Məhkəmə qərarları › İş №2-1(112)-2032/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2032/2024

19.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2032/2024 19.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızı, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinə qarşı “əmrin ləğv edilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək qardaşı şəhid X2 Bakı Neft-Kimya Texnikumuna təqdim etdiyi xx.xx.1991-ci il tarixli Laçın Rayon Ərazi Müdafiə batayonunun komandiri tərəfindən verilmiş arayış və Laçın Rayon Polis Şöbəsinin rəisi Çingiz Abbasov tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli arayış nəzərə alınaraq xx.xx.1992-ci il tarixli, 264 nömrəli əmrin ləğv olunması və qardaşının ölümündən sonra tələbələr sırasından xaric olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının qardaşı X3 1-ci Qarabağ müharibəsinin iştirakçısı və şəhididir. Abdullayev Nazim 1990-cı ildə Bakı Neft-Kimya Texnikumunun “Neft və qaz quyularının qazılması” ixtisasına qəbul olunmuşdur. 1991-ci ildə Laçın Rayon Ərazi Müdafiə Batalyonuun komandiri X4 tərəfindən Bakı Neft-Kimya Texnikumunun direktoru Ə.Abdullayevə Laçın rayonunda Müdafiə Batalyonunun yaradılması ilə əlaqədar iddiaçının qardaşı Abdullayev Nazimin qiyabi şöbəyə köçürülməsində köməklik göstərilməsi haqqında ərizə ünvanlanmışdır. Abdullayev Nazim də xx.xx.1991-ci il tarixdə qiyabi şöbəyə keçirilməsi ilə bağlı ərizə ilə təhsil aldığı texnikuma müraciət etmişdir. xx.xx.1991-ci il tarixli, 385 nömrəli əmrlə iddiaçının qardaşı Abdullayev Nazim “neft və qaz quyularının qazılması” ixtisası üzrə qiyabi şöbəyə köçürülmüş və bu əmrin imzalanmasında əsas Laçın Rayon Ərazi Müdafiə Batalyonu komandirinin məktubu göstərilmişdir. İddiaçının qardaşı torpaqların müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etdiyi zaman 1991-1992-ci il tədris ilində tədris qrafini tam yerinə yetirmədiyi və 3 fəndən çox akademik borcu olduğu üçün Texnikum rəhbərliyinin xx.xx.1992-ci il tarixli, 264 nömrəli əmri əsasında tələblələr sırasından xaric edilmişdir. İddiaçı qeyd edir ki, qardaşı şəhid olmamışdan 3 gün öncə xx.xx.1994-cü il tarixdə Bakı Neft-Kimya texnikumuna təqdim edilmək məqsədi ilə Laçın Rayon Polis Şöbəsinin rəisindən müharibədə döyüşlərdə iştirak etməsi ilə əlaqədar imtahan sessiyasından keçməsində köməklik göstərilməsi barədə arayış almışdır. Lakin həmin arayış iddiaçının qardaşı şəhid olduqdan sonra onun şəxsi əşyaları arasında ailə üzvlərinə təqdim edilmişdir. Qardaşının texnikumdan xaric edilməsi barədə iddiaçının və ailə üzvlərinin bu ilə kimi məlumatı olmamışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə qardaşının həmin texnikumdan (indiki dövrdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetin nəzdində olan Bakı Neft-Energetika Kollecinin tələbəsi olması haqqında arxiv arayışı almaq istədikdə məlumatı olmuşdur ki, qardaşı müharibədə olduğu halda xx.xx.1992-ci il tarixində tələbələr sırasından xaric edilmişdir. İddiaçı bu barədə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə əmrin ləğv olunması və ölümündən sonra xaric edilməsi ilə bağlı yazılı şəkildə müraciət edilsə də, cavabdeh tərəfindən bildirilmişdir ki, əmrin dəyişdirilməsi onların səlahiyyətində deyil.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, əmrin dəyişdirilməsi “Bakı Neft-Energetika” kollecinin səlahiyyəti xaricindədir.

4. Bakı Neft-Energetika Kolleci tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2760 nömrəli Arxiv Arayışında qeyd edilmişdir ki, X3 19 iyun 1990-cı il tarixində 416 saylı əmrlə Bakı Neft texnikumunun əyani şöbəsinə qəbul olunmuşdur. 04 noyabr 1991-ci il tarixində 385 saylı əmrlə “Neft və qaz quyularının qazılması” ixtisası üzrə qiyabi şöbəyə keçirilmişdir. Qeyd: Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.1997-ci il tarixli 101/s saylı əmrinə əsasən Bakı Neft texnikumu ilə Bakıbaza Energetika texnikumu birləşdirilərək Bakı Neft-Energetika Kolleci yaradılmışdır.

5. İş materiallarına əlavə olunmuş İİ-JQ 454749 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X3 xx.xx.1994-cü il tarixdə bədənin müxtəlif yerlərində olan çoxsaylı mərmi yaraları səbəbindən ölmüşdür.

6. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1993-cü il tarixli orderinə əsasən X3 “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.

7. Bakı Neft Texnikumunun direktoruna ünvanlanan xx.xx.1991-ci il tarixli məktuba əsasən Rayonda Müdafiə Batalyonunun yaradılması ilə əlaqədar sizin texnikumunun İİİ kurs tələbəsi X2 qiyabi şöbəyə keçməsinə köməklik göstərilməsi xahiş edilmişdir.

8. Laçın Rayon Polis Şöbəsinin rəisi tərəfindən Bakı Neft Texnikumunun direktoruna ünvanlanan məktubda qeyd edilmişdir ki, texnikumun tələbəsi olan X1 Rayon Polis Şöbəsinin nəsdində PPX-batalyonunda Laçında, Kəlbəcərdə, hal-hazırda isə Füzuli bölgəsində erməni işğalçılarına qarşı qəhrəmancasına mübarizə aparır. Xüsusilə 1993-cü il dekabr ayında həmin bölgədə göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Azərbaycan Ordeni” ilə təltif edilmişdir. Odur ki, N.X.Abdullayevin labaratoriya imtahan sessiyasını verməsinə köməklik göstərilməsi xahiş edilmişdir.

9. İş materiallarında olan xx.xx.1991-ci il tarixli, 385 nömrəli “Qiyabi şöbəyə keçirilmə haqında” Əmrə əsasən X3 gündüz şöbəsinin “Neft və qaz quyularının qazılması” ixtisası üzrə 719 №-li qrup tələbəsi qiyabi şöbənin şöbənin “Neft və qaz quyularının qazılması” ixtisası üzrə 275 №-li qrupuna keçirilmişdir.

10. İş materiallarında olan xx.xx.1992-ci il tarixli, 264 nömrəli “Texnikumdan xaric edilmə haqında” Əmrə əsasən 1991/92 dərs ilində tədris qrafini tam yerinə yetirmədiyinə və 3 fəndən çox akademik borcu olduğu üçün aşağıdakı tələbələr texnikumdan xaric edilirlər. Qr. 275 X3.

11. İddiaçı məhkəməyə ərizə təqdim edərək (dəftərxana vasitəsi ilə) iş üzrə mübahisə məhkəmədənkənar qaydada həll edildiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.

II. İddianın geri götürülmüş sayılması

12. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.

13. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

14. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).

15. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

16. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.

17. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.

M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından

18. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X5 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

19. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

20. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

21. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...

22. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...

23. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

24. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) və ya iddianın baxılmamış saxlanmasına dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.

25. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın mümkünlüyünü yoxlamaq zərurəti mövcud deyildir.

26. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.

27. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia geri çağırılmış hesab edilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar