Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2035/2021 26.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət onun pensiya hüququnun təmin edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı razılığı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Filialı (bundan sonra Filial) ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1955-ci ildə anadan olmuşdur. Hazırda 65 yaşı tamam olmuşdur, 1972-ci ildən etibarən 2012-ci il tarixədək bir sıra müəssisələrdə müxtəlif vəzifələrdə çalışmışdır. Pensiya yaşı çatdığından tərəfindən 17 avqust 2020-ci il tarixdə cavabdeh təşkilata yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət edilmişdir. 07 sentyabr 2020-ci il tarixli imtina məktubu ilə cavabdeh təşkilat pensiya təyin edilməsinin mümkün olmadığı bildirilmişdir, İmtina məktubu onunla əsaslandırılmışdır ki, 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək işlədiyi dövrdə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Məhz bu səbəbdən ona yaşa görə əmək pensiyası təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Cavabdeh təşkilatın imtinası ilə razılaşmayaraq bildirmişdir ki, iddia ərizəsinə əlavə edilmiş əmək kitabçasının notarial təsdiq edilmiş surətindən görünür ki, 2006-cı ilin yanvar ayından 2018-ci ilin 01 iyul tarixinədək rəsmi olaraq əmək müqaviləsi ilə işləmişdir. Rəsmi olaraq işlədiyi üçün pensiya kapitalına ödənişlərin edilməsi məcburidir, həmin ödənişlərin işlədiyi təşkilat tərəfindən edilməməsi onun təqsiri deyildir. Göründüyü kimi cavabdeh təşkilatın imtinasının heç bir hüquqi əsası yoxdur. Cavabdeh iddia tələbinə etiraz verərək etirazını onunla əsaslandırmışdır ki, İddiaçı özünün məhkəməyə təqdim etdiyi iddia ərizəsində bildirmişdir ki, guya 1972-ci il tarixdən 2012-ci il tarixədək bir sıra müəssisələrdə müxtəlif vəzifələrdə işləmişdir. Bundan əlavə, o yenə də iddia ərizəsində qeyd etmişdir ki, ona yaşa görə pensiya təyin edilməsi üçün Azərbaycan Respublikası Ərnək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinat üzrə mərkəzi filialına müraciət etmiş, lakin filial 01.01.2006-ci il tarixdən 01.07.2018-ci il tarixədək işlədiyi dövrdə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. İddia tələbi aşağıdakı hüquqi əsaslara görə təmin edilə bilməz və rədd edilməlidir. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 13.08.2020-ci il tarixində DOST mərkəzi vasitəsilə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, lakin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yetərli qədər sosial siğorta stajına malik olmaması və 01.01.2006-cı il tarixdən onun fərdi hesabının siğorta hissəsində qeydə alınmış pensiya kapitalının olmaması aşkarlanmış və şəxsə imtina məktubu göndərilmişdir. Belə ki, iddiaçının iddia ərizəsində 1972-ci il tarixdən 2012-ci il tarixədək bir sıra müəssisələrdə müxtəlif vəzifələrdə işlədiyini bildirsə də, əmək kitabçasına əsasən o, 2016-cı ilə qədər çalışmışdır. İddiaçının əmək kitabçasında 01.09.1996-cı il tarixindən 01.12.2016-cı il tarixinədək Azərbaycan Elmlər Akademiyasının Təmir Tikinti və Quraşdırma İdarəsində işə götürülməsi və işdən azad edilməsi tarixi (gün, ay, il) göstərilmişdir. Lakin, tərəflərindən Azərbaycan Elmlər Akademiyasının İslər İdarəsinə göndərilən **********6 nömrəli 04.12.2020-ci il tarixli sorğuya cavab olarag bildirilmişdir ki, 03.01.1996-cı ildən 01.12.2016-cı il tarixinədək “AMEA-nın Təmir Tikinti Quraşdırma” İdarəsində işlədiyini və sosial sığorta haqlarını ödədiyini iddia edən xx.xx.1955-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) barəsində heç bir məlumat yoxdur. Göründüyü kimi, onun bu işlərdə işləməsi hər hansı əmrlə təsdiq edilmir. Odur ki, şəxsin yalnız 28.04.1972-03.03.1996-cı illərdə işləmə faktı əmək kitabçası ilə təsdiq edilir. Bütün bunlara əsasən iddiaçının 25 ildən az sosial sığorta stajı mövcud olduğundan yaşa görə əmək pensiyası təyin edilməmişdir. Həmçinin əmək kitabçasında 05.07.1994-03.03.1996ci illərdəki işləmə dövründə və işdən azad edilmə qeydlərinə müdaxilə edildiyi və bununla bağlı hec bir qeyd şərt yazılmadığı görünür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın siğorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ii iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna oimaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2-ci bəndinə əsasən işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, əmək kitabçasının birinci səhifəsində işçi haqqında məlumatları işçi şəxsi imzası ilə təsdiq edir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən şəxsə yaşa görə pensiya təyin edilməsindən imtina vermə əsaslarından biri kimi 01.01.2006-cı il tarixdən onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının kifayət etməməsi qeyd edilmişdir. Nazirliyin “X1 Sistemi”nin Sığorta (Monitorinq) altsisteminin “Sığortaolunanların reyestri” bölümündən əldə edilən məlumatlara əsasən İddiaçı (SSN:**********252) 19 iyul 2006-cı il tarixdən sığortaolunan kimi uçotdadır. Əlavə olaraq qeyd edilmişdir ki, Nazirliyin “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsisteminin “Sığortaolunanların hesabları” bölümündən əldə edilən məlumatlara əsasən İddiaçı (FİN: xxxxxxx) 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək hər hansı sığortaedən tərəfindən təqdim edilmiş hesabatlara əsasən xeyrinə məcburi dövlət sosial sığorta haqları ödənilməsi barədə məlumatlar aşkar olunmamışdır. Vətəndaş İddiaçı müraciətdə qeyd edilən dövrlərdə əmək fəaliyyətli olduğuna dair təsdiqedici sənədlər təqdim edildiyi halda müraciətdə qeyd edilən məsələyə yenidən baxılacaqdır. Belə ki, X5 (PAS) əsasən iddiaçının 2006-cı ildən sonra isə qeydə alınan pensiya kapitalı olmadığı görünür. Halbu ki, lazım olan pensiya kapitalı 28800 manatdır. X6 (PAS) əmək pensiyası alan vətəndaşların qeydiyyatının, sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotunun, pensiyaların təyininin, yenidən hesablanmasının və ödənilməsinin elektron qaydada həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Odur ki, şəxsin sosial sığorta stajı kifayət etsə belə yetərli pensiya kapitalı yoxdur. İddiaçının Fonda müraciəti zamanı habelə onun məcburi dövlət sosial sığorta haqqlarını ödəyib ödəməməsi yoxlanılmışdır. Belə ki, X5 (PAS) əsasən iddiaçı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi təsbit edilmişdir. AMEA-nin Tikinti- Quraşdırma İdarəsinin sığortaolunanların siyahısında İddiaçı adı qeyd edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alman iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqlannı ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasinin Qanununun 11-ci maddəsinə əsasən sığortaolunanın, yəni iddiaçının hüquq və vəzifələri göstərilmişdir. Həmin maddəyə əsasən sığortaolunamn hüquqları, sığortaolunanın məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək, sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək və sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sıqortaedəndən özünün sığorta stajı barədə məlumat almaqdır. Sığortaolunanların vəzifələri isə sosial sığorta haqqını vaxtında ödəmək və sosial sığorta hadisəsinin bas verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etməkdir. Odur ki, qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçl İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur. - İddiaçı məxsus əmək kitabçasının notarial qaydada surətindən görünür ki, iddiaçı 28.04.1972-ci ildən 31.10.1973-cü ilədək Gəmi-Təmir KPSS Zavodunda işçi (1 il 6 ay 4 gün), 09.11.1973-cü ildən 26.11.1975-ci ilədək Sovet ordu sıralarında hərbi xidmət keçmişdir (2 il 0 ay 18 gün), 22.01.1976-cı ildən 16.03.1976-cı ilədək Gəmi-Təmir KPSS Zavodunda qaynaqçı (1 ay 25 gün), 29.03.1976-cı ildən 04.10.1976-cı ilədək 303 №-li Trestdə 1-ci dərəcəli içşi (6 ay 6 gün), 19.10.1976-cı ildən 23.06.1981-cı ilədək 303 №-li Trestdə 1-ci dərəcəli içşi, sürücü (4 il 8 ay 5 gün) 13.01.1982-cı ildən 04.01.1993-cü ilədək Bakstroyda 3-cü dərəcəli sürücü (10 il 11 ay 22 gün), 04.01.1993-cü ildən 07.05.1994-cü ilədək Zəhmət” Kiçik Müəssisəsində sürücü (01 il 04 ay 04 gün), 01.03.1996-cı ildən 12.01.2016-cı ilədək Elmlər Akademiyası Təmir-Tikinti Quraşdırma İdarəsində 3-cü sürücü kimi vəzifələrində işləmişdir (19 il 10 ay 12 gün). - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 5/1850 №-li, 17.11.2020-ci il tarixli məktubundan görünür ki, sorğuda qeyd olunan “Azərbaycan Elmlər Akademiyasının Təmir Tikinti Quraşdırma” İcarəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. - Azərbaycan Milli Elmlər Akademiyası İşlər İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 06-1-150 №-li, 07.04.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı (AZE № 0*******) “AMEA-nın Təmir Tikinti Quraşdırma” İdarəsində işləməsi barədə AMEA-da heç bir məlumat yoxdur. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 11.03.2021-ci il tarixli, **********3 nömrəli məktubundan görünür ki, Nazirliyin “X1 Sistemi”nin Sığorta (Monitorinq) altsisteminin “Sığortaolunanların reyestri” bölümündən əldə edilən məlumatlara əsasən İddiaçı (SSN:**********252) 19 iyul 2006-cı il tarixdən sığortaolunan kimi uçotdadır. Əlavə olaraq bildirilir ki, Nazirliyin “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsisteminin “Sığortaolunanların hesabları” bölümündən əldə edilən məlumatlara əsasən İddiaçı (FİN: xxxxxxx) 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək hər hansı sığortaedən tərəfindən təqdim edilmiş hesabatlara əsasən xeyrinə məcburi dövlət sosial sığorta haqları ödənilməsi barədə məlumatlar aşkar olunmamışdır. Vətəndaş İddiaçı müraciətdə qeyd edilən dövrlərdə əmək fəaliyyətli olduğuna dair təsdiqedici sənədlər təqdim edildiyi halda müraciətdə qeyd edilən məsələyə yenidən baxılacaqdır. - Filial tərəfindən iddiaçının 17.08.2020-ci il tarixli ərizəsinə cavab olaraq ünvanladığı 07.09.2020-ci il tarixli, **********7 №-li məktubdan görünür ki, təqdim etdiyi sənədlərdən göründüyü kimi onun ümumi iş stajı 25 ildən az təşkil edir. Həmçinin, 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək işlədiyi dövrdə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq ona yaşa görə əmək pensiyası təyini mümkün hesab olunmur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. - Həmin maddəni qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki: 1. Qanunla müəyyən edilmiş yaşa çatmış olsun; 2. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun və ya 25 il sığorta stajına malik olsun. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin məzmun baxımından quruluşu onu ehtiva edir ki, bu növ işlərə baxılarkən işin hallarının araşdırılmasına, dispozisiya şərtlərinin həmin normada düzülmüş ardıcıllığına uyğun başlanmalıdır. Əvvəlcə iddiaçının pensiya yaşına çatması, sonrakı addımda iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, pensiya kapitalı az olduqda isə iddiaçının zəruri sığorta stajının olması müəyyən olunmalıdır. İddiaçı xx.xx.1955-ci il tarixdə doğulması, 02.03.2020-ci il tarixdə 64 yaş 6 ayının tamam olması işin mübahisəsiz hallarıdır. Mübahisəli hal iddiaçının 01.03.1996-cı ildən 12.01.2016-cı ilədək Elmlər Akademiyası Təmir-Tikinti Quraşdırma İdarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlıdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; - 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı – müvafiq olaraq fərdi hesabına sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; - 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.6-cı bəndinə əsasən qanunun qüvvəyə mindiyi tarixdən (01.01.2006-cı ildən) sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Məhkəmə araşdırılması zamanı iddiaçının əmək kitabçasında qeyd olunan 01.03.1996-cı ildən 12.01.2016-cı ilədək Elmlər Akademiyasında Təmir-Tikinti Quraşdırma İdarəsində işlədiyi dövrün həqiqətliyini yoxlanılması üçün Elmlər Akademiyasına sorğu verilmiş, lakin İddiaçı “AMEA-nın Təmir Tikinti Quraşdırma” İdarəsində işləməsi barədə AMEA-da heç bir məlumat tapılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında 01.03.1996-cı ildən 12.01.2016-cı ilədək Elmlər Akademiyasında Təmir-Tikinti Quraşdırma İdarəsində işlədiyi qeyd olunsa da həmin hal işəgötürən tərəfindən təsdiq edilmədiyindən, həmçinin həmin dövrlər üzrə məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən həmin müddətlər sığorta stajına daxil edilə bilməz. Məhkəmə hesab edir ki, İddiaçı 25 ildən az (23 il 10 ay 4 gün) sığorta stajına malik olduğundan, həmçinin fərdi hesabının sığorta hissəsində pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-2035/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2035/2021
26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver