Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2032/2025 03.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, döngə 1 ünvanında yerləşən 62A saylı evin və həmin evin yerləşdiyi torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, döngə 1, ünvanda yerləşən 62A nömrəli ev və həmin evin yerləşdiyi torpaq sahəsi ona məxsusdur. Evə dair Texniki Pasport tərtib edilmiş və həmin Texniki Pasportun surəti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2002-ci il tarixli məktubla ona təqdim edilmişdir. Ona məxsus olan və ailəsiylə birgə qeydiyyatda olduğu və yaşadığı evə və həmin evin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün ərizə ilə, tələb olunan sənədləri əlavə edilməklə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (dövlət orqanın əvvəlki adı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) müraciət etsə də, cavabdeh ərizəsini təmin etməkdən imtina etmişdir. Cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə ziddir və onun qanunvericiliklə nəzərdə tutulan hüquqlarını pozur. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi öz imtinasında bildirmişdir ki, fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin onun adına dövlət reyestrində qeydiyyata alınmasına dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər toplusu təqdim olunmalıdır. Cavabdeh orqan qeydiyyatda olduğu və yaşadığı evin yeləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqlarımın qeydiyyata alınmasından imtina etməsi qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tərəf xx.xx.2025-ci il tarixdə açıq məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 123.3 kv.m olan torpaq sahəsinə və üzərində yerləşən ümumi sahəsi 141.7 kv.m olan fərdi yaşayış evinə mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq vahid çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı ünvan 2 ünvanında olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il, **********13 saylı məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan başqa, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yaxınlığından orta təzyiqli qaz xətti keçir. Həmçinin texniki pasportla torpaq sahəsi arasında perimetrik ölçü fərqi mövcuddur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli ("Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı) Fərmanının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınməumatış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. -xx.xx.2002-ci il tarixli 30/286 nömrəli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna” əsasən ünvan 3 ünvanında yerləşən torpaq sahəsi və üzərində inşa olunmuş yaşayış evinin planı və texniki göstəricilərinə əsasən: yaşayış evi və hamam 1966-cı il tarixdə tikilmişdir. Yaşayış evinin ümumi sahəsi 113.3 kv.m, hamam(tualetin) ümumi sahəsi 8.5 kv.m təşkil edir. -FM seriyalı 011723 nömrəli “Qeydiyyat Vəsiqəsi”nə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, döngə 1 ünvanında yerləşən 62a saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 48 saylı reyestr kitabında 7285 nömrəli səhifədə xx.xx.2002-ci il tarixdə 30/7285 nömrəsi ilə qeydiyyat aparılmışdır. -Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli 800 nömrəli sərəncamından çıxarışa əsasən: “Mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının protokolunun təsdiq edilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparaı yanında Mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının xx.xx.2001-ci il tarixli 8 nömrəli protokolu təsdiq edilmişdir. xx.xx.2001-ci il tarixli 8 nömrəli Protokola əsasən 470.B.Ş.İ.Hnə daxil olmuş xx.xx.2001-ci il tarixli, Ə-1922 nömrəli ərizə- Nəsimi rayonu, Ermənistan Respublikasından qaçqın düşmüş İddiaçı yaşadığı Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, döngə 1, 62a nömrəli özbaşına tikilmiş evə qeydiyyat vəsiqəsinin verilməsinə komissiyanın qərarı ilə razılıq verilmişdir. Məhkəmə sorğusuna cavb olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********66 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2024-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktında göstərilmişdir ki, ünvan 3 ünvanında yerləşən yaşayış evinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 4 otaqlı olmaqla 38.1 kv.m, 1-ci mərtəbə +69.8 kv.m+18.5 kv.m açıq eyvan; faktiki ölçüləri: A tikilisi 1-ci mərtəbə 53.4 kv.m, A tikilisi 2-ci mərtəbə 69.8 kv.m+18.5 kv.m açıq eyvan təşkil edir. Tikinti altı torpaq sahəsinin ümumi ölçüsü hüquqmüəyyənedici sənəd üzrə və faktiki olaraq 123.3 kv.m təşkil edir. Evin 2-ci mərtəbəsində 1, 2 və 6 saylı sahənin bir hissəsi birləşdirilmişdir, həmçinin açıq eyvan bağlanmışdır. Fərdi yaşayış evinin 2-ci mərtəbəsinin planı arxiv texpasportunda öz əksini tapsa da texpasportda təsnifatda ümumi sahəyə əlavə edilməmiş və qeydiyyatdan keçməmişdir. Məhkəmə sorğusuna cavb olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cüil tarixli **********11 nömrəli məktubu ilə təqdim edilmiş ortofoto görüntüdən müəyyən olunur ki, iddia olunan torpaq sahəsinin ətrafında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş **********1061-10301, **********06-10301, ********** reyestr nömrəli əmlaklar yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********49 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı mülkiyyətində sözügedən fərdi yaşayış (özbaşına tikilən) evinin yerləşdiyi torpaq sahəsinin ayrılmasına dair məlumat (sənəd) aşkar edilməmişdir. Həmin məktubla təqdim edilmiş sənədlərdən görünür ki: -Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatı yanında Mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının xx.xx.2001-ci il tarixli 8 nömrəli protokoluna əsasən, 470.B.Ş.İ.H-nə daxil olmuş xx.xx.2001-ci il tarixli,Ə-1922 nömrəli ərizə- Nəsimi rayonu, Ermənistan Respublikasından qaçqın düşmüş İddiaçı yaşadığı Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, döngə 1, 62a nömrəli özbaşına tikilmiş evə qeydiyyat vəsiqəsinin verilməsinə komissiyanın qərarı ilə razılıq verilmişdir. -X9 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 84 nömrəli Qərarına əsasən Azərbaycan millətindən olan Ermənistan SSR-dən gəlmiş vətəndaş X2 4 nəfər ailə üzvü ilə ünvan 3 ünvanında 6 ay müddətində müvəqqəti uçota alınması qərara alınmışdır. Ailə tərkibi: İsayeva (Əliyeva) Gülbəniz Kamal qızı, X4, X10, X5. -14 saylı MKİS tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli 2870 nömrəli Arayışa əsasən ünvan 3 ünvanında özbaşına tikili mövcuddur. Sahibi İddiaçıdır. Daimi qeydiyyatda olanlar: İddiaçı, X4, X10, X5. -Razılıq ərizəsinə əsasən X8 özbaşına tikinti olan evin anası İddiaçı adına qeydiyyat vəsiqəsinin verilməsinə etiraz etmir. - Razılıq ərizəsinə əsasən X3 özbaşına tikinti olan evin anası İddiaçı adına qeydiyyat vəsiqəsinin verilməsinə etiraz etmir. -“Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna” əsasən ünvan 3 ünvanında yerləşən torpaq sahəsi və üzərində inşa olunmuş yaşayış evinin planı və texniki göstəricilərinə əsasən: yaşayış evi və hamam (tualet) 1966-cı il tarixdə tikilmişdir. Yaşayış evinin ümumi sahəsi 113.3 kv.m, hamam (tualetin) ümumi sahəsi 8.5 kv.m təşkil edir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, **********13 nömrəli məktubunda bildirilmişdir ki, qeyd olunan torpaq sahəsinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan başqa, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yaxınlığından orta təzyiqli qaz xətti keçir. Həmçinin texniki pasportla torpaq sahəsi arasında perimetrik ölçü fərqi mövcuddur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri" qaydalarının 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı Ermənistan Respublikasından qaçqın düşmüş İddiaçı Bakı İcra Hakimiyyəti Başçısının Aparatı yanında Mənzil Məsələləri üzrə İctimai Komissiyasının yığıncağının xx.xx.2001-ci il tarixli 8 nömrəli Protokolu ilə qeydiyyatda olduğu, özbaşına tikdiyi ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə onun adına qeydiyyat vəsiqəsi verilmiş və Texniki Pasport tərtib olunmuşdur. İddiaçı sözügedən ünvanda yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və vahid çıxarışın verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan hüquqmüəyyənedici sənəd təqdim edilmədiyini və torpaq sahəsinin yaxınlığından orta təzyiqli qaz xətti keçdiyini əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtina dəlillərini əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hazırkı iş üzrə məhkəmə icraatında tədqiq olunmuş materiallardan görünür ki, X9 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 84 nömrəli Qərarına əsasən Azərbaycan millətindən olan Ermənistan SSR-dən gəlmiş vətəndaş X2 4 nəfər ailə üzvü ilə ünvan 3 ünvanında müvəqqəti uçota alınmışdır. Daha sonra Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatı yanında Mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının xx.xx.2001-ci il tarixli 8 nömrəli protokoluna əsasən, iddiaçının qeydiyyatda olduğu Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, döngə 1, 62a nömrəli özbaşına tikilmiş evə qeydiyyat vəsiqəsinin verilməsinə komissiyanın qərarı ilə razılıq verilmişdir. İddiaçının sözügedən ünvanda yerləşən fərdi yaşayış evinə xx.xx.2002-ci ildə qeydiyyat vəsiqəsi verilmiş və texniki pasport tərtib edilmişdir. İddiaçının adına daşınmaz əmlakın dövlət reyestində həmin ev- texniki pasporta əsasən 126.4 kv.m olaraq qeydə alınmışdır. Halbuki, cavabdehin mütəxəssisləri tərəfindən keçirilmiş yerli müayinə zamanı da 1966-cı ildə tikilmiş və 2002-ci ildə texniki pasportu verilmiş fərdi evin 38.1 kv.m, 1-ci mərtəbə +69.8 kv.m+18.5 kv.m olduğu öz əksini tapsa da, lakin tikilinin faktiki ölçülərinin 53.4 kv.m, A tikilisi 2-ci mərtəbə 69.8 kv.m+18.5 kv.m olduğu müəyyən edilmiş və 2-ci mərtəbəsinin planı arxiv texniki pasportunda öz əksini tapdığı, lakin texniki pasportda təsnifatda ümumi sahəyə əlavə edilmədiyi və buna görə də həmin ölçüdə qeydiyyatdan keçmədiyi qeyd edilmişdir. Başqa sözlə, iddia olunan tikilinin ilkin texniki pasportda 126.4 kv.m kimi qeyd edilsə də 2-ci mərtəbə ilə birlikdə cəmi 141.7 kv.m olduğu və 2-ci mərtəbənin ümumi sahəyə daxil edildiyi halda həmin ölçüdə qeydə alınmasının mümkünlüyü öz təsdiqini tapmışdır. İddia olunan torpaq sahəsinə gəlincə mülkiyyətdə olan fərdi evin tikinti altı torpaq sahəsinin faktiki olaraq 123.3 kv.m olduğu və bu ölçünün arxiv texniki pasportda torpaq sahəsinin ölçüsünə uyğun olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən 03/2020 nömrəli 08 oktyabr 2020-ci il tarixli Qərardadında qeyd edilmişdir ki, qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsi özündə qazanılmış daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirən mülkiyyət hüququnu qoruyur (İatridis Yunanıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 54; Beyeler İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 100). Bu maddə, həmçinin şəxsin mülkiyyət hüququnun əldə edilməsinə dair “qanuni gözləntisi”ni də müdafiə edir (X7 S.A. və digərləri Belçikaya qarşı işi üzrə qərarı, § 31). Şəxsin ən azından mövcud (və ya qazanılmış) mülkiyyətinin və ya əmlakının, o cümlədən iddialarının reallaşacağına dair "qanuni gözləntisi" olduğunu iddia edə bildikdə, “qanuni gözləntilər” həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər (X6-Adam İİ Almaniyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 83). Sözügedən “gözlənti” mülkiyyətə dair qanunvericilik aktına və ya normalarına əsaslandıqda “qanuni” hesab olunur (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 45-52). Mülkiyyət maraqlarına aid "gözlənti" "qanuni" hesab olunması üçün sadəcə ümidə yox, daha konkret bir xarakter daşımalı və hüquq normasına və ya məhkəmə qərarı kimi digər hüquqi akta əsaslanmalıdır (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 49-50; Sentro Avropa 7 S.R.L. və di Stefano İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 173; Béláné Naqi Macarıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 75). “Torpaq islahatı haqqında” Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia etdiyi fərdi yaşayış evinin yaxınlığında ən yaxın məsafədə qeydiyyatdan keçmiş məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-50637/2024 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən məlum olur ki, iddiaçının istinad etdiyi eyni məzmunda olan eyni tarixli müvafiq nömrəli sərəncamlar əsasında fərdi yaşayış evləri və yerləşdikləri torpaq sahələrinə dair ayrı-ayrı fiziki şəxslərin xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi iddiaçı ilə qonşu olan daşınmaz əmlaklar da yerli icra hakimiyyətinin oxşar sərəncamları ilə ayrılmış və cavabdeh orqan həmin qonşu fərdi evlərin yerləşdiyi torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədin olmadığını dəlil kimi irəli sürmədən təqdim olunan yerli icra hakimiyyətinin sənədlərinə əsasən əmlaka mülkiyyət hüququnun qeydiyyatını aparmışdır. Belə olan halda cavabdehin hazırkı iddiaçıya münasibətdə hüququ qeydiyyata almaqdan imtina əsası öz təsdiqini tapmır və bu hal ən azı iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsi ilə nəzərdə tutulmuş (İİQnun 12.2-ci maddəsi: İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.) bərabərlik prinsipini pozduğunu deməyə əsas verir. Beləliklə, iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədləri qüvvədə olmaqla həmin sənədlərin məhkəmə icraatında mötəbərliliyini istisna edəcək hər hansı hala rast gəlinməmişdir. Cavabdeh orqan fərdi yaşayış evinin və torpaq sahəsinin qeydiyyata alınmasından imtina əsasından digəri qismində torpaq sahəsinin yaxınlığından orta təzyiqli qaz xəttinin keçdiyini və texniki pasportla torpaq sahəsi arasında perimetrik ölçü fərqi olduğunu qeyd etmişdir. İş materiallarından müəyyən olunur ki, cavabdehin mütəxəsissləri tərəfindən yerində baxış edilərək fərdi yaşayış evinin faktiki ölçüləri, yerləşmə vəziyyəti və yerləşmə koordinatları müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş texniki pasportdakı ölçülər və cavabdeh tərəfinndən yerli müayinədə müəyyən edilən ümumi sahəsi eyni ölçüyə uyğun olmuşdur. Eyni zamanda məhkəmə imtina əsası kimi qeyd edilən torpaq sahəsinin yaxınlığından qaz xəttinin keçməsinə münasibətdə qeyd edir ki, cavabdeh orqanın mütəxəssisləri tərəfindən keçirilmiş yerli müayinənin nəticəsi olaraq tərtib edilmiş aktda bu barədə heç bir məlumat qeyd edilməmiş, eyni zamanda cavabdeh tərəfindən qeyd etdiyi imtina əsasının mövcudluğunu sübut edən dəlillər məhkəməyə təqdim edilmədiyindən, sözügedən imtina əsasının mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməmişdir və bu da iddia tələbinin təmin olunmasına maneə təşkil etmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının daşınmaz əmlak üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 123.3 kv.m olan torpaq sahəsinə və üzərində yerləşən ümumi sahəsi 141.7 kv.m olan fərdi yaşayış evinə mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq vahid çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə ediıməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 123.3 kv.m olan torpaq sahəsinə və üzərində yerləşən ümumi sahəsi 141.7 kv.m olan fərdi yaşayış evinə mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq vahid çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-2032/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2032/2025
03.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver