Məhkəmə qərarları › İş №2-1(112)-2021/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2021/2023

07.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2021/2023 07.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Bakı şəhəri 35 nömrəli şəhər poliklinikası üçüncü şəxs qismində cəlb olunmaqla “əlillik dərəcəsinin təyin edilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə (bundan sonra mətndə Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2007-ci il tarixdən 35 nömrəli Şəhər Poliklinikasında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında 6 №li Tibbi Sosial Ekspert Komissiyasının 923 nömrəli 31.03.14-cü il tarixli müayinə aktı əsasında verilmiş 319153 saylı arayış ilə ona ümumi xəstəlik səbəbi ilə xx.xx.2015-ci il tarixədək ikinci qrup əlillik təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə təkrarən müayinədən keçərək xx.xx.2021-ci il tarixədək ikinci qrup əlilliyi 6 saylı Tibbi Sosial Ekspert Komissiyasının xxxxxxx0004 saylı arayışı ilə "kəskin revmatik xəstəliyi, revmatik miokardit, ürək çatmamazlığı.xr.hepatit” diaqnozu qoyularaq bir daha təsdiqlənmişdir. Əlillik müddətinin bitməsi səbəbi ilə növbəti dəfə müayinədən keçdikdə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspeıt Komissiyasına 2732003AACWK saylı göndərişlə göndərilmiş xx.xx.2021-ci il tarixli, 088 saylı arayış əsasında ona “kəskin revmatik miokardit Revmatizm aktiv forma, hipertoniuya İİ mər. Sol ayaqda artroz” diaqnozu qoyulmuşdur. Həmçinin, son zamanlarda sol qulağında eşitmə qabiliyyətini itirmişdir. Qeyd edilən xəstəliklərə görə dəfələrlə xəstəxanaya müraciət edib müayinə və müalicə olunmuş, bir neçə dəfə stasionarda müalicə almışdır. Əlilliyin bir daha müəyyən edilməsi məqsədi ilə 35 nömrəli Şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyasına müraciət etsə də, müraciətinə əsassız olaraq imtina cavabı almışdır. Belə ki, 12 iyul 2022-ci il tarixində Həkim Məsləhət Komissiyasının iclası zamanı onun diaqnozunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş, "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair’ Əsasnaməyə müvafiq olaraq əlilliyin müəyyən edilməsinə əsas verən diaqnozlara uyğun gəlmədiyi müəyyən edilmişdir. Lakin göründüyü kimi ona eyni diaqnozla artıq əvvəlki tarixlərdə ikinci qrup əlillik təyin edilmişdir, bu imtina aktı tamamilə əsassız olmuşdur. Həmçinin, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ona ünvanladığı xx.xx.2022-ci il tarixli, **********6 saylı məktubunda onun əllilik vəziyyətinin qiymətləndirilməsi barədə müraciətinə əsassız və qanunsuz olaraq imtina edilmişdir. Səbəb kimi belə göstərilmişdir ki, əlavə müalicəyə ehtiyac var və son 5 ildəki stasionar müalicə yetərli deyil. Cavabdeh orqanın imtinası tamamilə qanunsuz və əsassızdır. X9 Komissiyası tərəfindən ekspertiza keçirilməli və qeyd olunan xəstəliklər üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli. 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin bəndlərinə uyğun olaraq qeyd edilmiş diaqnozun ikinci dərəcə əlilliyin təyininə əsas verib-vermədiyi ətraflı araşdırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmənin 24 avqust 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri 35 nömrəli şəhər poliklinikası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim olunmmuş iddiaya dair yazılı etirazında göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı şəhəri 35 saylı şəhər Poliklinikasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ95-İ99 - Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş xəstəlikləri => İ99 - Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqları; Diaqnozun mətni: Revmatizm aktiv faza, aktivlik İİ dərəcə. Qayıdan revmokardit. QDÇ İİ dərəcə. Hipert xyi İİ dərəcə; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Revmatizm” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı şəhəri 35 saylı şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ95- İ99 - Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş xəstəlikləri => İ99 - Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqları; Diaqnozun mətni: Revmatizm aktiv faza İİ dərəcə. Qayıdan revmokardit. Hipert xyi İİ mərhələ. Xr hepatoxolesistit. QDÇ İİ dərəcə; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Revmatizm” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı şəhəri 35 nömrəli şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ00-İ02 - Kəskin revmatik qızdırma => 101 - Ürəyin cəlb olunması ilə gedən revmatik qızdırma => 101.9 - Ürəyin dəqiqləşdirilməmiş kəskin revmatik xəstə...; Diaqnozun mətni: kəskin revmatik xəstəliyi.revmatik miokardit,ürək çatmamazlığı.xr.hepatit.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: kəskin revmatik xəstəliyi.revmatik miokardit,ürək çatmamazlığı.xr.hepatit.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik: X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ00-İ02 - Kəskin revmatik qızdırma => 101 - Ürəyin cəlb olunması ilə gedən revmatik qızdırma => 101.9 - Ürəyin dəqiqləşdirilməmiş kəskin revmatik xəstə...; Diaqnozun mətni: kəskin revmatik xəstəliyi.revmatik miokardit,ürək çatmamazlığı.xr.hepatit; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: kəskin revmatik xəstəliyi.revmatik miokardit.ürək çatmamazlığı.xr.hepatit” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı şəhəri 35 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli, 2732003AACRZ saylı göndərişi əsasında baxılmış və “X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ00-İ02 - Kəskin revmatik qızdırma => 101 - Ürəyin cəlb olunması ilə gedən revmatik qızdırma => 101.2 - Kəskin revmatik miokardit; Diaqnozun mətni: 101.2 Kəskin revmatik miokardit, Kəskin revmatik miokardit, ÜİX: gərginlik stenokardiyası N f\s, revmatizm q\aktiv faza, MÇ İ dər, XÜÇ İ dər, AF 51 %; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Akad. C.M.Abdullayev ad. ET Kardiologiya İnstitutunda müayinə və müalicə olunması məsləhətdir” səbəbi ilə imtina verilmişdir. Bakı şəhəri 35 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli, 2732003AACWZ saylı göndərişi əsasında baxılmış və “X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ00-İ02 - Kəskin revmatik qızdırma => 101 - Ürəyin cəlb olunması ilə gedən revmatik qızdırma => 101.2 - Kəskin revmatik miokardit; Diaqnozun mətni: Kəskin revmatik miokardit; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son beş ildə aldığı müalicələr yetərincə deyil. İxtisaslaşdırılmış stasionar müalicəsi davam etdirilsin” səbəbi ilə imtina verilmişdir. Üçüncü şəxs Bakı şəhəri 35 nömrəli şəhər poliklinikasının iddia tələbinə dair yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edlmiş üçüncü şəxs Bakı şəhəri 35 nömrəli şəhər poliklinikası nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. İddiaçı xəstəliyə görə əlillik dərəcəsinin təyin edilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırki iddianın “məcburetmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçı xx.xx.1959-cu il təvəllüdlü İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1959-cu ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 6 saylı Tibbi Sosial Ekspert Komissiyasının məlumatından müəyyən olunur ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixdən ümumi xəstəliklə (Diaqnoz: kəskin revmatik xəstəliyi, revmatik miokardit, ürək çatmamazlığı.xr.hepatit; Əlilliyin müəyyən olunması meyarı-2.2. ikinci dərəcə əlillik=> Digər: kəskin revmatik xəstəliyi, revmatik miokardit. Ürək çatmamazlığı.x.r.hepatit) müayinə tarixi xx.xx.2021-ci il müəyyən olunmaqla ikinci dərəcə əlillik təyin olunmuşdur. İddiaçı əlillik vəziyyətinin müəyyən olunması üçün 35 nömrəli şəhər poliklinikası tərəfindən göndərilmiş; xx.xx.2012-ci il tarixli, xxxxxxx0001 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, xx.xx.2012-ci il tarixdə ümumi xəstəliklə 1 il müddətinə ilkin təyinat aparılmış, növbəti qiymətləndirmə tarixi xx.xx.2013-cü il qeyd olunmuşdur. X2: İX sinif-Qan dövranı sistemi xəstəlikləri=>195-199-Qan dövranı sisteminin digər və dəqiqləşdirilmiş xəstəlikləri=>199- Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqları; Diaqnoz mətni Revmatizim aktiv faza, aktivlik İİ dərəcə. Qayıdan revmokardit.QDÇ İİ dərəcə.Hipert xyi İİ dərəcə: Meyar 2.2. ikinci dərəcə əlillik. xx.xx.2014-cü il tarixli, xxxxxxx0002 akt №-li qiymətləndirmə nəticəsi ilə xx.xx.2014ci il tarixdə ümumi xəstəliklə 1 il müddətinə təkrar təyinat aparılmış, növbəti qiymətləndirmə tarixi xx.xx.2013-cü il qeyd olunmuşdur. X2: İX sinif-Qan dövranı sistemi xəstəlikləri=>195-199-Qan dövranı sisteminin digər və dəqiqləşdirilmiş xəstəlikləri=>199- Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqları; Diaqnoz mətni Revmatizim aktiv faza, aktivlik İİ dərəcə.Qayıdan revmokardit..Hipert xyi İİ mərhələ.Xrhepatoxolesistit QDÇ İİ dərəcə: Meyar 2.2. ikinci dərəcə əlillik. =>Digər:Revmatizim. xx.xx.2015-ci il tarixli, xxxxxxx0003 akt №-li qiymətləndirmə nəticəsi ilə xx.xx.2015ci il tarixdə ümumi xəstəliklə 1 il müddətinə təkrar təyinat aparılmış, növbəti qiymətləndirmə tarixi xx.xx.2016-cı il qeyd olunmuşdur. X2: İX sinif-Qan dövranı sistemi xəstəlikləri=>100-102-Kəskin revmatik qızdırma=>101 Ürəyin cəlb olunması ilə gedən revmatik qızdırma=>101.9-Ürəyin dəqiqləşdirilməmiş kəskin revmatik xəstə.... Diaqnozun mətni: kəskin revmatik xəstəliyi.revmatik miokardit, ürək çatmamazlığı.xr.hepatit.Meyar: 2.2.İkinci dərəcə əlillik=>Digər: Kəskin revmatik xəstəliyi.revmatik miokardit, ürək çatmamazlığı.xr.hepatit. xx.xx.2016-ci il tarixli, xxxxxxx0004 akt №-li qiymətləndirmə nəticəsi ilə xx.xx.2016ci il tarixdə ümumi xəstəliklə 5 il müddətinə təkrar təyinat aparılmış, növbəti qiymətləndirmə tarixi xx.xx.2021-cı il qeyd olunmuşdur. X2: İX sinif-Qan dövranı sistemi xəstəlikləri=>100-102-Kəskin revmatik qızdırma=>101 Ürəyin cəlb olunması ilə gedən revmatik qızdırma=>101.9-Ürəyin dəqiqləşdirilməmiş kəskin revmatik xəstə.... Diaqnozun mətni: kəskin revmatik xəstəliyi.revmatik miokardit, ürək çatmamazlığı.xr.hepatit.Meyar: 2.2.İkinci dərəcə əlillik=>Digər: Kəskin revmatik xəstəliyi. revmatik miokardit, ürək çatmamazlığı.xr.hepatit. xx.xx.2021-ci il tarixli, xxxxxxx0005 akt №-li qiymətləndirmə nəticəsi ilə X2: İX sinif- Qan dövranı sistemi xəstəlikləri=>100-102-Kəskin revmatik qızdırma=>101 Ürəyin cəlb olunması ilə gedən revmatik qızdırma=>101.2-kəskin revmatik miokardit.... Diaqnozun mətni: kəskin revmatik miokardit, Kəskin revmatik miokardit, ÜİX: gərginlik stenokardiyası İıf/s, revmatizim q/aktiv faza, MÇ İ dər, XÜÇ İ dərəcə, AF 51 %; Meyar: imtina edilir. Səbəb- Əlavə müalicəyə ehtiyacın olması-Səbəb: Akad. C.M.Abdullayev ad. X6 İnistutunda müayinə və müalicə olunması məsləhətdir. xx.xx.2021-cu il tarixli 2732003AACWK saylı Forma 088 göndərişində Əsas Diaqnoz: 101.2-Kəskin revmatik miokardit Revmatizim aktiv forma, hipertoniya İİ mərhələ. Sol ayaqda artroz: Ağırlaşma İ10-Essensial (birincili) hioertenziya İİ dərəcə; 120.8stenokardiyanın digər formaları ÜİX stabil gərginlik stenokardiyası İİİ f/s, Xr ÜÇ 1 f/s, Ürəyin aortal qüsur çatışmazlığı, mitral çatışmazlıq İ dər; AF 49 %; G63- Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı polinevropatiya Polinevropatiya; 150-Ürək çatmamazlığı ÜÇ 1f/s; Yanaşı xəstəliklər; H52.4-Persipiopiya OU-Persibiopiya; H36.8- Digər rubrikalarda təsnif olunan xəstəliklərdə başqa retinal pozğunluqlar OU-qeyri proliferativ retinopatiya; F48.0 Nevrasteniya; H52.0 Hipermetropiya. TSEK-ə göndərilməsi üçün əsas: əlillik müddətinin qurtarması yenidən baxmaq. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2022-ci il tarixli, **********6 saylı məktubla bildirilmişdir ki, əlillik vəziyyətinin qiymətləndirilməsi barədə müraciətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq əlillik vəziyyəti 35 nömrəli Şəhər Poliklinikasının 2732003AACWK nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması (Səbəb: Son beş ildə aldığı müalicələr yetərincə deyil İxtisaslaşdırılmış stasionar müalicəsi davam etdirilsin) barədə qərar qəbul edilmişdir. Bununla əlaqədar o, dövlət tibb müəssisəsi tərəfindən müayinə-müalicə olunacağı və yenidən göndəriş rəsmiləşdirəcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyiə uyğun olaraq qiymətləndiriləcəkdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 550/2022 saylı (ekspertizanın başlanma tarixi 27 oktyabr 2022-ci il, başa çatma tarixi 18 noyabr 2022-ci il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, 1,2. İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli № ******* AA CWK saylı Forma 088 göndərişində qeyd edilmiş diaqnoz onun stasionarda müayinə və müalicəsi zamanı anamnestik, klinik, laboratorinstrumental müayinələrin əsasında müəyyən edilmişdir. Həmin diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyindən ona Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin meyarlarını aid etmək mümkün olmadı. İddiaçı hazırda əlavə ixtisaslaşdırılmış müalicəsinə ehtiyacı yoxdur, lakin xəstəliklər kəskinləşdiyi halda müvafiq ixtisas sahəsi üzrə həkimə müraciət edə bilər. Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin təyini ilə əlaqədar isə tibb müəssisəsindən yeni Forma 088 rəsmiləşdirməklə dəyərləndirilə bilər. Məhkəmənin mövqeyi. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1-ci hissəsinə əsasən Əlilliyin ağırlığından asılı olaraq birinci, ikinci və üçüncü dərəcəli əlillik təyin edilir. Orqanizmin üzv və sistemlərinin funksiyalarının davamsız, dönər morfoloji dəyişmələri və pozulmaları zamanı müalicənin və görülən reabilitasiya tədbirlərinin səmərəliliyinə, sağlamlıq vəziyyətinə və sosial uyğunlaşma vəziyyətinə nəzarət etmək məqsədilə birinci dərəcə əlillik iki il müddətinə, ikinci və üçüncü dərəcə əlillik isə bir il müddətinə təyin edilir. Birinci dərəcə əlillik fasiləsiz olaraq dörd il, ikinci dərəcə isə fasiləsiz olaraq on il təyin edildiyi hallarda əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edilir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci və 2-ci hissələrindən göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə’’nin təsdiq olunması haqqında” 1997-ci il 29 avqust tarixli 99 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmiş, o cümlədən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də aşağıdakılar müəyyən olunmuşdur: - 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK (tibbi-sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; - 4.1-ci bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; - 4.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir. - 4.9-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 Sosial Ekspertiza və X8 (bundan sonra — TSERAS) ötürülür; - 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; - 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir. Göstərilmiş tələblərin ümumiləşdirilmiş nəticəsinə görə, şəxsin əlillik dərəcəsi TSEK və müəyyən edilmiş hallarda TSEK-in funksiyalarını həyata keçirən Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti müəyyən edir. İlk əvvəl şəxsin əlilliyin qiymətləndirilməsi üçün müvafi dövlət səhiyyə müəssisəsi göndəriş tərtib etməli və onu “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil etməlidir. - 4.25-ci bəndinə əsasən araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. - 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş, "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Əsasnamənin 2.2-ci bəndində göstərilmişdir ki, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Qaydaların 2.2-ci bəndinə göstərilmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir. İşin araşdırılan hallarından da göründüyü kimi, iddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün tibb müəssisəsi tərəfindən göndərilmiş göndərişə əsasən cavabdeh inzibati orqanın müvafiq Komissiyası tərəfindən aparılmış qiymətləndirmə nəticəsində əlillik dərəcəsinin təyinindən imtina edilmiş, əlavə müalicəyə ehtiyacın olması (Səbəb: Son beş ildə aldığı müalicələr yetərincə deyil İxtisaslaşdırılmış stasionar müalicəsi davam etdirilsin) səbəbi ilə iddiaçıya əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı iş üzrə təyin edilmiş ekspertizanın nəticəsi olaraq verilmiş rəydə isə iddiaçıda əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklərin əlillik dərəcəsinin təyininə əsas vermədiyi nəticəsinə gəlinmiş, Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin təyini ilə əlaqədar isə tibb müəssisəsindən yeni Forma 088 rəsmiləşdirməklə dəyərləndirilə biləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”si cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM-73.1), imtina cavabdeh inzibati orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar