Məhkəmə qərarları › İş №2-1(112)-20272/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-20272/2025

23.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-20272/2025 23.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinə qarşı mənəvi zərərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən qanunsuz olaraq xx.xx.2025-ci il tarixli İXP7185487 nömrəli inzibati protokol tətbiq edilmişdir. Həmin inzibati protokola əsasən Yasamal rayon məhkəməsi xx.xx.2025-ci il tarixli, 3(004)-4266/2025 saylı inzibati xəta haqqında iş üzrə iddiaçını Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinən əsasən inzibati xətanı törətməkdə təqsirli bilərək nəqliyyat vasitəsini idarə etmək hüququmu 6 ay müddətinə məhdudlaşdırmışdır. Həmin qərardan iddiaçı tərəfindən Bakı şəhəri Yasamal rayon məhkəməsinə şikayət verilmiş, xx.xx.2025-ci il tarixdə 3(004)-4266/2025 saylı qərardadla iddia təmin edilmişdir. Həmin qərardadın icrası Azərbaycan Respublikası DİN-nin Baş X1 İdarəsinə göndərilmiş və onlar tərəfindən xx.xx.2025-ci ildə qəbul olunmuşdur. Lakin, dəfələrlə Azərbaycan Respublikası DİN-nin Baş X1 İdarəsinə getsə də ona bildirilər ki, Bakı şəhəri Ysaamal rayon məhkəməsinin qərardadını icra etməkdən imtina olunur. Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)-4266/2025 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)-4266/2025 saylı qərardadına əsasən İddiaçı nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) ay müddətə məhdudlaşdırılmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)-4266/2025 saylı inzibati xəta haqqında iş üzrə qərarının icrasına xitam verilmişdir. Qeyd olunmalıdır ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun: Maddə 1. Ümumi müddəalar Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 8) şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Maddə 7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş fiziki və mənəvi ziyanın ödənilməsi Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 40.0. İnzibati xətalar haqqında işlərə: 40.0.1. rayon (şəhər) məhkəmələri; 40.0.2. yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan); 40.0.3. müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar. 100.1. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Bəhs edilən qanunvericiliyin müddəalarından görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyində inzibati məsuliyyətin əsasını iki hal müəyyən edir: • inzibati-hüquqi tələblərin pozulması (inzibati xətalar); • inzibati hüquqi vəzifələrin icra edilməməsi və ya düzgün icra edilməməsi. İnzibati xətalar haqqında işlər üzrə icraat özündə icraatın iştirakçıları, sübutlar, protokolun tərtib edilməsi, icraatın başlanması, işlərə baxılması, qəbul edilmiş qərarlara yenidən baxılması və s. məsələləri özündə ehtiva edir. İXM-in 12-ci maddəsində inzibati xətanın anlayışı verilmişdir. Həmin maddəyə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Əməl o zaman inzibati xəta sayılır ki, İXM-in Xüsusi hissəsində inzibati xəta kimi müəyyən edilsin və onun törədilməsinə görə məsuliyyət nəzərdə tutulsun. İnzibati tənbeh, bir qayda olaraq, inzibati xəta törədən şəxsə qarşı tətbiq edilir, bu da inzibati xəta törədən şəxsin maddi və mənəvi təsirə məruz qalması ilə ifadə olunur. Bəzi inzibati tənbehlər özündə eyni zamanda həm mənəvi, həm də maddi təsirləri birləşdirir və yaxud onun tətbiqi inzibati xəta törədən şəxsin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılması ilə nəticələnir. Bu tənbehlər səlahiyyətli dövlət orqanları və onların vəzifəli şəxsləri tərəfindən tətbiq olunur. İnzibati mübahisələr isə digər hüquqi təbiətə malikdirlər. İnzibati hüquqi mübahisələr dedikdə, inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi barədə yaranan mübahisələr başa düşülür. İnzibati mübahisələr bir qayda olaraq, inzibati aktların qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, icra edilməsi, icra edilməməsi və ya ləğv edilməsi, həmçinin inzibati aktın qanunsuzluğunun tanınması, inzibati orqanın faktiki xarakterli hərəkətləri və s. ilə bağlı olur. Qeyd olunmalıdır ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 17-ci bəndində qeyd edilir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. AR İPM-nin 2.2.7-ci maddəsinin tələbinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılması mümkündür. Məhkəmə xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, vurulmuş ziyana görə kompensasiyanın ödənilməsinə dair iddianın inzibati məhkəmə icraatı qaydasında baxılması o zaman mümkündür ki, həmin kompensasiya inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə yaranmış olsun. Hazırkı iş üzrə cavabdehin qanunsuz qərar və hərəkət və ya hərəkətsizliyinin törədilməsi halı istinsa edilməsə də, məhkəmə hesab edir ki, inzibati xəta və ya cinayət işi üzrə araşdırmaya aid olan ehtimal olunan qanunsuz qərar və hərəkət və ya hərəkətsizliyin törədilməsinə görə kompensasiyanın ödənilib-ödənilməməsinə dair iddianın mahiyyəti üzrə qiymətləndirilməsi inzibati məhkəmə icraatı çərçivəsində qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, AR İPM-nin 2.1. məhz inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Göründüyü kimi inzibati məhkəmələr tərəfindən o mübahisələrə baxılır ki, həmin mübahisə inzibati hüquq münasibətlərindən yaranmış inzibati orqanla şəxs arasında yaranmış mübahisə olmuş olsun. İnzibati hüquq münasibətləri dedikdə isə “İnzibati icraat haqqında” Qanunun 1.1-ci və 1.2-ci maddəsinin məzmunundan aydın olur ki, inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyət və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətindən (hərəkətlərindən) doğan münasibətlər başa düşülür. Başqa sözlə “İnzibati icraat haqqında” Qanunun tənzimləmə predmetinə aid olan münasibətlərin inzibati mübahisə olmasından söhbət gedə bilər. Həmin qanunvericiliyin tələbinə aid olmayan münasibət və həmin münasibətdən yaranan mübahisə isə inzibati mübahisə hesab edilməməklə fərqli tənzimləmənin tətbiqinə əsas yaradır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri və ya hərəkətsizliyi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyanına görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəəməsinin 2-1(102)-2253/2022 saylı iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 7.2ci bəndində qeyd olunmuşdur ki, nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır Beləliklə məhkəmə hesab edir ki, nə qədər ki kompensasiyanın ödənilməsinə tələbinin yaranmasına əsas olmuş mübahisə üzrə münasibət inzibati xəta icraatı ilə əlaqədardır ki, həmin icraat üzrə inzibati orqanın maddi və mənəvi zərərə səbəb olan hərəkət və ya hərəkətsizlik göstərməsinin qiymətləndirilməsi aidiyyəti rayon məhkəməsi tərəfindən qiymətləndirilməlidir. Bu zaman, cavabdehin həmin icraat çərçivəsində ehtimal olunan hərəkət və hərəkətsizliyi nəticəsində maddi və mənəvi zərərin vurulması halı inzibati məhkəmə icraatı çərçivəsində qiymətləndirilə bilməz. Lakin, iddiaçıya cavabdehin əməkdaşlarının hərəkət və hərəkətsizliyi nəticəsində kompensasiyanın ödənilməli olmasını hesab edirlərsə, həmin tələblə bağlı ümumi yurisdiksiyalı rayon məhkəməsinə müraciət etmək hüququ izah edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. İddiaçıya hazırkı tələbi ilə aidiyyəti üzrə isəlahiyyətli ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququ izah edilir. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar