Məhkəmə qərarları › İş №2-1(112)-2025/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2025/2021

26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2025/2021 26.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 oğlunun iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun, 03.01.1979-cu ildən 02.01.2015-ci il tarixədək işlədiyi dövrü ümumi əmək stajını əsas götürməklə və güzəştli şərtlərin 21.01.1982-ci ildən 02.01.2015-ci il tarixədək daxil olmasını nəzərə almaqla, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin öhdəsinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 03.01.1979-cu ildən 02.01.2015-ci il tarixədək işlədiyi dövrün ümumi əmək stajına daxil edilməsi və 21.01.1982-ci ildən 02.11.2015-ci il tarixədək daxil olmasını nəzərə almaqla güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin öhdəsinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 30 avqust 1960-cı ildə Gədəbəy rayonunun Daryurd kəndində anadan olmuşdur. 03.01.1979-11.05.1981-ci il tarixədək Sovet ordusu sıralarında xidmət etmişdir. 28.04.2006-cı il tarixədək Mingəçevir quraşdırma idarəsində V dərəcəli quraşdırıcı çilingər işləmişdir. Göstərdiyi bu dövrdə Qafqazenerjiquraşdırma trestinin Həştərxan idarəsində həmin dövrdə eyni fəaliyyəti davam etdirmişdir. İşlədiyi müddətdə bütün iş günü ərzində hündür mərtəbəli binaların və yüksəkliklərlə əlaqədar qurğuların və qapali çənlərin rezervarlarının, aşağı legerli polad boruların, buxar qazanlarının daxilində legerini polad boruların quraşdırılmasında bilavasitə işləmiş, eyni zamanda işlədiyi müddətdə iş qrafikinə uyğun olaraq, növbəli iş rejimi ilə xüsusi zərərli iş şəraitində məşğul olmuş, həmin müəssisələrdən südlə və ya xüsusi geyimlə təmin olunmuşdur. 2006-cı ildən «xxxx» MMC-də 6-cı dərəcəli quraşdırıcı çilingər, 2010-cu ildə «xxxx» ASC-də 6-cı dərəcəli quraşdırıcı çilingər, 2012-2015-ci ilədək isə Mingəçevir Regional Tikinti Quraşdırma sahəsinin dəmir-beton məmulatları istehsalı sexində 6-cı dərəcəli çilingər işləmiş və 02.11.2015-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin A bəndinə əsasən öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. Hazırda onun 60 yasına çatmağa 2 ayı qalmış və onun ümumi iş stajı 36 il təşkil edir. Həmin 36 ilin 33 ilini zərərli istehsalat sahəsində işləmişdir. Pensiya kapitalıda hər ildə yığılmışdır. Lakin cavabdeh ona güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında rədd cavabı vermişdir. Cavabdehin 06 mart 2020-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, təqdim etdiyi 10.11.1985-ci il tarixdə açılmış İT-11338618 saylı əmək kitabçasında 27.02.1990-cı il - 28.04.2006-cı il tarixləri arasındakı dövr ərzində «xxxx ATSC» də işlədiyi qeyd olunan əmək stajını əmək haqqların və həmin dövr üçün müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqqlarının ödənilib-ödənilməməsi müəyyən olunmadığı üçün sorğu verilmiş adı çəkilən müəssisənin sənədlərinin dövlət arxivinə təhvil verilməsi müəyyən olunmur. Ona görə onun ümumi iş stajı 01.01.2006-cı ilədək 25 ildən az təşkil edir, ona görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Azərbaycan Respublikası Dövlət X2 07.02.2020, 10.02.2020-ci il tarixli məktubla DSMF-nin Mingəçevir şəhər şöbəsinin müdürü E.İsmayılovanın adına göndərilən arayışda qeyd olunmuşdur ki, «Mingəçevir Enerjiquraşdırnra ATSC»-nin arxiv sənədləri filiala mühafizə edilmək üçün təhvil verilməmişdir. Eyni zamanda «xxxx ATSC» 07.02.2020-ci il tarixli Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə məktubla bildirilmişdir ki, işlər onların arxivində saxlanılmır, yalnız əmək kitabçaları və T2 şəxsi vərəqələr saxlanılır. Məcburi dövlət sosial sığorta haqqı müəssisə tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Yəni bu 3 ədəd imtina məktubları bir-biri ilə ziddiyyət təşkil edir. Onun əmək kitabçasında işlədiyi dövlər öz əksini taparaq, öz təsdiqini möhürlə ehtiva edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbi üzrə verdiyi izahatında bildirdi ki, iddiaçının ümumi stajı 01.01.2006-cı ilədək 25 ildən az təşkil edir. Ona görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Qeyd olunanları nəzərə alaraq iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: -Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1960-ci ildə Gədəbəy rayonu, Daryurd kəndində doğulmuşdur. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, 15.01.2020-ci il tarixli arayışından görünür ki, Qurbanov X3 şəhəri, C.Əliyev küçəsi, ev 13, mənzil 11 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsinin 40 №-li, 15.01.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən 07.05.1979-cu il tarixdən 04.05.1981-ci il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. Əsas : Hərbi bilet NZ № 3947218. - İddiaçı məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 03.01.1979-cu ildən 11.05.1981-ci ilə qədər Sovet ordusunda xidmət etmişdir (2 il 4 ay 9 gün), 21.01.1982-ci ildən 04.07.1988-ci ilə qədər "Qafqazenerjı quraşdırma" X1 İdarəsində 2-ci, 3-cü dərəcəli quraşdırıcı çilingər (6 il 05 ay 14 gün), 05.07.1988-ci ildən 19.02.1990-cı ilə qədər "Qafqazenerjı quraşdırma" trestinin Həştərxan vilayətində çilingər (1 il 7 ay 15 gün), 27.02.1990-cu ildən 28.04.2006-cı ilə qədər "Qafqazenerjı quraşdırma" tresti Mingəçevir Quraşdırma İdarəsində 5-ci, 6-cı dərəcəli quraşdırıcı çilingər (16 il 2 ay 2 gün), 03.07.2006-cı ildən 29.10.2010-cu ilə qədər “xxxx” MMC-də quraşdırıcı-çilingər (04 il 3 ay 27 gün), 01.11.2010-cu ildən 02.11.2015-ci ilədək “xxxx” ASC-də çilingər və 6-cı dərəcəli quraşdırıcı çilingər (5 il 0 ay 02 gün) vəzifəsində işləmişdir. - “xxxx” ATSC tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə ünvanlanmış 02 №-li, 07.02.2020-ci il tarixli məktubdan görünür ki, Qurbanov X3 “Enerjlquraşdırma" ATSC-də quraşdırıcı-çilingər işləmiş, əmək haqqları və əmrləri arxivdə saxlamımır. Arxivdə yalnız vətəndaşlar tərəfindən götürülməmiş əmək kitabçaları və T-2 şəxsi vərəqələr saxlanılır. Əlavə olaraq qeyd edilmişdir ki, müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqqı dövlət büdcəsinə ödənilmişdir. “Qafqazenerjiquraşdırma” X1 İdarəsi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 450 saylı səıəncam na əsasən 29 iyul 1999-cu il tarixdə “xxxx” X7 Cəmiyyəti olmuşdur. - Azərbaycan Respublikası Dövlət X2 tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə ünvanlanmış **********3 №-li, 07.02.2020-ci il tarixli məktubdan görünür ki, “xxxx” ATSC-nin arxiv sənədləri filiala mühafizə edilmək üçün təhvil verilməmişdir. - "xxxx" ATSC-nin 03 №-li, 16.01.2018-ci il tarixli və 05 №-li, 17.03.2021-ci il tarixli güzəştli arayışlarından görünür ki, İddiaçı həqiqətən "Qafqazenerjı quraşdırma" X1 İdarəsində 21.01.1982-ci il tarixdə (əmr 16k, 21.01.1982-cı il) 3-cü dərəcəli quraşdırıcı çilingər kimi işə qəbul olmuş, 04.07.1988-ci il tarixdə köçürmə yolu ilə işdən azad olunmuşdur (əmr 132k, 05.07.1988-ci il), 02.02.1990-cı il tarixdə 5-ci dərəcəli quraşdırıcı çilingər kimi işə qəbul olmuş və 28.04.2006-cı il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. İşlədiyi 8 saatlıq iş günü ərzində həmin trestin Mingəçevir Quraşdırma sahəsində hundur mərtəbəli binaların və yüksəkliklərlə əlaqədar qurğuların və qapalı çənlərin, rezervuarların, aşağılegirli polad boruların, buxar qazanlarının daxilində legirli polad borularının quraşdırılmasında bilavasitə iştirak etmişdir. İşlədiyi müddətdə iş qrafikinə uyğun olaraq növbəli iş rejimi ilə xüsusi zərərli iş şəraitində məşğul olmuş və xüsusi qeyimlə təmin olunmuşdur. "Qafqazenerjiquraşdırma" tresti əsasən enerji müəssisələrinin tikilməsi, inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsində fəaliyyət göstərmişdir. Trest sənaye obyektlərində polad və dəmir-beton konstruksiyalarının quraşdırılması, əl ilə qazla metalların kəsilməsində və doğramasında, metal boruların və konstruksiyalarında quraşdırılması və təmiri və sair işləri aparmışdır. İddiaçı tam iş gunü ərzində icra etdiyi əl ilə qazla kəsici, metal konstruksiyaların və boru kəmərlərinin quraşdırılması üzrə boru-çilingəri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar, 12 nömrəlı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası huququnu verən istehsalatların peşələrin vəzifələrin və göstəricilərin Siyahısının 29. Bina qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində və boruların quraşdırılması üzrə əli ilə qazla kəsici quraşdırıcılar kimi nəzərdə tutulmuşdur. Trest "Qafqazenerjiquraşdırma" Mingəçevir Quraşdırma İdarəsi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 450 saylı sərəncamına əsasən 29 yul 1999-cu il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti olub. Guzəştli arayış "xxxx ATSC-nin arxivində saxlanılan İddiaçı şəxsi anketinə və əmək kitabçasına əsasən tərtib edilmişdir. - “xxxx” ATSC tərəfindən məhkəməyə ünvanlanmış 14 №-li, 29.12.2020-ci il tarixli məktubdan və ona əlavə edilmiş T-2 şəxsi vərəqəsinin surətindən görünür ki, Mingəçevir “Enerjiruraşdırma” ATSC-də arxiv səndəlrəi saxlanılmır. Yalnız vətəndaşlar tərəfindən götürülməmiş əmək kitabçaları və T-2 şəxsi vərəqələr saxlanılır. İddiaçı aid T-2 şəxsi vərəqədə onun 21.01.1982-ci ildən 28.04.2006-cı ilə qədər əmək fəaliyyəti ilə bağlı qeydlər aparılmışdır. - Cavabdeh tərəfindən iddiaçının 23.01.2020-ci il tarixli ərizəsinə cavab olaraq verilmiş 06.03.2020-ci il tarixli, **********4 №-li məktubdan görünür ki, təqdim etdiyi 10.11.1985-ci il tarixində açılmış İT-İ ******* nömrəli əmək kitabçasında 27.02.1990- 28.04.2006-cı il tarixləri arasındakı dövr ərzində “xxxx" ATSC-də işlədiyi qeyd olunan əmək stajı, əmək haqları və həmin dövr üçün müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsini dəqiqləşdirilməsi ilə bağlı İdarə tərəfindən aidiyyəti üzrə sorğu verilmişdir. Cavab olaraq adıçəkilən müəssisənin sənədlərinin dövlət arxivinə təhvil verilmədiyi üçün yuxarıda qeyd olunan dövrü dəqiqləşdirmək mümkün olmadığı bildirmişdir. Bu səbəbdən həmin dövrü əmək stajı daxil etmək mümkün olmadığından ümumi iş stajı 01.01.2006-cı ilədək 25 üdən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. 01.01.2006-cı il tarixdək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:

1. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının 01.01.2006-cı ilə qədər hərbi xidmət dövrü də daxil olmaqla 26 il 3 ay 9 gün ümumi və 22 il 3 ay 17 gün güzəştli iş stajı mövcuddur. Güzəştli iş stajına dair məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi «quraşdırıcı çilingər» peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan 29-ci Bölməsinin “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” peşəsinə uyğundur. Göründüyü kimi, hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni 30.08.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Bundan əlavə «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. - 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. - 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. İddiaçının işlədiyi müəssisələr tərəfindən MDSS haqqları ödənilməmiş olsa belə, qanunvericiliklə həmin müəssisələr də daxil olmaqla bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqları üzrə 01.01.2006-cı il tarixə yaranmış borcları 01.04.2018-ci il tarixdən silinmişdir. Bu hal isə iddiaçının pensiya hüququnun təmin olunmasına şərait yaradır. Bundan əlavə 01.01.2006-cı il tarixinədək qüvvədə olmuş (iddiaçının işlədiyi dövrdə qüvvədə olan) "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Həmçinin qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdeh inzibati orqanın imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməli və İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 30.08.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 30.08.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.

Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar