Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2018/2021 31.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs “xxxx” MMC) “artıq ödənilmiş verginin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş və iddiaçının şəxsi hesab vərəqəsində əks olunan 98.442 manatın (doxsan səkkiz min dörd yüz qırx iki manat) əvəzləşdirmə yolu ilə zərərçəkmiş şəxs “xxxx” MMC-yə qaytarılmasına dair və öhdəliyin icra olunmamasına görə 21.263,48 manat (iyirmi bir min iki yüz altmış üç manat, qırx səkkiz qəpik) məbləğinin cavabdehdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən ilk cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. Eyni zamanda məhkəmə tərəfindən “xxxx” MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, xx.xx.2020-ci il tarixdə “xxxx” MMC-nin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı Sumqayıt şossesi 6-cı km ünvanında yerləşən ümumi sahəsi 2916,8 kv.m olan qeyri-yaşayış binası ******* nömrəli alqı-satqı müqaviləsi əsasında tam mülkiyyət üzrə “X5” MMC-yə satılması iddiaçı tərəfindən rəsmiləşdirilmişdir. Bu alqı-satqıya görə “xxxx” MMC satış məbləğinə müvafiq olaraq ƏDV-yə cəlb olunmasına baxmayaraq, qeyd olunan qeyri-yaşayış binası iddiaçı tərəfindən sadələşdirilmiş vergiyə cəlb olunmuş və nəticədə 98.442 manat cavabdehin hesabına köçürülmüşdür. Sadələşmiş vergi şəkilində səhvən tutulmuş 98.442 manat məbləğinin geri qaytarılması məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinə xx.xx.2020-ci il tarixli **********645000 saylı ərizə ilə müraciət olunmuş və nəticə olaraq vergi bəyamnaməsinin dəqiqləşdirilməsi aparılmışdır. Dəqiqləşdirmə nəticəsində sadələşmiş vergi şəkilində səhvən tutulmuş 98.442 manat məbləğinin pul şəklində geri qaytarılmasına iddiaçı nail olmasa da şəxsi hesab vərəqəsinə geri qaytarılması həyata keçmişdir. Nəticə etibarı ilə iddiaçının şəxsi hesab vərəqəsində 98.442 manat artıq ödəmə formalaşmışdır. Lakin həmin məbləğin Satıcı - “xxxx” MMC-yə qaytarılması məqsədi ilə birbaşa şəxsi hesab vərəqəsindən köçürmə yolu ilə həyata keçirilməsi mümkün olmadığından bu əməliyyatı Notariat kontorunda gündəlik olan əməliyyatlardan tutulan vergilərin həmin hesabdan ödəməyi və həmin vergiyə bərabər olan məbləği hissəli şəkildə əvəzləşmə yolu ilə tələbkar “xxxx” MMC-nin hesabına köçürülməsində qeyd olunan Cəmiyyətlə razılıq əldə olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 15.1.4-cü yarımbəndinə əsasən artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etməyə vergi ödəyicisinin hüququ var. Həmin Məcəllənin 24.0.10-cu yarımbəndinə əsasən vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək vergi orqanının öhdəsi kimi nəzərdə tutulur. Artıq ödənilmiş verginin geri qaytarılması məqsədi ilə Dövlət Vergi Xidmətinin rəsmi elektron portalı vasitəsi ilə ilk olaraq xx.xx.2020-ci il tarixli **********645000 saylı ərizə ilə iddiaçı müraciət etmiş, sonralar müxtəlif tarixlərdə eyni məzmunlu müraciət etsələr də iddiaçının qanuni tələbi cavabdeh tərəfindən icra olunmamışdır. Sonuncu dəfə olaraq xx.xx.2020-ci il tarixli **********164300 saylı şəxsi hesab vərəqəsi vasitəsi ilə tələbkar “xxxx” MMC-yə dəymiş ziyanın geri qaytarılması məqsədi ilə əvəzləşdirməyə dair müvafiq arayışın tələbi üçün iddiaçı müraciət etsə də, həmin öhdəliyi icra etməkdən imtina etmişlər. Bununla da tələbkar “xxxx" MMC xüsusi karantin rejimi elan edilmiş müddətdə bir çox maddi çətinliklərlə üzləşərək 3-cü şəxslər qarşısında öz öhdəliklərini yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 59.3-cü maddəsinə əsasən müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən (45 gün ərzində geri qaytarılmadıqda) həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Bununla da ilk müraciətin müddətinə əsaslanaraq 216 təqvim günü keçmiş və müvafiq olaraq artıq ödənilmiş verginin 21,6% olaraq 21.263,48 manat məbləğində cərimə ödənilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, satıcı “xxxx” MMC ilə alıcı “X5” MMC arasında bağlanmış Bakı şəhəri, Sumqayıt Şossesi 6-cı km ünvanında yerləşən ümumi sahəsi 2916,8 kv.m olan qeyriyaşayış binasının alqı-satqı müqaviləsi üzrə ödəmə mənbəyində tutulmuş 98442 manat sadələşdirilmiş vergi notarius tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edildiyindən iddiaçının şəxsi hesab vərəqəsində artıq ödəmə kimi bərpa olunmuşdur. Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və müvafiq tənzimləyici normativ hüquqi aktı qismində “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli Qərarı (əlavə və dəyişikliklər nəzərə alınmaqla) müəyyən edilmişdir. Qeyd edilən Qaydaların 3.1-ci yarımbəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən isə artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. Həmin Qaydaların 3.2-ci yarımbəndinin göstərişinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin və ya sığortaedənin qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Qaydaların 4.1.3-cü yarımbəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər. İddiaçı tərəfindən vergi orqanına ünvanlanan artıq ödəmənin qaytarılması barədə müraciətə əsasən artıq ödənilmiş 98442,0 manat vergi məbləğinin geri qaytarılmasına dair “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması barədə” **********258400 nömrəli rəy və ona əlavələr aidiyyəti üzrə xx.xx.2020-ci il tarixli **********368200 nömrəli məktubla Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə göndərilmişdir. Qaydaların tələblərinə əsasən artıq ödəmə ilə bağlı vergi orqanlarının səlahiyyəti artıq ödənilmiş vəsaitin qaytarılması üzrə rəy verilməsi ilə məhdudlaşdırılmışdır. Başqa sözlə desək, vergi orqanı artıq ödəmənin qaytarılması üzrə səlahiyyətli olmamaqla, sadəcə həmin ödəmələrin qaytarıılmasına dair rəy tərtib etmək səlahiyyətinə malikdir. Yuxarıda da qeyd edildiyi kimi cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi notarius tərəfindən artıq ödənilmiş 98442 manat məbləğin geri qaytarılması barədə **********258400 №-li rəy tərtib edərək, xx.xx.2020-ci il tarixli məktubla aidiyyəti üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərmiş və iddiaçıya bu barədə məlumat təqdim etmişdir. Göründüyü kimi vergi orqanı Vergi Məcəlləsinin 24.0.10-cu maddəsinə əsasən artıq ödənilmiş vergi məbləğlərinin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməklə, yəni artıq ödəmənin qaytarılması barədə rəy tərtib edərək aidiyyəti üzrə təqdim etməklə öhdəliyini yerinə yetirmişdir. Qaydaların 5.2-ci bəndinə əsasən mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bir nüsxəsi və ərizələrin surəti 5 (beş) və ya bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallarda 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən maliyyə orqanları vergi ödəyicisinin vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq, vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər. Qeyd edilən bəndlərin tələblərindən aydın olduğu kimi vergi orqanları tərəfindən müvafiq qaydada tərtib olunmuş rəy üzrə artıq ödənilmiş vəsaitin qaytarılması vəzifəsi qanunvericiliklə Maliyyə Nazirliyinin üzərinə qoyulmuşdur. Yəni, vergi orqanı tərəfindən artıq ödəmənin qaytarılması barədə rəy tərtib olunaraq Maliyyə Nazirliyinə təqdim edildikdən sonra artıq ödəmənin qaytarılması Maliyyə Nazirliyi tərəfindən təmin edilməlidir. Odur ki, vergi orqanları artıq ödəmənin qaytarılması vəzifəsini daşımadığından məhkəmə qaydasında belə vəzifənin orqanın üzərinə qoyulması qanunsuz və əsassızdır. İddia tələbində iddiaçının şəxsi hesab vərəqəsinə artıq ödəmə kimi bərpa olunmuş 98442 manat vəsaitin əvəzləşdirmə yolu ilə ‘‘xxxx’’ MMC-yə qaytarılması və öhdəliyin icra olunmamasına görə 21236,48 manat məbləğin cavabdehdən tutulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinin tələbinə əsasən torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilələri təsdiq edən notarius ödəmə mənbəyində vergini tutmağa borclu olan şəxs qismində çıxış edir. Odur ki, vergi qanunvericiliyinə əsasən notarius qeyri-yaşayış sahəsinin təqdim edilməsi üzrə ödəmə mənbəyində verginin tutulmasına görə vergi agenti qismində öhdəlik daşıyır. Vergi Məcəlləsinin 17.2-ci maddəsinə əsasən vergi agentinin, Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisi ilə eyni hüquqları vardır. Göründüyü kimi vergi qanunverciliyi ödəmə mənbəyində tutulan sözügedən verginin hesablanması və tutulması öhdəliyini vergi agentinin, yəni notariusun üzərinə qoymaqla, qeyd edilən vergi hüquq münasibətlərinin tərəflərinin notarius və vergi orqanı olmasını aydın şəkildə müəyyən etmişdir. Odur ki, qeyd edilən hüquq münasibətinin subyektləri notarius və vergi agenti kimi müəyyən olduğundan alqı-satqı müqaviləsi üzrə ödənişi həyata keçirən tərəf bu münasibətlərdə subyekt qismində çıxış etmir. Vergi qanunvericiliyinin, o cümlədən yuxarıda istinad edilmiş Qaydaların müddəalarına müvafiq olaraq artıq ödəmənin qaytarılması üzrə vergi orqanı tərəfindən həyata keçirilən səlahiyyətlərin dairəsi üzrə müəyyən edilən məhdudiyyətlərə əsasən artıq ödənilmiş vəsaitin qeyd edilən münasibətin tərəfi qismində çıxış etməyən üçüncü şəxsin hesabına bərpa edilməsi nəzərdə tutulmamışdır. Belə ki, Vergi Məcəlləsinin 87-ci maddəsinə əsasən artıq ödənilmiş vəsaitlər ya vergi ödəyicisinin borclarına, o cümlədən öz razılığı ilə gələcək dövrün ödəmələrinə aid edilir, ya da vergi ödəyicisinin yazılı müraciətinə əsasən geri qaytarılır. Maddənin də tələbindən aydın olduğu kimi artıq ödənilmiş vəsaitlər üzrə başqa hərəkətlərin həyata keçirilməsi, o cümlədən həmin vəsaitlərin üçüncü şəxsin şəxsi hesab vərəqəsində bərpa edilməsi nəzərdə tutulmamışdır. Beləliklə, vergi orqanı tərəfindən artıq ödənilmiş vəsaitin qaytarılması ilə bağlı rəy tərtib edərək qanunvericiliklə nəzərdə tutulmuş öhdəliyini icra etdiyindən, artıq ödəmənin üçüncü şəxsin hesab vərəqəsinə bərpa edilməsi isə qanunvericiliklə nəzərdə tutulmadığından iddia tələbinin digər hissəsinin - öhdəliyin icra olunmamasına görə 21236,48 manat məbləğinin cavabdehdən tutulması - əsassızlığı da öz təsdiqini tapır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “xxxx” MMC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan İddiaçı (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, hesablanmışdır 111.922,03 manat, ödənilmişdir 259.154,90 manat, əhatə etdiyi dövrün son tarixinə saldo 253.768,01 manat, çap tarixinə saldo 315.393,50 manat, sosial üzrə bölüşdürülməmiş ödənişlər 2,66 manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “A” formatlı 01 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına 103.375,5 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan AN-İ seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı Sumqayıt şossesi 6-cı km ünvanında yerləşən ümumi sahəsi 2916,8 kv.m olan qeyri-yaşayış binasını və ümumi sahəsi 0.506 ha olan torpaq sahəsini tam mülkiyyət üzrə “X5” MMC-yə satmışdır. Müqavilə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu İddiaçı tərəfindən təsdiq edilmişdir (Reyestrdə 4Ə-186 nömrə ilə qeyd edilib). İş materiallarında olan Fiziki şəxs haqqında məlumatdan görünür ki, İddiaçı (VÖEN: **********) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır, əsas fəaliyyət növü “Xüsusi notariusların fəaliyyəti». İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli **********898800 saylı məktubda qeyd olunur: Sizin “xxxx” MMC-dən tutulmuş vergi məbləği, o cümlədən onun qaytarılması ilə bağlı müraciətinizə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır. Bildiririk ki, Xüsusi Notarius İddiaçı “xxxx” MMC-dən tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı müraciəti araşdırılmış və xx.xx.2020-ci il tarixli **********368200 nömrəli məktubla artıq ödənilmiş məbləğin qaytarılması ilə bağlı rəy və ona əlavələr aidiyyəti üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə göndərilmişdir. Belə ki, Baş Maliyyə İdarəsinin xx.xx.2020-ci il məktubu ilə İddiaçı tərəfindən təqdim edilmiş məktubda artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə 1 nəmrəli ərizə formasında səhvlərin aşkar edildiyi bildirilmişdir. Qeyd edilənlərlə bağlı, İddiaçı aidiyyəti üzrə məlumat verilmiş və qeyd edilən səhvlə bağlı müvafiq izahatın verilməsi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş Vergi ödəyicisinin vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə Rəyin təsdiq edilmiş surətindən görünür ki, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergiyə görə Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinə əsasən hüquqi şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı vergi tutulmaması səbəbindən vergi ödəyicisi İddiaçı (VÖEN: **********) xx.xx.2020-ci il tarixə 98442,00 manat məbləğində artıq ödəməsi yaranmışdır. Artıq ödəmənin vergi ödəyicisinin bank hesabına qaytarılmalı olması qeyd edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 17.2-ci maddəsinə əsasən vergi agentinin, bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisi ilə eyni hüquqları vardır; 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 150.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar: 150.1.9. fiziki şəxslər tərəfindən torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi (fiziki şəxsin azı 3 (üç) təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18ci, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda təqdim edilməsi, həmçinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edilməsi halları istisna olmaqla) üzrə müqavilələri təsdiq edən notarius. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması» Qaydalarının: 3.1-ci maddəsinə əsasən vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən isə Artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir; 3.2-ci maddəsinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin və ya sığortaedənin qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır; 4.1-ci maddəsinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar aşağıdakı artıq ödənilmiş vergilər, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.3. Bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.9-cu maddəsinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər; 4.10-cu maddəsinə əsasən vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəyin (4 nömrəli əlavə) 2 (iki) nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş halda 12 gün, 4.8-ci bəndin ikinci cümləsində nəzərdə tutulmuş halda isə 3 (üç) ay müddətində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların Bakı şəhərindəki qurumları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların yerli qurumları tərəfindən artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına və 1 (bir) nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 (bir) nüsxəsi isə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır; 5.2-ci maddəisnə əsasən mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bir nüsxəsi və ərizələrin surəti 5 (beş) və ya bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallarda 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir; 5.3-cü maddəisnə əsasən maliyyə orqanları vergi ödəyicisinin vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq, vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər. Sosial təminatı və müdafiəni həyata keçirən orqanlar sığortaedənin sosial təminatı və müdafiəni həyata keçirən orqanda qeydiyyatından asılı olmayaraq, vəsaitin daxil olduğu xəzinə hesabının məxsus olduğu sosial təminatı və müdafiəni həyata keçirən orqanlar vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər. Məhkəmə tərəfindən müəyyən edildi ki, AN-İ seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən “xxxx” MMC mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı Sumqayıt şossesi 6-cı km ünvanında yerləşən ümumi sahəsi 2916,8 kv.m olan qeyri-yaşayış binasını və ümumi sahəsi 0.506 ha olan torpaq sahəsini tam mülkiyyət üzrə “X5” MMC-yə satmışdır. Müqavilə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu İddiaçı tərəfindən təsdiq edilmişdir (Reyestrdə 4Ə-186 nömrə ilə qeyd edilib). Həmin müqavilə üzrə ödəmə mənbəyində tutulmuş 98.442,0 manat sadələşdirilmiş vergi notarius tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edildiyindən iddiaçının şəxsi hesab vərəqəsində artıq ödəmə kimi bərpa olunmuşdur. Həmçinin iddiaçının “xxxx” MMC-dən tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı müraciəti cavabdeh tərəfindən araşdırılmış və Vergi ödəyicisinin vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə Rəy tərtib edilmişdir. Həmin rəyə əsasən mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergiyə görə Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinə əsasən hüquqi şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı vergi tutulmaması səbəbindən vergi ödəyicisi İddiaçı (VÖEN: **********) xx.xx.2020-ci il tarixə 98442,00 manat məbləğində artıq ödəməsi yaranmışdır, artıq ödəmənin vergi ödəyicisinin bank hesabına qaytarılmalı olması qeyd edilmişdir. Qeyd olunan Rəy və ona əlavələr cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli **********368200 nömrəli məktubla aidiyyəti üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə göndərilmişdir. Qeyd olunan normaların tələblərindən də göründüyü kimi, göstərilən verginin tutulması vergi agenti kimi notariusun (iddiaçı) vəzifələrinə aid edilmişdir. Bu halda isə qanunvericilikdə artıq ödəmənin başqa şəxsin xeyrinə əvəzləşdirilməsi yox, vergi məbləğinin qaytarılması nəzərdə tutulmuşdur. Qeyd olunan normaların tələblərinə əsasən də cavabdeh tərəfindən artıq ödəmənin qaytarılmasına dair müvafiq rəy tərtib edilərək Maliyyə Nazirliyinə təqdim edilmişdir və həmin vəsaitin qaytarılması Maliyyə Nazirliyi tərəfindən həyata keçirilməlidir. Cavabdehin səlahiyyətləri isə yalnız qeyd olunan müvafiq rəyin verilməsindən ibarətdir. Göründüyü kimi, cavabdeh müvafiq rəyi tərtib edib Maliyyə Nazirliyinə təqdim etməklə üzərinə düşən vəzifələri yerinə yetirmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-2018/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2018/2021
31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver