Məhkəmə qərarları › İş №2-1(112)-2027/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2027/2022

10.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2027/2022 10.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə (ünvan 1 ünvanda qeydiyyatda olan) Cavabdehin nümayəndəsi X1 hüquq şöbəsinin müdir-müavini-hüquq sektorunun müdiri, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı qızıl nişanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qızıl nişanın verilməsindən imtina olunması ilə bağlı hərəkətlərinin (cavab məktublarının) qanunsuz hesab edilməsi və cavabdehin üzərinə qızı X3 qızıl nişanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi əsasən onunla əsaslandırılmışdır ki, qızı X5 2021-ci ildə Bakı şəhəri 160 saylı Klassik Gimnaziyasını bütün qiymətləri əla olmaqla bitirmişdir. Bununla yanaşı qızı X5 müxtəlif olimpiyadaların qalibi olmuş, gənc alimlər müsabiqəsində 2 dəfə iştirak edərək 2-ci və 3-cü yerlərə layiq görülmüşdür. Buna görə də, oxuduğu Bakı şəhəri 160 saylı Klassik Gimnaziyası tərəfindən onun barəsində müvafiq sənədlər qızıl nişan ilə təltif edilməsi üçün Azərbaycan Respublikası Təhsil nazirliyinə göndərilmişdir. Lakin, 17.07.2021-ci il tarixdə dərc edilmiş siyahıda qızının adını gümüş nişanla təltif edilmişlərin siyahısında gördü. Əlbətddə bu haqsızlığa görə həm qızı, həm də, iddiaçı bir ana olaraq çox məyus oldu. Əvvəlcə siyahıda qeyd olunanların texniki səhv olduğunu düşündü və bununla bağlı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edərək qızı X2 barəsində qəbul edilmiş nəticəyə yenidən baxılmasını və qızının layiq olduğu qızıl nişanla təltif edilməsini xahiş etdi. İddiaçı həmin müraciətə cavab olaraq şəxsi elektron kabinetə daxil olmuş müxtəlif cavab məktubları ilə qızı X3 qızıl nişanın verilməsindən əsassız olaraq imtina edilmişdir. Belə ki, ona cavabdeh inzibati orqan tərəfindən ünvanlanmış cavab məktublarında əvvəlcə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.01.2014-cü il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş, “Ümumi təhsili xüsusi naliyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydalarının 6-cı maddəsinə əsaslanaraq imtina edilmiş, lakin sonradan daxil olmuş digər cavab məktublarında cavabdeh inzibati orqan normativ hüquqi akt hesab edilməyən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qəbul edilmiş 28.12.2018-ci il tarixli, 8/1 nömrəli Kollegiya Qərarı ilə təsdi edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydalar’’ına istinad edərək qızıl nişanın verilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqanın əvvəlcə istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.01.2014-cü il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş, “Ümumi təhsili xüsusi naliyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydalarının 6-cı bəndinə əsasən Tuba Əliyeva qızıl nişana layiqdir. Belə ki, həmin normaya əsasən qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyi verilən təhsilalanlardan attestata yazılan yekun qiymətləri yalnız “əla” olanlar qızıl nişana layiq görülür. X3 verilmiş E seriyalı, 355363 nömrəli Attestata nəzər yetirdikdə görünür ki, attestata yazılan yekun qiymətlər yalnız “əla"dır. Cavabdeh inzibati orqanın sonrakı cavab məktublarında istinad etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qəbul edilmiş 28.12.2018-ci il tarixli, 8/1 nömrəli Kollegiya Qərarı ilə təsdi edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qayda”ları normativ hüquqi akt hesab edilmədiyindən, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.01.2014-cü il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş, “Ümumi təhsili xüsusi naliyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydaları”nın tələblərinə zidd olduğundan həmin kollegiya qərarı ilə təsdiq edilmiş qaydalara istinad olunaraq qızıl nişanın verilməsindən imtina olunması tam qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı əsl iddiaçı X5 ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-9559/2021 nömrəli 18.11.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək iş üzrə əsl olmayan İddiaçı əsl iddiaçı X5 ilə əvəz edilməsi qərara alınmışdır. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçının Təhsil Nazirliyinə ünvanladığı ərizəyə cavab olaraq, nazirliyin 02.08.2021-ci il tarixli, Ə-9819/08- 24 saylı cavab məktubunda qeyd edilir ki, Tuba Əliyevanın “Riyaziyyat” və Azərbaycan dili-dövlət dili kimi” fənləri üzrə yekun attestasiyada-buraxılış imtahanında topladığı ballar “yaxşı”ya ekvivalent hesab olunduğundan o, gümüş nişanla təltif edilmişdir. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 19.8-ci maddəsinə əsasən, Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qızıl və ya gümüş nişanla təltif olunurlar. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 yanvar 2010-cu il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunması Qaydasının 2-ci bəndinə əsasən, ümumtəhsil məktəbində təhsil aldığı müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər nümunəvi davranışı ilə fərqlənən tam orta təhsil səviyyəsinin məzunlarının namizədliyi qızıl və ya gümüş nişanla təltif olunmaq üçün təqdim edilir. Respublika fənn olimpiadalarının yekun mərhələsində, rayon (şəhər), ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülmə də təhsilalanın qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyinin verilməsi zamanı nəzərə alınır.. Şifahi məhkəmə baxışı iclasında iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı iclasında tədqiq olunan: - Azərbaycan Respublikası Ümumi Orta Təhsil haqqında C № 245487 nömrəli 02.07.2019-cu il tarixli Attestatın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X5 Bakı şəhəri Səbail rayonu 160 №-li Klassik Gimnaziyasını 2019-cu ildə bitirmişdir. X4in yekun attestasiyanın nəticələrinə görə Tədris dilindən (rus) 82 (səksən iki), Azərbaycan dili-dövlət dili kimi 73 (yetmiş üç), xarici dili (ingilis) 97 (doxsan yeddi) və Riyaziyyatdan 87 (səksən yeddi) balla qiymətləndirilmişdir. - Azərbaycan Respublikası Tam Orta Təhsil Haqqında Xüsusi Nümunəli E№ 355363 nömrəli Attestatın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 Bakı şəhəri Səbail rayonu 160 №-li Klassik Gimnaziyasını texniki təmayüldə 2021-ci ildə bitirərək gümüş medalı ilə bitirmişdir. X2 yekun attestasiyanın nəticələrinə görə Tədris dilindən (rus) 82 (səksən iki), Azərbaycan dili-dövlət dili kimi 77 (yetmiş yeddi), xarici dili (ingilis) 94 (doxsan dörd) və Riyaziyyatdan 76 (yetmiş altı) balla qiymətləndirilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 09.08.2021-ci il tarixli elektron cavab məktubunda qeyd edilir ki, Tuba Əliyevanın təhsil göstəriciləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2010-cu il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”nrn 4-cü bəndlərinin tələblərinə uyğun gəldiyi üçün nişanla təltif edilmiş. 6-cı bəndin tələbinə uyğun olaraq isə bu nişan gümüş olmuşdur. Qaydanın müvafiq bəndlərinin izahı ilə bağlı nəzərinizə çatdırırıq ki: Qaydanın 4-cü bəndinə görə, aşağıdakı təhsilalanların qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyi verilə bilər: “4.1.ümumi orta təhsil səviyyəsini 75 faiz “əla” qiymətlərlə bitirənlər” o deməkdir ki. şagirdin ümumi orta təhsil səviyyəsini, yəni 9-cu sinfi bitirərkən aldığı attestatda olan qiymətlərinin 75%-dən çoxu “əla” olmalıdır. Tuba Əliyevanın ümumi orta təhsil haqqında attestatına yazılan 18 fənn üzrə illik qiymətlərdən hamısı, buraxılış imtahan ballarından 3-ü “əla”, 1 fənn “Azərbaycan dili - dövlət dili kimi” üzrə buraxılış imtahan balı (73 bal) “yaxşı” olmuşdur. Bu hesabla onun 22 qiymətindən 21-i “əla” olmuşdur ki, bu da 95%-dir. Övladınızın göstəriciləri bu tələbə uyğundur: “4.2. tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi “əla” olanlar” - 10-11-ci siniflərdə keçirilən kiçik və böyük summativ qiymətləndirmələrdə aldığı qiymətlərin faizidir. Məktəb tərəfindən verilən məlumata əsasən. Tuba Əliyevanın qiymətləri bu tələbi də ödəmişdir. “4.3. bütün fənlərdən illik qiymətləri "əla”olanlar” 10-11-ci siniflər üzrə illik qiymətlərinin hamısının “əla” olmasıdır. Şagirdin aldığı qiymətlər bu tələbə də uyğundur: ”4.4. bu Qaydanın 2-ci bəndində nəzərdə tutulan tələblərə uyğun olanlar” - Şagirdin "Sabahın alimləri” müsabiqəsində qazandığı nailiyyətlər bu bəndin tələbinə uyğundur. Qaydanın 6-cı bəndinə əsasən, `Məlumat üçün təkrar nəzərinizə çatdırırıq ki, şagirdlərin qiymətləndirilməsi zamanı bal və qiymət uyğunluğu Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28 dekabr 2018-ci il tarixli 8/1 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası” ilə tənzimlənir. Həmin Qaydaya əsasən, şagirdlərin qiymətləndirmə zamanı topladığı 60-dan 80-dək olar ballar "4” qiymətinə ("yaxşı" nəticəyə). 80-dək 100-dək olan ballar “5” qiymətinə (“əla” nəticəyə) uyğun hesab olunur.Tuba Əliyevanın tam orta təhsil haqqında attestata yazılan qiymətlərindən 2-si - “Riyaziyyat'’ (76 bal) və “Azərbaycan dili- dövlət dili kimi” (77 bal) fənləri üzrə buraxılış imtahanından topladığı ballar "4” qiymətinə - “yaxşı”ya uyğun olmuşdur. Bu səbəbdən o gümüş nişanla təltif edilmişdir. Hazırkı iddia tələbi üzrə iddiaçı X5 ona qızıl nişanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İddiaçı öz iddiasını attestat sənədində qeyd olunan bütün fənnlər üzrə aldığı qiymətlərin 5 (əla) olmasına istinad etməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.01.2014-cü il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş, “Ümumi təhsili xüsusi naliyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydalarına əsasən öz iddiasını əsaslandırmağa çalışmışdır. İşin hallarından görünür ki, iddiaçının müraciəti cavabdeh orqan tərəfindən araşdırılaraq müəyyən edilmişdir ki, iddiaçının “Riyaziyyat” və Azərbaycan dili-dövlət dili kimi” fənlər üzrə yekun attestasiyada-buraxılış imtahanında topladığı ballar “yaxşı”ya ekvivalent hesab olunmuşdur. Başqa sözlə iddiaçının yekun attestasiyanın nəticələrindən də məlum olur ki, onun imtahan balı “azərbaycan dili-dövlət dili kimi” fənindən 77, riyaziyyat fənindinə isə 76 olmuşdur. Ona görə də iddiaçının qeyd olunan fənnlər üzrə toplamış olduğu 76 və 77 balları “yaxşı” ekvivalentinin təsir dairəsinə düşdüyündən gümüş medalla təltif edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin aşağıdakı müddəalarına əsasən qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.01.2014-cü il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş, “Ümumi təhsili xüsusi naliyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydalarının: 4.1. bəndində qeyd edilir ki, aşağıdakı təhsilalanların qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyi verilə bilər: 4.2. ümumi orta təhsil səviyyəsini 75 faiz “əla” qiymətlərlə bitirənlər; 4.3. tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi “əla” olanlar; 4.4. bütün fənlərdən illik qiymətləri “əla” olanlar; 4.5. bu Qaydanın 2-ci bəndində nəzərdə tutulan tələblərə uyğun olanlar. Bu Qaydanın 6-cı bəndinə əsasən, qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyi verilən təhsilalanlardan attestata yazılan yekun qiymətləri “əla” olanlar qızıl nişana, attestata yazılan qiymətlərdən ən çoxu ikisi “yaxşı” (tədris dili və riyaziyyat istisna olmaqla) olanlara isə gümüş nişana layiq görüdürlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 479 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nda qeyd edilir ki: 2.1. Ümumi təhsil müəssisələrini ümumi təhsil pilləsinin müxtəlif səviyyələri üzrə bitirən şəxslərə bu Qaydaya əsasən təhsil haqqında dövlət sənədləri verilir. Ümumi təhsil haqqında dövlət sənədləri növbəti pillədə və ya səviyyədə təhsili davam etdirmək, yaxud əmək fəaliyyətinə başlamaq üçün əsas hesab olunur. 2.2. Ümumi təhsil pilləsində təhsil haqqında aşağıdakı növ dövlət sənədləri müəyyənləşdirilir: 2.2.1. ümumi orta təhsil haqqında attestat (adi və fərqlənmə); 2.2.2. tam orta təhsil haqqında attestat (adi, fərqlənmə və xüsusi nümunəli). 2.3. Ümumi orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə başa vuran məzunlara ümumi orta təhsil haqqında fərqlənmə attestatı, digər hallarda isə ümumi orta təhsil haqqında adi attestat verilir. 2.4. Tam orta təhsil səviyyəsini qızıl və ya gümüş medalla təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat, əla qiymətlərlə başa vuran məzunlara tam orta təhsil haqqında fərqlənmə attestatı, digər hallarda isə tam orta təhsil haqqında adi attestat verilir. 2.5. Ümumi orta təhsil haqqında attestata və tam orta təhsil haqqında attestata təhsil müddətində hər bir fənn üzrə tədris olunan saatların ümumi miqdarı, təhsilalanın yekun attestasiyasının nəticələri (illik və imtahan) rəqəm və sözlə yazılır. 2.6. Tam orta təhsil haqqında attestatda “Təhsil aldığı təmayül” qrafasında şagirdin bitirdiyi sinfin təmayül istiqaməti yazılır. 2.7. Seçilmiş təmayüllər üzrə təsdiq edilmiş tədris planlarında nəzərdə tutulmayan digər fənlərdən tam orta təhsil haqqında attestata ümumi orta təhsil səviyyəsində həmin fənlərdən tədris olunan saatların ümumi miqdarı və təhsilalanın bu fənlərdən yekun attestasiya nəticələri (illik) yazılır.* Bu qərarın qeyd hissəsində göstərilir ki, tam orta təhsil səviyyəsini bitirmiş məzunların buraxılış imtahanı aparılan fənlər də daxil olmaqla, hər bir fənn üsrə yekun attestasiyasının nəticələri tam orta təhsil haqqında attestatın “illik” qrafasında bir qiymətlə yazılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2; inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirilməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə. İşin qeyd edilən hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.01.2014-cü il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş, “Ümumi təhsili xüsusi naliyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydalarının 6-cı bəndinə uyğun olduğundan əsaslıdır və iddiaçının hüquqlarının pozulması halı kimi qiymətləndirilməməlidir. Beləliklə, yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçının tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllə Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar