıxarışından görünür ki, iddiaçının yaşayış yeri Bakı şəhəri, Xətai rayonu, Xətai RPİ, E.Əliyev küçəsi 4, İnzibati bina olması qeyd edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım barədə məktub göndərilərək, iddia tələbi iddiaya cavab verən orqan olmayan Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı qaldırıldığı bildirilmiş, lakin iddiaçının iddia tələbinin Xətai rayon Polis İdarəsinin inzibati bina üzrə qeydiyyatda olduğu üçün həmin inzibati orqana aid olduğu nəzərinə çatdırılmış, iddia tələbinin və cavabdehin dəyişdirilməsi barədə ərizənin təqdim edilməsinin zərurəti izah edilmiş, iş üzrə təyin edilmiş məhkəmə iclasında iddia ərizəsinə inzibati məhkəmə icraatında baxılmasının mümkünlüyü məsələsinə baxılacağı barədə xəbərdar edilmişdir. Bundan əlavə, məhkəmə tərəfindən işin halları və mübahisənin vəziyyətini müzakirə (izah) etmək məqsədi ilə xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərə məhkəmə iclasları təyin edilmiş və məhkəmə iclaslarında iddiaçı özünün və ya nümayəndəsinin iştirakını təmin edilməsi üçün məhkəmə bildirişləri göndərilmişdir. Lakin iddiaçı (və ya nümayəndəsi) məhkəmə iclaslarında iştirak etməmiş, bunun səbəbləri barədə məlumat verməmiş, vəsatət ilə məhkəməyə müraciət etməmiş, iddia ərizəsinin dəyişdirilməsi barədə ərizəni təqdim etməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.2-ci bəndinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 2.3-cü bəndinə əsasən ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olubolmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Beləliklə, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi iddiaçının qaldırdığı iddiaya cavab verən inzibati orqan deyildir. Göründüyü kimi, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə uyğun deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “iddiaçının Polis İdarəsinin İnzibati binasına qeydiyyata düşməyi barədə qətnamə çıxarılması” barədə iddiası mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar