Məhkəmə qərarları › İş №2-1(112)-2025/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2025/2020

03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2025/2020 03.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı müavinətin ödənilməsinə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı bayram günlərində gücləndirilmiş iş rejimində işləməsinə, gecə növbəsində xidmət zamanı əlavə saatlara görə və növbədənkənar xidmətə cəlb edilməyə görə ödənişin verilməsindən imtinasının qanunsuz və əsassız hesab edilməsi, ona bayram günlərində gücləndirilmiş iş rejimində işləməyə, gecə növbəsində xidmət zamanı əlavə saatlara görə və növbədənkənar xidmətə cəlb edilməyə görə ödənişin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4.-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası barədə iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə müraicət edilməmişdən öncə, müvafiq ərizə ilə cavabdehə müraciət edilmişdir. İddiaçı tərəfindən iddia ərizəsi hazırki iddia növünə uyğun olaraq prosessual qanunvericiliyə uyğun olaraq qaldırılmışdır. Göründüyü kimi, hazırki iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia tələbionunla əsaslandırılmışdır ki, o, xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək DİN Baş Mühafizə idarəsinin Sabunçu rayon Mühafizə Şöbəsində polis nəfəri vəzifəsində işləmişdir. xx.xx.2001-ci iltarixdən xidmətini davam etdirmək üçün Səbail rayon Mühafizə İdarəsinə göndərilmişdir. xx.xx.2017-ci il tarixdən Səbail rayon Mühafizə İdarəsində xidmət etmişdir. 50 (əlli) yaşın tamam olması ilə əlaqədar olaraq yaş həddinə görə təqaüdə çıxmışdır. Lakin, xidmət müddətində ona bayram günlərində gücləndirilmiş iş rejimində işlədiyinə, gecə növbəsində xidmət zamanı əlavə saatlara görə və növbədənkənar xidmətə cəlb edilməyə görə ödənişlərin verilməsi təmin edilməyib. Bununla əlaqədar olaraq, “Bayram günlərində gücləndirilmiş iş rejimində işlədiyinə, gecə növbəsində xidmət zamanı əlavə saatlara görə və növbədənkənar xidmətə cəlb edilməyə görə ödənişin verilməsi barədə” xx.xx.2018-ci il tarixli ərizə Azərbaycan Respubliaksı Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə idarəsinin xx.xx.2018-ci il tarixli, 038-204912H-3218 saylı məktubu ilə ona qanunla verilməsi nəzərdə tutulan müavinlətlərin verilməsindən imtina edilmiş və bu idarənin maliyyə vəziyyətinin çətinliyi ilə əsaslandırılmışdır. Cavabdeh ona bayram günlərində gücləndirilmiş iş rejimində işlədiyinə, gecə növbəsində xidmət zamanı əlavə saatlara görə və növbədənkənar xidmətə cəlb edilməyə görə ödənişin verilməsindən imtinası qanunsuz və əsassız hesab edilməsi və ona bayram günlərində gücləndirilmiş iş rejimində işlədiyinə, gecə növbəsində xidmət zamanı əlavə saatlara görə və növbədənkənar xidmətə cəlb edilməyə görə ödənişin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi zəruridir. İşin faktiki hallarına əsasən o, xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək DİN Baş Mühafizə İdarəsinin Sabunçu rayon Mühafizə Şöbəsində polis nəfəri vəzifəsində işləmişdir. xx.xx.2001-ci il tarixdən xidməti davam etdirmək üçün Səbail Mühafizə İdarəsinə göndərilmişdir. xx.xx.2017-ci il tarixdən Səbail rayon Mühafizə İdarəsində xidmət etmişdir. Daxili İşlər orqanlarında xidmət müddətində bayram günlərində gücləndirilmiş iş rejimində işlədilmiş, həmçinin gecə növbəsində əlavə işlədilmiş və növbədənkənar xidmətə cəlb edilmişdir. Lakin, cavabdeh tərəfindən ona bayram günlərində gücləndirilmiş iş rejimində işlədiyinə, gecə növbəsində xidmət zamanı əlavə saatlara görə, növbədənkənar xidmətə cəlb edilməyə görə ödənişlərin verilməsi təmin edilməyib. Ona bayram günlərində gücləndirilmiş iş rejimində işlədilməyə, gecə növbəsində xidmət zamanı əlavə saatlara görə, növbədənkənar xidmətə cəlb edilməyə görə ödənişlərin verilməli olması cavabdehin imtina məktubu ilə təsdiq edilir. Lakin, cavabdehin maliyyə vəziyyətinin aşağı olması bayram günlərində gücləndirilmiş iş rejimində işlədiyinə, gecə növbəsində xidmət zamanı əlavə saatlara görə növbədənkənar xidmətə cəlb edilməyə görə ödənişlərin verilməsindən imtina üçün əsas ola bilməz. Göstərilənlərə əsasən ona bayram günlərində gücləlndirilmiş iş rejimində işlədiyinə, gecə növbəsində xidmət zamanı əlavə saatlara görə, növbədənkənar xidmətə cəlb edilməyə görə ödənişin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi zəruridir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən iddiaya qarşı hər hansı bir münasibət təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2017-ci il tarixədək Daxili İşlər Nazirliyində xidmət etmiş, Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında xidmət müddəti təqvimi:25 il, 09 ay, 11 gün (iyirmi-beş il, doqquz ay, on bir gün), imtiyazlı: 29 il, 00 ay, 04 gün (iyirmi doqquz il, sıfır ay, dörd gün) təşkil edir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməzdən öncə müvafiq ərizələrlə cavabdehə müraciət etmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli, 038- 2049/2H-32V2 nömrəli məktubdan görünür ki, iddiaçının işlədiyi müddət ərzində bayram günlərində gücləndirilmiş iş rejimində və gecə növbəsində xidmət etdiyi zaman əlavə saatlara görə ödənnişin verilmədiyi barədə Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanladığı müraciətinə baxılmışdır. Bir daha bildirmişlər ki, eyniməzmunlu müraciətinə Baş Mühafizə İdarəsində baxılmış və nəticəsi barədə ona xx.xx.2018-ci il tarixli, 038-2049H-3218 nömrəli məktubla ətraflı məlumat verilmişdir. İdarənin maliyyə vəziyyəti sabitləşdikdən sonra bütün əməkdaşlara, o cümlədən ona bayram günlərində gücləndirilmiş iş rejiminə və gecə növbəsində əlavə saatlara görə ödənişin verilməsi məsələsinə baxılacaqdır. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Səbail rayon Mühafizə İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 314 nömrəli və 286 nömrəli cavab məktublarından görünür ki, sabiq polis nəfəri, polis serjantı İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Səbail rayon Mühafizə İdarəsində xidmət etdiyi dövr ərzində gücləndirilmiş iş rejimi və əlavə xidmətə cəlb edilməsi barədə hər-hansı bir məlumat yoxdur. Belə ki, polis əməkdaşlarının xidmətə cəlb olunması barədə qeydiyyatların aparıldığı naryad jurnalları Azərbaycan Respublikası DİN-in xx.xx.2015-ci il tarixli, Q-36-001-15 nömrəli Qərarının 6.1.8-ci bəndinə əsasən 2 il müddətində saxlanılmaqla məhv edilir. İdarənin mühasibatlığınıın təqdim etdiyi arayışda isə əməkdaş xidmətdən azad olunarkən qanunla nəzərdə tutulmuş pul kompensasiyası ilə tam təmin olunduğu, xidmət etdiyi dövr ərzində əlavə xidmətə görə hər-hansı pul vəsaitininn ödənilmədiyi bildirilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının xx.xx.1977-ci il tarixdən, xx.xx.2001-ci il tarixədək, xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Səbail rayon Mühafizə İdarəsində xidmət etdiyi dövr ərzində gücləndirilmiş iş rejimi və əlavə xidmətə cəlb edilməsi barədə hər-hansı bir məlumat yoxdur. Bundan başqa, idarənin mühasibatlığının təqdim etdiyi arayışda isə əməkdaş xidmətdən azad olunarkən qanunla nəzərdə tutulmuş pul kompensasiyası ilə tam təmin olunduğu, xidmət etdiyi dövr ərzində əlavə xidmətə görə hərhansı pul vəsaitinin ödənilmədiyi bildirilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən dövrlərdə Səbail rayon Mühafizə İdarəsində xidmət etdiyi dövr ərzində gücləndirilmiş iş rejimi və əlavə xidmətə cəlb edilmə barədə sübut təqdim edilmədiyindən, cavabdehə qarşı irəli sürülmüş tələb sübuta yetirilmədiyindən, bununla da iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiaysının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Konstitusiyanın 125-cü maddəsinin İİİ hissəsinə görə Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət mühakimə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyatı keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunan və qorunan hüquqların daha effektiv şəkildə təmin olunması üçün ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsinə Konstitusion təminat verilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar