Məhkəmə qərarları › İş №2-1(112)-2026/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2026/2023

27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2026/2023 27.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçılar İddiaçı2, X8, X2 Cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı "mənsubiyyətin tanınması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən İddiaçı2 və X8 barəsində qəbul edilmiş vətəndaşlıq mənsubiyyətinin tanınmasından imtina edilməsi barədə qərarların ləğv edilməsi, həmin şəxslər barəsində mənsubiyyətin tanınması barədə qərarların qəbul edilməsinin cavabdehə həvalə edilməsi, X6 barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi formasında icraata qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçı, İddiaçı1 iddiaçılar siyahısından çıxarılmaqla, X5 qanuni nümayəndəsi qismində tanınmasını, İddiaçı2, X8, X4 iddiaçı qismində müəyyən edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılardan birinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərar verilmiş, lakin sonradan həmin qərar cavabdeh tərəfindən ləğv edilərək mənsubiyyətin tanınmasından imtina edilmişdir. Digər iddiaçılara münasibətdə isə cavabdeh ilkin olaraq onların mənsubiyyətinin tanınmalarından imtina etmişdir. Halbuki cavabdehin iddiaçıların mənsubiyyətlərinin tanınmasından imtinası əsassız və qanunsuzdur. Belə ki, iddiaçıların atası Azərbaycan Respublikasında doğulmuşdur. Lakin, həmin hallar nəzərə alınmamışdır. Cavabdehin etirazları: Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, şəxslərin sorğuları əsasında vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı araşdırma aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəşndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.4-ci bəndlərinə əsasən onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə qərarlar qəbul edilmişdir. DMX sözügedən şəxslərlə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, sözügedən şəxslər Rusiya Federasiyasında anadan olmuşlar və həmin ölkənin vətəndaşlığını əldə etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 29 aprel 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Doğum haqqında şəhadətnamədən görünür ki, X6 19 noyabr 2004-cu il tarixdə Rusiya Federasiyasında anadan olmuşdur. Atası İddiaçı1 Azərbaycan Respublasının vətəndaşı, anası X1 isə Rusiya Federasiyasının vətəndaşıdır. Doğum haqqında şəhadətnamədən görünür ki, X8 23 iyul 2009-cu il tarixdə Rusiya Federasiyasında anadan olmuşdur. Atası İddiaçı1 və anası X1 Rusiya Federasiyasının vətəndaşlarıdırlar. AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 Azərbaycan Respublikasının vətəndaşıdır. 29 iyun 2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X3 Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmışdır. 06 iyul 2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X5 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. 06 iyul 2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. 28 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X3 vətəndaşlıq mənsubiyyətinin təkrar araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı digər ölkə vətəndaşıdır və bu səbəbdən də mənsubiyyətin tanınması barədə qərar ləğv edilməlidir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və aşağıdakıların qeyd edilməsini zəruri sayaraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə iddianın mahiyyətinə keçməzdən əvvəl qeyd etməyi zəruri hesab edir ki, hazırki iddia tələbi ilə iddiaçılar Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətlərinin tanınmasını arzulayırlar. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan iddiaçılardan birinə (X6) münasibətdə inzibati icraat apararaq, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini tanımış, daha sonra isə digər ölkənin vətəndaşlığına malik olması əsası ilə onun barəsində qəbul etmiş qərarı ləğv etmişdir. Digər iddiaçılara (İddiaçı2, X8) münasibətdə isə ilkin icraat zamanı onların müraciətlərini təmin etməmişdir. İddianın mahiyyətinə gəldikdə məhkəmə hesab edir ki, cavabdehin istinad etdiyi hallar kifayət qədər əsaslı olduğundan, onun tərəfindən qəbul edilmiş qərarlar qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun: M a d d ə 5 . Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər , o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. M a d d ə 1 0 Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığına mənsubiyyətinin tanınmaması Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. M a d d ə 1 8 . Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; 3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi; 3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi; 4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydaları”nın: 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 1.2.Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. 2.1.Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır. 4.4.“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. İşin faktiki hallarından da göründüyü kimi iddiaçılar valideynin Azərbaycan Respublikası vətəndaşı olması və digər hallar nəzərə almaqla hesab edirlər ki, onların vətəndaşlığa mənsubiyyətinin tanınmasına imtina edilməsinə dair qərarlar qanunsuz və əsassız olmuşdur. Cavabdehin mübahisələndirilən qərarların qəbuluna əsası isə ondan ibarətdir ki, iddiaçılar vətəndaşsızlıq halında olmamışlar, Rusiya Federasiyasının vətəndaşları olmuşlar və həmin ölkənin vətəndaşları kimi ölkə ərazisinə daxil olmuşdurlar. Mübahisələndirilən qərarların hüquqi əsası qismində isə iddiaçılar yuxarıda adıçəkilən Qaydanın 4.4-cü bəndinə istinad etmişdirlər. Həmin bəndin tələbi isə odur ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar, yəni Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi, Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi və Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi halları mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Göründüyü kimi bu adıçəkilən hallardan ən azı birinin mövcudluğu mənsubiyyətin tanınmasından imtina, tanınma həyata keçirilmişdirsə də həmin tanınmanı legitim edən inzibati aktın ləğv edilməsi üçün əsas hesab edilir. Hazırkı iş üzrə də məhz adıçəkilən əsas mövcuddur. Belə ki, iddiaçılar Rusiya Federasiyası vətəndaşlığını könüllü əldə etmişdirlər ki, cavabdeh də əsaslı olaraq həmin halı müəyyən etməklə mənsubiyyətin tanınmasından imtinaya dair mövqe nümayiş etdirmişdir. Məhkəmə, iddiaçı X2 mənsubiyyəti ilə bağlı bildirir ki, digər iddiaçılardan fərqli olaraq iddiaçı X2 ilkin olaraq mənsubiyyətinin tanınması barədə qərarın olması, bu qərarın 29 iyun 2022-ci il tarixdə olması, iddiaçının Rusiya Federasiyası vətəndaşlığını isə ondan əvvəlki tarixdə alması vəziyyəti iddiaçının xeyrinə dəyişməyən haldır. Belə ki, iddiaçının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması 29 iyun 2022-ci il tarixli qərar əsasında həyata keçirilsə də həmin qərar mövcud olan halın tanınmasına aiddir ki, həmin hal, yəni Azərbaycan Respublikası vətəndaşlığına iddiaçının mənsubiyyətinin tanınması onun doğulduğu andan yaranmışdır. Yəni, qərar 29 iyun 2022-ci il tarixli olsa da iddiaçının məhz doğulduğu andan mənsubiyyətinin olması həmin qərarla tanınmışdır ki, bu səbəbdəndir ki, maddədə adıçəkilən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi halı hazırkı mübahisə üzrə tətbiq edilə biləndir. Maddənin tələbindən də göründüyü kimi Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi mənsubiyyətin tanınmasından imtina əsasıdır. İddiaçı isə 29 iyun 2022-ci il tarixli qərarla mənsubiyyətinin tanınmasına nail olsa da həmin inzibati akt onun mənsubiyyətinin 29 iyun 2022-ci il tarixdən yox doğulduğu andan mövcud olması anlamına gəlir. Odur ki, Rusiya Federasiyası vətəndaşlığında qalma onun hansı tarixdə əldə edilibedilməməsindən asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlığı tanınmış şəxsin mənsubiyyətinin tanınmasından imtinaya səbəb olacaqdır. Maddəyə qeyd olunan şərh edilməsə belə Rusiya Federasiyası vətəndaşlığının qəbulu cavabdehin etirazda qeyd etdiyi dəlillləri hər bir halda əsaslı edir. Belə ki, istər yuxarıda adıçəkilən Qanun, istərsə də Qaydaların tələbindən göründüyü kimi mənsubiyyətin müəyyən edilməsinin mahiyyətində digər hallarla yanaşı, həmçinin vətəndaşsızlıq vəziyyətinin aradan qaldırılması dayanır ki, “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmalı olması həmin məntiqin nəticəsidir. Hazırkı halda isə iddiaçıların vətəndaşsızlıq halı mövcud olmamış, iddiaçılar digər dövlətin vətəndaşlığını əldə etmiş şəxs statusunda olan şəxslər olmuşdurlar. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-296/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022 qərarında da analoji mövqedən çıxış edilmişdir. Belə ki, oxşar işin halları mövcud olan lakin cavabdeh tərəfindən mənsubiyyətin tanınması həyata keçirilmiş şəxsin mənsubiyyətin tanınma barədə qərarın ləğvini tələbinə dair işə baxan Məhkəmə kollegiyası hesab etmişdir ki, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 4.4cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi, Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Məhkəmə kollegiyası işin hallarına göstərilən normaların işığında münasibət bildirərək qeyd edir ki, iddiaçı 15 fevral 1991- ildən etibarən daimi əsaslarla Rusiya Federasiyası, Xabarovsk vilayəti, Amursk şəhəri, Komsomolska küçəsi, ev 67, mənzil 179 ünvanında qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməklə bağlı hər hansı müraciəti olmamış, digər dövlətin vətəndaşlığını könüllü əldə etməklə hazırda Rusiya Federasiyasının vətəndaşıdır. Belə olan halda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Başqa sözlə iddiaçının Rusiya Federasiyasının vətəndaşlığını könüllü əldə etməsi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsasdır. Odur ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri, o cümlədən kassasiya instansiya məhkəməsinin formalaşdırdığı məhkəmə təcrübəsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddiaçıların Rusiya Federasiyasının vətəndaşlığını könüllü əldə etməsi onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsas olmuşdur. Cavabdehin iddiaçı X7 barəsində ilkin olaraq inzibati akt qəbul edərək mənsubiyyətin tanınmasını həyata keçirməsi, daha sonra isə həmin qərarı ləğv etməsi ilə bağlı isə aşağıdakıların qeyd edilməsi zəruridir. “İnzibati icraat haqqında” Qanunun: 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Göründüyü kimi inzibati orqanın öz təşəbbüsü inzibati icraatı başlamaq və qanunsuz hesab etdiyi inzibati akt ləğv etmək səlahiyyəti mövcuddur ki, iddiaçı barəsində qəbul edilmiş ilkin inzibati aktın qanunsuz hesab edilərək ləğv edilməsinə dair cavabdehin öz təşəbbüsü təkrar inzibati araşdırma aparması və qanunsuz qərarını ləğv etməsi qanuni və əsaslı olmuşdur. Odur ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar