Məhkəmə qərarları › İş №2-1(112)-2028/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2028/2023

20.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2028/2023 20.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2022-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra-Cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktub ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr (35) bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar peşəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən sənədlərdə iddiaçının xx.xx.1984-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində “Azərbaycan Hava Yolları" Dövlət Konserninin tərkibinə daxil olan Təmir-Tikinti İdarəsində rəngsaz peşəsində işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisə tərəfindən iddiaçıya dair xx.xx.2022-ci il tarixli, 275 nömrəli arayışda rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələr, onların təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək iddiaçıya xx.xx.2017-ci il tarixdən (57 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya hüququ yaranan tarixdən pensiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş,məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırılması İddia tələbi bununla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı olan "xxxx" QSC tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 275 saylı arayışın məzmunundan görünür ki, iddiaçı həqiqətən xx.xx.1984-cü il tarixindən etibarən xx.xx.2001-ci il tarixədək "xxxx" QSC-nin tərkibinə daxil olan Təmir-Tikinti İdarəsində rəngsaz vəzifəsində əmək funksiyasını yerinə yetirmiş və işlədiyi müddət ərzində təhlükəliyi 3-cü sinifdən aşağı olmayan zərərli nitro boyaları istifadə etməklə müvafiq boya işlərini həyata keçirmişdir. İddiaçıya məxsus zəruri qaydada təsdiq edilmiş əmək kitabçasının surətindən və "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli 275 saylı arayışından müəyyən etmək olar ki, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iddiaçının ümumi iş stajı 17 il 14 gün təşkil etmişdir. İnzibati icraat zamanı cavabdeh tərəfindən "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli 275 saylı arayışının sübut kimi qəbul edilməməsinin heç bir hüquqi əsası yoxdur. Cavabdeh iddiaya yazılı münasibətində imtina məktubunda qeyd olunanlara istinad etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İddianın mümkünlüyünü yoxlayan məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Çünki iddiaçının onun barəsində əlverişli inzibati akt qəbul edilməsini tələb etdiyi məcburetmə haqqında hazırkı iddia inzibati mühakimə icraatı qaydasında baxılan iddiadır. İddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur və o, məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etmiş, inzibati orqan bu müraciəti təmin etməkdən imtina etmiş, iddiaçı imtina məktubunu aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. ƏPQ-nin 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan normalardan görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi iş stajı 25 ildən; - güzəştli iş stajı 12 il 6 aydan az olmamalıdır. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı barədə İşdə olan İddiaçı məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1960-cı ildə anadan olmuş, onun 57 yaşı xx.xx.2017-ci il tarixdə tamam olmuşdur. НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1978-xx.xx.1979-cu illərdə X3 İstehsalatı Tikinti Təmir Komitəsinin Abşeron rayon birliyində çilingər vəzifəsində, xx.xx.1979-xx.xx.1981-ci illərdə X4 İstehsalı Komitəsində fəhlə və operator vəzifələrində işləmişdir. İddiaçı xx.xx.1984-cü il tarixdə Bakı Birləşmiş Aviasiya Dəstəsinin Təmir Tikinti İdarəsinə rəngsaz vəzifəsinə qəbul edilmiş, xx.xx.1997-ci ildə müəssisənin adı "xxxx"na dəyişdirilmiş, xx.xx.2001-ci ildə həmin vəzifədən azad edilmişdir. xx.xx.2001-ci il tarixdə Bakı Aeroportunda Uçuşların axtarılması və qəzadan xilasetmə təminatı xidmətinə 4-cü dərəcəli xilasedici vəzifəsinə qəbul olmuşdur. "xxxx" Dövlət Konserninin 2004-cü il 22 mart tarixli, 31 nömrəli əmrinə əsasən Bakı Aeroportuna Heydər X1 adı verilmişdir. İddiaçının xx.xx.2006-cı il tarixdə AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən öz təşəbbüsü ilə əmək müqaviləsi ləğv edilmiş, xx.xx.2006-cı il tarixdə Aviasiya Təhlükəsizlik İdarəsində Uçuşların axtarılması və qəzadan xilasetmə təminatı xidmətinə xilasedici vəzifəsinə qəbul edilmiş, xx.xx.2007-ci il tarixdə həmin xidmətdə böyük xilasedici vəzifəsinə keçirilmiş, xx.xx.2008-ci il tarixdə Yanğın Təhlükəsizliyi və Qəzadan Xilasetmə xidmətinə yanğınsöndürən-xilasedici vəzifəsinə keçirilmiş, xx.xx.2015-ci il tarixdə Heydər Əliyev adına Beynəlxalq Aeroportunda mühafizə xidmətinə hava gəmilərinin və mülki aviasiya obyektlərinin mühafizəsi üzrə keşikçi vəzifəsinə keçirilmiş, xx.xx.2016-cı il tarixdə ştat cədvəlinin dəyişilməsi ilə əlaqədar Aviasiya Təhlükəsizlik Baş İdarəsində həmin vəzifədə hesab edilmişdir. İddiaçı xx.xx.2016cı il tarixdə X2 Baş İdarəsi Heydər X1 Terminal 2 Texnoloji avadanlıqlarının istismarı və təmiri xidməti ventilyasiya, kondisioner və istilik-soyuq təchizatı sistemlərinə xidmət sahəsinə ventilyasiya və kondisioner sisteminin təmiri və xidməti üzrə çilingər vəzifəsinə 3cü dərəcə ilə keçirilmişdir. xx.xx.2018-ci il tarixdə ştat cədvəlinin dəyişilməsi ilə əlaqədar həmin cəmiyyətin X2 Baş İdarəsinin tərkibində hesab edilmiş, xx.xx.2019-cu il tarixdə ştat cədvəlinin dəyişilməsi ilə əlaqədar həmin cəmiyyətin Texnoloji avadanlıqların istismarı və təmiri idarəsinin çilingəri vəzifəsində hesab edilmişdir. xx.xx.2021-ci il tarixdən hazıradək həmin vəzifədə işləyir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... Həmçinin ƏPQ-nin 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. İstinad edilən normalara əsasən iddiaçının hərbi bilet və əmək kitabçasındakı qeydləri nəzərə alındıqda aydın olur ki, onun xx.xx.2006-cı il tarixə 26 il 9 ay 7 gün ümumi iş stajı olmuşdur. Deməli, iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün tələb olunan birinci şərti ödəyir. İddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “kod 23200000, XXXİİİ. Ümumi peşələr üzrə kod 23200000—13450 – təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” vəzifəsi yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid edilmişdir. Eyni zamanda həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 35-ci bəndində “Ümumi peşələr” üzrə sadalanan vəzifələr sırasında nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. İşdə olan Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı "xxxx" Dövlət Konserninin tərkibinə daxil olan Təmir-Tikinti İdarəsində rəngsaz vəzifəsində çalışmışdır. xx.xx.1984-cü il tarixdə (xx.xx.1984-cü il tarixli 17/1 nömrəli əmr) işə qəbul olunmuş, xx.xx.2001-ci il (xx.xx.2001-ci il 5/İ nömrəli əmr) tarixdə öz xahişi ilə işdən azad edilmişdir. İşlədiyi müddət ərzində həqiqətən təhlükəliyi 3-cü sinifdən aşağı olmayan zərəli nitro boyaları tədbiq etməklə müvafiq boya işlərini həyata keçirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə «Güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 35- ci mad. təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar müvafiq olaraq pensiya hüququ verən vəzifəsində işləməsi üzrə iş stajı-17 il 00 ay 14 gündür. İddiaçının işlədiyi müəssisənin arayışına əsasən müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixə 17 il 15 gün güzəştli iş stajı olmuşdur. İşdən görünür ki, cavabdeh işəgötürənin bu arayışını mötəbər sübut kimi qəbul etməmiş, bu zaman həmin arayışda iddiaçının rəngsaz peşəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələr, onların təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyinin qeyd olunamamasına istinad etmişdir. Məhkəmə qeyd edir ki, 2 nömrəli Siyahı üzrə Ümumi peşələr sahəsində rəngsazlara güzəştli şərtlərlə pensiya bütün hallarda deyil, yalnız təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlədikləri halda təyin edilir. Bu baxımdan məsələnin araşdırılması ilə bağlı məhkəmə tərəfindən iddiaçının işlədiyi müəssisəyə müvafiq sorğular göndərilmiş, həmin sorğulara cavab olaraq Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2022-ci il tarixli məktubunda göstərmişdir ki, iddiaçı "xxxx" Dövlət Konserninin tərkibinə daxil olan Təmir-Tikinti İdarəsində zərərli nitro boyalar tətbiq etməklə rəngsaz vəzifəsi üzrə əmək funksiyalarını yerinə yetirmişdir. Onun işlədiyi sahə üzrə əmək şəraiti zərərli olduğundan əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada qısaldılmış iş vaxtı və əlavə məzuniyyət tətbiq edilmiş, həmçinin 17 (on yeddi) il ərzində aylıq olaraq onun əmək haqqının orta hesabla 21,76% miqdarında əlavə əmək haqqı da hesablanaraq ödənilmişdir (bu hallar məhkəməyə təqdim edilən şəxsi hesab vərəqələrində də öz əksini tapmışdır). Eyni zamanda QSC xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, iddiaçı "xxxx" Dövlət Konserninin tərkibinə daxil olan Təmir-Tikinti İdarəsində rəngsaz vəzifəsi üzrə əmək funksiyalarını yerinə yetirərkən tez alışan “sintetik parlaq" və “sintetik mat" boyalardan və onların tərkibinə əlavə edilən "tiner həlledicilərdən" istifadə etmişdir. Sözügedən maddələrin təhlükəliliyinin 3-cü sinifdən aşağı olmaması onunla müəyyən edilir ki, həmin boyalar alovlana biləndir, tənəffüs yollarına daxil olduqda, dəri ilə təmasda olduqda və udulduqda sağlamlığa zərərlidir, ancaq havası müntəzəm dəyişdirilən yerlərdə istifadə edilməlidir. QSC-nin xx.xx.2023-cü il tarixli məktubunda isə qeyd edilmişdir ki, nitor, sintetik parlaq və mat boyaların, tiner həlledicilərin tərkibində konkret hansı maddələrin daxil olması ilə bağlı arxivdə heç bir arxiv məlumatı yoxdur. Beləliklə, istinad olunanlardan görünür ki, iddiaçının işlədiyi müəssisə onun “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulan vəzifədə işlədiyini, şəxsi hesab vərəqələrinə əsasən bu zaman nitroboyalardan (нитрокраска), “sintetik parlaq" və “sintetik mat" boyalardan və onların tərkibinə əlavə edilən "tiner həlledicilərdən" istifadə etdiyini göstərmiş, lakin həmin maddələrin tərkibi barədə məlumat olmadığını qeyd etmişdir. Məhkəmə iddiaçının işlədiyi müəssisənin təqdim etdiyi arayışı iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə işləməsini müəyyən etmək üçün kifayət hesab edir. Belə ki, həmin maddələrin tərkibi konkret olaraq müəyyən edilməsə də, iddiaçının zərərli işə görə əmək haqqına əlavə alması, həmçinin müvafiq məktublarda göstərilən məlumatlar, yəni istifadə edilən maddələrin alovlana bilən olması, tənəffüs yollarına daxil olduqda, dəri ilə təmasda olduqda və udulduqda sağlamlığa zərərli olması açıq şəkildə qeyd edilmişdir. Bundan başqa, iddiaçı 1984-2001-ci illərdə zərərli işlərdə işlədiyini iddia edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı qəbul edilənədək, yəni iddiaçının 1984-cü ildə əmək fəaliyyətinə başladığı dövrdə güzəştli şərtlərlə və güzəştli qaydada dövlət pensiyasına hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı SSRİ Nazirlər Sovetinin 22 avqust 1956-cı il tarixli 1173 nömrəli qərarı ilə tənzimlənirdi. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli Siyahıda emal boyaları, nitroboyalar, nitrolaklar və qurğuşun boyaları ilə işləyən rəngsazlar (маляры, работающие с эмалевыми красками, нитрокрасками, нитролаками и свинцовыми красками) güzəştli şərtlərlə və güzəştli qaydada dövlət pensiyası hüququ verən əmək şəraiti ağır olan istehsalatların, işlərin, peşələrin, vəzifələrin sırasına aid edilmişdi. Beləliklə, sadalananlardan aydın olur ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə işləməsi işəgötürən müəssisə tərəfindən təsdiq edilir, ona məxsus şəxsi hesab vərəqəsindən iddiaçının nitroboyalarla işləməsi müəyyən edilir və həmin boyalarla işləyən şəxslərin güzəştli şərtlərlə pensiya hüququnun olması 1993-cü ilə qədər qüvvədə olan qanunvericiliklə təsbit edilir. Bu zaman o da nəzərə alınır ki, İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda cavabdeh iddiaçının rəngsaz işlədiyi vəzifələrdə təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etmədiyini, güzəştli iş stajının olmadığını iddia etmiş, bu halı sübut etmək vəzifəsi onun üzərinə düşsə də, bununla bağlı hər hansı bir mötəbər sübutu təqdim etməmiş, inzibati icraat zamanı bu halın araşdırılması ilə bağlı qanunla üzərinə düşən vəzifəni də yerinə yetirməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (maddə 24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (maddə 24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (maddə 24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (maddə 24.4). Həmçinin həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, işəgötürən tərəfindən verilən arayış iddiaçının güzəştli iş stajını təsdiq edən mötəbər sənəd kimi qəbul edilməli, onun 1984-2001-ci illərdə işlədiyi rəngsaz vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid edilməlidir. Belə olan halda isə aydın olur ki, iddiaçının xx.xx.2006-cı il tarixə 17 il 15 gün güzəştli iş stajı olmuş, iddiaçı qanunla tələb olunan ikinci şərti də ödəmişdir. Buna görə də, məhkəmə işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi iş stajı mövcud olduğundan ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hissəsində tələbi əsaslıdır və təmin edilməlidir. İddiaçının tələbinin “xx.xx.2017-ci ildən pensiyanın hesablanaraq ödənilməsi” hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir (xx.xx.2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən). Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Göründüyü kimi, iddiaçının pensiya hüququnun yarandığı xx.xx.2017-ci il tarixdə qüvvədə olan qanunvericiliyə əsasən ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği şəxsə ödənilir, lakin bu məbləğ ən çoxu müraciət edilən tarixdən əvvəlki üç il üçün ödənilir. İşdə olan inzibati icraat materiallarından görünür ki, iddiaçı ona pensiya təyin edilməsi üçün cavabdehə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının pensiya hüququ xx.xx.2017-ci il tarixdə yaransa da, ona pensiya ödənişi həmin tarixdən deyil, cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki üç il üçün hesablanmaqla ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya məbləğinin xx.xx.2019-cu il tarixdən hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar