Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2021/2020 27.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, X22 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X7, 3-cü şəxs X4 nümayəndəsi və vəkili X5, 3-cü şəxs X8 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və 14 saylı Notariat Kontoruna qarşı 3-cü şəxslər Suraxanı rayon İcra Hakimiyyəti, X11, X13, X9 və X2 işə cəlb edilməklə texniki pasportun ləğv edilməsi barədə iddiası üzrə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və 14 saylı Notariat Kontoruna qarşı 3-cü şəxslər Suraxanı rayon İcra Hakimiyyəti, X11, X13, X9 və X2 işə cəlb edilməklə cavabdeh tərəfindən 1963-cü ildə mərhum Ağayeva Gülbüstə (Gülpüstə) Əhməd qızına Bakı şəhəri, Suraxanı rayonu, Əli Əsgərov (keçmiş Lenin) küçəsində yerləşən 7 saylı fərdi yaşayış evinə dair verilmiş texniki pasportun ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq digər cavabdeh nümayəndəsi və 3-cü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxıla bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçı tərəfindən məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət edilməməsini bildirilərək iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X4 nümayəndəsi və eyni zamanda vəkili iddia tələbini qəbul etməyərək iddiaya qarşı etiraz edərək bildirdilər ki, iddiaçı iddia ərizəsinin əsası kimi bir neçə sənədə istinad edərək, atası mərhum Xası (Xas Polad) Süleyman oğluna Bülbülə qəsəbəsində torpaq sahələri və qeyri-yaşayış sahələri məxsus olmuşdur. Bunun sübutu kimi, Azərbaycan Respublikası Dövlət X3 istinad edilir. İlk növbədə bu əsaslara münasibət bildirərək qeyd edirlər ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin 3-cü bəndinə əsasən, keçmiş torpaq mülkiyyətçilərinin (onların varislərinin) torpaq sahələri üzərində hüquqlarının restitusiyasına yol verilmir. Məlumdur ki, 1977-ci ildə qəbul edilmiş SSRİ Konstitusiyasına əsasən, bütün torpaq sahələri dövlətə məxsus olmuşdur. Eyni zamanda, həmin Konstitusiyaya əsasən, xüsusi mülkiyyətə icazə verilməmişdir. Yalnız fərdi yaşayış evləri fərdi mülkiyyət olaraq vətəndaşların mülkiyyətində ola bilirdi ki, reyestrdə qeydə alınmış mülkiyyətdirsə, bu mülkiyyətin də istənilən şəkildə özgəninkiləşdirilməsinə (vərəsəlik, alğı-satqı, bağışlama və s.) yerli X6 İcraiyyə Komitəsinin qərarı əsasında icazə verilirdi. Bu baxımdan, ididaçının torpaq və qeyri-yaşayış sahələri ilə bağlı restitusiya hüququna istinadən istənilən daşınmaz əmlaka iddialarının hüquqi əsası yoxdur. Digər tərəfdən, məhkəmənin diqqətinə çatdırırlar ki, 1926-11927-ci illərə dair siyahıda qeyd edilmiş olan Bülbülə qəsəbəsində yerləşən 442, 443 və 537 nömrəli ticarət yerlərinin məhz mübahisələndirilən fərdi yaşayış evi olduğunu təsdiq edən sənədlər də hələ ki, yoxdur. Mübahisəli fərdi yaşayış evi köhnə tikilidir, lakin formasından da ticarət sahəsi deyil, fərdi yaşayış evi kimi inşa edildiyi aydındır. ticarət sahəsinin qapısı mütləq şəkildə küçəyə açılmalıdır ki, bu xüsusiyyət mübahisələndirilən fərdi yaşayış evinə məxsus deyil. İddiaçı idida tələblərini əsaslandırarkən, istinad etdiyi torpaq və qeyri-yaşayış sahələrinə dair sənədləri sadalamışdır. Belə bir təəssürat yaranır ki, Bülbülə qəsəbəsində yerləşmiş olan 442, 443, 537 nömrəli ticarət yerləri, 600 kv.m sajin 91 sajin = 3.34 kv.m hesabı ilə 600 sajin 2000 kv.m-dən artıq sahəyə bərabərdir) torpaq sahəsi, 4148 kv.m sajin (13 787 kv.m) torpaq sahəsi hamısı iş üzrə üçüncü şəxslərin sahiblik və istifadəsində olan 9 saylı ünvanda yerləşir. Həmin ünvanlarda iddiada göstərilən qədər torpaq və tikili mövcud olmadığından başqa, iddiaçı nə üçünsə Əli Əsgərov küçəsi 7 ünvanına aid olan şəxsləri 3-cü şəxs kimi iddia tələblərində göstərsə də, Əli Əsgərov küçəsi 9 ünvanında yerləşən daşınmaz əmlakla bağlı hansısa hüquqmüəyyənedici sənərləri mübahisələndirməmiş, həmin ünvanın sahiblərini 3-cü şəxs qismində işə cəlb etməmişdir. Fikirlərincə, bu xüsusatlar, iddia ərizəsinin əslində digər şəxsin maraqlarına xidmət etdiyini təsdiq edir. İşin faktiki halları ilə bağlı onlara məlum olan halları və həmin halları təsdiq edən sübutları məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, həqiqətən də Bülbülə qəsəbəsi, indiki Əli Əsgərov (keçmiş Lenin) küçəsi 7 ünvanında yerləşən fərdi yaşayış evi, ticarət sahəsi kimi deyil, fərdi yaşayış evi olaraq iddiaçının atası Xası Süleyman oğluna məxsus olmasını ehtimal edirlər. Belə ki, həmin ev iddiaçının qardaşı X10 tərəfindən 10 avqust 1948-ci il tarixdə Bakı şəhəri 4 saylı Notariat Kontorunda bağlanmış alğı-satqı müqaviləsi əsasında mübahisəli fərdi yaşayış evi X19 5000 rubl pul müqabilində satılmışdır. Alğı-satqı müqaviləsindən görünür ki, Bülbülə qəsəbəsi, Lenin küçəsi 1 ünvanda qeydiyyatda olan satıcı X10, Bülbülə qəsəbəsi, Tramvay küçəsi 8 ünvanda qeydiyyatda olan X19 Kirov küçəsi 11 (ünvan sonradan dəyişdirilərək Lenin küçəsi 7; daha sonra isə Əli Əsgərov 7) ünvanında yerləşən evi satmışdır. İddiaçı iddia ərizəsində 1958-ci ildə Lenin küçəsi 7 ünvanında mərhum həyat yoldaşının qeydiyyatda olduğunu təsdiq edən arayış əlavə etmişdir. Həmin arayışa münasibətdə bildirirlər ki, Bülbülə qəsəbəsində ünvanların bir neçə dəfə dəyişdirilmiş olmasından istifadə edən iddiaçı qəsdən məhkəməni çaşdırmaq fikrindədir. Belə ki, atasından qalan ev kimi təqdim etdiyi Lenin küçəsi 7 ünvanında nədən özünün deyil, həyat yoldaşının qeydiyyatda olduğuna istinad edilir?. Axı onun iddiasına görə ev atasından qalıb?! Eləcə də, alğı-satqı müqaviləsində satıcının, yəni iddiaçının qardaşının qeydiyyat ünvanı Lenin küçəsi 1 ünvanıdır. Məhkəməyə bu xüsusatı izah etmək istəyirlər ki, mübahisəli ev iki küçənin kəsişməsində yerləşir. Evin qapısı faktiki olaraq Laçın Səlimov (keçmiş Kirov) küçəsinə açılır. Evin pəncərələri digər küçəyə - Əli Əsgərov küçəsinə baxır. Əvvəllər ev qapısının açıldığı küçəylə, yəni Kirov (indiki ünvan 2 ünvanı digər küçəyə, pəncərələrinin baxdığı Lenin (indiki Əli Əsgərov) küçəsinə aid edildi. İddia ərizəsində qeyd edilən X1 27 noyabr 1959-cu il tarixdə Bülbülə qəsəbəsi, Kirov küçəsi 11 ünvanda yaşamasına dair arayış da əslində dediklərinin sübutu sayılmalıdır. Əlavə olaraq qeyd edirlər ki, mərhum X23 trəəfindən mübahisəli fərdi yaşayış evində əlavə tikililərin aparılmasına dair keçmiş Orconikidze Rayon Xalq Dputatları Sovetinin İcraiyyə Komitəsinə müraciət edilmiş və Orzonikidze rayonu XDS İK-nin 06 iyun 1979-cu il tarixli qərarı ilə vətəndaşa əlavə tikililər inşa edilməsinə icazə verilmişdir. Bu məqam da əhəmiyyətlidir, belə ki, o dövrdə slahiyyətli dövlət orqanının iddia edildiyi kimi, ödənişsiz kirayə yaşayan vətəndaşa kirayə qaldığı evə əlavə tikililər inşa etməsinə icazə verməsi mümkün deyildir. Həmçinin iddia ərizəsi üzrə iki cavabdeh təşkilat cəlb edilmişdir ki, məhkəmə praktikasında buna yol verilmir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəmə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Göründüyü kimi, hətta qanunvericilikdə bir neçə iddianını birləşdirilməsi halında belə bir cavabdehin olması şərti var. Bu məntiqlə iddia tələblərinin iki cavabdehə yönəlməsi yolverilməzdir. Üstəlik nəzərə almaq lazımdir ki, cavabdeh qismində işə cəlb edilmiş 14 saylı Notariat Kontoruna yönəlmiş hər hansı tələb də yoxdur. Hesab edirlər ki, bu məqam məhkəmə tərəfindən dəqiqləşdirilməlidir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X8 iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndində qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququ mövcud deyildir. Birincisi onunla üçüncü şəxs (onun direktoru) arasında ümumi (publik) hüquq sahəsi ilə əhatə olunan inzibati hüquq münasibətlərinin mövcudluğu və həmin orqan tərəfindən onun subyektiv hüququna hər hansı bir müdaxilə edildiyi və ya qanunla qorunan hüquq və azadlıqlarını pozması faktı müəyyən edilmir. İkincisi iddiaçının qeyd olunan mübahisəli ünvan üzrə iddia qaldırmaq, o hüquq və mənafelərini məhkəmədə təmsil etmək hüququnu təsdiq edən sənəd-sübut da (vərəsəlik haqqında şəhadətnamə, onun adına daşınmaz əmlaka dair hər hansı bir hüquqmüəyyənedici sənəd və.s) mövcud deyildir. Bu halda iddiaçının hazırki iddia tələbinin İPM-nin 2.2-ci maddəsi ilə müəyyən edilən iddia növlərindən hər hansı birinə aid edilməsi və həmin Məcəllənin tələblərinə uyğun verilmiş və 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsi istisna olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə (müraciət) ilə cavabdehə müraciət etməmişdir. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, hazırki iddia inzibati icraat çərçivəsində mümkünlük şərtlərinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2021/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2021/2020
27.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver