Məhkəmə qərarları › İş №2-1(112)-202/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-202/2021

31.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-202/2021 31.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3 və iddiaçının vəkili X2, Cavabdehin nümayəndəsi X6, 3-cü şəxsin nümayəndəsi X4 iştirаkları ilə, İddiaçı MMM-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialı 3-cü şəxs qismində cəlb edilməklə “2019-cu ilin yanvar ayının 1-dək hesablanmış sosial sığorta borcunun silinməsi” tələbi barədə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı MMM cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMM-yə əsassız hesablanmış 178.557,35 manat sosial sığorta borcunun MMM-nin şəxsi vərəqəsindən silinməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədləri cavabdehə təqdim olunmuşdur. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti ilə əvəz edilməsini, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3-cü şəxs qismində cəlb edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmiş, cavabdeh əsl cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-145/2020 saylı, 11 avqust 2020-ci il tarixli qərardadı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Bakı şəhər İdarəsi (hazırki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialı) iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək, “xxxx” MMM-ə 2019-cu ilin yanvar ayının 1-dək hesablanmış sosial sığorta borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı МММ hüquqi şəxs olaraq 19.11.1998-ci il tarixdə Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində 548 saylı qeyd əsasında qeydiyyatdan keçmiş və İddiaçı МММ aidiyyatı üzrə DSMF orqanında qeydiyyata alınmışdır. İddiaçı fəaliyyətə başladığı vaxtdan hal-hazıradək olan dövr ərzində icbari ödənişlərə dair qanunverciliyin tələblərinə daim əməl etmiş, vergi, sosial sığorta və digər icbari ödənişləri vaxtlı-vaxtında ödəmişdir. Hazırki iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsi tərəfindən 178,557.35 manat məbləğində borc hesablamış və həmin borcla əlaqədar banklarda olan hesablaşma hesablarına 178.557.35 manat məbləğində sərəncam qoyulmuşdur. Göstərilənlərə bağlı 07 may 2019cu il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsinə müraciət olunmuşdur. Lakin 16 may 2019-cu il tarixli məktubla müraciətə cavab olaraq bildirilmişdir ki, “Sosial Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” .Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Fərmanına əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlə sosial sığrta haqlarının qaytarılması Azərbaycan Respubloikası Vergilər Nazirliyinə həvalə olunduğu üçün Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət olunması tövsiyyə olunmuşdur. Buna görə də, təkrarən 23 may 2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət edərək İddiaçı МММ-nə əsassız hesablanmış 178.557.35 manat sosial sığorta borcunun hansı əsasla yaranması və ya hansı dövrü əhatə etməsi, o cümlədən əsassız olaraq hesablanmış borcun MMM-nin şəxsi vərəqəsindən silinməsi barədə müvafiq şəxslərə göstəriş verməyiniz xahiş olunmuşdur. Müraciətə 31 may 2019-cu il tarixli, **********3 saylı məktubla elekton qaydada cavab verilərək göstərilmişdir ki, 01.01.2007-ci il tarixdən 01.01.2019-cu il tarixinədək olan dövr üzrə məcburi dövlət sosial sığorta haqları üzrə hesabları və ödənişlərin nüsxələrinin (və ya ödənişlər, hesabatlar təsdiqini tapan üzləşmə aktı) Departamentə təqdim olunması bildirilmişdir. Göstərilən əsaslarla razı olmamaqla bildirmək istəyirik ki, inzibati orqan borcu özü sübut etməli olduğu halda sübutetmə yükünü iddiaçının üzərinə qoyur. Bu isə qanunverciliyin tələblərinə tamamilə ziddir. Qeyd etmək istərdik ki, hesablanmış borcun hansı əsaslarla hesablanması və hesablaşma hesablarına qoyulmuş sərəncamdan onların xəbərləri olmamış, yalnız həmin sərəncamların surətini bankdan əldə edə bilmişlər. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Sosial Sığorta Haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud surətdə pozularaq bizə heç bir xəbərdarlıq göndərilmədən hesablarımıza sərəncam qoymuşdur. Buda İddiaçı MMM-nin hüquq və mənafelərinə ziddir. Göstərilən borc məbləğinin hardan yaranması, hansı dövrü əhatə etməsi, borc məbləğinin əsas və ya penya borcu olması onlara məlum deyil. Sərəncamda göstərilir ki, hesabata əsasən ümumi borc qalığına görə ödəniş edilməlidir. Lakin hansı ümumi borcun olması, borcun necə yaranması onlara məlum deyildir. Halbuki onların sığorta haqqı üzrə heç bir borcu yoxdur, hesabatları, ödəmələri vaxtı-vaxtında həyata keçirdikləri halda cavabdeh əsassız olaraq iddiaçının bir sıra hüquqlarını, öhdəliklərini həyata keçirməyə maneçilik törədir, şirkətin maraqlarını və qanuni mənafelərini ciddi şəkildə pozur, müəssisədə maliyyə problemlərinin yaranmasına səbəb ola bilər. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən sığortaedən məcburi dövlət sosial sığorta haqlarını bu qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu) bu qanuna müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair sığortaedənə bildiriş göndərir. Sığortaedənin cari, valyuta və digər hesablarında vəsait olmadıqda və ya məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə kifayət etmədikdə, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının sərəncamı bankda və ya digər kredit təşkilatında saxlanılır və sığortaedənin hesablarına vəsait daxil olduqca icra edilir: “Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 18ci maddəsinə əsasən məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir, bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar verir və səlahiyyəti daxilində normativ aktlar qəbul edir, məcburi dövlət sosial sığorta haqqının toplanması qaydalarını müəyyən edir, qanunvericiliklə müəyyən olunmuş qaydada kameral və səyyar yoxlamalar aparır, sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını qəbul edir, məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə maliyyə sanksiyaları tətbiq edir, məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırır, ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırır. Azərbaycan Respulikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlanılmadan sığortaedən tərəfindən hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilən işçiləri qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortasına cəlb edir və əsasnaməsində müəyyən edilmiş digər fəaliyyətlə məşğul olur. “Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinə əsasən sosial sığorta ilə əlaqədar sığortaedənlə sığortaolunan arasında yaranan mübahisələrə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, sığortaçı ilə sığortaedən arasında yaranan mübahisələrə isə bilavasitə məhkəmələrdə baxılır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 30 noyabr 2018-ci il tarixli, 1360-VQD nömrəli Azərbaycan Respublikası Qanununa və “Həmin Qanunun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997- ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli, 421 nömrəli fərmanına əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetmə Azərbaycan Respublikası Vergilər Nazirliyinə (hal-hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə) həvalə edilmişdir. İşin faktiki halları ilə bağlı qeyd edilir ki, mübahisələndirilən borc məbləği məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət vergi orqanlarına həvalə edilməsindən əvvəl yarandığından borcun tərkibi barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat alınmışdır. Həmin məlumatlara istinadən iddiaçının 01.10.2018-ci il tarixənədək cəmi 199364,66 manat sosial sığorta üzrə borcu mövcud olmuşdur, (borcun yaranma tarixləri və tərkibi barədə məlumat etiraza əlavə olunur). “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası 06 mart 2018-ci il tarixli Qanununun 1-ci maddəsinə müvafiq olaraq sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsi qaydası nəzərdə tutulmuşdur. Belə ki, qeyd edilən Qanunun 3-cü maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir: 3.0.1. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir; 3.0.2. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə - maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir; 3.0.3. sığortaedənlər tərəfindən 2018ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə - maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir. Qeyd edilən Qanunun tətbiqi ilə əlaqədar iddiaçı tərəfindən 29.05.2018-ci il tarixdə 3000 manat ödənildiyindən (10 faiz) 01.01.2015-ci ilin tarixinədək yaranmış və 01.04.2018-ci il tarixindək ödənilməmiş ümumlikdə 33980,89 manat (26952,13 + 7674,64) məcburi dövlət sosial sığorta məbləği üzrə borc silinmişdir. Beləliklə, məcburi sosial sığorta haqları iddiaçı tərəfindən müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən yaranmış borc məbləğinə penya tətbiq edilmiş və şəxsi hesab vərəqəsində mövcud olan borc məbləğinin alınmasının təmin edilməsi məqsədilə vergi orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş hərəkətlər edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirik ki, məcburi sosial sığorta haqqı üzrə borcların silinməsi üçün əsaslar mövcud olmadığından iddia tələb edilməməlidir. “Məcburi sosial sığorta haqqında” Qanununun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən Vergi Məcəlləsinin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili X7 və iddiaçının vəkili X5 ayrı-ayrılıqda məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək, ekspert rəyində qeyd edilən nəticələrin əksəriyyətinin qəbul etdiyini bildirərək, iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə verilmiş etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi X8 iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin səlahiyyətli nümayəndələrinin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddia tələbinin mahiyyətinə keçməzdən əvvəl, məhkəmə iddia tələbinin mümkünlüyünə baxır. Belə ki, hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, belə ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 30 noyabr 2018-ci il tarixli, 1360-VQD nömrəli Azərbaycan Respublikası Qanununa və “Həmin Qanunun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997- ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli, 421 nömrəli fərmanına əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetmə Azərbaycan Respublikası Vergilər Nazirliyinə (hal-hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə) həvalə edilmiş, vergi ödəyicisi kimi də iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia tələbi mahiyyəti üzrə qismən əsaslıdır. Belə ki, iş materiallarında olan: -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərinin Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, “xxxx” MMM 19 noyabr 1998-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyata alınmış və ona ********** saylı VÖEN verilmişdir. -“xxxx” MMM-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsinə ünvanladığı 26 saylı, 13 may 2019-cu il tarixli məktubundan görünür ki, iddiaçı həmin məktub ilə, ona əsassız hesablanmış 178.557,35 manat sosial sığorta borcunun hansı əsasla yaranması və ya hansı dövrü əhatə etməsi, o cümlədən əsassız olaraq hesablanmış borcun MMMnin şəxsi vərəqəsindən silinması barədə müvafiq şəxslərə göstəriş verilməsini xahiş etmişdir. -23.05.2019-cu il tarixli müraciətə baxılması barədə məktubun surətindən görünür ki, müraciətin icrası ilə əlaqədar olaraq 01.01.2007-ci il tarixdən 01.01.2019-cu il tarixinədək olan dövr üçün məcburi dövlət sosial sığorta haqları üzrə hesabatları və ödənişlərinin nüxsələrinin (və ya ödənişlər, hesabatlar təsdiqini tapan üzləşmə aktı) Departamentə təqdim edilməsi xahiş olunmuşdur. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun **********3 saylı məktubun surətindən görünür ki, “xxxx” MMMnin müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, hesablanmış sosial sığorta haqları ilə bağlı Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət olunması tövsiyyə olunmuşdur. İş üzrə zərurət yarandığından Bakı İnzibati Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli 2-1(112)-145/2020 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 9/4325 nömrəli, 12 mart 2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, məhkəmə tərəfindən ekspertlər qarşısında qoyulmuş suallara aşağıdaki kimi cavab verilmişdir: Birinci sual üzrə: iş materiallarında olan əmək haqqı üzrə hesablaşma cədvəlləri və sığortaedənin Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu orqanlarında dövlət sosial sığortası üzrə rüblük hesabatın məlumatlarından göründüyü kimi “xxxx” MMM tərəfindən 01.01.2007-ci il tarixdən 01.01.2019-cu il tarixədək olan dövrdə dövlət büdcəsinə ödənilməli olan məcburi dövlət sığorta haqqı 550.657,94 manat məbləğində müəyyən edilir. İkinci sual üzrə:”xxxx” MMM tərəfindən 01.01.2007-ci il tarixdən 01.01.2019-cu il tarixədək olan dövrdə dövlət büdcəsinə ödənilən məcburi dövlət sığorta haqqı 506.617,11 manat məbləğində müəyyən edilir. Üçüncü sual üzrə: 01.01.2007-ci il tarixdən 01.01.2019-cu il tarixədək olan dövr üzrə “xxxx” MMM-nin ödənilməmiş məcburi dövlət sosial sığorta borcu 44.040,83 manat məbləğində müəyyən edilir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən borc məbləği məcburi dövlət sosial sığortası sahəsində idarəetmə Azərbaycan Respublikası Vergilər Nazirliyinə (hal-hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə) həvalə edilənədək Dövlət Sosial Müdafiə Fondu tərəfindən hesablanmış, hesablanmış borcun tərkibi barədə məlumat vergi orqanına ötürülmüşdür. İşin müəyyən olunan hallarından göründüyü kimi tərəflər arasında yaranmış mübahisənin səbəbləri – iddiaçı barəsində 01 yanvar 2019-cu il tarixədək məcburi sosial sığorta haqqları üzrə borcun mövcud olub-olmaması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsasını “Sosial sığorta haqqında” Qanunu və Vergi Məcəlləsinin müddəaları təşkil edir. Belə ki, “Sosial sığorta haqqında” Qanunun: 11-ci maddəsinə əsasən, sosial sığorta haqqını vaxtında ödəmək sığortaolunanların vəzifəsidir. 14.3.1-ci maddəsinə əsasən, sığortaedən tərəfindən ödənilən sığorta haqqı hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi dərəcəsi ilə ödənilir. 18-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 21-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanları sığortaedənlər barəsində maliyyə sanksiyaları tətbiq etmək hüququna malikdirlər. Vergi Məcəlləsinin 93.1-ci maddəsinə görə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Şərh olunan qanunvericiliyin müddəalarından görünür ki, sığorta haqqı dedikdə risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilndə sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği nəzərdə tutulur. Sığorta ilə bağlı münasibətlər, o cümlədən sığorta haqqlarının ödənilməsi qaydası və məbləği mülki qanunvericilik aktları ilə və sığortaçı ilə sığortalı arasında bağlanmış müqavilə ilə tənzimlənir. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun: 1-ci maddəsinə görə sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. 2-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. 3.0-cı maddəsinə görə bu Qanunun 2-ci maddəsi nəzərə alınmaqla sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir: 3.0.1. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir; 3.0.2. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir; 3.0.3. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir Məhkəmə qeyd edir ki, məcburi ödənişlərin alınması da daxil olmaqla dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Sözügedən dəyərlərin müdafiəsinə yönəlmiş təməl prinsiplərdən biri kimi hüquqi müəyyənlik prinsipi isə Azərbaycan Respublikasının Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi çıxış edir. Bu prinsip digər tələblərlə yanaşı, ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Yuxarıda göstərilən əsaslardan irəli çıxan Məhkəmə, iş materiallarında olan sənədlər ilə kifayətlənməyərək, öz xidməti vəzifəsinə uyğun olaraq, mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində 01.01.2007-ci il tarixdən 01.01.2019-cu il tarixədək dövr üçün illər üzrə dövlət büdcəsinə ödənilməli olan məcburi dövlət sığorta haqqının nə qədər təşkil etməsi, ümumiyyətlə vergi ödəyicisi tərəfindən bütün ödənişlər ilə bağlı ekspertiza təyin etmiş və AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24.11.2020-ci il tarixli, 9/3363-10/2262 saylı məhkəmə ekspertizasının rəyini almışdır. Məhkəmə həmin rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Məhkəmənin qənaətinə görə hazırki iş üzrə ekspertiza xüsusi bilik tələb olunan sualları izah etmək üçün təyin edilmişdir. Bu zaman tərəflərin hərəkətlərinin qanunauyğun olub-olmaması qiymətləndirilməmiş, sadəcə olaraq vergi ödəyicisi barəsində hesablanmış borcun əsaslı olub-olmamasına qiymət verilmişdir. Cavabdeh tərəfindən ekspert rəyini təkzib edən hər hansı bir dəlil təqdim olunmadığından, həmçinin inzibati iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş, mübahisələndirilən borc barədə vergi orqanına məlumat ötürmüş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialı tərəfindən borcun hesablanması barədə inzibati icraat materialları təqdim edilmədiyindən Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş ekspert rəyi mötəbər sayılır. Bu səbəbdən Məhkəmə hesab edir ki, İddiaçı MMM-nin 01.01.2007-ci il tarixdən 01.01.2019-cu il tarixədək olan dövrdə ümumilikdə məcburi sosial sığorta haqqları üzrə ödənilməmiş 44.040,83 manat vergi borcu qalmışdır. İddiaçı ekspert rəyində göstərilmiş 44.040,83 manat vergi borcuna münasibətdə iddia müddətinin tətbiq edilməsini xahiş etsə də, Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə yeni məzmunda əlavə edilmiş 1.4cü maddəsi ilə müəyyən edilmişdir ki, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Bununla yanaşı, Vergi Məcəlləsinin 85.5-1-ci maddəsi ilə müəyyən olunmuşdur ki, bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir. Vergi Məcəlləsinin 93.1, 93.1.1, 93.1.2-ci maddələri ilə vergilər, vergilərə hesablanmış faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borcların vergi orqanları tərəfindən silinməsi qaydaları müəyyənləşsə də, Vergi Məcəlləsinin 85.5-1-ci maddəsi məcburi dövlət sosial sığorta haqqına münasibətdə bu qaydaların tətbiq olunmasını istisna edir. Yəni vergi qanunvericiliyində məcburi dövlət sosial sığorta haqlarının tutulması ilə bağlı mübahisələrə hər hansı müddət çərçivəsində hesablanma və tələb etmə tətbiq edilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinə Azərbaycan Respublikasının inzibati prosessual qanunvericiliyi baxımından şərh verilməsinə dair” 24 aprel 2019-cu il tarixli Qərarı ilə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə Mülki Məcəllənin müddəaları tətbiq edilmir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarında həmçinin qeyd edilmişdir ki, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlər də sosial təminat hüququnun predmetini təşkil etməklə, tərəflərin iradələrinin sərbəstliyinə və bərabərliyinə deyil, digər ümumi (publik) hüquq münasibətləri kimi bir tərəfin digərinə tabeliyinə, münasibətlərin məcburiliyinə, tənzimlənmənin imperativliyinə əsaslanır. Bu sahədə qanunverici “Sosial sığorta haqqında” Qanunda dövlət sosial sığortasının məcburiliyi prinsipini qəbul etmiş, sığortaedənin üzərinə uçota durmaqla, dövlət sosial sığorta haqqını ödəməklə, sığortaçıya müvafiq hesabatları, arayışları təqdim etməklə bağlı vəzifələr qoymuş, qarşı tərəfin (məcburi dövlət sosial sığortası sahəsində dövlət idarəetməsini həyata keçirən orqanın) isə bununla bağlı səlahiyyətlərini dəqiq şəkildə müəyyən etmişdir. O da qeyd olunmalıdır ki, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə dövlət vergi orqanlarının səlahiyyətləri Vergi Məcəlləsində göstərilmişdir. Beləliklə, məcburi dövlət sosial sığorta münasibətləri mahiyyət etibarilə ümumi (publik) hüquq münasibətləridir. Bu isə Mülki Məcəllənin 2.5-ci maddəsinin tələbləri baxımından, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrin inzibati məhkəmələr tərəfindən həmin Məcəllənin müddəalarına əsaslanmaqla həllini istisna edir. Bu səbəbdən hazırkı mübahisə ilə bağlı borcun hesablanması və tələb etməyə dair hər hansı müddətin tətbiqindən söhbət gedə bilməz. Ali Məhkəmənin çoxsaylı oxşar işlər üzrə formalaşmış məhkəmə praktikasına görə məcburi dövlət sosial sığorta haqqları ilə bağlı yaranmış mübahisələrdə VM-nin 85.5-1-ci maddəsinin, həmçinin Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarın tələbləri baxımından həmin borclara mülki qanunvericilik əsasında müddətinin tətbiq edilməsinə yol verilmir. İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, iddiaçının iddia tələbi qismən əsaslı olduğundan,01 yanvar 2019-cu il tarixədək ona hesablanmış 134.516,52 manat vergi borcu silinməlidir. (178.557,35 - 44.040,83) İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Azərbaycan Respublikasının İPM-nin 111.1-ci maddəsinə əsasən proses iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər proses iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. İş materiallarında olan 9/4325 nömrəli 12.03.2021-ci il tarixli ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 145 manat təşkil etmişdir. İddia tələbi qismən təmin edildiyindən Məhkəmə hesab edir ki, ekspertiza xərcinin 72,50 manatı iddiaçının üzərinə, 72,50 manatı isə cavabdeh orqanın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 32-ci, 52-ci, 68- 69-cu, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı “xxxx” MMM-nin iddiası qismən təmin edilsin. 01.01.2019-cu il tarixədək iddiaçıya hesablanmış 134.516,52 ( bir yüz otuz dörd min beş yüz on altı manat 52 qəpik) manat məcburi sosial sığorta borcu silinsin. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza xərcinin 72,50 (yetmiş iki manat 50 qəpik) manatı iddiaçı “xxxx” MMM dən, 72,50 (yetmiş iki manat 50 qəpik) manatı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar