Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2029/2022 15.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «cavabdehin imtinası əsassız hesab edilərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı 5 sentyabr 1955-ci il tarixdə Ucar rayonu Lək kəndində doğulmuşdur. 1 sentyabr 1973-cü il tarixdən 4 iyul 1974-cü il tarixədək Bakı Texniki Məktəbində əyani təhsil almışdır. Həmin Texnikumun dövlət imtahan komissiyasının qərarı ilə ona cihazların montajçısı ixtisası verilmişdir. 1971-ci ildən əmək fəaliyyətinə başlamışdır. 1971-ci ildən 1998-ci ilədək Ucar rayonu Lək kənd sabiq Sovet Azərbaycanı kolxozunda kolxozçu kimi işləmişdir. Bundan əlavə, 19 sentyabr 1974-cü il tarixdən 60 saylı əmrlə 25 aprel 1975-ci ilədək Ucar Tikinti Quraşdırma QSC-də fəhlə kimi işləmişdir. Əmək kitabçası, arxiv arayışı və Ucar Tikinti Quraşdırma QSC-nin 2 mart 2021ci i tarixli arayışından görünür ki, işlədiyi illər ona yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verir. Hazırda iddiaçının 66 yaşı var. Mövcud qanunverciliyə əsasən kişilər 65 yaşına çatdıqda yaşa görə əmək pensiyası almaq hüququ yaranır. İddiaçı sənədlərini cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edərək, ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Lakin cavabdeh müraciətdən 35 gün keçməsinə baxmayaraq hazırkı vaxtadək onu cavablandırmamışdır. İddia ərizəsinə əlavə edilən poçt qəbzindən görünür ki, iddiaçı cavabdehə 31 may 2021-ci il tarixdə müraciət etmişdir. İPM-in 39.1-ci maddəsinə əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən «Əmək pensiyaları haqqında» Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edildiyindən və iş stajını təsdiq edən sənəd əmək kitabçası olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən, məcburi sığorta haqlarının yığılmasının təmin edilməsi vəzifəsi Dövlət Sosial Müdafiə Fondunun orqanlarının üzərinə düşür. 1992-ci il tarixli «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Göstərilənlərə əsaslanaraq, məhkəmədən cavabdehin üzərinə 5 sentyabr 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı məhkəməyə əlavə ərizə təqdim edərək, iş üzrə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə iş üzrə cavabdehin dəyişdirilməsini qəbul etmişdir. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək, «cavabdehin imtinası əsassız hesab edilərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanlanmış 21 aprel 2022-ci il tarixli məktubunda iddiaya etiraz olaraq bildirilir ki, İddiaçı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddiaçı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir. İddiaçının ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə (diplomun, əmək kitabçasının və arayışların surəti) aidiyyəti üzrə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılmış və iddiaçının qanunvericiliklə tələb edilən sosial sığorta stajı və ya pensiya kapitalı olmadığından, ona yaşa görə əmək pensiyası təyin olunmasından imtna edilmişdir. DSMF X2 üzrə Mərkəzi Filialı tərəfindən vətəndaşa ünvanlanmış 30 sentyabr 2021-ci il tarixli **********5 nömrəli məktubda texniki səhvə yol verilərək, iddiaçının sığorta stajının 13 il 9 ay olduğu qeyd edilmişdir. İddiaçının sığorta stajı və onun hesablanma qaydası aşağıda ətraflı şəkildə izah ediləcəkdir: «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən iddiaçıya 31 yanvar 2012-ci il tarixdə İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş və pensiya işinin müddəti 31 yanvar 2021-ci ildə bitmişdir (əlillik müddətinin bitmə tarixi 27 yanvar 2021-ci il). Qeyd edilən Qanunun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Həmin Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd edilən 7ci maddəsinin tələblərinə əsasən İddiaçı pensiya yaşına 5 mart 2020-ci il tarixdə çatmışdır ki, həmin tarix üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği 28.800 manat, kişilərin pensiya yaşı 64.5 yaş müəyyən edilmişdir. Qeyd edilən Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçının təqdim etdiyi sənədlərə əsasən əyani təhsil müddəti nəzərə alınmaqla 1 yanvar 2006-cı il tarixədək sığorta stajı 20 il 02 ay 17 gün (1 sentyabr 1973-cü il tarixdən 1 iyul 1974-cü il tarixədək 10 ay təhsil müddəti, 1 noyabr 1978-ci il tarixdən 25 yanvar 1983-cü il tarixədək 4 il 2 ay 24 gün əmək kitabçasına əsasən iş stajı, 1971 – 1998-ci illər ərzində minimum əmək iştirakı normasına görə faktik müddət nəzərə alınmaqla 15 il 01 ay 23 gün kolxozdakı iş stajı) təşkil etməklə qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda, 1 yanvar 2006-cı il tarixdən sonra fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamış, «Əmək pensiyaları haqqında» Qanunun 1.0.2-ci, 27.1-ci və 29.1-1-ci maddələrinə əsasən 1 yanvar 2006-cı il tarixədək olan 20 il 02 ay 17 gün sığorta stajına uyğun olaraq hesablanan 17.028,86 manat pensiya kapitalı tələb edilən 28.800 manat pensiya kapitalından azdır, yəni əmək pensiyasının minimum məbləğindən (5 mart 2020-ci il tarixə – 200 manat) az olmayan pensiya təminatına imkan vermir. İddiaçının kolxozdakı stajının hesablanması qaydası ilə bağlı olaraq bildirilir ki, 1992- ci ildə qəbul edilmiş və 2006-cı ilə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinə (İş stajına daxil edilən əmək fəaliyyətinin növləri) əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İddiaçının təqdim etdiyi Ucar rayon Dövlət Arxivinin 09 mart 2021-ci il tarixli 23 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Ucar rayonu, Lək kənd sabiq Sovet Azərbaycanı kolxozunun əmək haqqı sənədlərinə əsasən iddiaçı 1971-ci ildə 82, 1972-ci ildə 124, 1973-cü ildə 164, 1977-ci ildə 53, 1978-ci ildə 66, 1983-cü ildə 338, 1984-cü ildə 366, 1985-ci ildə 365, 1986-cı ildə 365, 1987-ci ildə 365, 1988-ci ildə 198, 1989-cu ildə 139, 1990-cı ildə 115, 1991-ci ildə 137, 1992-ci ildə 150, 1993-cü ildə 149, 1994-cü ildə 138, 1995-ci ildə 147, 1997-ci ildə 151, 1998-ci ildə 89 adam günü işləmişdir. DSMF tərəfindən Ucar rayon Dövlət Arxivinə 25 noyabr 2021-ci il tarixli sorğu göndərilərək, iddiaçının stajı, həmçinin həmin kolxozda olan minimum adam günü norması barədə məlumatlar təqdim edilməsi xahiş edilmişdir. Ucar rayon Dövlət Arxivinin 09 dekabr 2021-ci il tarixli 35 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, sözügedən kolxozda kişilər üçün işə çıxma adam günləri norması 1966 – 1985-ci illər üçün 210 adam günü, 1986 – 1997-ci illər üçün 200 adam günü müəyyənləşdirilmişdir. Buna müvafiq olaraq, 09 mart 2021-ci il tarixli 23 nömrəli arxiv arayışına əsasən minimum adam günü norması 1983 – 1987-ci illərdə tam yerinə yetirildiyindən (1983-cü ildə 210 minimum adam gününə münasibətdə faktiki 338 gün, 1984-cü ildə 210 adam gününə münasibətdə faktiki 366 gün. 1985-ci ildə 210 adam gününə münasibətdə faktiki 365 gün, 1986-cı ildə 200 adam gününə münasibətdə faktiki 365, 1987-ci ildə 200 adam gününə münasibətdə faktiki 365) həmin illər tam əmək stajı kimi, yəni 5 il hesablanır. Lakin iddiaçı digər bütün illərdə müvafiq olaraq 210 və 200 minimum adam günü normasından az işlədiyi üçün həmin illər tam əmək stajı kimi deyil, faktiki müddət nəzərə alınmaqla hesablanır. Faktiki müddət üzrə hesablama faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum adam günü norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılır. İddiaçının qeyd olunan illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir - 1985-ci ilə qədər (82 + 124 + 164 + 53 + 66) x 12 = 5.868; 5.868/210 = 27.94 ay = 2 il 3 ay 28 gün; 1986-cı ildən etibarən (198 + 139 + 115 + 137 + 150 + 149 + 138 + 147 + 151 + 151 + 89) x 12 = 18.768; 18768/200 = 93,84 ay = 7 il 9 ay 25 gün olmaqla cəmi 15 il 01 ay 23 gün (5 il + 2 il 3 ay 28 gün + 7 il 9 ay 25 gün) təşkil edir. Həmçinin qeyd edilməlidir ki, yuxarıda sözügedən Ucar rayon Dövlət Arxivinin 09 dekabr 2021-ci il tarixli 35 nömrəli cavab məktubu ilə iddiaçının təqdim etdiyi 09 mart 2021- ci il tarixli 23 nömrəli arxiv arayışı arasında ziddiyyətlər vardır ki, bu da arayışın mötəbərliyini sual altında qoyur. Belə ki, 09 dekabr 2021-ci il tarixli 35 nömrəli arayışda 1971 – 1973-cü illər ümumiyyətlə qeyd olunmamış, 1975-ci ildə 46 gün (digər arayışda qeyd olunmayıb) 1988-ci ildə 161 gün (digər arayışda 198 gün), 1995-ci ildə 156 gün (digər arayışda 147 gün) və 1998-ci ildə 119 gün (digər arayışda 89 gün) qeyd olunmuşdur. Əlavə olaraq bildirilir ki, iddiaçının sözügedən kolxozda olan iş stajı 09 dekabr 2021-ci il tarixli 35 nömrəli arayışa əsasən yuxarıda göstərilən qaydada hesablandıqda 13 il 7 ay, buna uyğun olaraq ümumi sığorta stajı isə 18 il 7 ay 24 gün təşkil edəcəkdir. İddiaçı Mərkəzi Filiala hərbi bilet və ya hərbi xidməti təsdiq edən digər müvafiq sənəd təqdim etmədiyindən hərbi xidmət müddəti, həmçinin "xxxx" QSC-nin 02 mart 2021-ci il tarixli 02 nömrəli arayışına əsasən 19 sentyabr 1974-cü il tarixdən 25 aprel 1975-ci il tarixədək olan 7 ay 6 gün iş stajı əmək kitabçasında geyd edilmədiyindən, həmin dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Həmin dövrlər daxil edildiyi təgdirdə belə iddiaçının sosial sığorta stajı 25 ilə və ya pensiya kapitalı 28.800 manata tamamlanmır. Həmçinin 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından, iddiaçıya Qanunun 22-1-ci maddəsinin tələbləri qaydasında avtomatlaşdırılmış qaydada yaşa görə pensiya təyin edilməsi mümkün olmamışdır. Beləliklə, sadalanan səbəblərdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Buna görə qeyd olunanları nəzərə alaraq hesab edilir ki, İddiaçı “yaşa görə pensiya təyin edilməsi barədə” iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 47.2-ci maddəsinin tələblərini nəzərə alaraq, məhkəmədən İddiaçı iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı tərəf gəlməmiş, cavabdehin nümayəndəsi gəlmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 5 sentyabr 1955-ci il tarixdə doğulmuşdur. O, 1971-ci ildən əmək fəaliyyətinə Ucar rayonu Lək kənd “Sovet Azərbaycanı” kolxozunda kolxozçu kimi başlamış, 1973 – 1974-cü illərdə əyani təhsil almış, 19 sentyabr 1974-cü il tarixdən 24 aprel 1975-ci il tarixədək Ucar Tikinti Quraşdırma QSC-də (əvvəlki 7 saylı X1) fəhlə işləmiş, 1975 – 1977-ci illərdə 2 il hərbi xidmətdə olmuş, 1978 – 1983-cü illərdə 4 il 2 ay 24 gün S.M.Kirov adına Maşınqayırma Zavodunda müxtəlif vəzifələrdə (xarrat şagirdi, xarrat, mal daşıyıcı) işləmiş, sonradan fəaliyyətini adıçəkilən kolxozda 1998-ci ilədək davam etdirmişdir. İddiaçı ona yaş görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 25 il sığorta stajı, fərdi hesabın sığorta hissəsində 28.800 manat (əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən həcmdə) pensiya kapitalı toplanmamışdır. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda (İPM-in 8.1.1 – 8.1.3-1-ci maddələrində göstərilən hallardan başqa) iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nərimanov rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh iddiaçının müvafiq müraciəti üzrə qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Hazırkı mübahisənin ərazi aidiyyəti ilə bağlı məhkəmənin mövqeyi belədir ki, işə İPM-in 8.1.4-cü maddəsinə uyğun olaraq cavabdehin olduğu yer, yəni Bakı şəhərinin Nərimanov rayonu üzrə müvafiq inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsində baxılması qanunauyğundur. İş materialları Bakı İnzibati Məhkəməsinin icraatına 1 oktyabr 2021-ci il tarixdən əvvəlki dövrdə daxil olduğundan, mübahisənin ərazi aidiyyəti İPM-in 8.1.2-ci maddəsinin həmin tarixdən sonra qüvvədə olan tələblərinin təsiri altına düşmür. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: (22-1.2.1) 2019 – 2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; (22-1.2.2) əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; (22-1.2.3) ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: - “v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti. - “ğ” ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Həmin maddədə nəzərdə tutulmuşdur ki, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Göründüyü kimi, əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanunvericiliyinin qüvvədə olan tələbləri müvafiq yaşa çatmış kişilərə yaşa görə əmək pensiyasını aşağıdakı şərtlərdən birinin mövcudluğu ilə şərtləndirir: 1) azı 25 il sığorta stajının olması; 2) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi; 3) 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınması. Mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktika ondan ibarətdir ki, əmək pensiyasının təyinatında onun 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən, məsələn şəxsin işlədiyi müəssisədə əmək haqqı cədvəllərinin aşkar edilməməsinə görə baş tutmaması onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiq olunsa belə, bu hal özlüyündə qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir. Bundan başqa, əmək kitabçasında əks olunmuş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması həmin əmək kitabçasının məxsus olduğu şəxs kimi iddiaçının iradəsi ilə əlaqədar hallarla əlaqədar olmadığından, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Hazırkı iş üzrə cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda əmək kitabçasındakı qeydlər üzrə məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır və belə mübahisə cavabdeh inzibati orqan tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür (İPM-in 14.3-cü maddəsi). Çünki, «İnzibati icraat haqqında» Qanunun 15 və 19-cu maddələri müvafiq sənədlərdə, hazırkı iş üzrə əmək kitabçasında olan məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən inzibati orqan isə, öz mövqeyini əsaslandırmaq, daha dəqiqi desək sübut etmək yükü daşıyır. Belə olan halda, cavabdeh inzibati orqan apardığı inzibati icraatda yetərli sübut toplamadığından məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçası, arayış, hərbi bilet və attestatı mötəbər sübut kimi qiymətləndirir və həmin sənədlərdəki məlumatlar əsasında iş üzrə halları müəyyən edir. İddiaçının 1 yanvar 2006-cı il tarixdən sonra əmək fəaliyyəti olmadığnından, hazırkı işdə bu xüsusatla bağlı mübahisəli hal yoxdur. Yuxarıda sadalanan 1 və 2-ci şərtlərlə bağlı məhkəmə diqqətə çəkir ki, işin məhkəmə araşdırılması ilə iddiaçının sığorta stajının ümumilikdə 22 il 2 ay 17 gün təşkil etdiyi, bu stajın 10 ayının təhsil dövrünə, 2 ilinin hərbi xidmət müddətinə, 4 il 2 ay 24 gününün müəssisədə, 15 il 1 ay 23 gününün isə kolxozda əmək fəaliyyətinə aid olduğu müəyyən edilir. Qeyd olunmalıdır ki, iddiaçının 2 il hərbi xidmət dövrü, 10 ay təhsil müddəti və 4 il 2 ay 24 gün müvafiq müəssisədə işləməsi surətləri iş materiallarına əlavə edilmiş hərbi bilet, attestat və əmək kitabçası ilə təsdiqini tapır və bu, işin mübahisələndirilməyən hallarına daxildir. İddiaçının kolxozda işlədiyi dövrlərin sığorta stajına daxil edilməsi məsələsinə gəldikdə isə, məhkəmə qeyd edir ki, qanunvericilik həmin stajın hesablanmasını xüsusi düsturla müəyyən etmişdir. Belə ki, 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş materiallarında olan və inzibati icraatda təqdim edilmiş əmək kitabçası, arayış və digər sənədlər əsasında müəyyən edilir ki, Ucar rayonu, Lək kənd sabiq Sovet Azərbaycanı kolxozunda iddiaçı 1971-ci ildə 82, 1972-ci ildə 124, 1973-cü ildə 164, 1977ci ildə 53, 1978-ci ildə 66, 1983-cü ildə 338, 1984-cü ildə 366, 1985-ci ildə 365, 1986-cı ildə 365, 1987-ci ildə 365, 1988-ci ildə 198, 1989-cu ildə 139, 1990-cı ildə 115, 1991-ci ildə 137, 1992-ci ildə 150, 1993-cü ildə 149, 1994-cü ildə 138, 1995-ci ildə 147, 1997-ci ildə 151, 1998-ci ildə isə 89 adam günü işləmiş və sözügedən kolxozda kişilər üçün işə çıxma adam günləri norması 1966 – 1985-ci illər üçün 210, 1986 – 1997-ci illər üçün 200 adam günüdür. Odur ki, iddiaçı minimum adam günü normasını 1983 – 1987-ci illərdə tam yerinə yetirildiyindən, həmin illər tam əmək stajı kimi, yəni 5 il hesablanmalı, digər illərdə müvafiq olaraq 210 və 200 minimum adam günü normasından az işlədiyindən, həmin dövrlər am əmək stajı kimi deyil, faktiki müddət nəzərə alınmaqla hesablanmalıdır. Həmin illərin 1985ci ilədək olan hissəsi 5.868 gün təşkil edir (82 + 124 + 164 + 53 + 66) gün x 12 ay). 5.868/210 = 27.94 ay = 2 il 3 ay 28 gün. 1986-cı ildən etibarən olan hissəsi 18.768 gün təşkil edir (198 + 139 + 115 + 137 + 150 + 149 + 138 + 147 + 151 + 151 + 89) x 12). 18768/200 = 93,84 ay = 7 il 9 ay 25 gün. Cəmi 15 il 01 ay 23 gün (5 il + 2 il 3 ay 28 gün + 7 il 9 ay 25 gün) staj toplanmış olur. Məhkəmə iddiaçının Ucar rayonu Lək kənd sabiq Sovet Azərbaycanı kolxozundakı iş stajının təqvim tarixi ilə sığorta stajına daxil edilməsi mövqeyi ilə razıllaşmır və hesab edir ki, cavabdeh inzibati orqan haqlı olaraq iddiaçının həmin kolxozda işlədiyi dövrü «Vətəndaşların pensiya təminatı haqqqıda» Qanunun 67-ci maddəsinə müvafiq olaraq kolxoza münasibətdə müvafiq dövrdəki minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə almaqla hesablamışdır. Məhkəmə həmçinin iddiaçının 22 il 2 ay 17 gün sığöorta stajına münasibətdə pensiyanın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının tələb olunan 28.800 manatdan (12 x 12 x 200 manat) az olması barədə cavabdeh tərəfin mövqeyi ilə razılaşır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, eləcə də 25 il sığorta stajı toplanmadığındam, onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Bu səbəbdən də cavabdehin ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuna zidd sayılmamalı və onun sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «cavabdehin imtinası əsassız hesab edilərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «cavabdehin imtinası əsassız hesab edilərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2029/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2029/2022
15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver