Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2020/2022 14.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı1, İddiaçı1 vəkili Vəkil, Üçüncü şəxs X3, Üçüncü şəxsin vəkili (nümayəndəsi) X2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Cavabdehə (üçüncü şəxs X7) qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları Bakı şəhəri Cavabdehin 27.11.2017-ci il tarixli, 479 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, R.Axundov küçəsi 43 ünvanında yerləşən fərdi yaşayış evinin təqdim olunmuş layihəyə uyğun mövcud istifadə vəziyyətində vətəndaş X3 adına sənədləşdirilməsinə icazə verilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 (bundan sonra - İddiaçılar) 19 avqust 2021-ci il tarixdə cavabdeh Bakı şəhəri Cavabdehə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ilə bağlı verilmiş cavabdehin 27.11.2017-ci il tarixli, 479 nömrəli sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin 30.08.2021-ci il tarixli qərardadı ilə X7 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İİ. Tərəflərin əsaslandırması İddiaçılar tələblərini bununla əsaslandırmışlar ki, sözügedən mübahisəli evdə İddiaçı1 1989-cu ildən, arvadı İddiaçı3 24.12.1997-ci il tarixdən gəlin köçməklə (nikah 24.06.2004-cü il tarixdə rəsmiləşdirilmiş), uşaqlar isə anadan olduğu vaxtdan yaşayırlar və həmin ünvanda rəsmi qeydiyyatdadırlar. Mübahisəli ev iddiaçıların xəbəri və iştirakı olmadan məhkəmə tərəfindən işə baxmaqla və onların qanunla qorunan hüquqlarının pozulması ilə qəbul edilmiş məhkəmə qərarı əsasında X7 tərəfindən ev öz adına özəlləşdirilmişdir. Belə ki, Nərimanov Rayon Məhkəməsinə verilən iddia ərizəsinə əlavə edilmiş 08 avqust 2020-ci il tarixli, 2 saylı formada arayışda qeydiyyatda olan şəxslərin sayı 21 nəfər göstərilmişdir. Lakin məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən mübahisəli evin özəllzşdirilməsinə əsas olan göndərilmiş sənədlərdən 24 oktyabr 2001-ci il tarixli 2 saylı formada arayış təqdim olunmuşdur. Həmin arayışda isə cəmi 12 nəfərin qeydiyyatda olması göstərilmişdir. Qanunvericiliyin tələblərinə əsasən özəlləşdirmə ilə bağlı müraciət edilən anda bununla bağlı razılığının alınması tələb olunan şəxslərin sırasına yalnız mənzil kirayə müqaviləsində adı göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri daxildir. Bakı şəhəri Cavabdeh Başçısının 27 noyabr 2017-ci il tarixli, 479 nömrəli sərəncamı ilə onların hüquqları birbaşa pozulmuşdur. Sərəncamdan görünür ki, R.Axundov küçəsi 43 saylı ev uzun müddətdir ki, vətəndaş X3 istifadəsindədir. Lakin sərəncam verilərkən nəzərə alınmamışdır ki, iddiaçıların yaşayış sahəsi bir ünvanda olsa da, ayrı-ayrılıqda yerləşir. Hətta onların və X3 yaşayış sahələrinin arasında başqa şəxsə məxsus fərdi yaşayış sahəsi mövcuddur. Belə ki, əgər məhkəmə tərəfindən yerli baxış keçirilsə, açıq aydın görmək olar ki, X3 evindən sonra qonşunun evi, sonra isə onların evi mövcuddur. Bundan əlavə iddiaçıların yaşadıqları evin bütün kommunal xidmətlərinin göstərilməsi ilə bağlı (su, qaz və işıq) sayğaclar (müqavilələr) İddiaçı1 adınadır və 2002-ci ildən hal-hazıradək onun tərəfindən ödənişlər aparılır. Göründüyü kimi, sərəncama görə X7 tərəfindən onların evinə dair evdən sahiblik, istifadə və gələcəkdə sərəncam vermək hüquqları tam şəkildə pozulmuş hesab olunur. Mübahisələndirilən Bakı şəhər Cavabdeh başçısının 27 noyabr 2017-ci il tarixli, 479 saylı sərəncamı qəbul edilərkən cavabdeh tərəfindən qanunla nəzərdə tutulmuş qaydada inzibati icraat aparılmamış, bu zaman iddiaçılar həmin icraata cəlb edilməmişlər (razılıq ərizələri yoxdur), inzibati orqan işin bütün faktiki hallarını xidməti vəzifəsinə görə aydınlaşdırmamış və bunun üçün zəruri sübutları toplamamış, inzibati akt qəbul edərkən iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara qiymət verməmiş və nəhayət, qəbul edilmiş inzibati akt qanunda nəzərdə tutulmuş qaydada əsaslandırmamışdır. Ona görə də, sərəncam inzibati icraat haqqında hüquq normalarının tələblərinə riayət edilməməklə qəbul olunmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı münasibətində (etirazda) göstərmişdir ki, iş üzrə iddiaçı, onun ailə üzvləri və 3-cü şəxs Ermənistan SSR qaçqınlarıdır. Mübahisəli yaşayış sahəsinə Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 12 aprel 1989-cu il tarixli, 11 nömrəli qərarı əsasında X7 11 nəfərlik ailə üzvləri ilə birlikdə qaçqın ailəsi kimi daimi passport qeydiyyatına alınmışlar. AR Prezidentinin 22.08.2001-ci il tarixli, 562 nömrəli Fərmanının tələbləri qaydasında mübahisəli yaşayış sahəsinin özəlləşdirilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti başçısının 24.12.2011-ci il tarixli 800 nömrəli Sərəncamı verilmişdir. Mübahisəli yaşayış sahəsi üzrə X3 adına mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması üçün həmin sahədə yaşayan həddi-buluq yaşlı bütün ailə üzvlərinin müvafiq qaydada razılıq ərizələri verilmişdir və mübahisəli yaşayış sahəsi X3 mülkiyyətidir (26.02.2002-ci il tarixli, 011730 Qeydiyyat Vəsiqəsi). Cavabdehin 27.11.2017-ci il tarixli, 479 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, R.Axundov küçəsi 43 ünvanında yerləşən fərdi yaşayış evi təqdim olunmuş layihəyə uyğun mövcud istifadə vəziyyətdə vətəndaş Z.H.Həsənovun adına sənədləşirilmişdir. Hazırki iş üzrə məhkəmənin 12.07.2021-ci il tarixə, saat 11:15-ə təyin edilmiş iclasında iddia tərəfləri (İddiaçı1 və İddiaçı3) Nərimanov RİH başçısının sözügedən Sərəncamından 2020-ci ililn sentyabr-oktyabr aylarında məlumatlı olduqlarını etiraf etdilər. Onların etirafları digər sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, İddiaçı1 30 sentyabr 2020-cı il tarixdə ərizə ilə Nərimanov RİH-ə müraciət edərək, mübahisəli yaşayış sahəsi üzrə Nərimanov RİH tərəfindən Sərəncamla əlaqədar sənədləşdirilmə işlərinin aparıldığını bildirərək həmin sənədlərin geri qaytarılmasını tələb etmişdir. Nərimanov RİH-in 22.10.2020-ci il tarixli, H- 145-011 nömrəli, İddiaçı1 ünvanlanmış məktubu ilə sənədləşmə işlərinin Nərimanov RİH başçısının 27.11.2017-ci il tarixli, 479 nömrəli Sərəncamı ilə təqdim edilmiş layihəyə uyğun aparılması bildirilmişdir. Yəni iddia tərəfinin etiraf etdiyi kimi artıq Sərəncamın mövcudluğu barədə onlar 22.10.2020-ci il tarixdən məlumatlı idilər. Göstərilənlərə əsasən cavabdeh iddianın mümkün sayılmamasını xahiş etmişdir. Üçüncü şəxs məhkəməyə təqdim etdiyi etirazda göstərmişdir ki, onlar 11 nəfər ailə tərkibi ilə 1989-cu il tarixində Ermənistandan məlum hadisələrlə bağlı qaçqın düşərək ünvan 4 ünvanda olan iki mərtəbəli evin ikinci mərtəbəsində 43,3 kv.m olan yaşayış sahəsində məskunlaşmışlar. Həmin yaşayış sahəsində yerləşmə çətinliyi yarandığından birinci mərtəbədə olan üç otaqlı mənzili 1990-cı ildə 1200 rubla, 1996-cı ildə həmin üç otaqlıya bitişik bir otaqlı mənzili 700 ABŞ dollarına, təxminən 2001-ci ildə isə yaşadıqları evlə üzbəüz olan üç otağı 2900 ABŞ dollarına satın almışdır. 2002-ci ildə həmin ünvanda olan yaşayış evi onun və digər ailə tərkibində olan şəxslərin notariat kontorunda təsdiq olunmuş yazılı ərizələri əsasında X3 adına özəlləşdirilmiş və 26 fevral 2002-ci il tarixli xüsusi mülkiyyətə dair qeydiyyat vəsiqəsi verilmişdir. Eyni zamanda iddiaçının ailəsinin yerləşdirilməsi üçün onun adına Sabunçu rayonu İcra Hakimiyyətinin 04.01.1998-ci il tarixli Sərəncamı ilə şəhər şossesi döngə 3 ünvanında 4 sot torpaq sahəsi alaraq öz vəsaiti hesabına 6 otaqdan ibarət bir mərtəbəli ev tikdirərək ona vermişdir. İddiaçı Sabunçuda ona tikilən evi satmışdır və özünün Ramanada tikdiyi evə isə uzun müddətdir ki, müxtəlif bəhanələr etməklə köçmək istəmir. Köçməməyinin əsas səbəbi isə X3 yaşadığı evin bir hissəsinə məhkəmələrdə qaldırdığı iddialar vasitəsilə əsassız sahib olmaqdır. İddiaçılar sərəncamın ləğvi barədə məhkəməyə müraciət etmiş, 12.07.2021-ci il tarixdə iddialarını geri götürmüşlər. Göstərilənlərə əsasən iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və onun vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bununla bağlı məhkəməyə məlumat verməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iclasında iştirak edən üçüncü şəxs və onun vəkili (nümayəndəsi) iddiaya etiraz etdilər və təmin olunmamasını məhkəmədən xahiş etdilər. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Nərimanov Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 12 aprel 1989-cu il tarixli qərarı ilə X3 11 nəfər ailə üzvü (özü, bacısı, qardaşları, 2 oğlu, qardaşı arvadı) ilə birlikdə özbaşına tikili olan Bakı şəhəri, R.Axundov 43 ünvanında daimi pasport qeydiyyatına alınması qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin 800 nömrəli, 24.12.2001-ci il tarixli qərarı ilə X3 yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, R.Axundov küçəsi 43 nömrəli özbaşına tikilmiş evə qeydiyyat vəsiqəsinin verilməsinə razılıq verilmişdir. 14.01.2002-ci il tarixdə X4, İddiaçı1, X1 və X6 ərizə verərək həmin evin X3 adına özəlləşdirilməsinə etiraz etməmişlər. Bakı şəhəri, Nərimanov rayonu, R.Axundov küçəsi 43 ünvanında yerləşən 7 otaqlı 96.7 kv.metr yaşayış, 175.8 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evinə dair X3 xüsusi mülkiyyət hüququ Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 26.02.2002-ci il tarixdə 48 saylı reyestr kitabında qeydə alınmış və bu barədə FM seriyalı 011730 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Bakı şəhəri Cavabdehin 27.11.2017-ci il tarixli, 479 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, R.Axundov küçəsi 43 ünvanında yerləşən fərdi yaşayış evinin təqdim olunmuş layihəyə uyğun mövcud istifadə vəziyyətində vətəndaş X3 adına sənədləşdirilməsinə icazə verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.12.2017-ci il tarixli, 2-1(82)-4500/2017 nömrəli Qərarı ilə iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin qarşı fərdi yaşayış evinə və torpaq sahəsinə vahid əmlak kimi reyestrdən çıxarış verilməsi” tələbinə dair iddiası təmin edilmiş və X3 Bakı şəhəri, Nərimanov rayonu, R.Axundov küçəsi 43 ünvanındakı evin 115,9 kv.m ölçüdə tikintialtı torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq həmin evlə birlikdə sözügedən torpaq sahəsinə dair vahid əmlak kimi reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20.06.2018-ci il tarixli, 2- 1(103)-1477/2018 saylı qərarı ilə təmin edilməmişdir. 13.11.2018-ci il tarixdə X3 ünvan 7 ünvanla ünvan 8ahəsi 306.7 kv.metr olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.01159 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçılar hazırda mübahisəli evə dair mülkiyyət hüququnun üçüncü şəxs Z.Həsənovun adına qeydə alınmasına əsas olan sənədlərdən biri kimi cavavdeh tərəfindən qəbul edilmiş 27.11.2017-ci il tarixli, 479 nömrəli sərəncamın etibarsız hesab olunmasını xahiş edirlər. İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialar müəyyən etmə və ya tanınma haqqında iddialara aiddir. İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Göründüyü kimi, iddiaçıların 27.11.2017-ci il tarixli, 479 nömrəli sərəncamın etibarsız hesab olunmasından ibarət hazırkı iddiası müəyyən etmə haqqında iddianın bir növü olan inzibati aktın etibarsızlığının tanınmasına dair iddiaya aiddir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Məhz bu baxımdan iddianın mümkünlüyünü yoxlayan məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, hər hansı bir inzibati aktın etibarsızlığının tanınmasına dair iddia inzibati orqanla vətəndaş arasında inzibati aktın hüquqi cəhətdən etibarlılığına dair mübahisə mövcud olan hallarda hüquqi müəyyənliyin bərqərar edilməsinə xidmət edir. Bu növ iddia üzrə əsas mümkünlük şərti iddiaçının müəyyən etmə marağının olmasıdır. İşdən müəyyən olunur ki, üçüncü şəxs iddiaçılara qarşı Bakı şəhəri Nərimanov rayon Məhkəməsində iddia qaldıraraq kompensasiya ödənilməklə mübahisəli sərəncamda göstərilən evdən istifadə hüququna xitam verilməsini xahiş etmiş, iddiaçıların hazırkı iddianı qaldırmağa marağı da məhz bu əsasla yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, inzibati aktın etibarsızlığının tanınmasından ibarət iddia o halda əsaslı sayıla bilər ki, inzibati akt “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – İİQ) 65-ci maddəsinə əsasən etibarsız olsun. Həmin maddəyə əsasən isə aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Göründüyü kimi, həmin maddəyə əsasən yalnız aydın şəkildə anlaşıla bilən müstəsna hallar inzibati aktın etibarsız sayılması nəticəsinə gəlməyə əsas verir. Qeyd olunan bu müstəsna hallar mövcud olduqda, inzibati aktın qanuna zidd deyil, birbaşa etibarsız sayılması onsuz da heç bir sual doğurmur. Lakin şəxs həmin inzibati aktın icra olunması təhlükəsi ilə qarşılaşdıqda hüquqi müəyyənliyin təmin edilməsi məqsədilə inzibati aktın etibarsızlığının tanınması barədə iddia qaldırır. İddiaçıların etibarsızlığının tanınmasını tələb etdiyi cavabdehin 27.11.2017-ci il tarixli, 479 nömrəli sərəncamını yuxarıda istinad olunan normaların tələbləri baxımından yoxladıqda aydın olur ki, həmin inzibati aktın etibarsız sayılması üçün əsas yoxdur. Belə ki, həmin sərəncam Bakı şəhəri Cavabdehin Başçısı tərəfindən qəbul edilmiş (hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlumdur), qanunvericiliyə əsasən yazılı formada qəbul edilməsi nəzərdə tutulan sərəncam həmin formaya uyğun olmuş, sərəncamda maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər edilməsi tələb olunmamış, faktiki səbəblər üzündən icrası mümkünsüz olmamış və üçüncü şəxs barəsində qəbul olunmaqla kimə ünvanlandığı aydın olmuşdur. Deməli, iddiaçıların etibarsız sayılmasını tələb etdikləri inzibati akt İİQ-nın 65.1.1, 65.1.3, 65.1.4, 65.1.5 və 65.1.6-cı maddələrində nəzərdə tutulan inzibati aktlara uyğun olmamışdır. Məhkəmə iclasında İddiaçı1 və onun vəkilinin verdiyi izahatdan müəyyən olunur ki, onlar hazırkı iddianı qaldırarkən müvafiq sərəncamın İİQ-nın 65.1.2-ci maddəsinə əsasən etibarsız sayılmasını xahiş edirlər, çünki cavabdehin belə bir sərəncam qəbul etmək səlahiyyətinin olmadığını iddia edirlər. Məhkəmə qeyd edir ki, İİQ-nin 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Lakin burada müvafiq səlahiyyəti olmayan inzibati orqan dedikdə, nəyin nəzərdə tutulmasının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, İİQ-nin 65.1-ci maddəsində nəzərdə tutulan digər əsaslar nəzərdən keçirildikdə aydın olur ki, İİQ-nin 65.1.2-ci maddəsində səlahiyyəti olmayan inzibati orqan dedikdə, yalnız açıq-aşkar müvafiq səlahiyyətə malik olmayan inzibati orqanlar başa düşülməlidir. Misal üçün, vətəndaşların yaşayış və ya olduğu yer üzrə qeydiyyatını aparan inzibati orqanın tikintiyə icazə verməsi, yaxud tikinti idarəsinin hər hansı bir şəxsin vətəndaşlığını tanıması və sair. Bu cür inzibati aktların düzgün olmadığını aydın şəkildə görmək və buna görə də həmin inzibati aktın açıq-aşkar müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul olunduğunu müəyyənləşdirmək mümkündür. Lakin müəyyən səbəblərdən həmin aktın icrası təhlükəsi yaranarsa, şəxs aktın etibarsızlığı, yəni yararsız olmasını məhkəmə qaydasında tələb edə bilər. Lakin əksinə, səlahiyyətli olduğu rayonun hüdudlarından kənarda yerləşən evin tikintisinə icazə vermiş inzibati orqanın hərəkəti isə yalnız qanuna zidd hesab olunmalı və onun mübahisələndirilməsinə yol verilməlidir. Çünki ilk baxışdan həmin aktın etibarsızlığının müəyyən edilməsi mümkün deyildir. Bu İİQ-nin 65.1-ci maddəsində müəyyən edilən digər etibarsız inzibati aktların müstəsnalığından irəli gəlir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, həmin aktlar heç bir şərt və hərəkətdən asılı olmadan özlüyündə hər hansı bir hüquqi nəticə doğurmur və əhəmiyyətsizdir. İİQ-nin 64.4-cü maddəsində də göstərilmişdir ki, etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Əgər onun etibarsızlığı şəxslər arasında mübahisəyə səbəb olarsa, onda İİQ-nin 65.3-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. İnzibati orqan bunu etmədikdə isə şəxs həmin inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir: 4.9.12. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada tikinti norma və qaydalarına riayət etməklə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması barədə qərar qəbul etmək; 4.11.11.1. təsdiq edilmiş memarlıq layihələrini qeydiyyatdan keçirmək; 4.11.11.2. memarlıq obyektinin layihəsini və layihənin texniki və ekoloji ekspertiza qaydalarını memarlıq-planlaşdırma tapşırıqları verən orqanla razılaşdırmaqla təsdiq etmək; 4.11.11.3. qəbul edilmiş memarlıq layihəsinin memarlıq həllinin bütün dəyişikliklərinə razılıq vermək və nəzarət etmək; 4.11.11.4. tikinti üçün sənədlərin tərtibatı və ya memarlıq obyektinin inşası zamanı müəllifin razılığı ilə memarlıq layihəsinə edilən dəyişikliklər memarlıq-planlaşdırma tapşırığının tələblərindən və ilkin razılaşdırma layihəsindən kənara çıxdıqda, bu dəyişiklikləri təsdiq etmək; 4.11.11.5. İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; 4.11.12. müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək; 4.11.13. "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu, 17-ci və 26-cı maddələrinə əsasən təsdiq olunmuş şəhərsalma sənədlərində yeni obyektlərin yerləşdirilməsinə, habelə mövcud tikililərin yenidən planlaşdırılmasına, yenidən qurulmasına, konstruktiv dəyişikliklər aparılmasına razılıq vermək, şəhərsalma sənədlərinin həyata keçirilməsində sifarişçinin, tərtibatçının və podratçının fəaliyyətinə nəzarət etmək, şəhərsalma fəaliyyəti ilə əlaqədar yaranan mübahisələrə baxmaq; Həmçinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə yerli icra hakimiyyəti orqanlarına məlumat verir və layihəyə dair münasibət bildirilməsi də yerli icra hakimiyyəti orqanının səlahiyyətinə aid edilmişdir. Göründüyü kimi, qanunverici yerli icra hakimiyyəti orqanlarına yaşayış sahəsinin tikintisinə icazə vermək (01.08.2019-cu il tarixədək), məlumatlandırma icraatı çərçivəsində layihəyə münasibət bildirmək kimi bir çox səlahiyyət vermişdir. Buna görə də cavabdehin üçüncü şəxs Z.Həsənovun əlavələr etməklə tikinti apardığı fərdi yaşayış evinin mövcud istifadə vəziyyətində sənədləşdirilməsinə icazə verdiyi 27.11.2017-ci il tarixli, 479 nömrəli sərəncamı İİQ-nin 65.1.2-ci maddəsinə uyğun olaraq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt kimi qiymətləndirilə bilməz. İddia ərizəsindən də görünür ki, iddiaçılar sərəncamın etibarsızlığını irəli sürərkən bunu daha çox inzibati orqan tərəfindən inzibati icraatın aparılması qaydalarının pozulması, onların dinlənilmək hüququnun təmin edilməməsi və sair kimi prosessual normaların pozulması ilə əsaslandırmışlar. Məhkəmə tərəfindən bu hal nəzərə alınaraq məhkəmə iclasında iddiaçılara iddia tələbinin dəqiqləşdirilməsi və yanlış iddia növünün münasibi ilə, yəni mübahisələndirmə haqqında iddia növü ilə əvəz edilməsi təklif edilmiş, lakin iddiaçılar göstərilmiş hüquqi yardıma uyğun iddianın dəyişdirilməsi barədə ərizə təqdim etməkdən imtina etmişlər. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin qəbul etdiyi inzibati akt İİQ-nin 65.1-ci maddəsində göstərilən əsaslara uyğun gəlmədiyindən iddia tələbi əsaslı sayıla və təmin edilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-2020/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2020/2022
14.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver