Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2023/2023 27.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı köçürüləcək evlərin siyahısından çıxarılma və fərdi yaşayış sahəsinin sökülən hissəsinin bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Xocahəsən motodrom yaşayış massivi ünvanında yerləşən 141.76 kv.m sahəsi olan fərdi yaşayış evinin Xocahəsən Avtovağzal arası metro tunellərinin və Xocahəsən elektrik deposuna dəmir yolu xəttinin çəkilməsi dövlət proqramı çərçivəsində köçürüləcək evlərin siyahısından çıxarılmasının və fərdi yaşayış evinin sökülən hissəsinin bərpa edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. İddiadan da görünür ki, mübahisənin mahiyyəti iddiaçının iddia etdiyi 141 kv.m fərdi yaşayış evinin dövlət proqramı çərçivəsində olan evlərin siyahısından çıxarılması və sökülən hissənin bərpa edilməsi ilə bağlıdır. İddiaçı qeyd edir ki, onunla həmin sahə barəsində müqavilə bağlanılmamış, kompensasiya ödənilməmiş, kompensasiya C tikilisi ilə bağlı olmuş, onun tikilisi isə A tikilisi olmuşdur. B tikilisi isə Sevinc Məmmədova məxsus olmuşdur. Hazırda onun evinin, yəni A tikilisinin sökülməsi zərurəti də yoxdur. İş materiallarında olan 2(102)-4281/2022 saylı iş üzrə qəbul edilmiş 03 oktyabr 2022ci il tarixli Binəqədi Rayon İcra Hakimiyyətinin X5 qarşı iddiasına dair Ali Məhkəmənin qərarından görünür ki, A və C tikililərinin boşaldılması barədə iddia təmin edilmiş, yuxarı instansiya məhkəmələri tərəfindən qərar qüvvədə saxlanılmışdır. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə də cavabdehin anası X4 ilə Bakı şəhər Binəqədi RİH arasında xx.xx.2016-cı il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən X4 154710 manat məbləğində kompensasiya almaqla yaşayış sahəsindən Bakı şəhər Binəqədi RİH-in xeyrinə imtina etmişdir. Anasının verdiyi etibarnamə əsasında cavabdeh İddiaçı “Xocəsən- Avtovağzal” mənzil tunellərinin üzərində yerləşən fərdi yaşayış evlərinin köçürülməsi məqsədilə 154710,00 AZN kompensasiya verilmişdir. Məhkəmə qərarından da görünür ki, RİH ilə X4 arasında bağlanmış 27 dekabr 2016cı il tarixli müqaviləyə əsasən, İddiaçıa mübahisəli ünvanda yerləşən ümumi sahəsi 318,43 m2 olan fərdi yaşayış evindən 154.710 manat kompensasiya almaqla RİH-nin xeyrinə imtina etmişdir. Müqaviləni İddiaçıanın adından etibarnamə əsasında nümayəndəsi kimi oğlu İddiaçı (bundan sonra – cavabdeh) imzalamış və dövlət büdcəsindən "xxxx" ASC-nin Binəqədi filialında açılmış hesablaşma-hesabına köçürülmüş kompensasiya formasında 154.710 manat məbləğində vəsait də cavabdeh tərəfindən qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3886/2018 nömrəli, 11 dekabr 2018-ci il tarixli qərar ilə X7 RİH-yə, Maliyyə Nazirliyinə, "xxxx" QSC-yə və X3 qarşı iddiası təmin edilərək, ona məxsus mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinin Xocəsən Avtovağzal arası metro tunellərinin və Xocəsən elektrik deposuna dəmir yolu xəttinin çəkilməsi dövlət proqramı çərçivəsində köçürüləcək evlərin siyahısından çıxarılması vəzifəsi RİH-yə həvalə edilmişdir. . Qanuni qüvvəsini almış həmin qərarda qeyd olunmuşdur ki, X9 məxsus fərdi yaşayış evi X3 məxsus fərdi yaşayış evi ilə qonşuluqda yerləşir və sonuncuya məxsus fərdi yaşayış evi dövlət proqramı çərçivəsində köçürülməli olan evlərin siyahısındadır, bununla bağlı "xxxx" QSC-nin sifarişi əsasında "xxxx" MMC tərəfindən xx.xx.2016-cı il tarixli qiymətləndirməyə aid hesabat hazırlanmış, hesabatda mübahisəli ünvanda İddiaçıaya aid daşınmaz əşyalar qiymətləndirilmiş və qiymətləndirmə zamanı S.Məmmədovanın iddia etdiyi əmlakın digər əmlakla birgə dəyəri 154.710 manat müəyyən edilərək, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçıanın səlahiyyətli nümayəndəsi olan cavabdehə ödənilmişdir. Məhkəmə araşdırması zamanı S.Məmmədovaya məxsus evin siyahıya alınsa da, ümumiyyətlə, mühafizə zolağından kənarda yerləşdiyi, buna görə də, həmin evin köçürülməsinə zərurət olmadığı müəyyən edilmişdir. İşdə olan məhkəmə aktlarının surətinə əsasən cavabdeh RİH-ə qarşı ("xxxx" QSC və Maliyyə Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə) kompensasiyanın ödənilməsi tələbinə dair iddia qaldırmış, həmin iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2967/2020 nömrəli, 03 iyun 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamış və qərardad qanuni qüvvəsini almışdır. Qərardadda qeyd olunmuşdur ki, ...hazırkı iddia tələbi ilə mübahisələndirilən A və C tikililərinin də daxil olduğu ümumi sahəsi 318 m2 olan tikililərlə bağlı cavabdehin mərhum anası ilə müqavilə bağlanmış və cavabdeh razılaşdırılmış kompensasiya məbləğini almışdır. Cavabdeh ödənilmiş kompensasiya məbləği ilə razı olmadıqda və ya əlavə kompensasiya tələb etdiyi halda ilk növbədə tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləni mübahisələndirməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-96/2022 nömrəli, 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti ilə X4 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış müqavilənin şərtlərinə əməl etməklə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom yaşayış massivində (qiymətləndirmə hesabatında A və C tikililər kimi göstərilmiş ərazidə) yerləşən fərdi yaşayış evinin boşaldılması və təhvil verilməsi öhdəliyinin X2 hüquqi varisi cavabdeh İddiaçı üzərinə qoyulması qət edilmişdir. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, "Bakı Metropoliteni” QSC xx.xx.2016-cı il tarixli, 40N-10/3-1067 saylı məktubla RİH-yə müraciət edərək, stansiyanın istismara verilməsi və qatarların normal hərəkətinin təmin olunması üçün “Xocəsən-Avtovağzal” arası mənzil tunellərinin və "Xocəsən” elektrik deposuna dəmir yolu xəttinin çəkilməsinin nəzərdə tutulduğunu bildirmişdir. Hər iki obyekt üzərində tikinti işlərinin aparılmasına orada inşa edilmiş məcburi köçkünlərə məxsus 35, məcburi köçkün olmayan şəxslərə məxsus 30 fərdi yaşayış evinin və bir ədəd obyektin maneə olduğu müəyyən olunmuşdur. Həmin fərdi yaşayış evləri müstəqil ekspert "xxxx" MMC tərəfindən qiymətləndirilmişdir. Kompensasiyanın hesablanması "xxxx" QSC-nin sifarişi əsasında aparılmış, RİH "xxxx" QSC tərəfindən təqdim edilmiş siyahı əsasında hesaba köçürülmüş kompensasiya məbləğlərinin aidiyyəti üzrə çatdırılmasını təmin etmişdir. Etibarnamə əsasında cavabdeh xx.xx.2016-cı il tarixdə RİH ilə müqavilə bağlamaqla dövlət büdcəsindən 154.710 manat məbləğində kompensasiya almış və aldığı kompensasiyaya görə cavabdehin xeyrinə fərdi yaşayış evindən imtina etmişdir. Lakin cavabdeh hal-hazıra kimi evdən çıxmamışdır. Birinci instansiya məhkəməsi cavabdehin müqavilənin əsassızlığı ilə bağlı etirazına münasibətdə qeyd etmişdir ki, bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5196/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X1 RİH-yə qarşı (üçüncü şəxslər "xxxx" QSC və İddiaçı) qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Həmin iş üzrə iddiaçı olan F.Allahverdiyeva hazırkı iş üzrə cavabdehin arvadıdır. Mübahisələndirilən alqı-satqı müqaviləsi Zərifə Allahverdiyeva ilə RİH arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə olmuşdur. Eyni zamanda cavabdehin yaşadığı ev faktiki olaraq özbaşına tikilidir və həmin evə və evin yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənədi yoxdur. Lakin dövlət tərəfindən həmin torpaq sahələrində məcburi köçkün olaraq məskunlaşmış şəxslərə qabaqcadan razılaşmaqla kompensasiya ödənilərək evdən çıxarılmaları razılaşdırılmışdır. Hazırkı mübahisədə cavabdeh faktiki olaraq evdən çıxma ilə razılaşsa da, ona müstəqil olaraq kompensasiya ödənilməsini və ya mərhum anasına ödənilən kompensasiya məbləğinin artırılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, RİH ilə cavabdehin anası arasında müqavilə bağlanan zaman sonuncunu cavabdeh təmsil etmiş, hətta kompensasiya məbləğini də cavabdeh özü qəbul etmişdir. Yəni cavabdehin həmin müqavilənin mahiyyətindən, təklif edilən kompensasiya məbləğindən xəbəri olmuş, müqavilə bağlanan zaman, o cümlədən kompensasiya ödənilən zaman buna etiraz etməmiş, faktiki olaraq razılaşmışdır. Cavabdehin sonradan evdən çıxmaqdan imtinasını müqavilənin mötəbərliliyi ilə əsaslandırması hüquqdan sui-istifadədir. Bundan başqa, cavabdeh yaşadığı evdən çıxmaqdan imtinasının səbəbini dövlət tərəfindən müəyyən edilən kompensasiya məbləği ilə razılaşmaması ilə əsaslandırsa da, faktiki olaraq həmin qiymətləndirmə hesabatını başqa məhkəmə icraatı çərçivəsində mübahisələndirmişdir. Hər bir halda gələcəkdə kompensasiya məbləğinin məhkəmə qətnaməsi əsasında artırılması hazırkı mübahisədə cavabdehin hüququndan sui-istifadə etməsinə əsas vermir. Bununla bağlı qeyd edilməlidir ki, Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olmaqla həyata keçirilməlidir. Mübahisə olunan yaşayış sahəsi isə cavabdehin xüsusi mülkiyyətində olmamaqla, özbaşına tikilidir. Yəni cavabdehin həmin yaşayış sahəsinə hər hansı subyektiv hüququ olmasa belə, dövlət tərəfindən kompensasiya ödənilmişdir. Buna baxmayaraq, metro tikintisi nəzərdə tutulan həmin ərazidə tikinti işlərinin aparılması bu kimi səbəblərlə hal-hazıradək mümkün olmamışdır. Kompensasiya məbləği ilə bağlı məhkəmə çəkişməsinin belə illərlə uzanması isə nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olacaqdır. Odur ki, kompensasiya məbləğinin mübahisələndirilməsi hazırkı mübahisəyə mahiyyəti üzrə baxılmasına maneə hesab edilə bilməz və cavabdehin icraatın dayandırılması barədə vəsatəti də eyni əsasla təmin edilməmişdir. Xüsusi ilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1549/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: "xxxx" QSC və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “kompensasiyanın ödənilməsi” barədə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2967/2020 nömrəli (sədrlik edən hakim Aygün Abdullayeva) qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mərhum anası ilə cavabdeh arasında müqavilə bağlanmış və iddiaçı müqavilədə qeyd edilən məbləği almışdır.İddiaçı ödənilmiş kompensasiya məbləği ilə razı olmadığı təqdirdə və ya əlavə kompensasiya ödənilməsini tələb etdiyi halda, ilk növbədə tərəflər arasında bağlanılmış xx.xx.2016-cı il tarixli müqaviləni mübahisələndirməlidir. Hazırkı iş üzrə isə iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia tələbi mövcud deyildir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- 1(103)-1671/2020 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Vidadi Məmmədov və Vüsalə Baxışova) qərardadı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2967/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmə də qərarı qüvvədə saxlamış və iddiaçının subyektiv hüququnun olmamasının da nəzərə alınmaqla qərarında qeyd etmişdir ki, Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 158 saylı qərarının icrasını təmin etmək məqsədilə iddiaçının mərhum anası X2 istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivində yerləşən, ümumi sahəsi 318.43 kv.m yaşayış evinin hazırkı cavabdeh tərəfindən metro tunellərinin və dəmir yolu xəttinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alındığı və bu barədə qeyd edilən daşınmaz əmlakın istifadəçisi X4 ilə cavabdeh arasında notarial qaydada xx.xx.2016-cı il tarixli aiqısatqı müqaviləsinin bağlandığı məhkəmələr tərəfindən müəyyən edilmişdir. Bundan başqa, iddiaçı tərəfindən həmin alqı-satqıya notarial qaydada yazılı razılıq verilmiş, eyni zamanda kompensasiya cədvəli də iddiaçıya təqdim olunmuş və onun tərəfindən imzalanmışdır. Həmçinin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirildiyi və həmin daşınmaz əmlakla (iddiaçının iddia etdiyi “A” və “B” tikililərinin sahəsi də nəzərə alınmaqla) bağlı müqavilədə nəzərdə tutulmuş 154710.00 manat məbləğində kompensasiyanın əmlakın istifadəçisi X2 etibarnaməsi əsasında iddiaçıya ödənildiyi də məhkəmələr tərəfindən müəyyən olunmuşdur. Həmin hallar iddiaçının özü tərəfindən də təkzib edilməmişdir. Qiymətləndirmə hesabatına əsasən iddiaçının anasına məxsus fərdi-yaşayış sahəsinin dəyəri əlavə xərclər də nəzərə alınmaqla 154710.00 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğin hesablanması zamanı qanunvericiliklə nəzərdə tutulmuş bütün digər xərclər, o cümlədən Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq 20 faiz əlavə də nəzərə alınmışdır. İddiaçı ilə cavabdeh arasında xx.xx.2016-cı il tarixli notarial qaydada bağlanılmış müqaviləyə əsasən iddiaçı 154710.00 manat məbləğində kompensasiyanı almaqla müvafiq daşınmaz əmlakdan cavabdehin xeyrinə imtina etmişdir. iddiaçı kompensasiyanın məbləği ilə razı olmadığı təqdirdə və ya əlavə kompensasiyanın ödənilməsini tələb etdiyi halda, ilk növbədə tərəflər arasında bağlanılmış xx.xx.2016-cı il tarixli müqaviləni mübahisələndirməlidir. Bu zaman nəzərə alınmalıdır ki, alqı-satqı müqavilələri ilə bağlı mübahisələr mülki hüquq münasibətlərindən yarandığı üçün predmet baxımından inzibati məhkəmələrin səlahiyyətinə aid deyildir və həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, mübahisənin məhkəmə aidiyyəti iddianın mümkünlük şərtlərindən sayılır və həmin şərtin ödənilməməsi iddianın mümkün sayılmamasına səbəb olur. Göründüyü kimi tərəflər arasında tikiliyə görə kompensasiyanın məbləğinin az olması, “A” tikilisinə görə kompensasiyanın ödənilməli olması, müqavilə və hesabatların etibarsızlığı və s hazırkı iddianın mahiyyəti üzrə iddialara baxılmış və yuxarı instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarlardakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, “A” tikilisinə görə kompensasiya müqavilə əsasında iddiaçının valideyninə onun etibrnamə ilə nümayəndəsinə ödənilməklə qəbul edilmiş, həmin müqavilə mövcud olduğu səbəbindən iddia mümkün sayılmamış, eyni zamanda Ali Məhkəmənin digər bir qərarı ilə iddiaçının adıçəkilən tikilini boşaldılması qərara alınmışdır. Belə ki, yuxarıda adıçəkilən məhkəmə qərarlarından da müəyyən edilir ki, mülki hüquqi əqdə əsasən əmlak müəyyən kompensasiya müqavilində satılmış, həmin müqavilənin qüvvədə olması səbəbindən “A” tikilisinə görə kompensasiyanın ödənilməsi barədə iddia mümkün sayılmamış, məhkəmə həmin tikiliyə münasibətdə subyektiv hüququn mövcud olmamasına istinad etmişdir. Qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1320/2021saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddiaçının mülkiyyətində olan mənzil cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alınmışdır. Qiymətləndirmə cədvəlində əlavə xərclər də nəzərə alınmaqla cəmi 489.400 manat qiymətləndirilmiş və tərəflər arasında notariat qaydasında təsdiq olunmuş alqı-satqı müqaviləsi bağlanmış, müqavilədə alqısatqının dəyəri 489.400 manat göstərilmişdir. Müqavilə qüvvədə olmaqla onun ləğvi, dəyişdirilməsi və ya etibarsız sayılması barədə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə mübahisə edilən mənzilə iddiaçının əmlak hüququnun mövcudluğu təsdiq edilmir. İddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından, iddia mümkün sayılmamışdır. Eləcə də Ali Məhkəmə 2-1(102)-849/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müvafiq alqı-satqı müqaviləsi mülki məhkəmə icraatı qaydasında iddiaçı tərəfindən mübahisələndirilməmiş və hal-hazırda qüvvədədir, lakin iddiaçı həmin alqı-satqı müqaviləsi qüvvədə ola-ola artıq özgəninkiləşdirdiyi əmlakına görə, təkrarən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbini irəli sürmüşdür. Halbuki hər iki tərəf mübahisələndirilən əmlakın alqı-satqısına dair bağlanmış müqavilə ilə və Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq öhdəliklərini icra etmiş, yəni satıcı öz əmlakını alıcıya satmış, alıcı isə həmin əmlakın dəyərini ona ödəmiş və satıcı da əmlakı qəbul etdiyindən Mülki Məcəllənin 527.1 və 528-ci maddələrinin tələbləri baxımından tərəflərin üzərinə götürdükləri öhdəliklərinə artıq xitam verilmişir. Beləliklə, iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürmək üçün subyektiv hüququnun mövcudluğu müəyyən olunmur. Bu mövqeyi həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-849/2021 saylı, xx.xx.2021-ci il tarixli və 2-1(102)-1320/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarlarında da əks olunmuşdur. Göründüyü kimi kassasiya instansiya məhkəməsinin “dövlət ehtiyacları üçün alınmiş daşınmaz əmlaka görə kompensasiyanın ödənilməsi” növündə iddiaları üzrə formalaşdırdığı mövqeyi odur ki, əgər daşınmaz əmlaka münasibətdə vətəndaş ilə inzibati orqan arasında alqı-satqı müqaviləsi bağlanarsa və həmin müqavilə qüvvədə olarsa, şəxs həmin əmlaka və ya onun tərkib hissəsi olan sahələrə (həyətyanı sahə və s.) münasibətdə təkrarən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbini irəli sürməkdə subyektiv hüquqa malik olmur. Bu yanaşmanın eyni ilə hazırki iddia üzrə keçərli olmaması təsdiq edilməlidir. Belə ki, iddialar üzrə mübahisə fərqli olsa da, mahiyyəti etibarı ilə gəlinən nəticə, yəni şəxsin subyektiv hüququnun olmaması eyni əsasa söykənir. Hazırkı iş üzrə də nə qədər ki, A və C adlandırılmasından asılı olmayaraq iddiaçının da iştirakı ilə tərəflər arasında kompensasiyanın ödənilməsi üçün müqavilə bağlanılmış iddiaçının anası tikililərə münsibətdə bütün hüquqlarının cavabdehə ötürülməsinə razılıq vermiş, kompensasiyanı müvafiq kv.m-lik əmlaka uyğun olaraq əldə etmişdir ki, həmin müqavilə qüvvədə olduğu, ləğv edilmədiyi müddətdə həmin əmlakla bağlı hər hansı tələb, eləcə də iddia ərizəsində qeyd edildiyi kimi köçürüləcək evlərin siyahısından çıxarılma və fərdi yaşayış evinin sökülən hissəsinin bərpa edilməsi iddiasına münasibətdə iddiaçının hər hansı hüququnun mövcudluğundan söhbət gedə bilməz. Beləliklə əmlak satılıbsa və ödəniş də qəbul edilibsə, həmin əmlakla bağlı hüquqlar yeni mülkiyyətçiyə keçir və köhnə mülkiyyətçinin həmin əmlaka hüquqları da itirilmiş sayılır. Başqa ifadə ilə iddiaçının mövcud olmuş subyektiv hüququ əmlakın satışı ilə itirilmişdir, yəni hazırda mövcud deyildir. Subyektiv hüququn olması da iddianın mümkünlüyü istisna etməklə hazırkı iddiaya mahiyyəti üzrə baxılmasını mümkünsüz edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-2023/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2023/2023
27.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver