Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2020/2024 03.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhəri Baş Polis İdarəsinə qarşı “müavinətin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Baş Polis idarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin ona 2000-ci il tarixdən 2008-cil tarixinədək və 2011-ci il tarixindən 2018-ci il tarixinədək müvafiq xidməti illərdə, ümumilikdə on yeddi il müalicə olunması ilə əlaqədar pul müavinətinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsində (əvvəllər polis şöbəsi kimi faliyyət göstərən) 20 aprel 2000-ci il tarixdə polis nəfəri vəzifəsinə təyin olunmuş və 08 iyun 2020-ci il tarixinədək həmin polis idarəsində fasiləsiz olaraq xidmət etmişdir. 09 iyun 2020ci il tarixdə öz arzusu ilə daxili işlər orqanlarından xidmətdən xaric olmuşdur. Xidmətdə olduğu 2009, 2010 və 2019-cu illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavənin 9-cu bəndinin tələbinə əsasən ildə bir dəfə heç bir tibbi arayış və digər sənəd tələb olunmadan müalicə olunması ilə əlaqədar ona ödənilən bir aylıq əmək haqqı məbləğində pul müavinəti müvafiq qanunvericiliyin tələbinə zidd olaraq Daxili İşlər Nazirliyinin 2 nömrəli poliklinikasindan müalicə olunması ilə əlaqədar tibbi arayış tələb edilməklə ona ödənilmişdir. 2020-ci il tarixdə isə müalicə olunması ilə əlaqədar bir aylıq əmək haqqı məbləğində pul müavinəti heç bir tibbi arayış tələb olunmadan müvafiq qanunvericiliyin tələbinə uyğun olaraq ona ödənilmişdir. 2000-ci il tarixindən 2008-ci il tarixinədək və 2011ci tarixindən 2018-ci il tarixinədək müvafiq xidməti illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli tarixli 73 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavənin 9-cu bəndinin tələbinə əsasən ildə bir dəfə heç bir tibbi arayış və digər sənəd tələb olunmadan müalicə olunması ilə əlaqədar ödənilməli olan bir aylıq əmək haqqı məbləğində pul müavinəti məlum olmayan səbəbdən ona ödənilməmişdir. Bunula əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə Daxili İşlər Nazirliyi rəhbərinə, xx.xx.2023-cü il tarixdə isə Nazirlər Kabineti rəhbərinə ərizə ilə müraciət etmişdir. Daxili İşlər Nazirliyi rəhbərinə ərizə ilə müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixdə, Bakı şəhər Baş Polis İdarəsi tərəfindən ona yazılı şəkildə 2009, 2010, 2019 və 2020-ci xidməti illərdə müalicə olunması ilə əlaqədar ödənilən pul müavinətlərinin məbləği göstərilməklə, 2000-ci il tarixindən 2008ci il tarixinədək və 2011-ci tarixindən 2018-ci il tarixinədək müvafiq xidməti illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli tarixli 73 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavənin 9-cu bəndinin tələbinə əsasən ildə bir dəfə heç bir tibbi arayış və digər sənəd tələb olunmadan müalicə olunması ilə əlaqədar ödənilməli olan bir aylıq əmək haqqı məbləğində pul müavinətinin ödənilməməsinin səbəbini, xx.xx.2005-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək əməkdaşlara müalicə olunmaqları ilə əlaqədar pul müavinətinin hesablanıb ödənilməsi toplanmış müvafiq sənədlərin (tibbi bülleten, Azərbaycan Respublikası DİN-nin Tibb İdarəsinin 2 saylı poliklinikasının tibbi arayışı və əməkdaşın xidmət etdiyi qurumun protokolu) əsasında ödənildiyini qeyd edərək bildirmişdir. Bu isə müvafiq qanunvericiliyin tələbinə uyğun deyildir. Nazirlər Kabineti rəhbərinə ünvanladığı mürtaciət ərizəsinə cavab olaraq xx.xx.2023-cü il tarixdə Bakı şəhər Baş Polis İdarəsi tərəfindən ona xx.xx.2023-cü il tarixdə ünvanlanan cavabın təkrar qeyd olunaraq yazılı şəkildə iddiaçıya göndərilmişdi. Həmçinin 2000-ci il tarxindən 2008-ci il tarixinədək və 2011-ci il tarixindən 2018-ci il tarixinədək xidməti illərdə müvafiq qanunvericilikdə nəzərdə tutulmuş müalicə olunması ilə əlaqədar ödənilməli olan pul müavinətinin iddiaçıya ödənilməməsi səbəbindən ambulator və stasionar rejimdə xəstəliklərin müalicəsində istifadə etdiyi dərman preparatlarının pulunu aylıq əmək haqqından ödədiyi üçün ona maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13022/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Bakı Metropolitenində Polis İdarəsi əsl cavabdeh Bakı Şəhəri Baş Polis İdarəsi ilə əvəz edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehin ünvanına məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə doğulmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-44/2-14289/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, sabiq polis əməkdaşı İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Bakı Şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin manqa komandiri vəzifəsində xidmət etmiş, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsanamənin” 135-ci maddəsinin 6-cı bəndi ilə (səhhətinə görə) xidmətdən xaric olunmuş və xidmət etdiyi illər ərzində 2009-cu ilin sentyabr ayında 381 manat 50 qəpik, 2010-cu ilin oktyabr ayında 396 manat 75 qəpik, 2019-cu ilin dekabr ayında 993 manat 75 qəpik, 2020-ci ilin mart ayında isə 993 manat 75 qəpik olmaqla 4 dəfə xəstəlik müavinəti almışdır. Bildiririk ki, 2005-ci ilədək daxili işlər orqanlarının əməkdaşlarına xəstəlik müavinətinin ödənilməsi nəzərdə tutulmasa da, 2005ci ildən 2020-ci ilədək əməkdaşlara müalicə olunmaları ilə əlaqədar pul müavinətinin hesablanması müvafiq sənədlərin əsasında ödənilirdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2019-cu il tarixli, Ə893-001 -19 nömrəli əmrinin 2-ci bəndinə uyğun olaraq xx.xx.2020-ci il tarixdən etibarən daxili işlər orqanlarının əməkdaşlarına məzuniyyətə çıxarkən ildə bir dəfə onlara aylıq əmək haqqı məbləğində pul müavinəti verilir. Məhkəmənin sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-44/2-1281/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, sabiq polis əməkdaşı İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Bakı Şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin manqa komandiri vəzifəsində xidmət etmiş, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamənin” 135-ci maddəsinin 6-cı bəndi ilə (səhhətinə görə) xidmətdən xaric olunmuş və xidmət etdiyi illər ərzində 2009-cu ilin sentyabr ayında 381 manat 50 qəpik, 2010-cu ilin oktyabr ayında 396 manat 75 qəpik, 2019-cu ilin dekabr ayında 993 manat, 75 qəpik, 2020-ci ilin mart ayında isə 993 manat 75 qəpik olmaqla 4 dəfə xəstəlik müavinəti almışdır. Bildiririk ki, 2005-ci ilədək daxili işlər orqanlarının əməkdaşlarına xəstəlik müavinətinin ödənilməsi nəzərdə tutulmasa da, 2005ci ildən 2020-ci ilədək əməkdaşlara müalicə olunmaları ilə əlaqədar pul müavinətinin hesablanması müvafiq sənədlər əsasında ödənilirdi. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2019-cu il tarixli, Ə893-001-19 nömrəli əmrinin 2-ci bəndinə uyğun olaraq xx.xx.2020-ci il tarixdən etibarən daxili işlər orqanlarının əməkdaşlarına məzuniyyətə çıxarkən ildə bir dəfə aylıq əmək haqqı məbləğində pul müavinəti verilir. Həmçinin qeyd olunan məsələ ilə bağlı xx.xx.2023-cü il tarixdə, 3-13-44/2-14289/2023 nömrəli məktubla Sizə cavab verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, sizin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanladığınız 2000-2008-ci illərdə və 2011-2018-ci illər üçün xəstəlik müavinətlərinin ödənilməsi barədə ərizənizə aidiyyəti üzrə Bakı Şəhər Baş Polis İdarəsinin Maliyyə-plan şöbəsində baxılmışdır. Bildiririk ki, Maliyyəplan şöbəsinin arxivində saxlanılan şəxsi vərəqələrinizə əsasən 2009-cu ilin sentyabr ayında 381 manat 50 qəpik; 2010-cu ilin oktyabr ayında 396 manat 75 qəpik; 2019-cu ilin dekabr ayında 993 manat 75 qəpik; 2020-ci ilin mart ayında 993 manat 75 qəpik. Qeyd etəmək istərdik ki, xx.xx.2005-ci il tarixindən 01.01,2020-cı ıl tarixınədək əməkdaşlara müalicə olmaqları ilə əlaqədar pul müavinətinin hesablanıb ödənilməsi toplanmış müvafiq sənədlərin (tibbi bülleten, Azərbaycan Respublikası DİN-in Tibb İdarəsinin 2 saylı poliklinikasının tibbi arayışı və əməkdaşın xidmət etdiyi qurumun protokolu) əsasında ödənilirdi. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, sizin Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyinə ünvanladığınız 2000-2020-ci illərdə aldığınız xəstəlik müavinətləri barədə məlumatın əldə etməyiniz barədə ərizənizə aidiyyəti üzrə Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə-plan şöbəsində baxılmışdır. Bildiririk ki, Maliyyə-plan şöbəsinin arxivində saxlanılan şəxsi vərəqələrinizə əsasən 2009-cu ilin sentyabr ayında 381 manat 50 qəpik; 2010-cu ilin oktyabr ayında 396 manat 75 qəpik; 2019-cu ilin dekabr ayında 993 manat 75 qəpik; 2020-ci ilin mart ayında 993 manat 75 qəpik. Qeyd etmək istərdik ki, xx.xx.2005-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək əməkdaşlara müalicə olmaqları ilə əlaqədar pul müavinətinin hesablanıb ödənilməsi toplanmış müvafiq sənədlərin (tibbi bülleten, Azərbaycan Respublikası DİN-in Tibb İdarəsinin 2 saylı poliklinikasının tibbi arayışı və əməkdaşın xidmət etdiyi qurumun protokolu) əsasında ödənilirdi. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi” Qaydalarının 9-cu bəndinə görə daxili işlər orqanları əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir. Azərbaycan Respublikası DİN 29 yanvar 2005-ci il tarixli 35/xiü nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarına müalicə olunmaları ilə əlaqədar pul müavinətinin verilməsi Qaydası”nın aşağıdakı bəndlərinə görə: -1. Bu Qayda «Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamənin 5.3.6 bəndini və «Polis əməkdaşının maddi və sosial təminatı ilə bağlı Qaydaların təsdiq edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000ci il 20 aprel tarixli 73 nömrəli Qərarına əlavələr və dəyişiklik edilməsi barədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 25 noyabr tarixli 185 nömrəli Qərarını rəhbər tutaraq hazırlanmış və Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçən əməkdaşlara müalicə olunmaları ilə əlaqədar pul müavinətinin verilməsi işini tənzimləyir.
2. Daxili işlər orqanları əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində (ərzaq payı əvəzinə verilən pul kompensasiyası istisna olmaqla aylıq təminat xərcliyi) pul müavinəti verilir.
3. Pul müavinəti – bu qaydaya əlavə edilmiş siyahıda göstərilən vəzifəli şəxslərə tibb müəssələrində müalicə olunmaları ilə əlaqədar təqdim etdikləri sənədlər, daxili işlər orqanlarına isə (müstəsna hallarda qanuni nümayəndəsinə) onların raportu, eləcə də müalicənin zəruriliyini və ya müalicə olunmanı təsdiqləyən sənəd əsasında xidmət keçdikləri orqanda və ya nizami polis hissəsində yaradılmış müvafiq komissiya tərəfindən baxılaraq verilir. Komissiyanın sədrliyinə DİN-in mərkəzi aparatında baş idarə, idarə və müstəqil şöbə rəisləri, ərazi, xətt orqanlarında və nizami hissələrdə işə rəis (komandir) müavini təyin edilir.
4. Pul müavinətinin ödənilməsi üçün əməkdaş birbaşa tabe olduğu rəisə müalicə olunacağı və ya müalicə olunması barədə raportla müraciət edir. Raporta müalicəni və ya müalicə olunmanı təsdiqləyən aşağıdakı sənədlərdən birini əlavə edir: stasionar, xəstəliklə əlaqədar dispanser qeydiyyatında olanların müalicəyə zəruriliyi barədə tibb müəssisəsi tərəfindən verilmiş arayış və ya müvafiq müalicə sanatoriya-kurort müəssisəsinə göndəriş. DİN-in Tibb idarəsinin tibb müəssisələri olmayan digər şəhər və rayonlarda işləyən daxili işlər orqanlannın əməkdaşlarına müalicə ilə əlaqədar müavinət onların işlədiyi ərazilərdə yerləşən Səhiyyə Nazirliyinin müalicə-profilaktik müəssisələrinin həkim-məsləhət komissiyaları tərəfindən verilən sənəd əsasında ödənilir. Bu bənddə göstərilən sənədlər təqdim edilmədikdə pul müavinəti verilmir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi “DİN-in xx.xx.2005-ci il tarixli 35/xiü nömrəli əmrində dəyişiklik edilməsi barədə” xx.xx.2019-cu il tarixli, Ə893-001-19 Nömrəli Əmri ilə 1. Daxili İşlər Nazirliyinin 2005-ci il 29 yanvar tarixli 35/xiü nömrəli əmrinin 2-ci bəndi ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarına müalicə olunmaları ilə əlaqədar pul müavinətinin verilməsi Qaydası”, Daxili İşlər Nazirliyinin 2009-cu il 15 may tarixli 271 nömrəli əmri, 2014-cü il 21 noyabr tarixli Ə999-001-14 nömrəli əmrinin 2-ci bəndi, 2014-cü il 18 dekabr tarixli Ə1089-001-14 nömrəli əmrinin 2-ci bəndinin ləğv edilməsi, 2. Əməkdaşlara müalicə olunmaları ilə əlaqədar bir aylıq əmək haqqı məbləğində pul müavinəti bir qayda olaraq məzuniyyət vəsiqəsinə əsasən, digər hallarda onların xidmət etdiyi qurumun rəisinin (komandirinin) adına yazdığı raport əsasında əlavə sənəd tələb edilmədən, ildə bir dəfə verilməsi, məzuniyyətə və müalicəyə görə pul müavinətinin ödənilməsi “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarının 1.3-cü bəndində göstərilən əlavələr və ərzaq payı əvəzinə verilən pul kompensasiyası istisna olmaqla təmin edilməsi qərara alınmışdır. Göründüyü kimi 2019-cu ilədək qüvvədə olmuş qaydalara əsasən daxili işlər orqanlarında xidmət keçən əməkdaşlara müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə bir aylıq əmək haqqı məbləğində müavinətin verilməsi, müavinətin müalicənin zəruriliyini təsdiq edən tibbi sənədlər, raport (müraciət) əsasında müvafiq komissiyaya müraciət edildiyi halda verilməsi, sənədlər təqdim edilmədikdə isə pul müavinətin verilməməsi nəzərdə tutulmuşdur. xx.xx.2019-cu il tarixdən qəbul olunmuş və qüvvədə olan qaydalarda isə daxili işlər orqanlarında xidmət keçən əməkdaşlara müalicə olunmaları ilə əlaqədar bir aylıq əmək haqqı məbləğində pul müavinətinin məzuniyyət vəsiqəsinə və ya raport əsasında lakin hər hansı əlavə tibbi sənəd təqdim edilmədən verilməsi qərara alınmışdır. Başqa sözlə, noyabr 2019-cu ilədək qaydalar birmənalı olaraq müavinətin verilməsini əməkdaşın bilavasitə müraciəti və həmin müraciətə müalicə olunmasını sübut edən müvafiq zəruri sənədləri əlavə etməsi ilə şərtləndirdiyi halda, yeni qaydalarda göstərilən şərt aradan qaldırılmış və yalnız əlavə sənəd tələb edilmədən müavinətin verilməsi təsbit olunmuşdur. İşdən müəyyən olunur ki, iddiaçıya xidmət etdiyi müddətdə 2009, 2010, 2019, 2020ci illər üzrə müalicə pulu ödənilmişdir. Belə ki, cavabdehin məhkəmə sorğusuna cavabda iddiaçıya xidmət etdiyi illər ərzində 2009-cu ilin sentyabr ayında 381 manat 50 qəpik, 2010-cu ilin oktyabr ayında 396 manat 75 qəpik, 2019-cu ilin dekabr ayında 993 manat 75 qəpik, 2020-ci ilin mart ayında isə 993 manat 75 qəpik olmaqla 4 dəfə xəstəlik müavinəti aldığı qeyd edilmişdir. İddiaçıya 2009, 2010 və 2019-cu illərdəki müavinat müraciəti və həmin müraciətə əlavə etdiyi tibbi sənədlər əsasında verildiyi halda, 2020-ci ilin müavinatı iddiaçıdan hər hansı sənəd tələb edilmədən verilmişdir. İddiaçı ona həmin illər üzrə müavinətin ödənildiyini mübahisələndirmir. Eyni zamanda iddiaçı 2000-2008, 2011-2018-ci illər üzrə müvafıq müalicə pulunun verilməsi barədə cavabdehə xidmət etdiyi dövrdə müraciət edilməsini və müvafiq tibbi arayışın təqdim edilməsini, cavabdehin isə belə müraciətləri qəbul etməkdən imtinasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu əsasdan məhkəmə cavabdehin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı mübahisələndirdiyi illərdə müavinətin verilməsi üçün müraciət etməməklə zəruri sənədləri təqdim etmədiyindən həmin illər üzrə müavinət verilə bilməz. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı cavabdeh Bakı şəhəri Baş Polis İdarəsinə qarşı “müavinətin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova