Məhkəmə qərarları › İş №2-1(112)-2023/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2023/2024

01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2023/2024 01.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinin yerləşmə sxeminin (cizginin) verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı torpaq sahəsinə dair yerləşmə sxeminin (cizginin) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), qapalı məhkəmə iclasında baxaraq, TƏSVİRİ HİSSƏ İşin halları: Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 250 № li qərarına əsasən X3 xx.xx.1990-cı il tarixli, 61 № li əmri nəzərə alınaraq X2 0,06 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrılarkən iddiaçıya torpaq sahəsinin plan-cizgisi verilməmişdir. İddiaçı ona ayrılmış torpaq sahəsinə yerləşmə sxeminin verilməsi ilə bağlı Cavabdehnə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, hər hansı bir formatda xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə keçirilməsi fəaliyyəti Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid deyil. Aidiyyəti üzrə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmək tövsiyə olunur. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən sahəsi 0,06 ha torpaq sahəsinə dair yerləşmə sxeminin (cizginin) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, torpaq sahəsi ayrılan vaxtdan daimi istifadəsində olmaqla fərdi yaşayış evi inşa edilərək yaşayırlar. Nigaha daxil olduqdan sonra Əliyeva soyadından Vəliyeva soyadına keçirilib. Torpaq sahəsinin dövlət qeydiyyatına alınması zərurəti vardır, ona görə də ƏMDX DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi torpağa dair yerləşmə sxemi (cizgi) tələb edilir. Torpağa dair Akt arxivdə olmadığına görə cavabdehə müraciət edilmişdir, cavabdeh bundan imtina etmişdir. Torpağı 1990-cı ildə Abşeron rayon XDS-nin qərarı ilə ayrılmışdır, hazırda həmin ərazilər Xəzər rayonun hüdudları daxilindədir. Cavabdeh bildirir ki, torpağı ayıran qurum cizgini verməlidir. Abşeron rayon İH isə ƏMDX müvafiq ərazi idarəsinə müraciət etməyi tövsiyə edir. ƏMDX-nin müvafiq ərazi idarəsi isə yerləşmə sxemi tələb edir. Vətəndaş olaraq 3 qurumun arasında qalaraq hüquqları pozulur. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə yazılı etiraz göndərərək iddianın, həmin iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırıldığından mümkün sayılmamasını xahiş etmişdir. Etirazın dəlilləri cavabdehin imtinasının dəlilləri ilə eynidir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 250 № li qərarına əsasən X3 xx.xx.1990-cı il tarixli, 61 № li əmri nəzərə alınaraq X2 0,06 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrılarkən torpağın naturada yerləşməsini müəyyən etməyə imkan verən sxem, cizgi verilməmişdir. Hazırda iddiaçının tələbi ona ayrılmış torpaq sahəsinə cizginin tərtib edilərək verilməsidir. Cavabdeh isə hesab edir ki, bu səlahiyyət onun deyil, ƏMDX-nin səlahiyyətinə aiddir. Cavabdeh iddiaya etirazında həmçinin qeyd edir ki, torpağın yerini müəyyən edən cizgi torpaqayıran qurum tərəfindən verilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı, cavabdehin imtinası isə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 176 saylı 4 avqust 1999-cu il tarixli Fərmanının 2.2-ci bəndinin 5-ci abzasına görə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 5-ci bəndinin birinci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) 14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Həmin Məcəllənin 23-cü madəsinə görə vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. Torpaq sahəsinin verilməsi və geri alınması, o cümlədən dövlət və ictimai məqsədlər üçün geri alınması barədə vəsatətin qaldırılması və ona baxılması qaydalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Həmin Məcəllənin 57-ci maddəsinə əsasən yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Göründüyü kimi, mübahisənin yarandığı zaman (iddiaçıya torpaq sahəsi ayrılan zaman) qüvvədə olan Torpaq Məcəlləsinin istinad edilən normalarına görə, vətəndaşlara torpaq sahəsinin verilməsi Xalq Deputatları Sovetlərinin (Yerli İcra Hakimiyyətlərinin) qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. Həmçinin torpaq kadastrının aparılmasını və yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yer-təsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyətinə aid məsələ olmuşdur. İddiaçıya torpaq sahəsi ayrılan zaman torpaq sahəsinin yerləşmə vəziyyətini (hüdudlarını) əks etdirən sənədi (cizgini, planı, ayrıc aktını) həmin qərara əlavə edilməmişdir. İddiaçı isə, öz tələbinin – öhdəliyin cavabdeh tərəfindən icrasının əsası kimi cavabdehin Qərarı ilə ona verilmiş hüquqdan və Qərarın icrası qaydasında torpaq sahəsinin ona təhvil verilməsi faktından çıxış edir. Belə olan halda, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yerləşmə vəziyyətinin sənəd üzrə verilmiş sahəyə uyğun olmadığını, buradan, cavabdehin iddiaçı qarşısında hazırkı məzmunda öhdəlik daşımadığını sübut etmək yükü cavabdehin üzərinə düşür. Cavabdeh iddiaçının dəlillərini təkzib və ya iddiaya etirazının əsasını isə təsdiq edən hər hansı rəsmi sənədi təqdim etmədiyindən, torpaq sahəsinə cizginin verilməsindən imtina əsaslı sayıla bilməz. Cavabdeh imtina ərizəsində torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsinin onun səlahiyyətlərində olmadığını bildirsə də, yuxaırda sadalanan qanunvericilik normalarının tələblərinə əsasən Yerli İcra Hakimiyyətlərinin torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi səlahiyyəti vardır. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın oxşar mübahisə üzrə torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsi ilə bağlı praktikası mövcuddur. Belə ki, iş materiallarına əlavə edilmiş Abşeron rayon Donuzkökəltmə Sovxozunun 108 № li, xx.xx.1991-ci il tarixli əmri əsasında Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində ayrılmış torpaq sahəsinin cizgisi Cavabdeh tərəfindən tərtib olunaraq vətəndaşa verilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş Əzizbəyov XDS İk-nın 15/586 saylı, xx.xx.1988-ci il tarixli qərarı ilə Mərdəkan qəsəbəsində ayrılmış torpaq sahəsinin cizgisi cavabdh tərəfindən tərtib olunaraq vətəndaşa verilmişdir. Qeyd edilən cizgilər məhkəmə qərarı əsasında deyil, vətəndaşların müraciətlərinə əsasən cavabdeh inzibati orqanın öz praktikasına əsasən hazırlanmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı tələb üzrə inzibati orqanın imtinası cavabdehə münasibətdə bərabərlik hüququnun pozulması kimi qiymətləndirilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən sahəsi 0,06 ha torpaq sahəsinə dair yerləşmə sxeminin (cizginin) İddiaçı verilməsi öhdəliyi Cavabdehnə həvalə olunsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar