Məhkəmə qərarları › İş №2-1(112)-2034/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2034/2022

18.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2034/2022 18.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar X4 və İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə və Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2001-ci il təvəllüdlü İddiaçı 18 yaşı tamam olduğu 11.11.2019-cu il tarixdən müddətsiz əlilliyin təyin edilməsi və ona əlilliyə görə 11.11.2019-cu il tarixdən hesablanaraq pensiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçı X4 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh qismində yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin saxlanılmasını və cavabdehin üzərinə 11.11.2019-cu il tarixdən müddətsiz əlilliyin təyin edilməsi barədə qərar qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Eİşən oğlu xx xxxxxx 2001-ci il tarixdə anadan olmuşdur. Ona əqli gerilik diaqnozu qoyularaq müavinət təyin edilmişdir. İddiaçı 18 yaşı 11 noyabr 2019-cu il tarixdə tamam olmuşdur. Əslində onun xəstəliyi müalicə ilə sağalan xəstəlik olmadığı üçün 18 yaşı tamam olduqda müddətsiz əlillik təyin edilməli olduğu halda, onu yenidən həkim müayinəsinə göndərmişlər. Birinci dəfə Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması, daha sonra əsas dianozu dəqiqləşdirmək üçün Respublika Psixi Sağlamlıq mərkəzində müayinə olunması məsləhət görülür bəhanəsi ilə əlillik təyin edilməsindən imtina edilmişdir. Bundan sonra ölkədə baş verən COVİD-19 pandemiyası ilə əlaqədar bir çox xəstəxanalar və idarələr işləmədiyi üçün bir müddət xəstəxanaya gedə bilməmişlər. Yenidən ötən ilin sentyabr ayında əlillik təyin edilməsindən imtinada göstərilən Respublika Psixi Sağlamlıq mərkəzinə göndərmişlər. Orada müayinə olunduqdan sonra ona orta dərəcə əqli gerilik. Davranış pozuntuları ilə F71.1 diaqnozu qoyulmuşdur. Bundan sonra yenidən Quba Rayon Mərkəzi Xəstəxanasına gələrək əlillik təyin edilinəsi ilə bağlı Forma 88 doldurulmuş və göndərilmişdir. Bu dələ də əllillik təyin edilməsindən imtina edilmiş, bu dəfə isə imtinanın səbəbi kimi əlavə müalicəyə ehtiyacın olması, ətraflı RPX müayinə və müalicə məsləhət görülür deyə qeyd edilmişdir. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona əlillik təyin edilməsindən əsassız və qanunsuz müxtəlif bəhanələrlə imtina edilir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1200/2021 saylı, 02.07.2021-ci il tarixli qərardadı ilə iddiaçılar X3 və İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə tələbinə dair iddiası üzrə 2-1(118)-1200/2021 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İnzibati iş 19.08.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti Quba Rayon Mərkəzi Xəstəxanasının 02.07.2008-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N00-N08 - Yumaqcıq xəstəlikləri => N00 - Kəskin nefritik sindrom; Diaqnozun mətni: Xroniki piolenefrit, kəskinləşmələrlə; Meyar: 2. İki il müddətinə: => DİGƏR: Digər” səbəbi ilə iki il müddətinə əlillik dərəcəsi verilmişdir. Quba Rayon Mərkəzi Xəstəxanasının 05.11.2015-ci il tarixli 0244003AADYS saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G92 - Toksiki ensefalopatiya; Diaqnozun mətni: TOKSİKİ ENSOFOLOPATİYA. QAVRAMA VƏ DƏRKETMƏ FUNKSİYASİNİN GERİLİYİ; Meyar: 2. İki il müddətinə: => DİGƏR: DİGƏR” səbəbi ilə iki il müddətinə əlillik dərəcəsi verilmişdir. Quba Rayon Mərkəzi Xəstəxanasının 11.11.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Anadangəlmə; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G92 - Toksiki ensefalopatiya; Diaqnozun mətni: TOKSİKİ ENSOFOLOPATİYA. QAVRAMA VƏ DƏRKETMƏ FUNKSİYASİNİN GERİLİYİ; Meyar: 2. İki il müddətinə: => 2.1. sinir sisteminin xəstəlikləri və ruhi pozulmalar: => 2.1.6. eşitmə, görmə, nitq, dayaq-hərəkət aparatının və digər sistem və ya orqanların nəzərəçarpan pozulmaları ilə və ya davranışın patoloji forması ilə müştərək debillik dərəcəsində ağıl zəifliyi” səbəbi ilə iki il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 13.11.2017-ci il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G92 - Toksiki ensefalopatiya; Diaqnozun mətni: TOKSİKİ ENSOFOLOPATİYA. QAVRAMA VƏ DƏRKETMƏ FUNKSİYASİNİN GERİLİYİ; Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.1. neyroinfeksiya, kəllə-beyin travması (KBT) nəticəsində nəzərəçarpanhərəki, psixi və nitq pozuntuları (G00-G04.9); DİGƏR” səbəbi ilə üç il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 22.05.2019-cu il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Anadangəlmə; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G92 - Toksiki ensefalopatiya; Diaqnozun mətni: TOKSİKİ ENSOFOLOPATİYA. QAVRAMA VƏ DƏRKETMƏ FUNKSİYASİNİN GERİLİYİ; Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.7. eşitmə, görmə, nitq, dayaq-hərəkət aparatının və digər sistem və ya orqanların nəzərəçarpan pozulmaları ilə və ya davranışın patoloji forması ilə müştərək debillik dərəcəsində ağıl zəifliyi, autizm” səbəbi ilə üç il müddətinə əlillik dərəcəsi verilmişdir. Quba Rayon Mərkəzi Xəstəxanasının 24.08.2020-ci il tarixli 0244003AAKYB saylı göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F70- F79 - Əqli gerilik => F71 - Orta dərəcəli əqli gerilik; Diaqnozun mətni: Orta dərəcəli əqli gerilik, emosiya iradə və davranış pozğunluqları. Ensefalopatiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Ensefalopatiya diaqnozu ilə SİM-Uşaq kimi müavinət alıb. Əsas diaqnozu dəqiqləşdirmək üçün Respublika Psixi Sağlamlıq mərkəzində müayinə olunması məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Quba Rayon Mərkəzi Xəstəxanasının 12.02.2021-ci il tarixli 0244003AALJB saylı göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F70-F79 - Əqli gerilik => F71 - Orta dərəcəli əqli gerilik; Diaqnozun mətni: Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta dərəcəli əqli gerilik, emosiya iradə və davranış pozğunluqları; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: RPX müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyariarı”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilir. İddiaçı X3 28.02.2022-ci il tarixli ərizəsi əsasında Bakı İnzibati Məhkəməsinin eyni tarixli qərardadı ilə X3 iş üzrə iddiaçı qismində prosessual iştirakına xitam verilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddianı müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı anadangəlmə əqli gerilik olmuş, ona hələ 2008-ci ildən sağlamlıq imkanlarının məhdudluğu təyin edilmiş, sonuncu dəfə 22.05.2019-cu il tarixdə 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu təyin edilmiş, 18 yaşına çatması ilə əlaqədar əlillik dərəcəsi təyin edilməli olduğu vaxtdan verilən müavinət kəsilmişdir. Müddət bitdikdən sonra tibb müəssisəsi tərəfindən tibbi göndərişlər göndərilsə də cavabdeh orqan müxtəlif səbəblər ilə əlillik təyinatından imtina etmişdir. Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əyani müayinə olunduqda komissiya üzvləri onun xəstə olduğunu təsdiq etmiş və ona əlillik dərəcəsi təyin etmişdir. Əlillik təyinatının vaxtında aparılmaması cavabdehin təqsiridir. Odur ki, iddiaçının əlillik dərəcəsi elə 18 yaşının tamam olduğu 11.11.2019-cu il tarixdən təyin edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirdi ki, iddiaçı məhkəmə icraatı gedişində Komissiyanın iclasında əyani müəyinə olunmaqla yoxlanılmış və ona təyinat tarixi 22.02.2021-ci il tarixi olmaqla müddətsiz İİ dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir. Qüvvədə olan qanunvericiliklə əlilliyin təyin olunma tarixi məhz TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Odur ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.2001-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, İddiaçı əlillik vəziyyətinə Quba Rayon Mərkəzi Xəstəxanasının 02.07.2008-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N00-N08 - Yumaqcıq xəstəlikləri => N00 - Kəskin nefritik sindrom; Diaqnozun mətni: Xroniki piolenefrit, kəskinləşmələrlə; Meyar: 2. İki il müddətinə: => DİGƏR: Digər” səbəbi ilə iki il müddətinə əlillik dərəcəsi verilmişdir. Quba Rayon Mərkəzi Xəstəxanasının 05.11.2015-ci il tarixli 0244003AADYS saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G92 - Toksiki ensefalopatiya; Diaqnozun mətni: TOKSİKİ ENSOFOLQPATİYA. QAVRAMA VƏ DƏRKETMƏ FUNKSİYASİNİN GERİLİYİ; Meyar: 2. İki il müddətinə: => DİGƏR: DİGƏR” səbəbi ilə iki il müddətinə əlillik dərəcəsi verilmişdir. Quba Rayon Mərkəzi Xəstəxanasının 11.11.2015-ci il tarixli göndərişi əsasında eyni tarixdə baxılmış və “Səbəbi: Anadangəlmə; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90- G99 - Sinir sisteminin digər pozğunluqları => G92 - Toksiki ensefalopatiya; Diaqnozun mətni: TOKSİKİ ENSOFOLOPATİYA. QAVRAMA VƏ DƏRKETMƏ FUNKSİYASİNİN GERİLİYİ; Meyar: 2. İki il müddətinə: => 2.1. sinir sisteminin xəstəlikləri və ruhi pozulmalar: => 2.1.6. eşitmə, görmə, nitq, dayaq-hərəkət aparatının və digər sistem və ya orqanların nəzərəçarpan pozulmaları ilə və..” səbəbi ilə iki il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 13.11.2017-ci il tarixli göndəriş əsasında eyni tarixdə baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G92 - Toksiki ensefalopatiya; Diaqnozun mətni: TOKSİKİ ENSOFOLOPATİYA. QAVRAMA VƏ DƏRKETMƏ FUNKSİYASİNİN GERİLİYİ; Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.1. neyroinfeksiya, kəllə-beyin travması (KBT) nəticəsində nəzərəçarpanhərəki, psixi və nitq pozuntuları (G00-G04.9); DİGƏR” səbəbi ilə üç il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 22.05.2019-cu il tarixli göndəriş əsasında eyni tarixdə baxılmış və “Səbəbi: Anadangəlmə; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G92 - Toksiki ensefalopatiya; Diaqnozun mətni: TOKSİKİ ENSOFOLOPATİYA. QAVRAMA VƏ DƏRKETMƏ FUNKSİYASİNİN GERİLİYİ; Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.7. eşitmə, görmə, nitq, dayaqhərəkət aparatının və digər sistem və ya orqanların nəzərəçarpan pozulmaları ilə və ya davranışın patoloji forması ilə..” səbəbi ilə üç il müddətinə əlillik dərəcəsi verilmişdir. Quba Rayon Mərkəzi Xəstəxanasının 24.08.2020-ci il tarixli 0244003AAKYB saylı göndərişi əsasında 31.08.2020-ci il tarixdə baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F70-F79 - Əqli gerilik => F71 - Orta dərəcəli əqli gerilik; Diaqnozun mətni: Orta dərəcəli əqli gerilik, emosiya iradə və davranış pozğunluqları. Ensefalopatiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Ensefalopatiya diaqnozu ilə SİM-Uşaq kimi müavinət alıb. Əsas diaqnozu dəqiqləşdirmək üçün Respublika Psixi Sağlamlıq mərkəzində müayinə olunması məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Quba Rayon Mərkəzi Xəstəxanasının 12.02.2021-ci il tarixli 0244003AALJB saylı göndərişi əsasında 22.02.2021-ci il tarixdə baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F70-F79 - Əqli gerilik => F71 - Orta dərəcəli əqli gerilik; Diaqnozun mətni: Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta dərəcəli əqli gerilik, emosiya iradə və davranış pozğunluqları; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: RPX müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq X9 Şəxsinin 08.09.2020-ci il tarixli, 4524 nömrəli məktubuna əsasən Quba RMX PHŞ-nin 07.09.2020-ci il tarixli göndərişinə əsasən xx.xx.2001-ci il təvəllüdlü İddiaçı 08.09.2020-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub. Diaqnoz: orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə F71.1. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 10.01.2022-ci il tarixli, **********4 və **********1 nömrəli məktublarında bildirilmişdir ki, İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində nəzarət qaydasında müayinə olunması, tibbi sənədlərinin və əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi məqsədilə qeydiyyat ünvanına 27.10.2021-ci il tarixli **********0 nömrəli çağırış məktubu göndərilmişdir. İddiaçı 30.12.2021-ci il tarixdə Agentlikdə mütəxəssislərin iştirakı ilə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuşdur. Belə ki, İddiaçı hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta dərəcəli əqli gerilik, emosiya, iradə və davranış pozuntuları” anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4.4-cü bəndinə müvafiq olaraq İddiaçı ümumi xəstəlik səbəbi ilə müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 16.07.2021-ci il tarixli **********7 saylı əmri ilə yaradılmış 2 nömrəli komissiyanın 09.02.2022-ci il tarixli protokoluna əsasən protokola əlavə olunmuş siyahıda adları qeyd edilmiş vətəndaşlara Azərbaycan Respublikası Nazirlər Kabientinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq 8 nəfərə əlillik dərəcəsinin təyin edilməsi qərara alınmışdır. Siyahı: 2. İddiaçı (FİN 7PA0YBU). İş materiallarına əlavə edilmiş əlillik alt sistemindən çıxarışdan müəyyən olunur ki, İddiaçı 22.02.2021-ci il tarixdən müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2001-ci il təvəllüdlü olmaqla 02.07.2008-ci il tarixli göndərişi əsasında iki il müddətinə, 05.11.2015-ci il tarixdə iki il müddətinə, 11.11.2015-ci il iki il müddətinə, 13.11.2017-ci il tarixdə üç il müddətinə, 22.05.2019-cu il tarixdə üç il müddətinə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. 11.11.2019-cu il tarixdə yetkinlik yaşına çatması ilə əlaqədar sağlamlıq imkanlarının məhdudluğu müddəti bitdikdən sonra iddiaçının sağlamlıq vəziyyəti Quba Rayon Mərkəzi Xəstəxanasının 24.08.2020-ci il tarixli 0244003AAKYB saylı göndərişi və 12.02.2021-ci il tarixli 0244003AALJB saylı göndərişi əsasında cavabdeh tərəfindən qiymətləndirilmiş və “əsas diaqnozu dəqiqləşdirmək üçün Respublika Psixi Sağlamlıq mərkəzində müayinə olunması məsləhət görülür, əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə əlillik dərəcəsinin təyinatından imtina edilmişdir. Bundan sonra iddiaçı əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, məhkəmə icraatı gedişində iddiaçı Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən əyani müayinə olunmuş və ona 22.02.2021-ci il tarixdə müddətsiz ikinci dərəcə əlillik dərəcəsi təyin olunmuşdur. Hazırkı iddiasında iddiaçı yetkinlik yaşına çatdığı vaxtdan, yəni 11.11.2019-cu il tarixdən əlillik dərəcəsinin təyin edilməsini xahiş edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. İ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.2-ci maddəsinə görə əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. -3.1-ci maddəsinə görə şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 2 iyul 2021-ci il tarixli 356-VİQD nömrəli Qanunla edilmiş 3.3-1-ci maddəsinə görə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İİ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən verilir. -1.5-ci bəndinə görə göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. İİİ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İV Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: -1.2-ci bəndinə görə əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -1.3-cü bəndinə görə tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. -1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. -1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -4.4-cü bəndinə görə bu Əsasnamənin 3.1.1. – 3.1.22-ci bəndlərində göstərilən hallarda 18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşından yuxarı olmamaqla 3 (üç) il müddətinə, qalan hallarda isə 18 yaşınadək müəyyən olunur. 18 yaşının tamam olmasına 6 (altı) ay və ondan daha az qalan uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşınadək müəyyən edilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanan normalarının təhlilindən görünür ki, sağlamlıq imkanlarının məhdudluğu yalnız bu barədə qəbul edilmiş TSEK qərarı ilə müəyyən edilir və məhdudluğun təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Eyni zamanda qeyd edilməlidir ki, 2 iyul 2021-ci il tarixli Qanunla edilmiş dəyişikliklə əlillik (sağlamlıq imkanlarının məhdudluğu) müddəti bitdikdən sonra 6 ay ərzində təkrar təyin olunan əlillik məhz əvvəlki əlillik təyinatı müddətinin bitdiyi tarixdən rəsmiləşir. Yəni şəxsin əlillik müddəti bitidiyi tarixdən 06 ay keçənədək əlillik təyin olunarsa, ortada ötürülmüş müddət üçün də şəxs əlil hesab edilir. Hazırkı işin faktiki hallarından görünür ki, iddiaçı barəsində 22.05.2019-cu il tarixdə təyin edilmiş sağlamlıq imkanlarının məhdudluğunun müddəti yetkinlik yaşına çatması ilə əlaqədar noyabr 2019-cu il tarixdə bitmişdir. Yenidən əlillik dərəcəsinin təyin edilməsi üçün Quba Rayon Mərkəzi Xəstəxanası tərəfindən 9 aya yaxın müddət keçdikdən sonra verilmiş 24.08.2020-ci il tarixli və 1 ildən çox müddət keçdikdən sonra 12.02.2021-ci il tarixdə Forma 88 tərtib olunaraq Tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin reyestrinə daxil edilmiş, TSEK tərəfindən əlavə müalicəyə ehtiyacın olması əsası ilə sağlamlıq imkanlarının məhdudluğu təyinatından imtina edilmişdir. Daha sonra məhkəmə icraatı dövründə cavabdeh orqanın keçirdiyi 09.02.2022-ci il tarixdə əyani müayinənin nəticəsində iddiaçının əliilik dərəcəsi yenidən qiymətləndirilmiş, **********3 nömrəli əyani müayinənin nəticələri haqqında aktla sonuncu tibbi göndərişin göndərildiyi 22.02.2021-ci il tarixdən əlillik dərəcəsi müəyyən edilmişdir. Göründüyü kimi TSEK-in əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı qərarı 09.02.2022-ci il, əlillik dərəcəsi təyin etdiyi tarix 22.02.2021-ci ildir. Yuxarıda da qeyd edildiyi kimi əlilliyin səbəbini TSEK müəyyən etdiyindən və əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablandığından iddiaçının əlillik təyinatının həmin qərardan əvvəlki tarixə təyin edilməsi qanuni hesab edilə bilməz. Eyni zamanda iddiaçının sağlamlıq imkanlarının məhdudluğu müddəti noyabr 2019-cu il tarixdə (18 yaşının tamam oduğu tarix) bitmiş, növbəti dəfə əlillik dərəcəsinin təyini isə 22.02.2021-ci il tarixdən təyin edilmişdir. Beləliklə, iddiaçının növbəti əlillik dərəcəsinin təyini müddəti əvvəlki əlillik müddəti bitdikdən 6 ay ərzində deyil, 1 ildən çox müddət keçdikdən sonra təyin edildiyindən təkrar təyin olunan əlillik dərəcəsi əvvəlki müddətin bitdiyi noyabr 2019cu il tarixdən müəyyən edilə bilməz. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “11.11.2019-cu il tarixdən müddətsiz əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar