Məhkəmə qərarları › İş №2-1(112)-203/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-203/2025

22.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-203/2025 22.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, nümayəndə və vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi, əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi, əlilliyin təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddia tələbinə dəqiqləşmə verilərək 08 mart 2022-ci il tarixli, 14 iyul 2022ci il tarixli, 08 iyun 2025-ci il tarixdən ümumi xəstəliklə əlillik təyinatı aparılması barədə qərarlarda dəyişiklik edilərək xəstəliyin səbəbli əlaqəsinin hərbi xidmət dövrü ilə əlaqədar olması barədə dəyişikliyin cavabdehə həvalə edilməsi xahiş edilmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya ümumi səbəbdən 14 iyul 2022-ci il tarixli qərar əsasında təkrar 5 illik əlillik təyinatı aparılmışdır. İddiaçı hesab edir ki, onun əlilliyinin səbəbli əlaqəsi ümumi xəstəlik yox, hərbi xidmət dövrü ilə əlaqədardır. Odur ki, əvvəlki qaydada hərbi xidmət dövrü ilə əlaqədar əlillik təyinatı aparılmalıdır. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya 26 fevral 2022-ci il tarixli göndəriş əsasında 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. 2.2.10-cu bəndə əsasən hər iki gözdə itiliyin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması əlillik təyinatına əsasdır. İddiaçının əlillik təyinatına əsas olmuş xəstəliyin hərbi xidmət dövrü ilə əlaqəsi aşkar edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eyni zamanda, qeyd edilir ki, 08 mart 2022-ci il tarixdən əlillik təyinatının ümumi xəstəlikdən olması müəyyən edilmiş, bununla razılaşmayan iddiaçı tərəfindən müraciət edilmiş, 14 iyul 2022-ci il tarixli qərarla iddiaçı barəsində əlillik təyinatının ümumi xəstəliklə bağlı olması barədə mövqe təkrarlanmışdır. Pensiyanın bərpası barədə 2-1(112)-14057/22 nömrəli iş (hakim Nəriman Abıyev) mövcud olmuş, iddiaçı tərəfindən də adıçəkilən şəxslə bağlı əlillik altsistemindən çıxarış 19 dekabr 2022-ci il tarixli məktubla əldə edilmiş, iddiaçı bundan sonra ərizə ilə müraciət edərək səbəbli əlaqənin dəyişdirilməsi ilə əladar inzibati orqana müraciət etmişdir ki, buna dair hər hansı cavab təqdim edilməmiş, iddiaçı da məcburetmə növündə iddia üzrə ona əlavə hüquq verən qərarın qəbul edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əlillik altsistemindən çıxarışlardan görünür ki: iddiaçıya 28 aprel 2008-ci il tarixli göndəriş əsasında hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Diaqnoz dissirkulyator ensefalopatiya tez tez təkrarlanan vegetativ damar pozğunluğu, onurğanın yayılmış osteoxondrozu kökcük ağrılarla, istero-nevrotik reaksiyalarla, eroziv qastrik, ambliopiya ilə bağlı olmuşdur-G99.8 kod 25 dekabr 2015-ci il tarixli ikinci dərəcəli təyinatda da səbəbli əlaqə hərbi xidmət dövrü göstərilmiş, diaqnoz beyinönü arteriyaların beyin infarktı ilə nəticələnməyən tıxanma və stenozu, vertebro-bazilyar hövzədə qan dövranı çatmazlığı, tez-tez baş verən diensefal kriz, boyun şöbəsinin fəqərərarası disklərinin digər degenerasiyası, boyun fəqərələrinin osteoxondrozu, davamlı kökçük, ağrı sindromları ilə, essential hipertenziya, hipertoniya xəstəliyi İİİ m, dissirkulyator ensefalopatiya İİ m əlaqədar olmuşdur. 25 dekabr 2016-cı il tarixdən 5 illik müddətdə hərbi xidmət dövrü ilə əlaqədar əlillik təyinatı yenidən aparılmışdır. Cavabdehin 14 iyul 2022-ci il tarixli qərarından görünür ki, iddiaçıya 5 illik müddətə ümumi səbəblərdən, 2.2.10- hər iki gözdə itiliyin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması meyarına istinadən əlillik təyinatı aparılmışdır. Cavabdehin 08 mart 2022-ci il tarixli qərarından görünür ki, iddiaçıya 5 illik müddətə ümumi səbəblərdən, 2.2.10- hər iki gözdə itiliyin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması meyarına istinadən əlillik təyinatı aparılmışdır. FHN tərəfindən tərtib edilmiş xəstəlik haqqında şəhadətnamədə qeyd edilir ki, xroniki övrə, soyuğa qarşı, eroziv qastrit, eroziv bulbit, onurğanın osteoxondrozu, boynun kökcük ağrıları, hər iki pəncənin İ-İİ yastıpəncəliliyi, damarların genişlənməsi, hər iki bilək nahiyyəsinin əzələ yırtığı, ağrı sindromu, tərəfli hermiotomiya və hermioplastika əməliyyatından sonrak vəziyyət xəstəlikləri hərbi xidmət dövründə alınmışdır. Ekspertiza Komissiyasının qərarından görünür ki, xroniki övrə, soyuğa qarşı və digər xəstəliklərin hərbi xidmət dövründə alması öz təsdiqini tapmışdır. 19 aprel 2024-cü il tarixli ekspert rəyində qeyd edilir ki, Ekspert Komissiyasının qərarında göz xəstəlikləri ilə əlaqədar hər hansı bir qeydiyyat yoxdur. Cavabdehin 05 avqust 2025-ci il tarixli qərarında qeyd edilir ki, ümumi xəstəlik ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 80 faiz pozulması barədə qərar qəbul edilir. Həmin qərarda əlilliyin xüsusi səbəbli əlaqəsinin öz təsdini tapmaması qeyd edilmişdir. 19 iyun 2025-ci il tarixli ekspert rəyində qeyd edilir ki, əlillik təyinatına əsas olan göz xəstəliyi sərbəst nozoloji xəstəlik olduğundan, onun hərbi xidmət dövründə aldığı və şəhadətnamə və qərarda göstərilən, sonradan ilkin əlilik təyinatına əsas olmuş xəstəliklərdən hər hansı birinin ağırlaşması ilə əlaqələndirmək mümkün deyildir. 11 avqust 2025 avqust tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair sənəddən görünür ki, iddiaçıya 08 iyun 2025-ci il tarixdən ikinci dərəcəli əlillik təyinatı aparılmış, əlillik səbəbi ümumi xəstəlik-gözdən əlil qeyd edilmiş, təyinatın tərtibatına əsas olmuş diaqnozda qeyd edilmişdir ki, boyun şöbəsinin fəqərərarası disklərinin radikulopatiya ilə zədələnməsi, C2-C5 fəqərəarası disklərin osteoxondrozu, vertebro bazilyar çatmamazlıq, koordinasiya pozğunluğu, beynin xronik işemiyası, təkrarlanan vegetativ paroksizmlər, aşağı və ya yüksək tempraturun təsirindən yaranan övrə, birincili açıqbucaqlı qlaukoma, OS-birincili aşıqbucaqlı qlaukomaneovaskulyar qlaukoma VİSOD 0,07 k/e (yüzdə yeddi)-VİSOS-0 08 iyun 2025-ci il tarixli qərardan görünür ki, iddiaçıya gözdən əlilliyi ilə əlaqədar müddətsiz təkrar əlillik təyinatı aparılmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1.Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”(ləğv edilmiş)

1. Ümumi müddəalar 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 4.2.İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə iddiaçıda mövcud olmuş əlillik təyinatına əsas olan xəstəliklərin səbəb əlaqəsinin ümumi, yoxsa hərbi xidmət dövrü ilə əlaqədar olması ilə bağlıdır. Fövqəladə Hallar Nazirliyi Tibb Xidmətinin Xüsusi Hərbi Həkim Ekspertiza Komissiyasının qərarında qeyd edilir ki, iddiaçıda revmatizm, aktiv faza. Revmakardit, revmatoidli poliartroz, eroziv qastrit, eroziv bulbit, C2-C6 fəqərəarası disklərin osteoxndrozu, serebrovaskulyar çatışmazlıqla, istero-nevrotik reaksiyalar, xroniki övrə, soyuğa qarşı xəstəlikləri mövcuddur, xidmət dövründə alınmışdır. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı 2008-ci il tarixdən həmin növ xəstəliklərlə əlaqədar ikinci qrup əlillik üzrə əlillik təyinatı aparılmış şəxs olmuş, sonradan isə əlilliyin səbəbli əlaqəsi ona münasibətdə dəyişdirilməklə təyinat aparılmışdır. Belə ki, 28 aprel 2008-ci il tarixli göndəriş üzrə diaqnoz onurğanın yayılmış ostexondrozu, kökçük ağrılarla, istero-nevrotik reaksiya, eroziv qastrit, amblipiya ilə əlaqədar olmuş, ona əlillik təyinatı aparılmış, 15 iyun 2024-cü il tarixli diaqnoz da oxşar diaqnoz olmuş, ona əlillik təyinatı aparılmış, oxşar diaqnoz üzrə əlillik təyinatı ikinci dərəcəli əlillik üzrə növbəti dəfə də 1 illik təkrlarlanmış, son olaraq da 25 dekabr 2016-cı il tarixdən 2021-ci il tarixə qədər hərbi xidmət ilə bağlı səbəbli əlaqə ilə ikinci dərəcəli, əlillik təyinatı həyata keçirilmişdir. Cavabdeh tərəfindən isə həmin əlillik təyinatından sonrakı tarixlərdə qəbul edilmiş qərarlarla həmin xəstəliklərin mövcudluğu nəzərə alınmamış, ikincili postravmatik qlaukoma, birincili açıqbucaqlı qlaukoma, ağırlaşmış katarakta, müştərək xarici çəpgözlük, binokulyar ağır görmə pozğunluğu diaqnozu əsasında əlillik təyinatı aparılmışdır. Qeyd olunur ki, ilkin ekspert rəyində təkcə Komissiyanın qərarında və göndərişdə göz xəstəlikləri ilə əlaqədar hər hansı qeydiyyatın aparılmamasına istinadən rəyin verilmişdir. Qeyd olunur ki, yenidən qərardad qəbul edilərək rəy verilməsi üçün Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X1 rəyin verilməsi tapşırılsa da, texniki xarakterli yanlışlığa yol verilmiş, ad oxşarlığı səbəbindən Səhiyyə Nazirliyinin aidiyyəti ekspertizası tərəfindən məhkəməyə rəy təqdim edilmişdir. Rəydə qeyd edilir ki, iddiaçıda əvvəlki göndərişdə olmuş, əlillik təyinatına əsas olmuş xəstəliklər (hipertoniya, beyinönü arteriyaların beyin infarktı ilə nəticələnməyən tıxanma və stenoz, vertebro-bazilyar hövzədə qan dövranı çatışmazlığı, boyun şöbəsinin fəqərəarası disklərinin digər degenerasiyası, boyun fəqərələrinin ostexondrozu, davamlı kökçük, ağrı sindromları ilə və s) hal-hazırda da onda rast gəlinir. Göz xəstəliyinin isə ilkin əlilik təyinatına əsas olmuş xəstəliklərlə əlaqələndirilməsi mümkün deyildir. Qeyd olunmalıdır ki, texniki xarakterli yanlışlığa yol verilməsinə baxmayaraq təqdim edilmiş rəy, məhkəmə qərardadının icrası ilə əlaqədar təqdim edilmiş ekspert rəyi kimi mötəbərlik baxımından sübut qismində nəzərə alınmasa belə, məhkəmə hesab edir ki, həmin qərardadın qəbulundan sonra iddiaçıya münasibətdə qəbul edilmiş yeni qərarda əksini tapan diaqnozla xəstəliyin iddiaçıda mövcudluğunun müəyyən edilməsi baxımından iddiaçının tibbi vəziyyətini əks etdirən sübut növü kimi qiymətləndirilmək xüsusiyyətinə malikdir. Nəzərə alınmalıdır ki, qərardad və orada qeyd edilən suallar Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 ünvanlanmasa belə, aidiyyəti üzrə ixtisaslı həkimlər tərəfindən aparılmış canlı müayinə nəticəsində iddiaçıda əvvəlki göndərişdə olmuş, əlillik təyinatına əsas olmuş xəstəliklər (hipertoniya, beyinönü arteriyaların beyin infarktı ilə nəticələnməyən tıxanma və stenoz, vertebro-bazilyar hövzədə qan dövranı çatışmazlığı, boyun şöbəsinin fəqərəarası disklərinin digər degenerasiyası, boyun fəqərələrinin ostexondrozu, davamlı kökçük, ağrı sindromları ilə və s) hal-hazırda da onda rast gəlinməsi barədə məlumat təqdim edilmişdir ki, məhkəmə hesab edir ki, 2 ildən artıq müddətdir xəstəliyi ilə əlaqədar iddia qaldırmış şəxsə münasibətdə yenidən ekspert rəyinin tələb edilməsi, qərardadda göstərilən Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 rəyin göndərilməsi zərurəti mövcud olmamışdır. Həmçinin, qeyd edilir ki, 11 avqust 2025-ci il çap tarixli sonuncu müayinəyə dair məlumat üzrə elektron sistemdən çıxarışdan görünür ki, iddiaçıya ikinci dərəcəli əlillik təyinatı aparılarkən, yuxarıda göstərilən rəydə olan, eləcə də, iddiaçının hərbi xidmət dövründə aldığı, şəhadətnmə və qərarda adıçəkilən, uzun müddət əlillik təyinatına əsas olmuş xəstəliklər- boyun şöbəsinin fəqərərarası disklərinin radikulopatiya ilə zədələnməsi, C2-C5 fəqərəarası disklərin osteoxondrozu, vertebro bazilyar çatmamazlıq, koordinasiya pozğunluğu, beynin xronik işemiyası, təkrarlanan vegetativ paroksizmlər, aşağı və ya yüksək tempraturun təsirindən yaranan övrə, birincili açıqbucaqlı qlaukoma, OS-birincili aşıqbucaqlı qlaukoma-neovaskulyar qlaukoma VİSOD 0,07 k/e (yüzdə yeddi)-VİSOS-0 həqiqətən də hal-hazırda da müəyyən edilir. Diaqnozun mətnindən də göründüyü kimi əlillik təyinatı aparılarkən müəyyən edilən diaqnozda göstərilən xəstəliklərin əksər hissəsi Fövqəladə Hallar Nazirliyi Tibb Xidmətinin qərarında əksini tapan, eləcə də hərbi xidmət dövrü ilə əlaqədar əlillik təyinatı üçün əsas olmuş cavabdehin özü tərəfindən əvvəl müəyyən edilən xəstəliklərdir ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən əlillik təyinatının ümumi səbəbdən olsa belə təyinatı zamanı həmin xəstəliklərə də istinad etməsi həmin xəstəliyin mövcudluğuna əsas yaradır. Beləliklə, məhkəmə hesab edir ki, təqdim edilən sənədlər əsasında iddiaçının halhazırda əlillik təyinatına əsas olan göz xəstəliyinin hərbi xidmətlə əlaqəsi öz təsdini tapmasa da, həmişə əlillik təyinatına əsas olmuş xəstəliklərin hal-hazırda mövcud olması, həmin xəstəliklərdən iddiaçının əziyyət çəkməsi müəyyən edilir ki, məhkəmə hesab edir ki, həmin 10 ildən uzun müddətdir ki, adıçəkilən xəstəliklərdən əziyyət çəkən və əlillik təyinatına əsas olmuş həmin xəstəliklər nəzərə alınmaqla hazırkı əlillik təyinatı da adıçəkilən xəstəliklərə uyğun aparılmalı və buna uyğun olaraq da səbəbli əlaqə dəyişməlidir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-144/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında oxşar mövqedən yanaşılmış, qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalı olması göstərilmişdir. Ali Məhkəmənin 2-1(102)-1169/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilir ki, 2016-cı ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda qeyd edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır. Cavabdeh isə, bunun əksinə olaraq, eyni mühüm faktiki halların mövcudluğu halında fərqli qərar qəbul edərək əlilliyin təyin edilməsindən imtina etmiş, əvvəlki mövqeyindən fərqli qaydada hərəkət etməsinin hüquqi və faktiki əsaslarını göstərə bilməmiş, bununla da iddiaçının əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik aktlarında təsbit olunmuş hüquqlarını pozmuşdur. Eyni mövqeyi həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1012/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında oxşar mövqedən yanaşılmış, ağırlaşma əsas götürülməklə əlillik təyinatı müddətsiz formada təyin edilmişdir. Həmin işdən də müəyyən edilir ki, iddiaçının əsas diaqnozu müddətli əlillik dərəcəsinə əsas versə də, ağırlaşmada olan xəstəlik isə müddətsiz əlilliyə əsas olmuş, məhkəmə də həmin halı əsas götürməklə iddiaçıya müddətsiz əlilliik dərəcəsi təyin etmişdir Ali Məhkəmənin 2-1(102)-522/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarda qeyd edilir ki, mübahisəyə dair işin araşdırılmış hallarına əsasən, iddiaçı uzun müddət 2-ci qrup əlil olmuş və təkrar müayinələrdə də ona eyni diaqnozun təyin edilmişdir. Eləcə də, iddiaçı eyni diaqnoz səbəbindən ayrı-ayrı vaxtlarda ambulator və stasionar müalicələrə cəlb olunmuşdur. Göründüyü kimi iddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, onun əlilliyinin əsasını təşkil edən tibbi diaqnozda dəyişiklik baş verməmişdir. Ali Məhkəmənin 2-1(102)-2566/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarda qeyd edilir ki, eyni diaqnoz əsasında iddiaçı 2012-ci il tarixdən etibarən bir neçə dəfə 3-cü dərəcə əlillik verilmişdirsə diaqnoz dəyişmədiyi halda növbəti dəfə əlilliyin verilməsindən imtina edilməməlidir. Əgər iddiaçının xəstəliyi reabilitasiya oluna biləndirsə və ya xəstəliyi yaxşıya doğru dəyişmişdirsə bu zaman qeyd olunan hallar cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməlidir. Halbuki iddiaçının xəstəliyi ilə bağlı vəziyyətinin dəyişməsi, əvvəlki diaqnozu ilə müqayisədə irəliləyişin olub-olmaması və s. bağlı cavabdeh tərəfindən hər hansı sənəd təqdim edilməmişdir. Ali Məhkəmənin 2-1(102)-1038/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il il tarixli qərarda qeyd edilir ki, iddiaçının dəyişməyən xəstəliyi və eləcə də ötən müddət ərzində xəstəliyin ağırlaşması, həmçinin iddiaçıya həmin diaqnoz əsasında əlilliyin artıq bir necə dəfə təyin olunduğu da cavabdeh tərəfindən nəzərə alınmalıdır. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qərar qəbul edərkən qeyd olunan xüsusatları nəzərə aldığı iş üzrə materiallarla təsdiq olunmur. Məhkəmə, həmçinin onun da qeyd edilməsini zəruri hesab edir ki, iddia əlillik təyinatı barədə qərarlarda dəyişiklik edilməsi ilə əlaqədar olsa da, iddia mübahisələndirmə yox, məcburetmə növündə iddiadır. Mübahisələndirilən qərarların dəyişdirilməsi ilə iddiaçının bu məqsədinə çatması mümkün deyil. İddiaçı məqsədinə yalnız məcburetmə haqqında iddia vasitəsi ilə nail ola bilər. Belə ki, cavabdehin üzərinə əlillik təyinatı üzrə səbəbli əlaqənin dəyişdirilməsi barədə öhdəliyi məhkəmənin həmin iddia üzrə yalnız pozitiv qərarı vasitəsi ilə qoyula bilər. Bu baxımdan hazırkı iddia məcburetmə haqqında iddia kimi qiymətləndirilməlidir. Bu zaman həm də nəzərə almaq lazımdır ki, məcburetmə haqqında iddia, eyni zamanda, cavabdeh tərəfindən qəbul edilmiş qərarının da ləğvini və ya dəyişdirilməsini ehtiva edir və bunun müstəqil tələb kimi xüsusi vurğulanmasına ehtiyac yoxdur. ( Ali Məhkəmənin 2-1(102)- 1122/2025 saylı iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərar, 2-1(102)-407/2025 saylı iş üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərar, 2-1(102)-101/2025 saylı iş üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərar) İşin faktiki hallarından da görünür ki, iddiaçı barəsində 08 mart 2022-ci il tarixli qərar qəbul edilərək 26 dekabr 2021-ci il tarixdən ümumi səbəbdən əlillik təyinatı aparılmış, 14 iyul 2022-ci il tarixli qərarlada həmin hal təsdiq edilmiş, sonradan cavabdeh tərəfindən 08 iyun 2025-ci il tarixdən səbəbli əlaqə dəyişdirilməməklə yeni qərar qəbul edilmiş, həmçinin 05 avqust 2025-ci il tarixli qərarla səbəbli əlaqə ümumi xəstəlik kimi saxlanılmışdır. İddiaçının tələbinin hazırkı iş üzrə mahiyyəti bəllidir ki, o hərbi xidmət dövrü ilə əlaqədar təyin edilmiş əlilliyin sonradan ümumi xəstəliklə əvəz edilməsini mübahisələndirmiş, məhkəmə araşdırması zamanı da onun hərbi xidmət dövrü ilə əlaqədar xəstəliklər də daxil olmaqla xəstəliklərdən əziyyət çəkməsi müəyyən edilmiş, hətta sonuncu təyinat üzrə diaqnozda da həmin xəstəliklərdən əziyyət çəkməsi göstərilsə də, əlillik təyinatı yenə də ümumi əsaslarla təyin edilmişdir. Qeyd olunur ki, cavabdehin səbəbli əlaqənin ümumi xəstəlik kimi göstərilməsi barədə iddiaçı barəsində qəbul etdiyi qərarlarda, eləcə də qərarların iddiaçıya aid olan hissəsində müvafiq dəyişikliklərin edilməsi və səbəbli əlaqənin hərbi xidmət dövrü ilə əlaqədar olması həyata keçirilməlidir ki, tələb 08 mart 2022-ci il tarixli, 14 iyul 2022-ci il tarixli, 08 iyun 2025ci il tarixdən ümumi xəstəliklə əlillik təyinatı aparılması barədə qərarlarda dəyişiklik edilərək xəstəliyin səbəbli əlaqəsinin hərbi xidmət dövrü ilə əlaqədar olması barədə dəyişikliyin cavabdehə həvalə edilməsi ilə əlaqədar olmuşdur ki, bu zaman 08 mart 2022-ci il tarixli və 14 iyul 2022-ci il tarixli qərarlar konkret olaraq tələbdə göstərilmiş, 05 avqust 2025-ci il və 08 iyun 2025-ci il tarixli qərarlar tələbdə nömrə ilə göstərilməsə də, dəqiqləşmədən də görünür ki, 08 iyun 2025-ci il “tarixdən” sözü işlədilmişdir ki, “tarixli” sözündən fərqli olaraq 08 iyun 2025-ci il tarixdən əlillik təyinatı barədə qərarlar dedikdə, bu zaman həm 08 iyun 2025-ci il tarixli qərar, həm də 05 avqust 2025-ci il tarixli qərar nəzərdə tutulur ki, həmin qərarların hamısında dəyişiklik tələb edilir. Odur ki, qərarların hamısında müvafiq düzəlişlər edilməli və səbəbli əlaqə 08 mart 2022-ci il tarixli qərarın aid olduğu məhz 26 dekabr 2021-ci il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar qeyd edilməlidir. Nəzərə alınmalıdır ki, AR İPM-nin 52-ci maddəsinə əsasən Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İfadə tərzi ilə bağlı olmama isə onu ehtiva edir ki, iddiaçının əlilliyinin səbəbli əlaqəsi təkrar təyinat tarixindən, yəni 26 dekabr 2021-ci il tarixdən dəyişdirilməli və buna uyğun qəbul edilmiş qərarlarda dəyişikliklər edilməli, hərbi xidmətlə əlaqədar əlillik təyinatı yenidən aparılmalıdır. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı barəsində 08 mart 2022-ci il, 14 iyul 2022-ci il və 08 iyun 2025-ci il tarixlərdən ümumi xəstəliklə əlilliyin təyinatının aparılması barədə 08 iyun 2025-ci il və 05 avqust 2025-ci il tarixli qərarlarda dəyişiklik edilməsi və 26 dekabr 2021-ci il tarixdən xəstəliyin səbəbli əlaqəsinin hərbi xidmət dövrü ilə əlaqədar olmasına uyğun olmaqla dəyişikliyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar