Məhkəmə qərarları › İş №2-1(112)-2020/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2020/2020

11.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2020/2020 11.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, hazırlıq icraatına başlanılmış, mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdimolunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibatiprosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 8.1.4-cü maddəsin əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulan iddia növünə aid olduğunu və İPM-nin 8.1.4-cü maddəsinə əsasən cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1988-1990-cı illər arasında hərbi xidmətdə olmuş və xidməti başa vurduqdan sonra 1992-ci ilin yanvar ayının 4-dən etibarən könüllü olaraq Füzuli rayonunun müdafiəsində duran N nömrəli hərbi hissənin batalyonunun hərbi qulluqçuları ilə birlikdə erməni işğalçılarına qarşı vuruşmuş, Qaradağlı, Qarakollu, Məlikcan və Köşbək kəndləri uğrunda gedən döyüşlərdə iştrak etmişdir. 1992-ci ilin mart ayının 8-də döyüşlər zamanı düşmənin açdığı atəş nəticəsində sol üz nahiyəsindən güllə yarası alaraq yaralanmışdır. Həmin vaxt onunla birlikdə vuruşan iki əmisi oğlu hərbi hissənin şəxsi heyət sıralarına daxil edilsələr də, o, bu siyahıya daxil edilməmişdir. Nəticədə cavabdehə müraciəti zamanı nizami hissə üzrə əmrlərdə və 1992-ci ildə nizami hissə üzrə əmrlərdə və N saylı hərbi hissənin yaralananlar qeydiyyat kitabasında onun barəsində məlumat aşkarlanmamış və döyüşlərdə iştirakı cavabdeh tərəfindən tanınmamışdır. Bununla bağlı olaraq 2019-cu ildə döyüşlərdə iştirakı ilə bağlı hüquqi faktın tanınması üçün Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Nizami Rayon Məhkəməsinin 2(007)-2485/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, ərizəsi təmin edilərək 04 yanvar 1992-ci ildən 08 mart 1992-ci ilə qədər Füzuli rayon ərazisində erməni işğalçıları ilə döyüşlərdə iştirak etməsi faktı müəyyən edilmişdir. Bu qətnaməyə əsasən yenidən ərizə ilə cavabdehə müraicət edərək ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Bunun üçün lazımi olan bütün sənədləri toplayaraq lazımi qayada cavabdehə təqdim etmişdir. Lakin, xx.xx.2019-cu il tarixli, 1/Ş-16172 saylı məktub ilə ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki, döyüşlərdə iştirakı barədə fakt məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini nəzərə almayaraq ona zidd olan nəticəyə gəlmişdir. Bu barədə cavab məktubunda “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın” xx.xx.2019-cu il tarixli iclası nəticəsində verilən rəy əsas götürülərək ona veteran adı və vəsiqəsinin verilməsindən imtina edildiyi qeyd olunmuşdur. Lakin, imtinanın hansı səbəblərdən və hallardan irəli gəlməsi ona məlum deyildir. Halbuki, onun döyüşlərdə iştirak etməsi barədə fakt artıq məhkəmə qaydasında öz təsdiqini tapmışdır. Həmin məktubda bununla bağlı qeyddə göstərilir ki, Nizami Rayon Məhkəməsinin 2(007)-2485/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsində Müdafiə Nazirliyinin üzərinə heç bir öhdəlik qoyulmadığına görə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Buna görə də hesab edir ki, cari vəziyyətdə bu öhdəliyin məhkəmə qaydasında cavabdehin üzərinə qoyulması zəruridir. Yuxarıda qeyd olunanları əsas götürərək, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraicət edir, Nizami Rayon Məhkəməsinin 2(007)-2485/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini qanunauyğun hesab edir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddiaya qarşı münasibət (etiraz) təqdim edilərək bildirilmişdir ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, N və N nömrəli hərbi hissələrin tərkibində Qarabağ döyüşlərdə iştirak etmişdir. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı olan tələblərini irəli sürmüşdür. Hesab edirlər ki, iddia tələbi əsassızdır. İddiaçının xidməti və yaralanması barədə arxiv sənədlərində məlumat olmadığına görə ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteran adının və vəsiqəsinin verilməsi qanunaziddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 nömrəli qərarına əsasən: “Əsasnamə”nin 1-ci hissəsinin birnci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Tələbin faktiki əsasına gəldikdə isə ilk öncə qeyd etmək zəruridir ki, şəxsin xidmət keçməsi hərbi bilet, nizami hissə üzrə əmrlər, arxiv arayışı və s. xidmətini bilavasitə əks edən sənədlərdə öz təsdiqini tapmalıdır. Odur ki, qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Füzuli rayon Horadiz şəhər xəstəxanası tərəfindən verilmiş xx.xx.2015ci il tarixli tibbi arayışdan görünür ki, İddiaçı həqiqətən 19 mart 1992-ci il tarixdən 24 mart 1992ci il tarixə kimi Horadiz şəhər xəstanaxasında “Sol üzün güllə yarası” diaqnozu ilə müalicə olunmuş, 24 mart 1992-ci ildə müalicəsini davam etdirmək üçün 121 saylı göndərişlə Bakı şəhərinə göndərilmişdir. İşdə olan Füzuli rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş göndərişin surətindən görünür ki, xəstə İddiaçı sol üzün dəlib keçmiş güllə yarası diaqnozu ilə Mir-Qasımov adına Respublika Kliniki Xəstəxanasına göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət X3 X2 tərəfindən tərtib edilmiş xx.xx.1992-ci il tarixli “Xəstənin stasionar-tibbi kartından 1034 saylı Çıxarış”ın surətindən görünür ki, xəstə İddiaçı “üzün sol yarısının dəlib-keçən güllə yarası” diaqnozu ilə 25 mart 1992-ci ildə müalicə üçün xəstəxanaya daxil olmuş, xx.xx.1992-ci ildə isə evə yazılmışdır. Həmin çıxarışın məzmunundan görünür ki, xəstənin vəziyyəti təsvir edilərkən, onun 18 mart 1992-ci ildə Füzuli rayonunda döyüşlər zamanı güllə yarası alması, nəticədə üzün sol yarısını dəlib-keçən güllə yarası əmələ gəlməsi, əvvəlcə Horadiz qəsəbəsində yerləşən hospitalda müalicə alması, sonra ixtisaslaşmış müalicə üçün Bakıya köçürülməsi, zəruri müalicə tədbirləri aparıldıqdan sorna xx.xx.1991-ci il tarixdə ambulator nəzarət üçün evə yazıldığı göstərilmişdir. İşdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2485/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsinin surətindən görünür ki, ərizəçi İddiaçı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 1992-ci ildə müharibə bölgələrində döyüşlərdə iştirak etməsi ilə bağlı hüquqi faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin həmin qətnaməsi ilə ərizə təmin edilmiş, ərizəçi İddiaçı 04 yanvar 1992-ci ildən 18 mart 1992-ci ilə qədər Füzuli rayonu ərazisində erməni işğalçıları ilə döyüşlərdə iştirak etməsi faktı müəyyən edilmiş hesab edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2019cu il tarixli 1/Ş-16172 nömrəli məktubdan görünür ki, iddiaçının N və N saylı hərbi hissələrdə xidməti, yaralanması barədə arxiv sənədlərində məlumat olmadığına və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsində Müdafiə Nazirliyinin üzərinə heç bir öhdəlik qoyulmadığına görə ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Məhkəməişdə olan sübutlara qiymət verərək cavabdehin imtinasını aşağıdakı əsaslara görə əsassız sayır və hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, cavabdeh öz imtinasında iddiaçının N və N saylı hərbi hissələrdə xidməti, yaralanması barədə arxiv sənədlərində məlumat olmadığına, eləcə də, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsində Müdafiə Nazirliyinin üzərinə heç bir öhdəlik qoyulmadığına istinad etsə də, işdə olan qanuni qüvvəsini almış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2485/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçının 04 yanvar 1992-ci ildən 18 mart 1992-ci ilə qədər Füzuli rayonu ərazisində erməni işğalçıları ilə döyüşlərdə iştirak etməsi sübuta yetirilmiş, Azərbaycan Respublikası Dövlət X3 X2 tərəfindən tərtib edilmiş xx.xx.1992-ci il tarixli “Xəstənin stasionartibbi kartından 1034 saylı Çıxarış”-la iddiaçının 18 mart 1992-ci ildə Füzuli rayonunda döyüşlər zamanı güllə yarası alması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, iddiaçının 04 yanvar 1992-ci ildən 18 mart 1992-ci ilə qədər Füzuli rayonu ərazisində erməni işğalçıları ilə döyüşlərdə iştirak etməsi faktı mülki məhkəmə icraatı qaydasında qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə artıq sübuta yetirilmişdir.Bu səbəbdən də, məhkəmə hesab edir ki, həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların bu məhkəmə icraatında yenidən sübuta yetirilməsinə zərurət olmadığından, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etməsi faktı mübahisəsizdir və həmin faktın arxiv arayışları ilə sübuta yetirilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə müvafiq olaraq inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, hazırki işdə İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinin digər hissəsinin, yəni, “Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür” tətbiq edilməsinin zərurətinin ortaya çıxması barizdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki halda cavabdeh orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, bununla da iddiaçının tələbi əsaslı olduğundan iddia tələbi təmin edilməlidir. «Hərbi xidmətkeçmə haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin «Azərbaycan Respublikasının Silahlı Qüvvələri Haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Həmin Qanunun 2-ci maddəsinin 1-ci bəndinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Sərhəd Qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikasının vətəndaşları və başqa dövlətin, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışa çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluçu statusu əldə edir və Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahısından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun «X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya suyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməlllərdə iştirakı tədqiq olunmalıdır. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və iddiaçıya «müharibə veteranı» adının və vəsiqəsinin verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 58, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar