Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2033/2025 27.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,25 ha torpaq sahəsindən ibarət, 299 saylı bağ sahəsinin X3 adına xüsusi mülkiyyət hüququ ilə məxsus olması barədə çıxarış verilməsi və həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,25 ha ərazisi olan 299 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1619/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,25 ha ərazisi olan 299 saylı bağ sahəsinin iddiaçının mərhum atası Rəhmi Rəhman oğluna xüsusi mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının müvafiq qərarı ilə qüvvədə saxlanılmışdır. İddiaçı Bakı şəhəri 39 saylı Notariat Ofisindən qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışdır. Bakı İnzibati Məhkəməsinin müvafiq qərarı və qanun üzrə vərəsəlik haqqında Şəhadətnamə ilə birlikdə cavabdehə müraciət edərək torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, lakin iddiaçıya imtina edilmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “299” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli xx.xx.2021-ci il tarixli, ********** nömrəli xx.xx.2022-ci il tarixli ərizələr ilə müraciət etmiş xx.xx.2021-ci il tarixli, **********18 saylı, xx.xx.2022-ci il tarixli, **********62 saylı cavab məktubları ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, icarə müqaviləsinin müddətinin uzadılması ilə əlaqədar icarədarın 01 iyun 1982-ci il tarixli ərizəsi keçmiş X1 və İstismarı Birliyi tərəfindən icra edilməmişdir. Həmçinin tərəfinizdən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, torpaq sahəsi “280” nömrəsi ilə başlayan torpaq sahəsinin yerləşdiyi əraziyə uyğun gəlir. Bundan başqa iddiaçı tərəfindən təqdim edilən hüquqmüəyyənedici sənədlər mərhum Rəhmi Rəhman oğlunun adınadır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun çıxış edərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçıya şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1619/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,25 ha ərazisi olan 299 saylı bağ sahəsinin İddiaçı mərhum atası Rəhmi Rəhman oğluna xüsusi mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2330/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1619/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1619/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı icra edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,25 ha ərazisi olan 299 saylı bağ sahəsinə dair mərhum Rəhmi Rəhman oğlunun adına ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli arayış hazırlanmışdır. Bakı şəhəri 39 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.2000-ci il tarixdə vəfat etmiş Rəhmi Rəhman oğlunun vərəsəsi İddiaçıdur. Şəhadətnamə verilən miras əmlak: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Rəhmi Rəhman oğluna verilmiş **********90 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 299 ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsindən ibarətdir. Cavabdeh tərəfindən təqdim edilmiş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən mübahisəli torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə və faktiki ölçüsü 2500 kv.metrdir. Vətəndaş tərəfindən göstərilən bağ sahəsinin döngə nöqtələri mişar daşları ilə nişanlanıb, ara sərhədləri isə şərti olaraq ayrılmışdır. Bağ sahəsində heç bir tikili yoxdur. Sözügedən bağ sahəsinin naturada faktiki olaraq yerləşməsində uyğunsuzluq vardır. Belə ki, bağ sahələrinin bölgü sxeminə əsasən vətəndaşın göstərdiyi ərazi 299 saylı bağın yerinə uyğun deyil. Cavabdeh tərəfindən iddiaçıya etirazla oxşar məzmunlu imtina məktubu verilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139- 1.1.4.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.4.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,25 ha ərazisi olan 299 saylı bağ sahəsinin iddiaçının mərhum atası Rəhmi Rəhman oğluna xüsusi mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehə həvlə edilmişdir. Həmin qərar icra edilmiş və torpaq sahəsinə dair Rəhmi Rəhman oğlunun adına ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli arayış hazırlanmışdır. İddiaçı hazırda həmin torpaq sahəsinin vərəsəlik qaydasında onun mülkiyyətinə keçirilərək, onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tələbin təmin edilməsindən imtina etmişdir. Buna əsas kimi isə cavabdeh icarə müqaviləsinin müddətinin uzadılması ilə əlaqədar icarədarın 01 iyun 1982-ci il tarixli ərizəsinin keçmiş X1 və İstismarı Birliyi tərəfindən icra edilmədiyini, torpaq sahəsinin yerləşməsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi, yəni başqa bağın ərazisinə uyğun gəldiyi göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində göstərilmişdir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmə hesab edir ki, cavabdehin göstərdiyi əsaslar həmin daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas deyildir. Belə ki, iddiaçı bir dəfə məhkəməyə müraciət edərək həmin torpaq sahəsinin mərhum atasına məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiası təmin edilmişdir. Həmin işə məhkəmədə baxılarkən də cavabdehin iddiaya etirazı hazırkı işlə eyni əsaslara söykənmişdir. Həmin əsaslar üzrə artıq məhkəmə tərəfindən bir dəfə araşdırma aparılmış və imtinanın əsassız olduğu qənaətinə gəlinmişdir. Bu səbəbdən həmin əsaslar üzrə əlavə araşdırma aparılmasına zərurət yoxdur. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Bu səbəbdən iddia təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,25 hektar ərazisi olan 299 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,25 hektar ərazisi olan 299 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-2033/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2033/2025
27.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver