Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2019/2025 30.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Energetika Nazirliyinə qarşı “sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxsə dövlət qulluqçusu üçün nəzərdə tutulmuş əlavələrin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Energetika Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Energetika Nazirliyinə qarşı “sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxsə dövlət qulluqçusu üçün nəzərdə tutulmuş əlavələrin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Energetika Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sınaq müddəti ilə qulluğa qəbul edilən şəxslə (onunla) bağlanan əmək müqaviləsinin 10-cu maddəsini, Azərbaycan Respublikası X6nin rəsmi cavab məktubunu nəzərə alaraq məsələnin araşdırılmasını və sınaq müddəti ərzində qulluq keçdiyi 3 ay üçün nəzərdə tutulan vəzifə maaşının 1.1 misli həcmində əlavələrin ödənilməsinin (aylıq əmək haqqımın 855 AZN olduğunu nəzərə alaraq) cavabdehin üzərinə öhdəlik olaraq qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2018-ci il tarixindən etibarən Azərbaycan Respublikası Energetika Nazirliyində müxtəlif vəzifələrdə çalışmış, xx.xx.2023- cü il tarixindən etibarən Nazirliyin Enerji səmərəliliyi şöbəsinin İqtisadi sahələrdə enerji səmərəliliyi sektorunun aparıcı məsləhətçisi vəzifəsinə müddətli müqavilə əsasında təyin edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixində həmin vəzifə üzrə X6 tərəfindən vakant inzibati vəziflərin tutulması məqsədilə təşkil olunan müsabiqənin müsahibə mərhələsində iştirak edərək maksimal 20 baldan 19.7 (Respublika üzrə ən yüksək nəticələrdən hesab olunur) bal toplayaraq vəzifəyə uyğun hesab edilmiş və xx.xx.2023-cü il tarixindən etibarən energetika nazirinin əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra Qanun) 28.7-ci maddəsinə uyğun olaraq 6 ay müddətinə staj müddəti ilə dövlət qulluğuna qəbul edilmiş, staj mərhələsini uğurla keçdikdən sonra (kuratorun müsbət rəyi əsasında), Qanuna uyğun olaraq 3 aylıq dövlət qulluğunun sınaq mərhələsinə keçmişdir. 29 yanvar 2024-cü il tarixindən Qanunun 28.7-ci maddəsində qeyd edildiyi üzrə onunla 3 ay müddətinə dövlət qulluğunun sınaq mərhələsi üzrə nümunəvi forması Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2001-ci il tarixli 567 saylı Fərmanı ilə təsdiq edilən əmək müqaviləsi bağlanmış və 3 ayın tamamında daimi dövlət qulluğuna keçmədən 29 aprel 2024-cü il tarixindən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndi ilə işəgötürən tərəfindən xitam verilmişdir. Məhkəməyə müraciət etməsinin əsası Azərbaycan Respublikası Prezidentinin 1 mart 2022-ci il tarixli, 1610 saylı Fərmanı ilə dövlət qulluqçularının sosial rifahının artırılması məqsədilə vəzifə maaşına əlavə olaraq verilən 1.1 misli aylıq əlavələrin əksər dövlət orqanlarında xüsusən də 2-ci kateqoriya dövlət orqanlarında sınaq müddəti ilə qulluq keçən şəxslərə (6 aylıq staj müddətindən sonrakı 3 ay) verildiyini, lakin sınaq keçdiyi müddət ərzində Energetika Nazirliyində verilməməsidir. Sözügedən əlavələrin Energetika Nazirliyində verilmədiyini öyrəndikdən sonra, hələ staj dövründə olarkən o və qulluq keçdiyi şöbənin stajçı əməkdaşı Cəbrayılzadə Tərlan məsələyə münasibət bildirilməsi məqsədilə 17 yanvar 2024-cü ildə Azərbaycan Respublikası Dövlət X1 kollektiv vətəndaş müraciəti ünvanlanmış və müraciət ilə bağlı cavab aidiyyatı qaydada baxılması üçün X4 Şura tərəfindən göndərildikdən sonra, 06 mart 2024-cü il tarixli 9-3/2-C-1-137/2024 saylı məktub ilə onlara təqdim edilmişdir və cavab məktubunda qeyd edilən əlavələrin sınaq müddəti ilə qulluq keçən şəxslərə də verilməli olduğu qeyd edilmiş və sınaq müddəti ilə qulluq keçən şəxslərlə bağlanmış əmək müqaviləsinin (nümunəvi forması Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2001ci il tarixli 567 saylı Fərmanı ilə təsdiq edilir) 10-cu maddəsinə istinad edilmişdir. Cavab məktubu aldıqdan sonra o, və Tərlan Cəbrayılzadə subordinar qaydaya uyğun olaraq ilk öncə öz şöbə müdiri olan Nərgiz Bağırlı ilə, daha sonra, nazirliyin Maliyyə, Hüquq, Daxili nəzarət, Dövlət qulluğu və kadrlar şöbəsi ilə müzakirələr aparsalar da, heç bir nəticə almadığı üçün sonuncu iş günü olan 29 aprel 2024 tarixində elektron sənəd dövriyyəsi vasitəsilə energetika nazirinə xidməti ərizə ünvanlanmış və 1.1 misli əlavələrin verilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. Bu məsələlərdən sonra işdən azad edildiyi üçün xidməti ərizəsinə cavab ala bilmədiyi üçün yenidən 22 may 2024-cü il tarixində Energetika Nazirliyinə elektron qaydada müraciət yollamışdır və nəhayət 20 iyun tarixində 3-15/2-B- 2327-21-346/2024 saylı məktubla cavab almışdır. Verilən cavabda dövlət qulluqçusu anlayışının Qanunda olan tərifinə istinad edilərək, sınaq müddətində olan şəxslərin dövlət qulluqçusu olmadığı və sözügedən əlavələrin sadəcə dövlət qulluqçuları üçün nəzərdə tutulduğu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Energetika Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-15/2-3206/2024 saylı məktubu ilə iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazı): İddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı 2024-cü il 27 iyul tarixli 3-15/3-2-424/2023 nömrəli əmr ilə 28 iyul tarixindən “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsinə əsasən 6 (altı) ay müddətinə stajçı kimi Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin İqtisadi sahələrdə enerji səmərəliliyi sektorunun aparıcı məsləhətçisi vəzifəsinə işə qəbul edilmişdir. Bundan sonra iddiaçı 2024-cü il 29 yanvar tarixli 3-15/3-2-46/2024 nömrəli əmrilə həmin tarixdə “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq eyni vəzifəyə 3 ay sınaq müddəti ilə qəbul edilmişdir. Lakin iddiaçı sınaq müddəti ərzində özünü doğrultmamış və bu səbəbdən 2024-cü il 29 aprel tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə ( sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əsasən əmək müqaviləsinə xitam verilmişdir. İşə qəbul edildiyi vaxt (28 iyul 2023-cü il) İddiaçı 855 manat məbləğində gross əmək haqqı müəyyən edilmişdir. Staj müddətindən sınaq müddətinə keçdiyi zaman əmək haqqı məbləği dəyişdirilməmiş və eyni qalmışdır. İşlədiyi dövr ərzində isə bütün ödənişləri tam məbləğində almışdır (təsdiqləyici sənədlər əlavə edilir). İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 567 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) nümunəsinin” (bundan sonra-istinad edərək, dövlət qulluqçularının vəzifə maaşına 1.1 misli həcmində əlavənin verilməli olduğunu bildirmişdir. Həmin nümunənin 10-cu bəndində bu kontrakta əsasən sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş işçilərə, dövlət qulluqçusuna ixtisas dərəcəsinin verilməsi barədə müddəalar istisna olmaqla, dövlət qulluqçusunun hüquqi statusunu tənzimləyən normativ hüquqi aktların bütün müddəaları şamil edilməsi qeyd edilmişdir. “Dövlət qulluqçularının əmək haqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli 1610 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən 1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularına vəzifə maaşının 1.1 misli həcmində əlavə müəyyən edilmişdir. Həmin Fərmanda inzibati vəzifə tutan dövlət qulluqçularının vəzifə maaşına verilən əlavədən bəhs olunur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun (bundan sonra - Qanun) 1.1.3-cü maddəsinə əsasən, dövlət qulluqçusu dedikdə yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi başa düşülür. Qanunun 22.2-ci maddəsinə əsasən dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Qanunun 28.10-cu maddəsinə əsasən daimi dövlət qulluğuna qəbul Azərbaycan Respublikasının adından müvafiq dövlət orqanının sənədi ilə təsdiq edilir. Qeyd olunanlara əsasən, dövlət qulluqçusu dedikdə Qanunun 1.1.3-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən və Qanunun 22.2-ci maddəsinə əsasən dövlət məvacibi alan Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi başa düşülür. Göründüyü kimi qanunvericiliyin müvafiq normalarına əsasən sınaq müddəti ilə dövlət qulluğu keçən şəxslər qanunun 1.1.3-cü maddəsinə əsasən dövlət qulluqçusu hesab edilmir və onlara vəzifə maaşının 1.1 misli həcmində əlavə verilməsi nəzərdə tutulmamışdır. İddiaçı istinad etdiyi “Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) nümunəsinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 567 nömrəli Fərmanı isə hüquqi qüvvəsinə görə qanundan aşağıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə görə Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.6-cı maddəsinə əsasən Fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. “Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 90.1-ci maddəsinə əsasən, normativ hüquqi aktın məzmununda qeyrimüəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə bununla bağlı şərh vermək səlahiyyəti həmin aktı qəbul etmiş normayaratma orqanına və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə məxsusdur. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclaslarında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdiç Cavabdehin nümayəndəsi məhkəməyə təqdim edilmiş iddia tələbinə dair etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR: Azərbaycan Respublikasının Energetika Nazirliyinin “Vəzifəyə təyin olunma haqqında” xx.xx.2023-cü il tarixli, 3-15/3-2-424/2023 №-li əmrin təsdiq olunmuş surətindən müəyyən olunur ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.7ci və 28.7-1-ci maddələrini və Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”nin 5.5.7-ci yarımbəndini rəhbər tutularaq, İddiaçı 2023-cü il 28 iyul tarixindən 6 (altı) ay müddətinə stajçı kimi Enerji səmərəliliyi şöbəsinin İqtisadi sahələrdə enerji səmərəliliyi sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyinin “Sınaq müddəti ilə dövlət qulluğuna qəbul haqqında” xx.xx.2024-cü il tarixli, 3-15/3-2-46/2024 №-li əmrin təsdiq olunmuş surətindən müəyyən olunur ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsini və Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”nin 5.5.7-ci yarımbəndini rəhbər tutularaq, Enerji səmərəliliyi şöbəsinin İqtisadi sahələrdə enerji səmərəliliyi sektorunun böyük məsləhətçisi - stajçı X3 29 yanvar 2024-cü il tarixindən 3 ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyinin “Vəzifədən azad olunma haqqında” xx.xx.2024-cü il tarixli, 3-15/3-2-223/2024 №-li əmrin təsdiq olunmuş surətindən müəyyən olunur ki, Enerji səmərəliliyi şöbəsinin İqtisadi sahələrdə enerji səmərəliliyi sektorunun aparıcı məsləhətçisi İddiaçı sınaq müddətində qulluq funksiyalarını tam icra etməmiş, işdə buraxdıqları nöqsanların aradan qaldırılmasına səy göstərməmiş, verilən tapşırıqları tələb olunan səviyyədə, keyfiyyətlə yerinə yetirməmiş və dəfələrlə əmək intizamını pozduqları üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 53-cü maddəsini, 70-ci maddəsinin “d” bəndini və Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Energetika Nazirliyi haqqında Əsasnamə”nin 5.5.7-ci yarımbəndini rəhbər tutularaq Enerji səmərəliliyi şöbəsinin İqtisadi sahələrdə enerji səmərəliliyi sektorunun aparıcı məsləhətçisi İddiaçı sınaq müddəti ərzində özünü doğrultmadığına görə 29 aprel 2024-cü il tarixindən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əsas: Enerji səmərəliliyi şöbəsinin müdiri - Kurator N.S.Bağırlının xx.xx.2024-cü il tarixli 3-15/3-9- 1791/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-15/3-102/2024 nömrəli mənfi rəyləri. Azərbaycan Respublikası X6nin xx.xx.2024-cü il tarixli, № 9-3/2-C-1-137/2024 saylı məktubunda göstərilmişdir ki, “...“Dövlət qulluqçularının əmək haqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 1610 nömrəli Fərmanının 1-ci hissəsi ilə dövlət qulluqçularının vəzifə maaşına müəyyən edilən müvafiq məbləğdə əlavənin sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərə şamil edilibedilməməsi məsələsinə münasibət bildirilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət X1 ünvanladığınız və aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının X4 göndərilmiş kollektiv müraciətinizə baxılmışdır. Yuxarıda adıçəkilən Fərmanın 1-ci hissəsi ilə Azərbaycan Respublikasının dövlət orqanlarında çalışan dövlət qulluqçularının və diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşlarına müvafiq həcmlərdə əlavələr müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2001-ci il tarixli 567 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) Nümunəsi”nin 10-cu hissəsinə əsasən, dövlət qulluqçusuna ixtisas dərəcəsinin verilməsi barədə müddəalar istisna olmaqla, dövlət qulluqçusunun hüquqi statusunu tənzimləyən normativ hüquqi aktların bütün müddəaları sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş işçilərə də şamil edilir. Qeyd edilən normativ hüquqi akta uyğun olaraq, dövlət qulluqçusunun hüquqi statusunu tənzimləyən normativ hüquqi aktların bütün müddəaları (dövlət qulluqçusuna ixtisas dərəcəsinin verilməsi barədə müddəalar istisna olmaqla) sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş işçilərə də şamil edildiyi üçün dövlət qulluqçuları üçün nəzərdə tutulan təminatlar, o cümlədən dövlət qulluqçularının əmək haqlarının artırılmasını nəzərdə tutan Fərman sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərə münasibətdə tətbiq olunur. Qeyd edilən əlavənin ödənilməsi məqsədilə qulluq keçdiyiniz dövlət orqanına müraciət etməyiniz tövsiyə olunur. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən dövlət orqanlarının hərəkətlərindən və hərəkətsizliyindən məhkəməyə şikayət etmək hüququna maliksiniz.” İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Energetika Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-15/2-B-2327-21- 346/2024 №-li cavab məktubunda qeyd olunmuşdur ki, “Sizin “Dövlət qulluqçularının əmək haqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli 1610 nömrəli Fərmanına əsasən, vəzifə maaşına 1.1 misli həcmində əlavənin sınaq müddəti ilə dövlət qulluğu keçən şəxslərə şamil olunub-olunmaması məsələsinə münasibət bildirilməsi barədə məktubunuza aidiyyəti üzrə baxılmışdır. Siz energetika nazirinin müvafiq əmrinə əsasən 2024-cü ilin 29 yanvar tarixindən Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin İqtisadi sahələrdə enerji səmərəliliyi sektorunun aparıcı məsləhətçisi vəzifəsinə sınaq müddəti ilə təyin edilmişdiniz. Sözügedən Fərmanın 1.1-ci bəndinə əsasən 1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçlarına vəzifə maaşının 1.1 misli həcmində əlavə müəyyən edilmişdir. Göründüyü kimi fərmanda inzibati vəzifə tutan dövlət qulluqçularının vəzifə maaşına verilən əlavədən bəhs olunur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun (bundan sonra - Qanun) 1.1.3-cü maddəsinə əsasən dövlət qulluqçusu dedikdə yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi başa düşülür. Qanunun 28.7-ci maddəsinə əsasən stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır. Qanunun 28.10-cu maddəsinə əsasən daimi dövlət qulluğuna qəbul Azərbaycan Respublikasının adından müvafiq dövlət orqanının sənədi ilə təsdiq edilir. Həmçinin, Qanunun 22.2-ci maddəsinə əsasən dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, dövlət qulluqçusu dedikdə Qanunun 1.1.3- cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən və Qanunun 22.2-ci maddəsinə əsasən dövlət məvacibi alan Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi başa düşülür.” TƏTBİQ EDİLƏN HÜQUQ “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 1. Əsas anlayışlar. 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; ... 1.1.3. dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi; 1.1.4. dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatı; ... 1.1.6. dövlət məvacibi – dövlət qulluqçusuna pul formasında nağdsız qaydada ödənilən aylıq haqq; 1.1.7. dövlət qulluğu vəzifəsi – dövlət orqanının Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən səlahiyyətlərini icra etmək məqsədilə həmin orqanın strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahidi; Maddə 2. Qanunun tətbiq dairəsi. 2.1. Bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir. Maddə 6. Dövlət qulluğu haqqında qanunvericilik Dövlət qulluğu haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, Azərbaycan Respublikasının dövlət qulluğunu hüquqi cəhətdən tənzim edən və dövlət qulluqçularının hüquqi vəziyyətinin xüsusiyyətlərini müəyyən edən digər qanunvericilik aktlarından ibarətdir. Maddə 10. Dövlət orqanlarında vəzifələrin təsnifatı 10.1. Dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür. Maddə 15-3. Dövlət qulluqçularının reyestri 15-3.1. Dövlət qulluqçularının reyestri dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddəti ilə qulluğa qəbul edilmiş şəxslər, habelə dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatlardan ibarət dövlət informasiya ehtiyatıdır. 15-3.2. Dövlət qulluqçularının reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 15-3.3. Dövlət qulluqçuları reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 22. Dövlət məvacibi 22.1. Dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, vəzifədə qulluq stajından asılıdır. 22.2. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. 22.3. Dövlət orqanlarında inzibati və yardımçı vəzifə tutan dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 22.4. Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli, yaxud xüsusilə ağır olan dövlət orqanlarında vəzifə maaşları üçün artıq əmsal müəyyən edilir. Əmsalın müəyyən edilməsi qaydası, onun təyin edilməsi üçün əsas və onun məbləği Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilir. 22.5. Dövlət qulluqçularının vəzifə maaşlarına Azərbaycan Respublikasının Qanununa müvafiq surətdə yerli əmsallar müəyyən edilir. 22.6. Dövlət qulluqçusuna hakimiyyət səlahiyyəti vermək barədə qərar qəbul edilməsi ilə eyni zamanda müvafiq səlahiyyətin icrasına görə onun üçün qanunvericiliklə müəyyən edilən məbləğdə əlavə haqq müəyyən edilir. 22.7. Dövlət qulluqçusuna daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq qulluq stajına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və məbləğdə aylıq əlavə haqq ödənilir. Haqqın məbləği qanunvericiliklə müəyyən edilir. Dövlət qulluqçusu daha yüksək dərəcəli dövlət qulluğu vəzifəsinə təyin edilərkən əvvəlki vəzifəsində qulluq stajına görə əlavə haqq verilmir. Bu maddə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitseprezidentləri, Azərbaycan Respublikasının Baş naziri və onun müavinləri, Naxçıvan Muxtar Respublikasının Baş naziri və onun müavinləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı) vəzifələrini tutan şəxslərə də şamil olunur. 22.7-1. Dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. 22.7-2. Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 22.8. Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq təyin edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir. 22.9. Bu Qanunun 22-ci maddəsinin müddəaları Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə şamil olunmur. ... Maddə 28. Dövlət qulluğuna qəbul ... 28.7. Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir. Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır. Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 28.10. Daimi dövlət qulluğuna qəbul Azərbaycan Respublikasının adından müvafiq dövlət orqanının sənədi ilə təsdiq edilir. MƏHKƏMƏNİN MÖVQEYİ. Məhkəmə iş materiallarını araşdırıb və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından göründüyü kimi, iddiaçının hüquqi marağı işlədiyi sınaq müddəti ərzində qulluq keçdiyi 3 ay üçün nəzərdə tutulan vəzifə maaşının 1.1 misli həcmində əlavələrin cavabdeh inzibati orqan tərəfindən ona ödənilməsindən ibarətdir. İddiaçının xx.xx.2023-cü il tarixindən “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 6 (altı) ay müddətinə cavabdeh orqanda stajçı kimi, xx.xx.2024-cü il tarixdən isə eyni vəzifəyə 3 ay sınaq müddəti ilə işə qəbul edilməsi işin mübahisələndirilməyən hallarındandır. İddiaçının tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” 01 mart 2022-ci il 1610 №li Fərmanında göstərilmişdir ki: Azərbaycan Respublikasının dövlət orqanlarında (Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsi, Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidməti, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları, digər dövlət orqanlarının xarici ölkələrdə fəaliyyət göstərən nümayəndəlikləri istisna olmaqla) çalışan dövlət qulluqçularının və diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşlarına aşağıdakı həcmdə əlavələr müəyyən edilsin: Azərbaycan Respublikasının Milli Məclisində, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində və Azərbaycan Respublikasının Ali Məhkəməsində, habelə 1- 5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularına (bu Fərmanın 1.2 - 1.4-cü bəndlərində nəzərdə tutulan inzibati vəzifələr istisna olmaqla) - aylıq vəzifə maaşının 1,1 misli həcmində; Beləliklə Fərmanın tələblərindən göründüyü iddiaçı tərəfindən ödənilməsi tələb olunan 3 aylıq sınaq müddəti ərzində vəzifə maaşına əlavələrin ödənilməsi dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularına şamil olunur ki, qeyd olunan dövr ərzində də iddiaçı dövlət qulluqçusu statusuna malik olmamışdır. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2019/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2019/2025
30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver