Məhkəmə qərarları › İş №2-1(112)-203/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-203/2022

03.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-203/2022 03.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “şəhidlik arayışının verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi üçün iddiaçının mərhum həyat yoldaşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin sabiq hərbi qulluqçusu gizir X5 şəhid hesab edilməsi barədə müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 Nazirliyinin N №-li hərbi hissəsində gizir qismində xidmət edərkən 26.09.1997-ci il tarixdə xidməti vəzifələrini yerinə yetirərkən aldığı travma nəticəsində həlak olmuşdur. Lakin ona şəhid adı verilməmişdir. Ona şəhid adının verilməsi üçün tələb olunan arayışın iddiaçıya təqdim olunması üçün Müdafiə Nazirliyinə müracət edilmiş, lakin sonuncu müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, imtina əsassız və qanunsuzdur. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum əri gizir olmuşdur. Onun ölümü dairəsi qanunvericilikdə müəyyən edilmiş hadisələrlə bağlı olsaydı Müdafiə Nazirliyinin Kadrlar İdarəsi müvafiq arayışı onun ailə üzvünə verilərdi. Qeyd olunanlara əsasən cavabdeh məhkəmədən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmasını, qanuni və əsaslı qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(112)-720/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi üçün iddiaçının mərhum həyat yoldaşı Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin sabiq hərbi qulluqçusu gizir X5 şəhid hesab edilməsi barədə müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı müraciəti üzrə inzibati icraatın yenidən aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1391/2021 saylı, 10.08.2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(112)-720/2021 nömrəli qərarının ləğv edilməsi, ddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi üçün iddiaçının mərhum həyat yoldaşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin sabiq hərbi qulluqçusu gizir X5 şəhid hesab edilməsi barədə müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədə tələbinə dair inzibati iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi ddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun: -1. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın: -1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. -1.2.6-cı bəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X2 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. -4.1.Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır.Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X2 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. -4.2. Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun N-ci maddəsinə dair” 30.12.2008-ci il tarixli Qərarına görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsi: -1.4.2. Həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. Göstərilən qanunvericilik normalarının təhlilindən göründüyü kimi, “Şəhid adının əbədləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid olunduğunu əhatə edir. Lakin, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nda şəhid hesab olunan şəxslərin əhatə dairəsi geniş göstərilmişdir. Qüvvədə olan normativ hüquqi aktdan görünür ki, döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər – şəhid hesab olunurlur. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən görünür ki, şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Məhkəmə diqqətə çatdırır ki, şəhid və şəhid ailəsi statusu ilə bağlı mübahisələrə baxılarkən hər bir konkret mübahisəyə münasibətdə müəyyən olunmuş faktiki hallar müvafiq hüquq normalarının dispozisiya şərtləri baxımından qiymətləndirilməli və həmin şərtlərin mövcudluğu yoxlanılmalıdır. Belə ki, şəhid ailəsi statusu barədə arayışın verilməsinin yeganə əsası qismində qeyd olunan şərtlərin ödənildiyi hallarda və şəraitdə həlak olmuş şəxslərin şəhid kimi tanınması çıxış edir. Məhkəmə hesab edir ki, hazırki iddia üzrə iddiaçının mərhum ərinə görə şəhid arayışının verilməsi üçün iki hal üzrə araşdırma aparılmalıdır:

1. X5 vəfat etdiyi dövrdə N №-li hərbi hissənin döyüş şəraitində olan hərbi hissə olub-olmaması;

2. X5 ölümünün döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı baş verib-verməməsidir. Araşdırmaya keçməzdən əvvəl Məhkəmə bildirir ki, iş materiallarında olan sənədlərdən və əvvəlki məhkəmə iclaslarında şahid qismində dindirilmiş şəxslərin izahatından görünür ki, X11 N saylı hərbi hissənin taborunun yerləşdiyi ərazidə avtomobillərin saxlanılması və maskalanması üçün istehkam qurğularının qurulması zaman yaxınlıqda olan kollektorun düşməsi nəticəsində vəfat etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının mərhum ərinin kollektorun düşməsi nəticəsində vəfat etməsi mübahisələndirilmir, əksinə bu hal işin araşdırılması zamanı öz təsdiqi tapır. Belə ki, N nömrəli hərbi hissənin N oktyabr 1997-ci il tarixli ölüm haqqında məlumatında V.H.Talıbovun 26 sentyabr 1997-ci il tarixdə Ağdam rayonunun Üçoğlan kəndi ərazisində xidməti vəzifəsinin icrası zamanı həlak olması və “istilik qazanxanasının dəmir kəmərinin aşıb başına düşməsi” nəticəsində vəfat etdiyi göstərilmişdir. Göründüyü kimi, iddiaçının mərhum ərinin N №-li hərbi hissədə vəfat etməsi mübahisələndirilmir. Hazirki mərhələdə mühüm olan fakt, V.H.Talıbovun vəfat etdiyi dövrdə N №-li hərbi hissənin döyüş şəraitində olan hərbi hissə olub-olmamasıdır ki, bu istiqamətdə məhkəmə tərəfindən aidiyyəti orqanlara sorğular verilmişdir. Məhkəmə icraatı zamanı ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, Müdafiə nazirinin 16.04.1997-ci il tarixli 053 №-li əmrində 1-ci Ordu korpusunun 1997-ci il tarixi üçün döyüş əməliyyatlarında iştirak etmiş hesab edilməsi barədə məlumat vardır. Göründüyü kimi, N №-li hərbi hissənin mərhumun vəfat etdiyi döyüş şəraitində olması faktı müvafiq əmr ilə təsdiq olunur ki, bu əmrin mövcudluğu və hərbi hissəsinin döyüş şəraitində olduğu Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxiv İdarəsinin müvafiq cavabı ilə təsdiqlənmişdir. Şəhidlik arayışının verilməsi ilə bağlı ikinci əsas üzrə aparılmış araşdırma zamanı məlum olur, V.H.Talıbovun ölümü məhz xidməti vəzifəsinin icrası ilə bağlı olmuşdur. Belə ki, bir daha qeyd olunur ki, iddiaçının mərhum əri kollektorun düşməsi nəticəsində vəfat etmişdir. Nəzərə alınmalıdır ki, o, həmin anda xidməti vəzifəsininin icrasını həyata keçirirdi. Ümumməlum olan arqument odur ki, maskalanma istənilən ərazi üçün ən vacib döyüş təminatı növlərindən biridir. Maskalanma tədbirləri həqiqi yerləşməni, öz bölmələrinin tərkibini və fəaliyyətini düşmənin bütün kəşfiyyat növləri və vasitələrindən (optik, radio, radiotexniki, radiolokasiya, PUA və digər) gizlətmək və onu aldatmaq məqsədilə təşkil edilməli və yerinə yetirilməlidir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 3-cü bəndinə nəzər yetirdikdə məlum olur ki, Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həqiqi hərbi xidmətdə olan vətəndaşlar hərbi qulluqçular, ehtiyatda xidmətdə olanlar isə hərbi vəzifəlilər adlanırlar. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınan şəxslər hərbi qulluqçular; ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşları isə hərbi vəzifəlilər adlandırılır. Həmin Qanunun 27-ci maddəsinə əsasən, döyüş əməliyyatlarında iştirak etməsi(27.1.1); hərbi vəziyyət dövründə, yaxud silahlı münaqişələr zamanı müəyyən edilmiş vəzifələri yerinə yetirməsi (27.1.2); döyüş növbəsini (döyüş xidmətini) apararkən, daxili xidmət naryadlarında, qarovulda və qarnizon növbələrində olması (27.1.3); vəzifə borclarını, yaxud komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya göstərişi yerinə yetirilməsi (27.1.5) hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilərinin hərbi xidmət vəzifələrinin icrası sayılır. “Hərbi qulluqçuları statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinin 2-ci bəndinə görə, hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Zərurət olduqda hərbi qulluqçu komandirin (rəisin) əmri ilə və ya öz təşəbbüsü ilə istənilən vaxtda və istənilən yerdə öz vəzifələrinin icrasına başlamalıdır. “Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət” Nizamnaməsinin 358ci bəndinə əsasən hərbi hissələr və bölmələr təlimə çıxdıqda, yanğın söndürmək, yaxud təbii fəlakətlərin nəticələrini ləğv etmək, eləcə də döyüş həyəcanı zamanı qoşunların hərəkətinin məşqi və digər məsələlərin həlli üçün onlara toplanış elan oluna bilər. Toplanış bütün hallarda döyüş həyəcanı elan edilmədən keçirilir. Toplanış elan edilən bütün hallarda şəxsi heyət maskalanmaya əməl edərək, cəld və mütəşəkkil hərəkət etməlidir. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, komandirinin əmrlərini, sərəncamları icra etmək, həmçinin, gündəlik və qarnizon növbələrində, o cümlədən, toplanışlarda iştirak etmək hərbi qulluqçunun vəzifəsidir. Nəzərə alınmalıdır ki, hər nə qədər də hazırda qüvvədə olan qanunvericilikdə və normativ hüquqi aktlarda döyüş təminatların növləri qeyd edilməsə də, elmi ədəbiyyətlardan göründüyü kimi maskalanma (маскировка; maskirovka) döyüş təminatının ən başlıca növlərdən biri hesab olunur ki, maskalanma-məqsəd, vaxt və məkan baxımından bir-biri ilə əlaqəli və əlaqələndirilmiş təşkilati, taktiki və hərbi-texniki tədbirlər kompleksidir. Maskalanmanın əsas məqsədi düşmən kəşfiyyatının qoşunların vəziyyəti, niyyətləri və hərəkətləri barədə həqiqi məlumat əldə etməsini çətinləşdirməyi həyata keçirməkdir. Göstərilən hallar ona dəlalət edir ki, maskalanma döyüş təminatının növü olduğundan, döyüş təminatının icrası isə hərbi qulluqçunun hərbi xidmət vəzifələrinin icrası deməkdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilənlərə əsasən X9 Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı şəhid statusunun verilməsinə dair xüsusi iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı göstərmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində olan Gədəbəy rayonunda yerləşən hərbi hissədə hərbi xidmətini yerinə yetirən əri X10 N yanvar 2006-cı ildə, hərbi hissənin düşmənlə üzbəüz olan postu ilə kəsilmiş rabitə əlaqəsinin bərpasına dair komandirdən verilmiş göstərişi icra edərkən qəflətən dağdan qopan qar uçqunu altında qalıb həlak olmuşdur. Adıçəkilən Qərarda qeyd olunmuşdur ki, Nazirlər Kabinetinin müəyyən etdiyi dairə həddən artq məhdud olmaqla yanaşı ədalətsizdir, ona görə ki, xidməti vəzifəsini yerinə yetirərkən həlak olmaq yalnız düşmən gülləsi almaq və ya minaya düşmək nəticəsində deyil, həm də, soyuq silahla və ya başqa üsullarla baş verə bilər. Bu baxımdan, məhkəmə hesab edir ki, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi bütün bu hadisələri əhatə edəcək dərəcədə geniş olsa da, Nazirlər Kabinetinin qəbul etdiyi Qaydalarda bu dairə çox məhdud təfsir edilmişdir. Məhkəmə yuxarıda göstərilən qanunvericiliyin müddəalarının Konstitusiya Məhkəməsinin Plenumunun qərarında göstərilənlər ilə birgə qiymət verdikdə hesab edir ki, hər nə qədər də iddiaçının mərhum əri bir başa düşmən gülləsi almaq və ya minaya düşmək nəticəsində vəfat etməsə də, onun ölümü xidməti vəzifəsinin icrası nəticəsində həyata keçirilmişdir. Beləliklə, həmin dövrdə N №-li hərbi hissə döyüş şəraitində olan hərbi hissə hesab olunduğundan, həmçinin iddiaçının mərhum ərinin vəfatı anında o, döyüş təminanın icrasını həyata keçirdiyindən, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsinin tələbləri baxımından onun şəhid adı qazanmaq hüququ yaranmışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. 26 sentyabr 1997-ci il tarixdə N saylı hərbi hissədə vəfat etmiş N noyabr 1952-ci il təvəllüdlü X6 “Şəhid” adının və ailəsinə “Şəhid ailəsi” statusunun verilməsi üçün arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar