Məhkəmə qərarları › İş №2-1(112)-2023/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2023/2020

20.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2023/2020 20.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X11 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, iddiaçının nümayəndəsi və vəkili X7, cavabdehin nümayəndəsi X8 iştirakları ilə, iddiaçı "xxxx" açıq səhmdar cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" açıq səhmdar cəmiyyəti (bundan sonra mətndə "xxxx" ASC) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Milli Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Milli Gəlirlər Baş İdarəsinin 19.11.2019-cu il tarixli, **********170063 №li səyyar vergi yoxlaması aktının ləğv olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən cavabdeh Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********195415 №li, 27.12.2019-cu il tarixli qərarın ləğv olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Milli Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" ASC üzrə “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 13.11.2018-ci il tarixində **********1168615 №li qərar qəbul olunmuşdur. Cavabdeh Milli Gəlirlər Baş İdarəsinin 19.11.2019-cu il tarixli, **********170063 №li səyyar vergi yoxlaması aktı ilə yoxlama başa çatdırılmışdır. Bu aktın 1.9.5-ci bəndinə əsasən, “Bakı Şampan Şərabları ASC-də istehsal edilmiş spirtli içkilərin istehsal həcminin müəyyən edilməsi məqsədi ilə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti tərəfindən “Mütəxəssisin dəvət edilməsi haqqında” 17.12.2018-ci il tarixli, **********171581 nömrəli və 01.07.2019cu il tarixli, **********186032 nömrəli qərarlar çıxarılmış, yoxlamaya "xxxx" MMC-nin eksperti və Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssisi cəlb edilmişdir. Görülmüş işlərin nəticəsində yoxlamaya "xxxx" MMC tərəfindən 28.06.2019-cu il tarixli arayış və Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssisi tərəfindən 19.11.2019-cu il tarixli mütəxəssis rəyi təqdim edilmişdir. Vergi orqanı tərəfindən qeyd olunmasına baxmayaraq, qeyd olunan arayış və mütəxəssis rəyi iddiaçıya təqdim edilməmişdir. Səyyar vergi yoxlamasına cəlb olunmuş mütəxəssis tərəfindən verilmiş 19.11.2019-cu il tarixli rəyə əsasən, istehsal avadanlıqlarının güc göstəricilərinin və istehsal prosesində əmək qüvvəsinin reallığı baxımından malların təkrar emala verilməklə silinməsi barədə silgi aktlarının reallığı əks etdirmədiyi müəyyən olunmuşdur”. Vergi orqanının qərarında sadəcə mütəxəssis rəyinə istinad olunaraq müəssisənin istehsal gücünün və əmək qüvvəsinin qeyd olunan məlumatlara uyğun gəlmədiyi bildirilmişdir. Lakin qeyd olunan bütün məhsullar bir anda deyil, tədricən və müxtəlif vaxtlarda təkrar emala göndərilmiş və bununla bağlı bütün rəsmiləşdirmə həyata keçirilmişdir. Belə ki, 01.04.2016-cı il tarixində müəssisənin hazır məhsullar anbarının ustası X1 tərəfindən verilmiş 2 bildiriş əsasında müəssisənin baş texnoloqu və laboratoriyası tərəfindən müvafiq malların standartlara cavab vermədiyi və satışa buraxılmaması barədə rəy verilmişdir. Məhz bu rəylər əsasında 29.04.2016-cı il tarixində tərtib olunmuş aktla müvafiq məhsullar satışa yararlı olmadığına görə butulkaların qapağı açılıb, araq süzüntüsü kimi təkrar istehsal məqsədi ilə daxili qaimə sənədləri əsasında araq süzmə sexinə verilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, Dövlət Akkreditasiya xidməti tərəfindən verilmiş № AZ 01.0156.01.16 akkreditasiya attestatına əsasən, "xxxx" ASC-nin İstehsal Sınaq laboratoriyası alkoqollu içkilərin sınağının həyata keçirilməsi üçün AZS İSO/İEC 17025:2009 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun akkreditasiya olunmuşdur və bu Attestata əlavə olunan akkreditasiya sahəsi əsasında uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir. Eyni şəkildə, 27.05.2016-cı il, 30.09.2016-cı il, 01.11.2016-cı il, 30.03.2017-ci il tarixli və 30.11.2017-ci il tarixli aktlar əsasında müvafiq satışa yararlı olmayan məhsullar müəssisə daxili sexə verilmiş və onlar yenidən istehsal edilərək, müvafiq aksiz markaları ilə markalanaraq satışa çıxarılmış və bu məhsullara görə vergi ödənilmişdir. Göründüyü kimi burada silinmədən yox, uyğun olmayan məhsulların yenidən emala verilməsi yolu ilə təkrar satışa çıxarılmasından bəhs olunur. Vergi orqanının qərarında sadəcə iki vergi üzrə - ƏDV və Aksiz vergisi üzrə kənarlaşma müəyyən edilmiş, digər vergilər və müəssisənin fəaliyyəti üzrə hər hansı kənarlaşma aşkar edilməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair etirazda göstərmişdir ki, vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında 13.11.2018-ci il tarixli **********168615 nömrəli qərarına əsasən iddiaçının fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 2015-ci ilin oktyabr ayından 2018-ci ilin sentyabr ayınadək olan vergi dövrünü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın nəticəsi 19.11.2019-cu il tarixli **********170063 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Qeyd edilən akt üzrə 27.12.2019-cu il tarixli **********195415 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Çıxarılmış qərarla vergi ödəyicisinə ƏDV üzrə əsas borc 232.596,02 manat (2016-cı il üzrə 96.307,29 və 2017-ci il üzrə 136.288,73 manat), maliyyə sanksiyası üzrə 68.144,37 manat, aksiz vergisi üzrə əsas borc 1.008.836,05 manat (2016-cı il üzrə 425.345,80 manat və 2017-ci il üzrə 583.490,25 manat), maliyyə sanksiyası üzrə 291.745,13 manat hesablanmışdır. Yoxlanılan dövr ərzində vergi ödəyyicisinin satış dövriyyəsi ümumi dəyəri 3.901.167,44 manat olmaqla (ƏDV daxil), 6.095.601 ədəd 733.671,05 litr spirtli içkilər satılmışdır ki, bunların da 2.511.557 ədədi 0,05 litr tutumlu (41,20 %), 2.209.559 ədədi 0,1 litr tutumlu (36,25 %), 996.131 ədədi 0,2 litr tutumlu (16,34 %), 136.917 ədədi 0,25 litr tutumlu (2,25 %), 116.087 ədədi 0,5 litr tutumlu (1,9%), 17.493 ədədi 0,2 litr tutumlu (16,34 %), 136.917 ədədi 0,25 litr tutumlu( 2,25 %), 116.087 ədədi 0,5 litr tutumlu (1,9 %), 17.493 ədədi 0,7 litr tutumlu (0,29 %), 99.343 ədədi 0,75 litr tutumlu (1,63%), 8.018 ədədi 1 litr tutumlu (0,13%), 496 ədədi isə 1,75 litr tutumlu (0,008 %) içkilərdən ibarət olmuşdur. Vergi ödəyicisinin satışının böyük hissəsini 0,05 litr və 0,1 litr tutumlu içkilərdən ibarət olmuşdur. Halbuki araşdırma zamanı vergi ödəyicisi tərəfindən 260.000 ədəd 0,1 litr həcmli butulkaların 12 yanvar 2009-cu ildə Rusiyanın OAO “STAR QLASS” təşkilatından alındığı və 0.05 həcmində butulkaların isə ümumiyyətlə alınmadığı müəyyən edilmişdir. Bu vergi ödəyicisinin satışlarını faktiki əks etdirmədiyi müəyyən edilmişdir. Bundan başqa yoxlanılan dövrdə "xxxx" ASC tərəfindən daxili əmrlə yaradılmış komissiyanın iştirakı ilə tərtib olunmuş aktlara əsasən 2016-cı ilin aprel ayında 177.772 ədəd butulkada (maya dəyəri 109.594,43 manat olmaqla ƏDV-si 19.727,0 manat), 2016-cı ilin may ayında 82.944 ədəd butulkada (maya dəyəri 68.225,94 manat olmaqla ƏDV-si 12.280,67 manat), 2016-cı ilin sentyabr ayında 282.320 ədəd butulkada (maya dəyəri 161.835,63 manat olmaqla ƏDV-si 29.130,41 manat), 2016-cı ilin noyabr ayında 28.247 ədəd butulkada (maya dəyəri 195.384,50 manat olmaqla ƏDV-si 35.169,21 manat), 2017-ci ilin mart ayında 521.930 ədəd butulkada (maya dəyəri 171.362,06 manat olmaqla ƏDV-si 30.845,17 manat) və 2017-ci ilin noyabr ayında 444.875 ədəd butulkada (maya dəyəri 584.224,86 manat olmaqla ƏDV-si 105.160,47 manat), ümumilikdə 1.538.088 ədəd müxtəlif həcmli butulkalarda (maya dəyəri 1.290.627,42 manat olmaqla ƏDV-si 232.312,93 manat təşkil edən) aksiz markaları ilə markalanmış halda qablaşdırılmış araq, şampan və konyak məhsulları hazır məhsul anbarında xarab olma adı altında silinməklə təkrar emala verilməsi aşkar edilmişdir. Halbuki vergi ödəyicisinin özünün verdiyi rəqəmlər müqayisəli şəkildə araşdırıldıqda vergi ödəyicisinin sildiyi və təqdim etdiyi butulkaların saylarının uyğunsuzluğu müəyyən edilir. Belə ki, adi qaydada götürülsə vergi ödəyicisi tərəfindən ümumilikdə 2009-cu ildə 0.1 litr həcmində 260.000 ədəd alınmasına baxmayaraq yoxlama dövründə 2.209.559 ədəd satış həyata keçirilmişdir. Bundan başqa vergi ödəyicisi tərəfindən satışın 41 faizini 0,05 həcmli butulkalar təşkil etməyinə baxmayaraq hansı səbəbdənsə təkrar emala qaytarıldığı iddia edilən butulkaların çox hissəsinin 0.5 litr həcmdən yuxarı olan butulkalar olmuşdur. Halbuki həmin butulkaların alışını təsdiq edən hər hansı sənəd vergi yoxlamasına təqdim edilməmişdir. Bütün yuxarıda qeyd edilənlər açıq-aşkar şəkildə vergi ödəyicisi tərəfindən vergidən yayınmanın həyata keçirildiyi və faktiki satış həcmini butulkaların həcminə uyğun azaltdığı müəyyən edilir. Bundan başqa təkrar emala qaytarılmış butulkaların sayını və bu işə cəlb olunan əməkdaşların sayını, hər bir butulkadakı spirtli içkilərin xarab olmasını yoxlamaq üçün avadanlıqları və laborantların sayını, butulkaların eyni anda boşaldılması üçün istifadə olunan cihazı, həmin boşaldılmış spirtin yenidən təkrar emala qayıtması üçün sərf olunan vaxtı nəzərə aldıqda bu göstəricilər üzrə təkrar emala qayıtmanı mümkünsüz hesab edir. Həmçinin vergi ödəyicisi özü də gələcəkdə bu sualların olmamasından ötrü ən azından üzərinə vurulan aksiz markalarının saxlanılmasını həyata keçirmir, ləğv etmə vaxtı vergi orqanı əməkdaşlarından hər hansı birini dəvət etmir. Bütün bu hallar bir daha vergi ödəyicisi tərəfindən bu əməliyyatlarla vergidən yayınma hərəkətlərinin edilməsini təsdiq edir. İddia ərizəsində səyyar vergi yoxlamasının artırılması müddətlərinin iş günü ilə deyil təqvim günü ilə hesablanmalı olması və bu səbəbdən aktın qanunsuz və əsassız olduğu bildirilmişdir. Qanunvericilik (Vergi Məcəlləsinin 38.4-cü maddəsi) vergi orqanları tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi yoxlanılan vergi ödəyicisinin iş günü və iş vaxtı ərzində aparılmalı olduğunu təsdiqləmişdir. Yoxlanılan dövrdə "xxxx" ASC tərəfindən daxili əmrlə yaradılmış komissiyanın iştirakı ilə tərtib olunmuş aktlara əsasən hazır məhsul anbarında xarab olma adı altında ümumilikdə, 1.538.088 ədəd müxtəlif həcmli butulkalarda maya dəyəri 1.290.627,42 manat olmaqla ƏDV-si 232.312,93 manat təşkil edən, aksiz markaları ilə markalanmış halda qablaşdırılmış araq, şampan və konyak məhsulları silinməklə təkrar emala verilməsi göstərilmişdir. Beləliklə, mühasibat sənədlərində silinmiş malların itkilər nəzərə alınmaqla, xam mal kimi anbara mədaxil edildiyi müəyyən edilmişdir. Səyyar vergi yoxlamasına cəlb olunmuş mütəxəssis tərəfindən verilmiş 18.11.2019-cu il tarixli rəyə əsasən istehsal avadanlıqların güc göstəricilərinin və istehsal prosesində əmək qüvvəsinin reallığı baxımından malların təkrar emala verilməklə silinməsi barədə silgi aktlarının reallığı əks etdirmədiyi müəyyən olunmuşdur. Belə ki, 11.11.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən bir ədəd 0.1 litr və 0.5 litr tutumlu butulkada arağın anbardan araq istehsalı sexinə daşınması, paletlərin üzərindən arağın boşaldılmasına cəlb edilmiş işçilərin yaxınlığına daşınması, butulkanın tıxacının açılması, içərisində olan arağın boşaldılması, boş butulkanın yenidən paletin üzərinə yerləşdirilməsi və ayrılmış sahədən yenidən anbara daşınmasına orta hesabla 2 dəqiqədən artıq vaxt sərf edrilər. Qeyd edilən göstəricilər və tədqiq edilən avadanlıqların həcmi nəzərə alınaraq aylar üzrə tərtib edilmiş aktlarda göstərilmiş həcmdə butulkaların boşaldılaraq yenidən təkrar emala göndərilməsi qeyri mümkün hesab edilmişdir. Bu səbəbdən müəssisə tərəfindən tərtib edilmiş aktlar üzrə silinmiş butulkaların təkrar emala verilmədiyi və onların istehsal binasından kənara çıxarıldığını deməyə əsas verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X12 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İş materialları ilə müəyyən edilir ki; "xxxx" ASC Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən D-2330 saylı 27.04.2001-ci il tarixli Şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "xxxx" zavodunun bazasında yaradılıb və onun hüquqi varisidir. Cəmiyyətə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi X9 üzrə Bakı Bölgə şöbəsi tərəfindən 27.12.2002-ci il tarixdə 0102-A1- 1294 saylı “Dövlət qeydiyyatı haqqında” Şəhadətnamə verilmişdir. Cəmiyyət Vergilər Nazirliyi Bakı Vergilər Departamentinin X10 Dövlət Qeydiyyat İdarəsində 13.10.2009-cu il tarixdə **********281200 nömrə ilə yenidən qeydiyyatdan keçmişdir. Cəmiyyət vergi ödəyicisi kimi İri vergi ödəyiciləri ilə iş üzrə Departamentdə yenidən qeydiyyatdan keçmiş və 27.05.2004-cü il tarixdə “Vergi ödəyicisinin uçota alınması haqqında” Şəhadətnamə almışdır. Cəmiyyətə 02.06.2004-cü il tarixli **********14 saylı “ƏDV-nin qeydiyyat bildirişi” verilmişdir. ƏDV-nin qüvvəyə minmə tarixi 24.08.2001-ci il olmuşdur. Cəmiyyət xüsusi razılıq (Lisenziya) tələb olunan fəaliyyətlə məşğul olduğuna görə fəaliyyətini həata keçirmək üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyindən 02.12.2014-cü il tarixdən 3 il müddətinə “İstehsal həcmi ildə 20 min dekalitrdən az olmamaq şərti ilə təbii üzüm şərablarının istehsalını həyata keçirmək üçün 083574 №li, “İldə istehsal həcmi 150 min dekalitrdən az olmamaq şərti ilə şampan tipli şərablar (köpüklənən və oynaq şərablar) istehsalını həyata keçirmək üçün 083575 №li, “İldə istehsal həcmi 10 min dekalitrdən az olmamaq şərti ilə konyak tipli içkilərin (brendi) istehsalını həyata keçirmək üçün 083576 №li, “İstehsal həcmi ildə 100 min dekalitrdən az olmamaq şərti ilə denaturasiya olunmamış etil (yeyinti) spirtinin (tərkibində 80 həcm %-dən az omayan spirt konsentarsiyası ilə) istehsalı”nı həyata keçirmək üçün 083577 №li və “İstehsal həcmi ildə 100 min dekalitrdən az olmamaq şərti ilə araq (vodka) istehsalı”nı həyata keçirmək üçün 083578 №li yeni Lisenziyalar alınmışdır. Vergilər Nazirliyinin Milli Gəlirlər Departamentinin “Növbəti səyyar vergi yoxlaması keçirilməsi haqqında” **********778800 №li 13.11.2018-ci il tarixli bildirişindən görünür ki, "xxxx" ASC-də 28.11.2018-ci il tarixdən 30 (otuz) iş günü müddətində növbəti səyyar vergi yoxlamasının keçirilməsi nəzərdə tutulmuşdur. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin (Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsi) 13.11.2018-ci il tarixli **********168615 saylı qərarına əsasən Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Audit idarəsinin Dövlət müəssisələrinin auditi şöbəsinin böyük dövlət vergi müfəttişi 1-ci dərəcəli müfəttiş X15, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin audit idarəsinin Dövlət müəssisələrinin auditi şöbəsinin dövlət vergi müfəttişi vergi xidməti müşaviri X14 tərəfindən "xxxx" ASC (VÖEN **********) üzrə aşağıdakı siyahısı verilən tədiyyə və dövrlərdə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmışdır: Ödəmə mənbəyində tutulan vergi-4-cü rüb 2015- 3-cü rüb 2018; Aksiz vergisi – Oktyabr 2015-Sentyabr 2018; Torpaq vergisi- 2015-ci il -2018-ci il; Əlavə dəyər vergisi- Oktyabr 2015-Sentyabr 2018; Mədən vergisi- Oktyabr 2015-Sentyabr 2018; Sadələşdirilmiş vergi- 4-cü rüb 2015-3-cü rüb 2018; muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi- 2015-2017-ci illər; Mənfəət vergisi- 2015-2017-ci illər; Əmlak vergisi -2015-2017-ci illər. Səyyar vergi yoxlaması 28.11.2018-ci il tarixdə başlanmış və 19.11.2019-cu il tarixdə başa çatmışdır. Yoxlamanın nəticəsi 19.11.2019-cu il tarixli **********170063 nömrəli aktla rəsmiləşdirilmişdir. Müəssisədə aparılan səyyar vergi yoxlaması dövrü ərzində yoxlamanın müddəti ilə bağlı aşağıda qeyd olunan qərarlar qəbul edilmişdir: müddətin 30 gün uzadılması barədə 07.01.2019-cu il tarixli; müddətin 30 gün uzadılması barədə 21.02.2019-cu il tarixli; müvəqqəti (26 gün) dayandırma barədə 15.04.2019-cu il tarixli; müvəqqəti (29 gün) dayandırma barədə 10.05.2019-cu il tarixli; müvəqqəti (32 gün) dayandırma barədə 07.06.2019-cu il tarixli; müvəqqəti (29 gün) dayandırma barədə 01.07.2019-cu il tarixli; müvəqqəti (18 gün) dayandırma barədə 29.07.2019-cu il tarixli; müvəqqəti (23 gün) dayandırma barədə 15.08.2019-cu il tarixli; müvəqqəti (32 gün) dayandırma barədə 06.09.2019-cu il tarixli; müvəqqəti (32 gün) dayandırma barədə 07.10.2019-cu il tarixli; müvəqqəti (30 gün) dayandırma barədə 07.11.2019-cu il tarixli. Akta əsasən yoxlanılan dövr üzrə X17 düzgünlüyü yoxlanılarkən aşağıdakılar müəyyən olunmuşdur: Cəmiyyət ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizə ilə vergi orqanına müraciət edərək, **********14 saylı ƏDV ödəyicisinin qeydiyyat bildirişi almış və Bildiriş 24.08.2001-ci il tarixdən qüvvəyə minmişdir. Yoxlama ilə əhatə edilən dövr üzrə X17 düzgünlüyü yoxlanılarkən aşağıdakılar müəyyən edilmişdir: Cəmiyyət tərəfindən təqdim olunmuş əlavə dəyər vergisi bəyannamələrində yoxlanılan dövrün yekunu üzrə büdcəyə ödənilməli olan vergi məbləği 527.919,07 manat göstərildiyi halda, yoxlama ilə büdcəyə ödənilməli olan vergi məbləği 760.232,0 manat müəyyən edilərək verginin 232.312,93 manat azaldıldığı aşkar edilmişdir. Yaranmış kənarlaşmaya səbəb təqdim edilmiş bəyannamələrdə verginin 2016-cı ilin aprel ayı üzrə 19.727,0 manat, may ayı üzrə 12.280,67 manat, sentyabr ayı üzrə 29.130,41 manat, noyabr ayı üzrə 35.169,21 manat, 2017-ci ilin mart ayı üzrə 30.845,17 manat və noyabr ayı üzrə 105.160,47 manat az göstərilməsi olmuşdur. Belə ki, 2017-ci ilin aprel ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində "xxxx" MMC tərəfindən təqdim olunmuş HN seriyalı 534570 nömrəli vergi hesab fakturası üzrə 283,10 manat ƏDV məbləği ödənilmədiyi halda, düzgün olmayaraq büdcə ilə əvəzləşdirilmişdir. Bundan başqa yoxlanılan dövrdə "xxxx" ASC tərəfindən daxili əmrlə yaradılmış komissiyanın iştirakı ilə tərtib olunmuş aktlara əsasən hazır məhsul anbarında xarab olma adı altında 2016-cı ilin aprel ayında 177772 ədəd butulkada, maya dəyəri 109.594,43 manat olmaqla ƏDV-si 19.727,0 manat, 2016-cı ilin may ayında 82944 ədəd butulkada, maya dəyəri 68.225,94 manat olmaqla ƏDV-si 12.280,67 manat, 2016-cı ilin sentyabr ayında 282.320 ədəd butulkada, maya dəyəri 161.835,63 manat olmaqla ƏDV-si 29.130,41 manat, 2016-cı ilin noyabr ayında 28.247 ədəd butulkada, maya dəyəri 195.384,50 manat olmaqla ƏDV-si 35.169,21 manat, 2017ci ilin mart ayında 521930 ədəd butulkada, maya dəyəri 171.362,06 manat olmaqla ƏDVsi 30.845,17 manat və 2017-ci ilin noyabr ayında 444875 ədəd butulkada, maya dəyəri 584.224,86 manat olmaqla ƏDV-si 105.160,47 manat, ümumilikdə ******* ədəd müxtəlif həcmli butulkalarda maya dəyəri 1.290.627.42 manat olmaqla ƏDV-si 232.312,93 manat təşkil edən, aksiz markaları ilə markalanmış halda qablaşdırılmış araq, şampan və konyak məhsulları silinməklə təkrar emala verilməsi aşkar edilmişdir. Cəmiyyət tərəfindən silinmiş malların itkilər nəzərə alınmaqla xam mal kimi anbara mədaxil edildiyi göstərilmişdr. Lakin, səyyar vergi yoxlamasına cəlb olunmuş mütəxəssis tərəfindən verilmiş 18.11.2019-cu il tarixli rəyə əsasən istehsal avadanlıqlarının güc göstəricilərinin və istehsal prosesində əmək qüvvəsinin reallığı baxımından malların təkrar emala verilməklə silinməsi barədə silgi aktlarının reallığı əks etdirilmədiyi müəyyən olunmuşdur. Yoxlama ilə mütəxəssis rəyinə əsaslanaraq və Vergi Məcəlləsinin 159.5-ci maddəsinin tələblərinə əsasən xarab olmuş, silinmiş malların dəyəri vergi tutulan əməliyyat kimi qiymətləndirilmiş və 232.312,92 manat ƏDV-nin büdcədən yayındırılması aşkar olunmuşdur. Yoxlanılan dövr üzrə Aksiz vergisinin düzgünlüyü yoxlanılarkən aşağıdakılar müəyyən olunmuşdur: Cəmyyət tərəfindən təqdim olunmuş aksiz vergisi bəyannamələrində yoxlanılan dövrün yekunu üzrə büdcəyə ödənilməli vergi məbləği 1.123.899, 21 manat göstərildiyi halda, yoxlama ilə büdcəyə ödənilməli olan vergi məbləği 2.132.735,26 manat müəyyən edilərək, verginin 1.008.836,05 manat azaldıldığı aşkar edilmişdir. Yaranmış kənarlaşmaya səbəb təqdim edilmiş bəyannamələrdə verginin 2016cı ilin aprel ayı üzrə 124.832,80 manat, may ayı üzrə 63.962,0 manat, sentyabr ayı üzrə 151.810,0 manat, noyabr ayı üzrə 84.741,0 manat, 2017-ci ilin mart ayı üzrə 154.550,0 manat və noyabr ayı üzrə 428.940,25 manat az göstərilməsi olmuşdur. Yoxlanılan dövrdə "xxxx" ASC tərəfindən daxili əmrlə yaradılmış komissiyanın iştirakı ilə tərtib olunmuş aktlara əsasən hazır məhsul anbarında xarab olma adı altında 2016-cı ilin aprel ayında 177772 ədəd butulkada, 62416,40 litr həcmində araq məhsulu, 2016-cı ilin may ayında 82944 ədəd butulkada, 31981,0 litr həcmində araq məhsulu, 2016-cı ilin sentyabr ayında 282320 ədəd butulkada, 75905,0 litr həcmində araq məhsulu, 2016-cı ilin noyabr ayında 28247 ədəd butulkada, 14123,5 litr həcmində konyak məhsulu, 2017-ci ilin mart ayında 521930 ədəd butulkada 77275,0 litr həcmində araq məhsulu və 2017-ci ilin noyabr ayında 444875 ədəd butlkada, 201926,75 litr həcmində araq, konyak, şampan şərabları məhsullarının, aksiz markaları ilə markalanaraq qablaşdırılmış halda silindiyi müəyyən edilmişdir. Mühasibat sənədlərində silinmiş malların itkilər nəzərə alınmaqla, xam mal kimi anbara mədaxil edildiyi göstərilmişdir. Lakin, səyyar vergi yoxlamasına cəlb olunmuş mütəxəssis tərəfindən verilmiş 19.11.2019-cu il tarixli rəyə əsasən istehsal avadanlıqların güc göstəricilərinin və istehsal prosesində əmək qüvvəsinin reallığı baxımından malların təkrar emala verilməklə silinməsi barədə silgi aktlarının reallığı əks etdirmədiyi müəyyən olunmuşdur. Qeyd olunanlara əsaslanaraq Vergi Məcəlləsinin 184-cü maddəsinin tələblərinə əsasən malların həcmi vergi tutulan əməliyyat kimi qiymətləndirilmiş və ümumilikdə 1.008.836,05 manat aksiz vergisinin büdcədən yayındırılması aşkar olunmuşdur. Qeyd olunan akta görə yoxlamanın nəticəsi olaraq, müəssisə tərəfindən yoxlanılan dövr ərzində aşağıdakı vergilərin azaldılması müəyyən edilmişdir: Əlavə dəyər vergisi- 232.596,02 manat (o cümlədən 2016-cı il üzrə 96307,02 manat, 2017-ci il üzrə 136.288,73 manat); Aksiz vergisi-1.008.836,05 manat (o cümlədən 2016-cı il üzrə 425.345,80 manat, 2017-ci il üzrə 583.490,25 manat). Yoxlamanın nəticələrinə əsasən aşağıdakılar təklif olunmuşdur: Vergilərin (icbari ödənişlərin) azaldılmasına və vergi qanunvericiliyinin digər pozuntularına görə cəmiyyətə aşağıdakı maliyyə sanksiyaları tətbiq edilməklə məsuliyyətə cəlb edilməsi: Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Vergi qanunvericiliyinin pozulması anından 3 il keçdiyinə görə 2016-cı ilin aprel, may, sentyabr və noyabr aylarında azaldılmış vergi məbləğləri üzrə hüquq pozuntusuna görə məsuliyyət yaranmadı. Eyni zamanda Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən X17 hesabatda göstərilən məbləğinin göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə cəmiyyətə 50 faiz miqdarında, yəni 68.144,37 manat maliyyə sanksiyası tətbiq olunması. Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Vergi qanunvericiliyinin pozulması anından 3 il keçdiyinə görə 2016-cı ilin aprel, may, sentyabr və noyabr aylarında azaldılmış vergi məbləğləri üzrə hüquq pozuntusuna görə məsuliyyət yaranmadı. Eyni zamanda Vergi Məcəlləsinin 58.1-ci madəsinə əsasən aksiz vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə cəmiyyətə 50 fazi miqdarında, yəni 291.745,13 manat maliyyə sanksiyası tətbiq olunması təklif olunmuşdur. İş materiallarından görünür ki, "xxxx" ASC-nin anbarında olan saxlama müddəti keçmiş və satışa yararlı olmayan spirtli içkilərin (araq, şampan və konyak məhsullarının) yararsız olması barədə cəmiyyətin əməkdaşları tərəfindən 29.04.2016, 27.05.2016, 30.09.2016, 01.11.2016, 30.03.2017, 30.11.2017-ci illərdə aktlar tərtib edilərək, həmin məhsullar spirtli içkilərin süzülməsi sexinə təhvil verilmişdir. "xxxx" ASC-nin fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən spirtli içkilər istehsalı zavodunda 01.10.2015-ci il tarixdən 01.10.2018-ci il tarixədək dövr üçün istehsal olunan məhsulun yoxlama ilə əhatə olunan dövr üzrə (aylar üzrə) istehsal həcminin və silgi aktlarına əsasən silinmiş malların reallığa uyğun olub-olmamasının müəyyən edilməsi üçün Milli Gəlirlər Baş İdarəsinin sifarişi ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən Departament tərəfindən qoyulmuş dövr ərzində 29.04.2016, 27.05.2016, 30.09.2016, 01.11.2016, 30.03.2017 və 30.11.2017-ci il tarixli aktlara əsasən hazır məhsul anbarında xarab olmuş məhsulların təkrar emala verilməklə silinməsi barədə silgi aktlarının reallığı əks etdirmədiyi barədə mütəxəssis rəyi verilmişdir. Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 27.12.2019-cu il tarixli **********195415 №-li qərarla "xxxx" ASC-yə 1.241.432,07 manat məbləğində əlavə vergi hesablanmış və 359.889,5 manat maliyyə sanksiyası ((ƏDV üzrə əsas borc 232.596,02 manat (2016-cı il üzrə 96.307,29 və 2017-ci il üzrə 136.288,73 manat), maliyyə sanksiyası üzrə 68.144,37 manat, aksiz vergisi üzrə əsas borc 1.008.836,05 manat (2016-cı il üzrə 425.345,80 manat və 2017-ci il üzrə 583.490,25 manat), maliyyə sanksiyası üzrə 291.745,13 manat ) tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Milli Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********232300 №li tələbnaməyə əsasən, büdcəyə ödənilməli olan 1.601.321,57 manat məbləğində vəsaitin 5 gün müddətində ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 4969 №li 16.04.2020-ci il tarixli ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, ekspertizaya təqdim edilmiş mülki iş materiallarında olan və baxış zamanı əldə olunmuş məlumatlara əsasən, "xxxx" ASC-nin hazır məhsullar anbarından araq istehsalı sexinə təhvil verilmiş xarab olmuş malların (spirtli içkilərin) təkrar emalı üçün quraşdırılmış 3 ədəd vannaların ümumi həcminin 900 litr ("xxxx" ASC-nin sex rəisi X3 deməsinə görə 1200 litr) olduğunu, həmin vannalara butulkalardan daimi olaraq süzülən spirtli içkilərin gücü saatda 10 m³ olan J6-VNP-10/32 tipli nasos vasitəsilə 10 ədəd hərəsinin tutumu -12,5 m³ olan yığılma çənlərinə vurulmasını nəzərə aldıqda və hər bir günün iş saatları 8 saat götürüldükdə, bir gün ərzində 80.000 litr (80 m³) spirtli içkilərin təkrar emalı üçün araq istehsalı sexinin yığma çənlərinə doldurmaq mümkündür. Həmin vannalardan yığma çənlərə vurulan nasosların sayı çoxalsa, bu həcm artırıla da bilər. "xxxx" ASC-nin araq istehsalı sexində 2 sistem olmaqla, 4 kömür kolonkaların və 12 daşqum filtirlərin quraşdırılmasını və onların gündəlik orta hesabla 1200-1900 dal (12000- 19000 litr) araq süzmə gücünə malik olmasını nəzərə aldıqda, təkrar emal üçün yığma çənlərə doldurulmuş spirtli içkiləri, bir gün ərzində 19000 litr (19 m³) həcmdə kupaj çənlərinə yığılmaqla, həmin çənlərdə su-spirt qarışığı ilə qarışdırılaraq texnoloji prosesinə uyğun olaraq süzmə xətlərinə buraxıla bilər. Araq istehaslı sexində quraşdırılmış 2 ədəd süzmə texnoloji xətlərinin gücünü nəzərə aldıqda, hər xətti həcmi 0,1-0,5 L olan butulkalara saatda 6000 ədədə qədər spirtli içkilərin süzülməsi gücünə malikdir. "xxxx" ASC-nin fəaliyyət göstərdiyi ünvan 3 ünvanında yerləşən spirtli içkilər istehsalı zavodunda spirtli içkilərin təkrar emalı üzrə istifadə olunan xüsusi avadanlıqların gündəlik spirtli içki təkrar emal gücünü nəzərə aldıqda, "xxxx" ASC tərəfindən 29.04.2016-cı il, 27.05.2016-cı il, 30.09.2016-ci il, 01.11.2016-cı il və 30.03.2017-ci tarixli aktlarda qeyd edilmiş həcmdə anbarda xarab olmuş məhsulların bir gün ərzində təkrar emala verilməsi (yığma çənlərinə doldurulması) mümkündür. 30.11.2017-ci il tarixli aktda göstərildiyi həcmdə anbarda xarab olmuş məhsulların iki gün ərzində təkrar emala verilməsi (yığma çənlərinə doldurulması) mümkündür. Qeyd olunur ki, hər hansı məlumatların reallığı əks etdirib-etdirməməsinin müəyyən edilməsi hüquqi xarakter daşıdığından, məhkəmə mühəndis-texniki ekspertizasının həll etdiyi məsələlərinin (predmetin) dairəsində kənardır və məhkəmə tərəfindən həll oluna bilər. Qeyd olunan ekspert rəyindən görünür ki, 10 mart 2020-ci il tarixdə baxış zamanı X2 Bakı Regional Bölməsinin mütəxəssisi tərəfindən "xxxx" ASC-nin hazır məhsullarının anbarından nümunələr kimi spirtli içki məhsulları götürülmüş və laboratoriyaya təqdim edilmişdir. Ekspertizaya əlavə olaraq təqdim edilmiş Azərbaycan Qida Təhlükəsizliyi X4 Sınaq Laboratoriyasında 0502 və 0502A nömrəli sınaq protokoluna əsasən analiz edilmiş müxtəlif adda vodka nümunələrinə və şampan nümunəsinə dair həmin institutun Elmitədqiqat və risklərin qiymətləndirilməsi şöbəsinin, Risklərin qiymətləndirilməsi sektorunun müdiri Aynurə Rzayeva tərəfindən verilmiş rəyin nəticələrinə görə, rəydə göstərilmiş 2 (“Ansambl” ə/n vodka 40 %, 0.25 L), 3 (“Ekstra” ə/n vodka), 4 (“Stoliçnaya” ə/n vodka 40 %, 0.5 L), 5 (“Aftoqraf” ə/n Premium vodka 40%, 0,5 L) və 8-ci (“Veçerniy Baku” ə/n qırmızı kəmşirin şampan) nümunələrin orqanoleptik göstəricilərindəki uyğunsuzluğa, 6-cı (“Super” ə/n vodka 40%, 0,25L) nümunənin fiziki-kimyəvi göstəricilərindəki uyğunsuzluğa görə, həmçinin 7-ci (“Şampan zavod” ə/n vodka, 40%, 100 qr) nümunənin DÜST32098- 2013 standartına əsasən etiketlənməsində uyğun-suzluq aşkarlandığına görə istehlakı məqsədəuyğun hesab edilmir. Ekspertizaya inzibati iş materialları ilə təqdim edilmiş "xxxx" ASC tərəfindən 29.04.2016-cı il, 27.05.2016-cı il, 30.09.2016-cı il, 01.11.2016-cı il, 30.03.2017-ci il və 30.11.2017-ci il tarixli aktlarda göstərildiyi kimi, laboratoriyanın verdiyi rəyə əsasən hazır məhsullar anbarında olan məhsulların bir hissəsi yoxlanılarkən saxlama müddəti keçmiş və satışa yararlı olmayan spirtli içki məhsulları müəyyən edilmişdir: 29 aprel 2016-cı il tarixli akta görə-cəmi butulka sayı -177772 ədəd, həcmi-62416,4 litr (62,4 m³); 27 may 2016-cı il tarixli akta görə-cəmi butulka sayı-84944 ədəd, həcmi-75171 litr (75,2 m³); 30 sentyabr 2016-cı il tarixli akta görə-cəmi butulka sayı-282320 ədəd, həcmi-75905 litr (75,9 m³); 01 noyabr 2016-cı il tarixli akta görə -28247 ədəd, həcmi 14123,5 litr; 30 mart 2017-ci il tarixli akta görə-cəmi butulka sayı-521930 ədəd, həcmi-77275 litr (72,3 m³); 30 noyabr 2017-ci il tarixli akta görə-cəmi butulka sayı-409244 ədəd, həcmi-124700 litr (124,7 m³) (qeyd olunan məhsulların adları və miqdarı ekspert rəyində göstərilmişdir). Məhkəmə bildirir ki, hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Mübahisəli inzibati aktın qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən müəyyən olunur ki, həmin aktda Vergi Məcəlləsinin 38-ci maddəsi və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 52 və 58-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə əsasən, səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Həmin Qanunun 52.3-cü maddəsinə əsasən inzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. Həmin Qanunun 52.4-cü maddəsinə əsasən bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır. Həmin Qanunun 52.5-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. Cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozularaq iddiaçı cəmiyyətdə keçirilmiş səyyar vergi yoxlaması 28.11.2018-ci il tarixdən 19.11.2019-cu il tarixədək davam etdirilmiş, yoxlamanın nəticəsi olaraq 19.11.2019-cu il tarixdə akt tərtib olunmuş və həmin akt üzrə 27.12.2019-cu il tarixdə qərar qəbul olunmuşdur. Cavabdeh inzibati orqan səyyar vergi yoxlaması aktında əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi ilə bağlı uzadılma (07.01.2019-cu il tarixdə 30 gün müddətinə və 21.02.2019-cu il tarixdə 30 gün müddətinə) və ya dayandırma barədə qərarların qəbul edildiyini qeyd etsə də, bu barədə məhkəməyə mötəbər sübut (əsaslandırılmış qərarlar) təqdim edilməmişdir. Həm Vergi Məcəlləsinin, həm də “İnzibati icraat haqqında” Qanunun tələblərindən də göründüyü kimi, səyyar vergi yoxlamalarının keçirilməsi üçün nəzərdə tutulmuş müddətlərin (o cümlədən müddətin uzadılması) iş günü ilə deyil, təqvim günü ilə hesablanması nəzərdə tutulmuşdur. Göründüyü kimi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi zamanı qeyd olunan qanunvericiliyin icraatla bağlı müddəalarına riayət olunmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin 27.12.2019-cu il tarixli qərarı maddi-hüquqi baxımdan da qanuni olmamış, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 159.5-ci maddəsinə görə vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyrikommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Həmin Məcəllənin 184.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində istehsal edilən aksizli malların istehsal binasının hüdudlarından kənara buraxılması vergitutma obyektidir. Həmin Məcəllənin 184.2-ci maddəsinə əsasən bu maddənin məqsədləri üçün istehsal binalarına istehsalın olduğu ərazidə yerləşən anbarlar, köməkçi anbar sahələri və digər oxşar binalar aiddir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələrindən (67.1.1); vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan (67.1.5.) istifadə etməklə hesablamaq hüququ vardır. Cavabdeh inzibati orqan yalnız mütəxəssis rəyinə əsasən iddiaçını əlavə vergi məsuliyyətinə (2017-ci ilin aprel ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində "xxxx" MMC tərəfindən təqdim olunmuş HN seriyalı 534570 nömrəli vergi hesab fakturası üzrə 283,10 manat ƏDV məbləği ödənilmədiyi halda, düzgün olmayaraq büdcə ilə əvəzləşdirilməsi halı istisna olmaqla) cəlb etmişdir. Halbuki məhkəmə araşdırması zamanı iş üzrə keçirilmiş ekspertizanın nəticəsi olaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən (X5 tərəfindən verilmiş rəy də nəzərə alınmaqla) verilmiş ekspert rəyinə əsasən "xxxx" ASC tərəfindən tərtib olunmuş 29.04.2016-cı il, 27.05.2016-cı il, 30.09.2016-ci il, 01.11.2016-cı il, 30.03.2017 və 30.11.2017-ci il tarixli aktlarda qeyd edilmiş məlumatların düzgünlüyü (mümkünlüyü) sübuta yetirilmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən hər bir il üzrə mühasibat uçotunun qeydiyyatı cilidlənmiş xüsusi kitablar vasitəsilə aparılmışdır. Buna əsasən, 2016-c ilin 05 yanvar tarixinə anbarda mövcud olan məhsullara dair inventarizasiya aktı tərtib olunmuş və qeyd olunan kitaba tikilmişdir. Həmin aktdan da göründüyü kimi mübahisəli aktlarda göstərilən məhsullar cəmiyyətin anbarında mövcud olmuşdur. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, ƏDV ödəyicisi olaraq iddiaçı tərəfindən hər ay müvafiq hesabat və bəyannamələr tərtib olunaraq vergi orqanına təqdim edilmiş və qeyd olunan hesabatlarda hər ay üzrə mal qalığı göstərilmişdir. İddiaçı tərəfindən xarab olmuş məhsulların istehsaldan çıxarılması zamanı da bu hesabatlarda həmin fakt göstərilmiş və anbarda mal qalığı azalması baş vermişdir. Cavabdeh inzibati orqan mütəxəssis rəyinə əsaslanmaqla müəssisə tərəfindən tərtib edilmiş aktlar üzrə silinmiş butulkaların təkrar emala verilmədiyi və onların istehsal binasından kənara çıxarıldığı (satıldığı) nəticəsinə gəlsə də bunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamış və məhkəmə araşdırması zamanı qeyd olunan hal öz təsdiqini tapmamışdır. Halbuki, qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsi). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********195415 №li, 27.12.2019-cu il tarixli qərarı qismən-"xxxx" ASC-yə 1.241.148,97 manat məbləğində əlavə verginin hesablanması və 359.747,95 manat maliyyə sanksiyasının tətbiq olunması hissəsində ləğv olunmalıdır. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı cəmiyyət tərəfindən 2017-ci ilin aprel ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində "xxxx" MMC tərəfindən təqdim olunmuş HN seriyalı 534570 nömrəli vergi hesab fakturası üzrə 283,10 manat ƏDV məbləği ödənilmədiyi halda, düzgün olmayaraq büdcə ilə əvəzləşdirilmişdir. Buna görə də cavabdeh inzibati orqan tərəfindən keçirilmiş səyyar vergi yoxlaması nəticəsində Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən iddiaçıya 283,10 manat məbləğdə əlavə vergi hesablanmış və həmin məbləğin azaldılmasına görə 50 % miqdarında, yəni 141,55 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə görə verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mübahisələndirilən qərarla cəmiyyətə 2017-ci ilin aprel ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində "xxxx" MMC tərəfindən təqdim olunmuş HN seriyalı 534570 nömrəli vergi hesab fakturası üzrə 283,10 manat ƏDV məbləği ödənilmədiyi halda, düzgün olmayaraq büdcə ilə əvəzləşdirilməsinə görə 283,10 manat məbləğdə əlavə vergi hesablanması və həmin məbləğin azaldılmasına görə 50 % miqdarında, yəni 141,55 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsinin ləğv edilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq iddiaçı "xxxx" ASC-dən 150 (bir yüz əlli) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********195415 №li, 27.12.2019-cu il tarixli qərarı qismən-"xxxx" açıq səhmdar cəmiyyətinə 1.241.148 (bir milyon iki yüz qırx bir min bir yüz qırx səkkiz) manat 97 (doxsan yeddi) qəpik məbləğində əlavə verginin hesablanması və 359.747 (üç yüz əlli doqquz min yeddi yüz qırx yeddi) manat 95 (doxsan beş) qəpik maliyyə sanksiyasının tətbiq olunması hissəsində ləğv olunsun. İddia qalan hissədə rədd olunsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq iddiaçı "xxxx" açıq səhmdar cəmiyyətindən 150 (bir yüz əlli) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar