Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2036/2025 04.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin mülkiyyət hüququ ilə mərhum həyat yoldaşına məxsus olması barədə arayışın verilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları sahəsində yerləşən, ümumi sahəsi 0,25 hektar təşkil edən 99 saylı bağ sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində 0,25 hektar torpaq sahəsi üzərində yerləşən 99 nömrəli bağ sahəsinin mülkiyyət hüququ ilə iddiaçının mərhum həyat yoldaşı X3 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park İnkişafı Departamentinin X5 və İstismarı Birliyi ilə bağlanmış 15 aprel 2005-ci il tarixli, 12992 saylı müqaviləyə əsasən iddiaçının ailəsinə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində 0,25 hektar torpaq sahəsində yerləşən 99 nömrəli bağ istifadəyə verilmişdir. İstifadələrində olan torpaq sahəsində öz vəsaitləri hesabına abadlaşdırma işləri aparmışlar. İddiaçı bağ sahəsi üzərində mülkiyyət hüququnun tanınması barədə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən ümumi ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından torpaq sahəsinin naturada yerləşməsində uyğunsuzluq yaranmışdır. Belə ki, qeyd olunan sahə digər bağların ərazisinə uyğun gəlir. Bundan başqa iddiaçı tərəfindən təqdim edilən hüquqmüəyyənedici sənədlər mərhum X2 adınadır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi nəzərdə tutulmuşdur. Mərhuma məxsus sənədlər əsasında vərəsəsinə çıxarış verilməsi nəzərdə tutulmamışdır. Həmçinin hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsinin ölçüsü 0,25 hektar qeyd edilsə də, faktiki 0,2204 hektar təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkili iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz etdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park İnkişafı Departamentinin X5 və İstismarı Birliyi ilə X4 arasında bağlanmış 15 aprel 2005-ci il tarixli, 12992 saylı müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində 0,25 hektar torpaq sahəsində yerləşən 99 nömrəli bağ sonuncunun istifadəsinə verilmişdir. Bakı şəhəri Binəqədi RİH Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyinin arayışından müəyyən edilir ki, iddiaçı X2 həyat yoldaşıdır. ünvan ünvanlanmış 20 fevral 2023-cü il tarixli məktubundan müəyyən edilir ki, iddiaçı notariusa müraciət edərək xx.xx.2016-cı il tarixdə vəfat etmiş X1 qalmış miras əmlaka (Sabunçu rayonu, Ləhiş bağ sahəsi 99 saylı sahədə yerləşən torpaq sahəsi) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Odur ki, miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın verilməsi tərəfindən xahiş edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 99 nömrəli bağ sahəsinin sərhədləri 3 tərəfdən şərtidir, şərq tərəfdən isə bir hissəsi şərti, digər hissəsi isə qonşu 2-3 sıra mişar daşı ilə ayrılmışdır. Torpaq sahəsinin ölçüsü hüquqmüəyyənedici sənəd üzrə 0,25 hektar, faktiki 0,2204 hektardır. Tikili yoxdur. Bağ sahəsinin naturada yerləşməsi sxematik xəritəyə uyğun gəlmir. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubla təqdim etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi (bağ sahəsi) sənəd üzrə 0,25 hektar olsa da, faktiki olaraq 0,241 ha təşkil edir. Bağ sahəsinin sərhədləri 5-6 sıra mişar daşı düzülərək ayrılmışdır. Torpaq sahəsi üzərində tikili yoxdur. Bağ sahəsinin naturada yerləşməsi bağların bölgüsünə dair sxematik xəritəyə uyğun gəlmir. Göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Ümumi ərazidə hasarlama işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmamışdır. Torpaq sahəsi heç bir özəl torpaq sahəsi ilə üst-üstə düşmür. Cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsinin X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir (22.2.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). Qeyd edilməlidir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən 99 nömrəli bağ sahəsinin işdə olan və məhkəmə sorğusu əsasında əldə edilmiş digər sənədlərlə X3 ayrılması və ona məxsus olması öz təsdiqini tapır. İşdən görünür ki, iddiaçı həyat yoldaşı X2 vərəsəsidir. O, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park İnkişafı Departamentinin X5 və İstismarı Birliyi ilə bağladığı müqaviləyə əsasən ayrılmış torpaq sahəsinin məxsusluğu barədə arayışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası ondan ibarət olmuşdur ki, ümumi ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından torpaq sahəsinin naturada yerləşməsində uyğunsuzluq yaranmışdır. Belə ki, qeyd olunan sahə digər bağların ərazisinə uyğun gəlir. Hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsinin ölçüsü 0,25 hektar qeyd edilsə də, faktiki 0,2204 hektar təşkil edir. Bağın yerləşməsinin sxematik xəritəyə uyğun aparılmaması ilə bağlı qeyd edilməlidr ki, bu hal iddiaçının təqsiri ucbatından baş verməmişdir. Belə ki, bağ sahələrinin sxematik xəritəyə uyğun paylanması bağ sahələrini ayıran qurumun vəzifəsidir. İş üzrə cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi sənəd üzrə 0,25 hektar olsa da, faktiki olaraq 0,241 hektar təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir və torpaq sahəsi heç bir özəl torpaq sahəsi ilə üst-üstə düşmür. Belə olan halda bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün hər hansı maneə mövcud deyildir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Belə ki, cavabdeh inzibati orqanın imtina əsası kimi göstərilən hallar formal xarakter daşıyır və yaranan hər-hansı ziddiyyətli halların aradan qaldırılması birbaşa cavabdehin vəzifəsidir. Bu hallar isə daşınmaz əmlak üzərində hüquqlarının yarandığını istisna etmir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı 0,25 hektar torpaq sahəsinə iddia etsə də iş üzrə mütəxəssis rəyində iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 0,241 hektar təşkil etdiyi qeyd edilməlidir. Bu səbəbdən iddia qismən təmin edilməli, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park İnkişafı Departamentinin X5 və İstismarı Birliyi ilə X4 arasında bağlanmış 15 aprel 2005-ci il tarixli, 12992 saylı müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisindəki 0,241 hektar torpaq sahəsində yerləşən 99 nömrəli bağ sahəsinin iddiaçının həyat yoldaşı X3 məxsus olması haqqında arayışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park İnkişafı Departamentinin X5 və İstismarı Birliyi ilə X4 arasında bağlanmış 15 aprel 2005-ci il tarixli, 12992 saylı müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisindəki 0,241 hektar torpaq sahəsində yerləşən 99 nömrəli bağ sahəsinin iddiaçının həyat yoldaşı X3 məxsus olması haqqında arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-2036/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2036/2025
04.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver