Məhkəmə qərarları › İş №2-1(112)-2027/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2027/2021

24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2027/2021 24.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, X1nın, cavabdehin nümayəndəsi X5 iştirakı ilə X1nın cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə və inşa edilmiş mənzilə hüquqların qeydiyyata alınması barədə reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Dövlət Dəmir Yolu, Sahil-Primorsk mənzilinin 22 km PK 8-də yerləşən 0,125 ha ölçüdə torpaq sahəsinə və onun üzərində inşa edilmiş mənzilə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Ərazi İdarəsinin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, X6 Birliyinin x xxxxx 1979-cu il tarixli 29 saylı əmrinə əsasən dəmir yolu altında (Dəmir Yoluna məxsus) torpaq sahəsindən istifadə etmək qaydalarını əsas tutaraq, Azərbaycan Dövlət Dəmir Yolu, Sahil-Primorsk mənzilinin 22 km PK 8-də yerləşən 0,125 ha ölçüdə torpaq sahəsi qanunauyğun şəkildə ona (iddiaçıya) ayrılmışdır. O, həmin torpaq sahəsində ev tikmiş, həmin evə qaz, işıq və telefon xətləri çəkilmişdir. Sözügedən torpaq sahəsinə və üzərindəki evə hüquqların qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh x xxxxxx 2020-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. Onun təqdim etdiyi sənədlər qanuni əss yaratsa da, cavabdeh məsələnin həllini təmin etməmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanunun 9-cu maddəsinin tələblərinə riayət olunsa da, cavabdeh qeydiyyatın aparılmasından həmin Qanunun 15-ci maddəsində göstərilən əsaslar olmadan imtina etmişdir. Buna görə də məhkəməyə müraciət olunur. Göstərilənlərə və «İnzibati icraat haqqında» AR Qanununun 20, 24-cü maddələrinə, İPM-in 2.2.3, 13, 48-ci maddələrinə, «Şəhərsalmanın əsasları haqqında» AR Qanununun 17-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 9, 15-ci maddələrinə əsaslanaraq, Azərbaycan Dövlət Dəmir Yolu, Sahil- Primorsk mənzilinin 22 km PK 8-də yerləşən 0,125 ha ölçüdə torpaq sahəsinə və onun üzərində inşa edilmiş mənzilə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 14, 49-cu maddələrinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış x xxxxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İddia etirazla qarşılanır. İddiaçı iddia ərizəsində qeyd edilən torpaq sahəsinə çıxarış verilməsi ilə bağlı müraciəti DƏDRX 1 saylı Bakı Əraziu İdarəsinə daxil olmuş, lakin ərizəyə fərdi yaşayış evinə və torpaq sahəsinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əlavə edilməmişdir. Həmçinin sözügedən ünvanda yerləşən fərdi yaşayış evində İdarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Bu səbəbdən ərizənin icrasıl mümkün olmamış və bu barədə **********09 saylı cavab məktubu ünvanlanmışdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 7, 8.0.1, 11.1-ci maddələrinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən X1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 təmsil etdiyi qurumun iddiaya qarşı yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanunun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 10.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: (10.2.1) hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, (10.2.2) torpaq sahəsinin planı və ölçüsü, (10.2.3) torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, (10.2.4) dövlət rüsumunun ödənilməsi barədə sənəd. «Torpaq islahatı haqqında» AR Qanununun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. AR Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İşin ilkin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən müvafiq torpaq sahəsi və onun üzərində inşa edilmiş yaşayış sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh isə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən əsaslar üzrə hər hansı hüquqmüəyyənedici sənəd təqdim olunmadığını səbəb gətirərək məsələnin həllindən imtina etmişdir. Məhkəmə icraatında iddiaçı müvafiq daşınmaz əmlaka kommunal xidmətlərin (qaz, işıq təchizatı) göstərilməsi barədə abonent qismində aidiyyəti qurumlarla bağlanmış müqavilələrin surətini təqdim etsə də, həmin əmlaka dair hər hansı hüquqmüəyyənedici sənədin olmasını inkar etmir. İddiaçının yaşayış yeri Xəzər rayonunda Sahil st. Ev PÇ-4, Ailəvi yataqxanadır. Məhkəmənin qənaəti belədir ki, müvafiq torpaq sahəsinin X1na ayrılması, onun istifadəsinə və ya mülkiyyətinə verilməsinə dair səlahiyyətli qurumun aktı və ya müqavilə, habelə orada inşa edildiyi bildirilən tikili ilə bağlı ona aid sənəd mövcud olmadığından (iddiaçının mövqeyindən aydın olur) onun həmin torpaq sahəsinə və sahənin üzərindəki tikiliyə subyektiv hüququ olmur. Nəzərə alınmalıdır ki, “daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10-cu maddəsinin tələbləri qeydiyyat orqanına hüquqların qeydiyyatı ilə bağlı hüquq əldə edən və ya onun müvəkkil etdiyi şəxsin müraciət edə bilməsini nəzərdə tutur. Daşınmaz əmlakla bağlı kommunal xidmətlərin göstərilməsi üzrə aidiyyəti orqanlarla müqavilə bağlaması abonent kimi həmin şəxsin (yaşayış yeri başqa ünvan olan şəxsin), həmin əmlaka subyektiv hüququnun olması qənaətini yaratmır və hər hansı üçüncü şəxsin bu əmlaka hüquqlarının olması ehtimalını da azaltmır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı məhkəmə icraatı çərçivəsində DƏDRX 1 saylı Ərazi İdarəsi tərəfindən X1nın hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar